KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə40/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   32   33   34   35   36   37   38   39   40

115 
 
qəribnəvazlıqdan kənarda qalmışdı. Yolunu gözlədiyi Zakirdən hələ də xəbər yox 
idi. 
 
Doqquz  cansıxıcı,  bezikdirici  gündən  sonra  Yeganə,  qucağında  körpə, 
doğum  evindən  çıxdı.  Küçədən  ötən  maşınlardan  birini  saxlatdırıb,  əyləşdi; 
sürücüyə ünvanını söylədi. 
 
Həyətlərinə  girəndə  qonşularla  rastlaşmadığına  sevindi.  Lakin  düşündüyü 
qəsdin vəhmindən pilləkəni qalxanda ürəyi əsdi, səksəkəli halda tez-tez dönüb dala 
baxdı. Mənzili, nədənsə, ona əvvəlkindən darısqal göründü. 
Uşağı  pəncərələri  qalın  pərdələrlə örtülmüş  əndəruni  otağa  keçirdi.  Burada 
hər şey qoyub getdiyi kimi, səliqəsiz idi. Yumşaq çarpayıda uzadılmış körpə sanki 
evə  gətirildiyindən  sevinərək  çırpınır,  əl-qolunu  bələkdən  çıxarmağa  can  atırdı; 
zərif dodaqlarında təbəssüm oynayırdı. 
Yeganə  geri  qayıdıb  aynabəndin  qapısını  kilidləyəndə  uşağın  iniltisinə 
diksindi.  Qəlbini  çulğayan  təlaş  birə-beş  artdı.  Ona  elə  gəldi  ki,  bu  səs  çox 
uzaqlarda  eşidildi.  Ürəyini  tutdu.  Gözlərini  yumub  dayandı.  Zakirə  dediyi  sözlər 
yadına  düşdü:  “Eh!..  Sən  də  gör  nəyin  fikrini  çəkirsən.  Əl  boyda  canlının  izini 
itirməyə nə var ki!..” 
Yox... bu, Yeganənin düşündüyü qədər də asan deyildi. Qorxu əzazil hakim 
təki baş qaldırmışdı; törədəcəyi cinayətin ağır cəzasını ona təlqin edirdi. 
Körpə hələ də ağlayırdı... Yeganə yataq otağına qayıtdı. Tərəddüd içərisində 
aramsız addımlarla çarpayının ətrafında gəzindi. 
Uşaq az qala bayılacaqdı, çığırtısı divarlarda titrəyirdi. 
Yeganə  boğulurdu.  Özünün  çıxardığı  ədalətsiz  hökmü  icra  etməyə  əli 
gəlmirdi. Lakin... bu işi indi görməsəydi, sonra bacarmayacaqdı. 
Birdən  o,  nə  düşündüsə,  qəti  qərarını  verdi,  analıq  hissini  itirdi,  qəlbi  daşa 
döndü.  Çarpayı  üstündəki  iri  yastığı  götürüb  körpənin  sifətinə  basdı  və  bir  an 
içərisində onun bağırtısı eşidilməz oldu. 
Başını  qaldıranda,  şifonerin  aynasında  vəhşətəngiz  görkəmindən  özünü 
tanımadı.  Cəld  otağı  tərk  etdi.  Astanada  bir  daha  geri  qanrıldı.  Körpə  hərəkətsiz 
idi.  Yeganə  bu  dəfə  uzaqdan,  qaranlıqda  parlayan  aynaya  baxanda  səsi  gəldikcə 
çığırmaq,  qaçmaq  istədi.  Hədəqəsindən  çıxmış  neçə-neçə  göz  ona  dikilmişdi. 
Günəşin, Fikrətin, Səltənətin, Fəridənin və hətta, Əkrəmin gözləri... Yeganə əlləri 
ilə sifətini qapadı, dal-dalı çəkilib dəhlizə çıxdı. Gözlər də böyüyərək onun ardınca 
baxdı. 
Qadın burada da qərar tutmadı, aynabəndə atıldı. Pərdəni aralayaraq həyətə 
nəzər  saldı.  Heç  kəs  yox  idi.  Siqaret  yandırıb,  hərisliklə  sümürdü.  Həyəcandan 
ayaq  üstə  dura  bilmirdi.  Özünü  taxta  yıxdı.  İndi  yataq  otağına  sarı  baxmağa  da 
qorxurdu. 
Bir  azdan  qapı  döyüləndə...  Yeganənin  ürəyi  sanki  yerindən  qopdu;  dil-
dodağı qurudu, nitqi kəsildi. Qapı ikinci kərə, bərkdən, yumruqla döyüldü: “Açın!! 
Açın!!”  deyə  çılğın  səsli  bir  qadın  əmr  etdi.  Yeganə  təşviş  içərisində  yerindən 
sıçrayaraq, özünü yataq otağına saldı. Uşağın üzündən balışı qaldırıb qucağına aldı. 
downloaded from KitabYurdu.org


116 
 
Qapı  aramsız  olaraq  döyülürdü...  O  tayda,  pilləkən  başındakı  meydançada 
bir neçə adam vardı. Əsəbi kişi, qadın danışıqları bir-birinə qarışmışdı. “Tez olun!! 
Açın!! Siz səhvən mənim körpəmi aparmısınız!!.” 
Günəşin  səsini  tanıyan  Yeganəni  ikiqat  dəhşət  bürüdü.  Bu  tükürpədici  nida 
bir  də,  bir  də  qulaqlarında,  beynində  təkrarlandı;  “Siz  səhvən  mənim  körpəmi 
aparmısınız!!” 
Uşaq  çoxdan  keçinmişdi.  Onu  aparıb  böyük  otaqda  divana  qoydu,  üzünü 
örtdü. 
Yeganəni  görmüşdülər...  Bayırdan  zərblə  vurub,  aynabəndin  şüşəsini 
qırdılar. Gözü tökülmüş çərçivədən qapının arxasına qüvvətli, sərt bir əl uzandı. 
Açarı çətinliklə sağa, sola burmağa başladı... Yeganə qəfəsə salınmış vəhşi 
timsalında otaqdan-otağa qaçaraq, dər-divara çırpılırdı. 
Lakin  bütün  səylər  izafa  idi. Qapını bu dəqiqə  açacaqdılar. Aman!..  Başına 
nə oyunlar gələcəkdi! Sən demə, o özünün deyil, başqasının uşağını öldürmüşdü! 
Tək bircə yol qalmışdı: eyvandan küçəyə tullanıb qaçmaq! 
Yeganə  nə  xatırladısa,  yenə  yataq  otağına  cumdu.  Yerə  salınmış  xalçanın 
küncünü  üstə  qatladı,  dırnaqları  ilə  parket  döşəmənin  bir  taxtasını  qaldırdı.  Qızıl 
düyünçəsini  çıxararaq,  qoynunda  gizlətdi  və  şaşqın  halda  ara  qapını  təpikləyib, 
eyvana  tullandı.  Bir  göz  qırpımında  məhəccəri  aşdı,  aşağı  sallandı,  heç  nəyin 
fərqinə  varmadan  özünü  ikinci  mərtəbədən  küçəyə  buraxdı.  Elə  bu  vaxt  Günəş, 
Fikrət,  həkim,  dayə  və  qucağında  Yeganənin  körpəsini  tutmuş  mamaça  mənzilə 
təpindi. 
(...Yaxşı  ki,  Əkrəmlə  Fəridə  Yeganənin  saxta  teleqramına  inanıb  yoldan 
qalmamışdı, bu faciəli səhnədən uzaq olmuşdu!”) 
Divanın  küncünə  atılmış  balasının  meyidini  görən  Günəş,  qollarını  açıb, 
üzüqoylu  döşəməyə  sərələndi.  Fikrət  uşağı  qolları  üstə  qaldıraraq,  hönkürdü;  isti 
göz  yaşları  körpənin  soyuq  yanaqlarına  damdı,  onu  diksindirmədi.  Dayə  ikiəlli 
başını  tutdu...  Küçədəki  səs-küyü  eşidən  həkim  eyvana  çıxdı.  Yeganəni  səkidə, 
adamların  əhatəsində  gördü.  O,  uzanmışdı,  ufuldayırdı.  Qıçı  sındığından  qaça 
bilməmişdi... 
 
...Xəstəxanada nəzarət altında saxlanılan Yeganə müalicə olunduqdan sonra 
cəzasını çəkməyə göndərildi, əmlakı müsadirə edildi. 
Öz işini əvvəlcədən möhkəm tutan Zakir, cinayət törədiləcək günlərdə uzağa 
qaçmaqda uduzmadı. O, Yeganənin etdiyi risqin bu tərəfini də düşünmüşdü. 
Diqqətsizlik üzündən bağışlanılmaz səhvə yol verən dayə isə məsuliyyətdən 
yaxa qurtara bilmədi. 
Yeganənin körpəsi həmişəlik Günəşin, Fikrətin himayəsində qaldı... 
Hər  şeydən  xəbərsiz  qızcığaz,  indi  naz-nemət  içində  dərdsiz,  kədərsiz, 
bəxtəvərliklə böyüyür... 
Tanıyırsınız: adı Leyladır onun! 
 
 
downloaded from KitabYurdu.org


117 
 
 
E P İ L O Q 
 
 
Möhtərəm oxucum! 
Yəqin ki, hekayətimizin əvvəlində Leylanın valideynlərinə üz tutaraq dediyi 
sözlər  yadındadır.  “Anamın  gözləri  qara,  atamın  gözləri  qara...  Bəs  mənimkilər 
niyə göydür?..” 
Xatırladınmı? 
Qızın  hardansa  ürəyinə  daman  bu  şübhə,  Soltanovlar  ailəsində  bir  müddət 
narahatlıq yaratdı. Söz yox, on səkkiz il örtülü qalan o mübhəm sirri, tez-tez Fəridə 
ilə  evlərinə  gələn  və  indiyədək  Leylanın  əmi  sandığı  Əkrəm  heç  vəchlə  dilindən 
qaçıra bilməzdi. 
Yaxşı ki, nigarançılıq uzun sürmədi! 
−Sənə  nə  olmuşdu  o  gün?  Yaman  həyəcanlı  idin?  –  deyə  bir  həftə  təlaş 
keçirdikdən sonra Günəş özünü toplayıb, ehtiyatla qıza yanaşdı. 
Leyla peşmanmış kimi utandı! 
−Heç, anacan... Elə aynaya baxdım, fikirləşdim; belə neyçün? Mən istərdim 
sənə  oxşayım...  Ancaq  neyləyim,  oxşamıram...  –  O,  qadının  könlünü  almağa 
çalışaraq, tez zarafata keçdi. – Bir də... Günəş iki olmaz ki! Düz demirəm?.. 
−Zahiri bənzəyişin mənası yoxdur, qızım. Sən çalış, sənətində, davranışında, 
əxlaqında yaxşı adamlara oxşa. – Anası Leylanın gözlərindən öpdü. – Mənim ağıllı 
balam!.. 
 
Şamdan  sonra  Əkrəm  Şahinlə  şahmat  oynayırdı.  Divanda  əyləşmiş  Fəridə 
televizor  tamaşasına  baxırdı.  Mavi  ekran  kosmik  fəzaya  dönmüşdü...  Planetə 
buraxılan  nəhəng  avtomat  stansiya  güllə  sürəti  ilə  ənginliklərə  şığıyır,  arxasınca 
odlu şırnaq cızırdı... 
Diktor təntənəli, gur səslə deyirdi: 
“ – Budur, iyirminci əsr, insan zəkasının barometri!” 
Əkrəm  mat  qalmışdı;  düşünürdü  –  qulağı  televizorda,  fikri  şahmat 
taxtasında... 
Elə bil srağagün idi... 
Vağzaldan evə faytonla gəldi. İndi şəhərdə, metroda vaqonlar belədən-belə 
işləyir... Kosmik fəzaya elçilər, planetlərə vımpellər göndərilir... 
Sanki dünən idi. 
Şahinə şahmat fiqurlarının adlarını öyrədirdi. İndi özü onunla bacarmırdı... 
− Ata, bu dəfə çox fikirləşdin. Deyəsən, çətinə salmışam səni. 
− Elədir, oğlum. Oyunu sən aparmalısan! 
Qapının zəngi çalındı. Şahin qalxıb eşiyə çıxdı. Gələn qara kostyum geymiş, 
ortaboylu,  cüssəli  bir  gənc  idi.  Şabalıd  rəngli  saçlarını  sağdan  tağ  ayırıb,  sola 
daramışdı. Çatma qaşları vardı. Qonur gözləri düşüncəli və dalğın görünürdü. 
Gənc hörmətlə salamlaşdı. 
− Bağışlayın, − dedi, − atanız evdədirmi? 
− Bəli. 
downloaded from KitabYurdu.org


118 
 
− Olarmı? 
− Buyurun. 
Gənc içəri keçdi. Ev sahibləri ilə görüşdükdən sonra, özünü təqdim etdi: 
− Mənim adım Göydənizdir. 
− Çox gözəl. Xoş gəlmisiniz. Əyləşin. Mənimki də... 
− Əkrəm əmi, mən qiyabi olaraq sizi çoxdan tanıyıram, − deyə gənc gülərək 
onu qabaqladı. – Haqqınızda mənə danışıblar... 
− Kim? 
Oğlan yan-yörəsinə baxdı. 
− Bəlkə söhbətiniz məxfidir? 
− Xeyr, Əkrəm əmi... Məncə burada kənar adam yoxdur... 
− Elədir. Biri – oğlum Şahin, o birisi də yoldaşım Fəridədir... 
Gənc stulunu irəli sürdü: 
−  Mənə  sizin  barənizdə  Leyla  danışıb.  Qardaşınız  qızı...  Onunla 
universitetdə  paralel  kursda  oxuyuram.  Leyla  filfakdadır,  mən  geoloji  fakültədə... 
Dörd ildir... Necə deyim... Biz bir-birimizi... 
− Aydındır, sevirsiniz. 
Oğlan udqundu: 
−  Bəli...  Lap  ürəkdən  əmin  ola  bilərsiniz  ki,  siz  razılıq  versəniz,  biz 
evlənsək, mən həmişə onun xoşbəxtliyi üçün çalışacağam. 
Əkrəm çənəsini ovuşdurdu: 
− Göydəniz, oğlum, sənin bu cür gəlişin, xətrinə dəyməsin, məni açmır. Belə 
ciddi  bir  işə,  mütləq  valideynlərin  qarışmalıdır.  Həm  də...  Leylanın  əmisindən 
yaxın ata-anası var... 
Oğlan sıxıldı. 
− Siz tamam haqlısınız. Amma sizin yanınıza məni Fikrət müəllim göndərdi. 
Dedi, bu işdə əmisi məndən qabaqdır. Get, özün onun razılığını al... Bu saat atam 
da, əmim də, dayılarım da Fikrət müəllimgildədir... Məni gözləyirlər... Sizə əziyyət 
vermək istəmədilər... 
−  Bəs,  Leyla  nə  üçün  gəlmədi?  –  deyə  Fəridə  şən  bir  tərzdə  xəbər  aldı.  – 
Daha burada nə utanmaq? 
Göydəniz başı ilə bayıra işarə elədi: 
−Gəlib. O da sizin küçə qapınızda gəzişir... 
Əkrəm astadan səsləndi: 
−Fəridə. 
−Bəli. 
−Dur, geyin. Gedək təzə qohumlarımızla tanış olaq. 
Göydəniz minik tapmaq üçün onlardan qabaq küçəyə çıxdı. Leyla intizarda 
idi. Oğlanı görəndə irəli atıldı: 
−Əmim nə dedi? 
−Bu dəqiqə o da, Fəridə xala da sizə gedir. 
−Onda mən qaçdım! – deyə qız, utandığındanmı, sevindiyindənmi küçəaşağı 
evlərinə götürüldü... 
downloaded from KitabYurdu.org


119 
 
Taksi  maşınlarının  hamısı  sərnişinli  ötürdü.  Göydəniz  məcburən  fayton 
saxladı. 
−Eybi  yoxdur,  minərik...  Bunun  da  ayrı  ləzzəti  var,  −  deyə  Əkrəm  dal 
oturacaqda  Fəridə  ilə  yanaşı,  Göydənizlə  qarşı-qarşıya  əyləşdi.  –  Bəs  bizim 
təzəgəlin hanı? 
−O sizdən çəkinib, getdi... 
Faytonçu uzunboy, qoca bir kişi idi. Başına çal papaq qoymuşdu. Arxadan 
baxanda  uzun,  sallaq  bığlarının  ucları  arıq  yanaqlarından  qırağa  çıxırdı.  Atlar 
yerindən tərpəncək o, muşquraraq, qamçını havada şaqqıldatdı: 
−Ay gözünüzə dönüm, mənim zirək tərlanlarım!.. 
Bu səs, bu muşquruq Əkrəmə çox tanış gəldi. Hafizəsini yoxlamaq istədi: 
−Daşdəmir əmi? Yenə sənsən bizi gəzdirən? 
Qoca diksinən kimi oldu. Cəld dala qanrılıb, gözlərini qıyaraq sərnişinlərinə 
zəndlə diqqət yetirdi: 
−Paho!..  Adə,  xoş  gördük!  Yenə  sizsiniz?!  Pah  atonnan!  Ömrə  bax  a!.. 
Yadındadır,  davadan  qayıdanda  da  mənim  faytonuma  minmişdiniz?  Onda  da  bu 
bacıynandun... 
Fəridə güldü. Əkrəm ötən illərə təəssüfləndi: 
−Bəli, hamısı yadımdadır... 
Bu  söhbətdə  o  qədər  də  maraq,  məna  duymayan  Göydənizin  fikri  evə  tək 
gedən Leylanın yanında qalmışdı. 
−Əmican,  atları  dəyişmisən,  görürəm.  Amma  faytonu  bilmirəm...  Elə  o 
köhnəsidir? – deyə Fəridə soruşdu. 
Kişi xəstə kimi zarıdı: 
−Qızım,  atlar  da  dəyişib,  fayton  da  təzələnib...  Köhnədən  qalan  təkcə 
Daşdəmirdir. – Ürəyini boşaltmağa əlinə girəvə keçən qocanın dərdi təzələnmişdi. 
–  Bir  ara,  qızım,  fayton  dəbdən  düşdü,  sıradan  çıxdı.  Mən  də  başladım,  şoferlik 
öyrəndim. Neçə il taksidə işlədim. Ancaq həmişə elə bildim ki, ömrüm, günüm də 
o  maşın  kimi  tələsiyir...  Sonralar  fayton  təzədən  dəbə  minəndə,  yenə  öz  peşəmə 
qayıtdım. Dedim, ay Daşdəmir, asta gedən yorulmaz, bu yaxşı-dırrr! 
Qoca ona nişan verilən binanın qarşısında atları dayandırdı. 
...Fikrətgilin pilləkənini qalxanda Əkrəmlə Fəridə, göyərçin təkin qanadlanıb 
aşağı  enən  Leyla  ilə  qarşılaşdı.  Qız  bu  təsadüfdən  tutuldu,  qaçıb  gizlənməyə  yer 
axtardı. 
Evdən elçilərin səsi gəlirdi. Kimsə ucadan deyirdi: 
−Biz bir stəkan şirin çay içməyincə buradan tərpənən deyilik... 
Bu  sözləri  eşidən  Əkrəm  o  qədər  kövrəldi  ki!  Özünü  saxlaya  bilməyib 
ağladı. Və Leylanın alnından öpdü: 
−Səni xoşbəxt olasan, qızım... 
 
Bakı  bahar  mövsümünü  yaşayırdı.  Ağaclar  çiçəklənmişdi  –  rəngbərəng, 
zərif-zərif...  Göz  baxmaqla  doymurdu  küçələrin  yaşıllığından,  təravətindən, 
gözəlliyindən. 
downloaded from KitabYurdu.org


120 
 
Göydəniz  Leyla  ilə  ZAQS-dan  çıxmışdı.  Oğlan  boz  kostyumda  idi,  qız  ağ 
paltarda.  Uşaq  kimi  əl-ələ  tutmuşdular,  gedirdilər  bir-birlərini  süzə-süzə,  deyə-
gülə, sevinə-sevinə. 
Foto atelyesinin qarşısından keçəndə, Göydəniz qəfildən ayaq saxladı: 
−Gəl, qoşa şəklimizi çəkdirək, Leyla! 
−Məmnuniyyətlə! Qoy, bu unudulmaz gündən bizə xatirə olsun! 
Axşam  “Səadət  sarayı”nın  çilçıraqlı  salonunda  onların  şərəfinə  toy  məclisi 
qurulacaqdı.  Qız  evinin,  oğlan  tərəfin  adamları  yığışacaqdı,  universitetdən  tələbə 
yoldaşları, müəllimlər gələcəkdi... Çalıb-oynayacaqdılar, şənlənəcəkdilər... 
Göydəniz dünəndən  böyük bir  gül dəstəsi  sifariş  eləmişdi;  yolüstü  onu  alıb 
Leylagilə aparmalı idi... 
Şəhərin  gözəgəlimli  yerində  təzə  salınmış,  eyzən  gül-çiçəkli,  xoş  rayihəli 
bağçadan  keçəndə,  istər-istəməz  dayandılar.  Vazaya  təqlidən  düzəldilən  iri 
hovuzun sürahisinə söykəndilər, fəvvarənin şırıltısına qulaq asdılar: üstlərinə suyun 
toz  zərrəcikləri  səpələnsə  də,  dala  çəkilmədilər,  əksinə  xoşhallandılar.  Leylanın 
tellərinə xırda, şəffaf damcılar səpələndi. Göydənizin saçlarına qırov düşdü. 
Evə qayıdanda yolüstü gül mağazasına girdilər. 
−Mənim sifarişim hazırdır? – deyə oğlan, qara saçları vaxtından tez ağarmış, 
sifətinə xırda qırışlar düşmüş, kasıb geyimli satıcı qadından xəbər aldı. 
−Hazırdır, canına canım qurban. Bu dəqiqə... 
Satıcı sol qıçını çəkərək uzaqlaşdı. Gedəndə gözucu Leylanı süzdü. Azacıq 
sonra iri dəstə bağlanmış ağ-qırmızı güllərlə geri qayıtdı: 
−Buyurun. 
Oğlan əlini cibinə saldı. 
Qadın yenə marağını gizlədə bilmədi: 
−Evlənirsiniz, deyəsən? – soruşdu. 
−Bəli. Bu axşam toyumuzdur. 
Leyla utancaq tərzdə başını aşağı dikdi. Satıcı, gülləri götürüb ona uzatdı: 
−Xoşbəxt olasınız... Gör, sevdiyin oğlana necə də yaraşırsan! – dedi. – Sənin 
ülkər  baxışlı  gözlərin  gözə  gəlməsin.  Tanrı  sizi  ömrünüzün  axırınadək  ayrı 
salmasın... 
Gənclər gülə-gülə mağazadan çıxanda, qadın qəfildən tutuldu. Nə üçünsə, bu 
dəfə qıza çox zəndlə baxdı. Leylanın gözlərində öz gözlərini gördü sanki... 
 
 
MÜƏLLİFDƏN 
 
 
Kəndimizə  getmədiyim  çoxdan  idi.  Keçən  yazda  bir  münasibət  məni 
çəkib ora apardı... 
Azərbaycan  xəritəsində  mərci  boyda  göstərilən  ata-ana  yurdumun  torpağı 
altında  zəngin  xəzinə  yatdığı  kimin  ağlına  gələrdi?!  Geoloqların  kəndimizin 
yaxınlığındakı  dağın  ətəklərində  qiymətli  yataq  kəşf  elədiyi  aləmə  yayılmışdı. 
Uşaqlıq  xatirələrimlə  bağlı  o  yerlərin  bu  günkü  həyatını  görmək  və  bəlkə  də  bir 
əsər yazmaq niyyəti ilə yola düzəldim. 
downloaded from KitabYurdu.org


121 
 
“79−68 AZU” – “göy atım” Abşerona şərid kimi dolanan asfaltda şütüdükcə, 
ətraf cövlana gəlirdi. Çöllər lalə əlindən od tutub yanırdı. Hava təzə-tər göy otların 
ətrini qoxuyurdu. 
Mənzil başına axşam toranlığında yetişdim. 
Səhərisi  bütün  qəlbimi  həyəcana  gətirən  qəribə  bir  təsadüfün  şahidi  oldum 
kəndimizdə:  Leyla  ilə  Göydənizi  gördüm!  Mehriban-mehriban  danışaraq,  çiyin-
çiyinə addımlayırdılar... Leylanın qoltuğunda bir yığın şagird dəftəri vardı. Yəqin 
məktəbə gedirdi. Göydəniz əlində lülə təkin burulmuş iri kağız tutmuşdu. Ehtimal 
ki, dağlardakı qazıntı yerlərinin çertyoju idi... 
Sevgililər yolayrıcına çatanda dayandılar. Məhəbbətlə bir-birlərini süzdülər. 
Xoşbəxtlik  tökülürdü  baxışlarından...  Sonra  gülə-gülə  əl  tutdular.  Leyla  sola  – 
məktəbə,  Göydəniz  sağa  –  dağlara  yollandı.  Mən  tənha  bir  ağaca  söykənmişdim: 
qaynar  həyata  təzəcə  atılmış  bu  bəxtəvər  gəncləri  nəzərlərimlə  müşayiət  edirdim. 
Xəyalən o qızın – Leylanın işıqlı taleyini görürdüm... 
Səfərim uğurlu olmuşdu! Mən də öz aləmimdə dəfinə tapmışdım! Fikrimdə 
fövrən  yaranan  gələcək  əsərimin  ilk  cümlələrini  pıçıldayırdım:  “Kəndimizdə  bir 
gözəl var... Adı Leyladır onun...” 
 
 
 
6 noyabr 1964 – 6 noyabr 1967-ci illər 
 
 
S O N 
downloaded from KitabYurdu.org

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə