KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə2/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   2   3   4   5   6   7   8   9   ...   40


 
− Bəli. Özü də istifadə olunmamış biletlərdir. 
Fikrət  köksünü  ötürüb,  xəlvəti  Günəşi  süzdü.  Qız  qara  saçlarını  gödək 
vurdurduğundan  boyun-boğazı  və  balaca  qırmızı  sırğaları  açıla  qalmış,  bir  az  da 
qəşəngləşmişdi. 
− Bəs niyə getməmisiniz? 
− İstədiyim adamı dəvət etməyə cəsarətim çatmadı. 
Günəş  əyləşdi,  kirpiklərini  qaldırıb  mat-mat  ona  baxdı.  Fikrət  qoltuq 
cibindən bir dəstə köhnə bilet çıxararaq Günəşin qarşısında tutdu və özünə yad bir 
səslə dedi: 
−  Görürsünüzmü?!  Bunlar  keçən  ayın,  hətta  ondan  qabaqkı  ayın  kino 
biletləridir. Hamısı da qoşa-qoşa... 
Qız məsələnin nə yerdə olduğunu duysa da, əvvəlcə özünü etinasız göstərdi. 
Sonra  gözlərinin  ifadəsini  gizlətmək  üçün  əlləri  ilə  üzünü  qapayaraq  şadlıqla 
qəhqəhə çəkdi: 
− Başa düşmürəm, axı, sizə kim mane olub? 
Günəşin bu şıltaqlığı Fikrəti ürəkləndirdi, dili açıldı... qəlbini boşaltdı... 
...Həmin axşam ilk dəfə qızı evlərinə ötürdü və yenə sahilə gəldi. Xeyli vaxt 
ləpədöyəndə  dayanıb  Xəzərin  şor  su  qoxulu  ilıq  nəfəsini  hərisliklə  ciyərlərinə 
çəkdi. Ulduzlu göylərə, ulduzlu sulara baxdı. Və bu gecə o, sehrli bir mənzərənin 
şahidi oldu: dəniz cilvələndi, göz qamaşdıran ayna təki parıldadı, Fikrətə qırmızı 
geyimli  Günəşin  əksini  göstərdi.  Qız  gəldi,  gülümsədi,  sonra  isə  şaqraq 
qəhqəhələrlə tez də geri çəkildi... 
− Bu nə hikmətdir? Mən yuxu görürəm, nədir? – deyə o, ovsunlanmış kimi 
donub yerində qaldı. Xəzər bir də cilvələndi, Xəzər bir də aynalandı, ancaq bu dəfə 
ordan Günəş çıxmadı. 
Fikrət tələsik paltarlarını soyunub, hündür bir daşın üstünə qalxdı, qollarını 
qartal  qanadları  sayaq  açaraq  suya  atıldı,  ləpələr  parçalandı,  ətrafa  zümrüd 
damcılar sıçradı. 
Deyəsən,  Fikrətin  od  tutub  yanan  ürəyinin  atəşi  bir  az  söndü,  qəlbi 
sərinləndi... 
Gənclik necə də tez ötüb keçdi!.. Elə bil bunlar srağagün olmuşdu... 
İndi  isə  Fikrət  axşamdan  doğum  evinin  həyətində  oturub  həyəcan  keçirir, 
dünyaya göz açacaq ilk övladının yolunu gözləyirdi. 
 
Günəşlə  evlənəndən  sonra  onlar  neçə  il  uşaq  həsrətində  qalmışdılar.  Cavan 
qadın  həkimə  getməkdən,  dava-dərman  içməkdən  bezikmişdi.  Lakin  müalicələr 
fayda  vermirdi.  Fikrətin  övlad  üçün  burnunun  ucu  göynəsə  də,  Günəşi 
downloaded from KitabYurdu.org



 
qüssələnməyə  qoymurdu.  Qadının  isə  gecə-gündüz bu barədə düşünməkdən ürəyi 
qövr  eləmişdi.  “Kaş,  o  vaxt  heç  Fikrətə  rast  gəlməyəydim!  –  deyə  xəlvətdə  göz 
yaşı  axıdaraq  sızıldayırdı.  –  Bəlkə  də  başqası  ilə  həyat  qursaydı,  indi  evində 
çoxdan bir çıraq yandırmışdı. Bu sonsuzluğa bais mənəm.” 
Hətta  iş  o  yerə  çatdı  ki,  bir  axşam  Günəş  əri  ilə  üz-üzə  əyləşib,  beynində 
dörd-beş il gəzdirdiyi fikri dili-dodağı əsə-əsə ona dedi: 
−  Fikrətcan,  xahiş  edirəm  bu  gün  ürəyin  sərt  olsun,  mənə  əsla  rəhmin 
gəlməsin.  Kimsədən  də  utanmaq,  çəkinmək  lazım  deyil.  Bilirsənmi,  əzizim,  mən 
öz xoşbəxtliyimi başqasının bədbəxtliyi üzərində qurmaq istəmirəm. İnan ki, səni 
sevməsəydim,  belə  təklif  eləməzdim:  icazə  ver,  biz  dost  kimi  ayrılaq.  Mən  özüm 
sənə gözəl-göyçək, qəlbi təmiz, ağıllı bir qız tapım, evlən, uşağınız olsun. Axı, sən 
heç nə deməsən də, mən hər şeyi başa düşürəm. Övladsız yaşamaq dəhşətdir. Neçə 
ildir bu divarlar arasında vicdan əzabı çəkirəm. Yalvarıram sənə, Fikrət, nə qədər 
gec deyil, məni özündən uzaqlaşdır... 
Günəş  sözünü  qurtarmamış,  Fikrət  gülə-gülə  ayağa  qalxıb  ona  yanaşdı, 
qadının  başını  mehribanlıqla  sinəsinə  söykədi,  saçlarını  oxşadı,  yaylığını  çıxarıb, 
əvvəlcə özünün, sonra da Günəşin gözlərini quruladı. 
−  Ay  qız,  sən  dəli  olmusan,  nədir?!  –  dedi.  –  Gör  ağlına  nələr  gətirirsən? 
Guya, mən sənin xətrini uşaqdan az istəyirəm? Bax, bir də belə danışsan, qəlbimə 
toxunarsan. 
Həmin  axşam  Fikrət  Günəşin  fikrini  dağıtmaq  məqsədi  ilə  onu  zorla 
geyindirib kinoya apardı. 
−Gedək!  –  deyə  qapıdan  çıxanda  zarafatla  qadına  sataşdı.  –  O  vaxt  sənin 
təqsirin üzündən batan biletlərimin heyfini yerdə qoymayacağam. 
Fikrət məktəb direktoru idi. Günəş uşaq bağçasında tərbiyəçi işləyirdi. Lakin 
bu,  heç  də  onlara  övladsızlığı  unutdura  bilmirdi.  Əksinə,  kişi  şagirdlərdən,  qadın 
körpələrdən ayrılıb evə gəlcək, tənhalığın təsiri ikiqat artırdı. 
Nəhayət,  həftələr,  aylar  keçdi,  bir  gün  yenə  həkimdən  qayıdan  Günəş  içəri 
gircək  ərinin  boynundan  asılıb,  utana-utana,  lakin  çox  sevincək  halda  şad  xəbər 
verdi. 
Fərəhdən  Fikrətin  gözləri  parladı.  Qollarını  açıb  Günəşi  bağrına  basdı.  Hər 
ikisinin ürək döyüntüləri bir-birinə qarışdı... 
 
Xadimənin ayaq səsinə Fikrət xəyaldan ayrıldı. 
−Ay balam, sən hələ burdasan? – deyə ağxalatlı qarı ördək yerişi ilə gələrək 
ona yaxınlaşcaq, yuxulu tərzdə söyləndi. – Gedib evində-eşiyində dincəlsənə! 
downloaded from KitabYurdu.org



 
−Gərək  bağışlayasan,  xala,  sənə  də  zəhmət  verirəm.  Axşamdan  neçə  yol 
əziyyətimi çəkmisən. 
Qarı skamyada onunla yanaşı əyləşdi, qayğıkeşliklə xəbər aldı: 
−Yaxşı, bu siftəsidir, yoxsa yenə uşağınız var? 
Fikrət siqaretini sümürüb cavab verdi: 
−İlkimiz  bu  olacaq.  Ancaq...  bizim  Günəş  beş-altı  ildə  nə  əzab  çəkib  mən 
bilirəm. Doğrudan, bəzi qadınların işi müsibətdir. 
−Eh... Hələ bu harasıdır, − deyə xadimə başını tərpədərək köksünü ötürdü. – 
Qızcığazın  əziyyətli  günləri  qabaqdadır.  Övlad  böyüdüb,  boya-başa  çatdırmaq, 
tərbiyə vermək, sənə asanmı gəlir? Qərəz, ana səbri böyükdür; yenə çox şükür ki, 
gec  də  olsa,  bu  bir  dənəni  tapmısınız.  Onsuz  ailənin  nə  ləzzəti,  ay  bala.  Uşaqsız 
arvad – meyvəsiz ağac – ikisi də birdir. – Qarı əlini ağzına tutub əsnəyərək, ayağa 
qalxdı.  –  Mən  gedim,  nigaran  qalma,  azad  olan  kimi  sənə  xəbər  gətirəcəyəm,  − 
deyə azacıq uzaqlaşmışdı ki, Fikrət arxadan zarafatla ona eşitdirdi: 
−Xala, çalış oğlan olsun! 
Sübhün  açılmasına  az  qalmışdı.  Dan  yeri  söküldükcə  üfüqlər  rəngini 
dəyişərək tədricən bozarırdı. 
Fikrət yuxusunu qovmaq üçün durub gəzinməyə başladı. Ətrafda sakitlik idi. 
Qarşıdakı  ağaclar  arasından  görünən  doğum  evinin  bir  neçə  pəncərəsindən  işıq 
gəlirdi.  Ara-sıra  əsən  zəif  gilavar  yarpaqları  xışıldadır  və  haradansa  qucaq-qucaq 
gətirdiyi güllərin, çiçəklərin ətrini həyətə səpələyirdi. 
“Kaş  Günəşin  oğlu  olaydı!  –  deyə  həsrətlə  düşünən  Fikrət  iri  bir  çinarın 
gövdəsinə  söykənib,  qollarını  sinəsi  üstə  çarpazladı.  –  Anamın  da  arzu-kamı 
ürəyində  qalmazdı.  Uşağa  atamın  adını  qoyardıq.  Eh...  Bir  o  günü  görsəydim  ki, 
balam  təzəcə  ayaq  açıb,  əlindən  tutmuşam,  mənimlə  yanaşı  büdrəyə-büdrəyə 
addımlayır, hərdən də şirin dillə ağlı kəsənlərdən danışır...” 
Fikrət bu arzulardan məst olmuş kimi fərəhlə gülümsəyib, gözlərini yumdu... 
Günəşi  evlərində  beşik  başında  təsəvvürünə  gətirdi,  onun  laylasını  eşitdi.  Otaqda 
pərdə-pərdə qanad çalan həzin səsdə nə gözəl bir incəlik vardı. Görəsən, öz doğma 
balasının  beşiyini  yırğalamayan  hansı  müğənni  qadın  belə  lətafətlə  layla  deyə 
bilərdi?! Bu mahnının qayğı, məhəbbət, nəvaziş dolu hər kəlməsi dildən, dodaqdan 
deyil,  ana  ürəyinin  dərinliklərindən  axıb  gəlir,  körpənin  yuxusuna  qarışaraq  onu 
sanki ağ bir örpək üstündə göylərə uçurur, başqa aləmlərə aparır... 
Fikrət  durduğu  yerdə  bir  neçə  dəqiqə  mürgüləmişdi;  gözlərini  açanda 
xadimənin yenə qarşısında dayanaraq, gülə-gülə ona baxdığını gördü. 
−Xala, sənsən?! Nə xəbərlə gəlmisən?! 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə