Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə31/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   27   28   29   30   31   32   33   34   ...   112

dükançının səsi xırp kəsildi, özündən gedib düşdüyü yerdə qaldı. İsabalı 

ayağını onun sinəsinə qoyub istədi çəksin cücə boğazı kimi boğazını 

üzüb atsın, ona kimi dükanını yenicə açmış dükançılar töküldülər, 

yalvar-yapış eləyib dükançını onun əlindən aldılar. 

Dünya xanım çoxdan yol gözləyirdi. 

İsabalını görüb təhr-töhründən yəqin elədi ki, bu Koroğlunun 

dəlilərindədi, dedi: 

– Ey oğlan, kimsən? Hardan gəlib hara gedirsən? Kimi axtarırsan? 

Dünya xanımın cavabında aldı İsabalı görək nə dedi: 

Nə xan gördüm burada, nə də bir paşa, 

Verə Koroğludan mənə bir xəbər. 

Yağı düşmənləri bağladım daşa, 

Verə Koroğludan mənə bir xəbər. 

Ac qurd mənəm, qənim üstə ularam, 

Müxənnəti öz qanına bularam, 

Qılınc çəkib ölkəsini talaram

Verə Koroğludan mənə bir xəbər. 

Olan yoxdu mənim dərdimdən halı, 

Heç başımdan getməz onun xəyalı, 

Koroğluya qurban qoç İsabalı, 

Verə Koroğludan mənə bir xəbər. 

Dünya xanım dedi: 

– Sən axtaran Koroğlu buradadı. Mən çoxdandı ki, səni gözləyirəm. 

Düş atını tövləyə çək, özün də içəriyə gəl. 

İsabalı gördü Dünya xanım doğrudan da tərifli gözəldi. Heç keçiləsi 

deyil. Düşdü, atını tövləyə çəkdi, gördü Qırat da bu tövlədə bağlanıbdı. 

Koroğlu tərəfdən ürəyi bir az arxayınlaşdı. Qayıtdı Dünya xanımın 

yanına gəldi. Dünya xanım yemək, içmək gətirdi. İsabalı yedi, içdi, 

başını Dünya xanımın dizi üstünə qoyub yatdı. O tərəfdən İsabalının 

vurduğu dükançı özünə gəldi. Qalxdı birbaş getdi Camal paşanın 

yanına ki, bəs Koroğlunun buraya bir dəlisi gəlib çıxıb, dükanı-bazarı 

dağıtdı az qalmışdı ki, məni də öldürə, qaçıb əlindən qurtardım. 

Camal paşa hökm elədi. Qoşun atlanıb yolları, bəndləri, bərələri 

kəsdi. Dünya xanım işdən xəbər tutdu. İstədi İsabalını işdən hali eləsin. 

Baxdı ki, İsabalı çox ağır yatıb, belə şeylərlə oyanası deyil. Onda aldı, 

görək nə dedi: 

Yağı düşmən dörd bir yanı alıbdı, 

Oyan əcəm oğlu, dur get bu yerdən! 

Sənin dərdin bu canımda qalıbdı, 

Oyan əcəm oğlu, dur get bu yerdən! 

Dünya xanımın səsinə İsabalı yuxudan oyanıb gördü qız ağlayır, 

aldı görək Dünya xanımın cavabında nə dedi: 

Ağlama, ağlama, ay Dünya xanım, 

Ölər əcəm oğlu, getməz bu yerdən! 

Sənə qurban olsun bu şirin canım, 

Ölər əcəm oğlu, getməz bu yerdən! 




Dünya xanım: 

Hay-hay deyib gədiklərə yatandı, 

Comərd düşmənləri atdan atandı, 

Bolu bəydi, Koroğlunu tutandı, 

Oyan əcəm oğlu, dur get bu yerdən! 

İsabalı: 

Hay-hay deyib tövlələrdə yatandı, 

Hansı düşmənləri atdan atandı? 

Koroğlunu al dil ilə tutandı, 

Ölər əcəm oğlu, getməz bu yerdən! 

Dünya xanım: 

Çoxdu aralıqda mənim yamanım, 

Sənnən ayrı göyə çıxar amanım, 

Sənə qurban olsun bu Dünya xanım, 

Oyan əcəm oğlu, dur get bu yerdən! 

İsabalı: 

İyid gərək qürbət eldə yaslana, 

Çətin Misri qılınc qında paslana, 

Min tülkü neyləyər bir ac aslana? 

Ölər əcəm oğlu, getməz bu yerdən! 

Sözləri tamama yetişdi. İsabalı Dünya xanıma ürək verib dedi: 

– Dur gedək, Koroğlunun saxlandığı yeri mənə göstər. 

İsabalı Dünya xanımla Koroğlu olan quyunun başına gəldi. Hələ 

quyuya çatmamışdılar ki, İsabalı gördü bir oxumaq səsi gəlir. Huşkuşla 

qulaq verib, gördü Koroğlu quyudan bu səsləri oxuyur: 

Uca dağların başından 

Yolum ay mədət, ay mədət!.. 

Yaman yerdə tutdu məni 

Ölüm, ay mədət, ay mədət!.. 

Belimdə yoxdu qılıncım, 

Müxənnətə çatmır gücüm, 

Nə yorğan var, nə də cecim, 

Zülüm, ay mədət, ay mədət!.. 

Hanı nizəm, hanı atım? 

Kəsildi şanı-şövkətim, 

Çənlibel kimi sərhəddim, 

Elim, ay mədət, ay mədət! 

Sinəm odlandı köz kimi, 

Miskin olarmı biz kimi? 

Dada yetə Eyvaz kimi 

Dəlim, ay mədət, ay mədət!.. 

Altıma döşərdim xalı, 

Yoxdu mənim kimi dəli

Bu günümdə İsabalı 

Gəlimi, ay mədət, ay mədət!.. 

İsabalı dedi: 




– Koroğlu, qəm çəkmə, yetişdim. 

İsabalı kəməndini açdı, quyuya salladı. Koroğlu kəməndin ucunu 

belinə bağlayıb tərpətdi. İsabalı ilə Dünya xanım çəkdilər, Koroğlunu 

quyudan çıxartdılar. Koroğlu İsabalı ilə qolboyun oldu, görüşüb, öpüşdü. 

İsabalı dedi: 

– Koroğlu, öpüşmək vaxtı deyil, qoşun hər yanı kəsib, tez ol görək 

nə eləyirik. 

Koroğlu ilə İsabalı özlərini atlara yetirdilər. Koroğlunun qılıncını, 

qalxanını gətirib verəndə Koroğlu dedi: 

– Dünya xanım, səni burda qoyub getməyəcəyik. Hazırlaş, qiymətdə 

ağır, çəkidə yüngül nəyin var götür, bizinən gedək. 

Dünya xanım mehtərə dörd at yəhərlədib çəkdirdi. Nə ki qiymətli 

şeyləri vardı, xurcunnara doldurub atların üçünə yüklədilər. Atın birinə 

də Dünya xanım özü mindi. 

Koroğlu baxdı ki, hər tərəf kəsilib, aldı görək nə dedi: 

Misri qılınc, ləzgi qəmə 

Mən səni tər saxlamışam, 

Dolaşma cübbə-coşana 

Düşmənə var saxlamışam! 

Comərdlərə yaxınaram, 

Xəndək oxdan saxınaram, 

Min igidə təpinərəm, 

Canda hünər saxlamışam! 

Dolandım qürbət ellərdə, 

Tərifim gəzdi dillərdə, 

Çardaxlı Çənlibellərdə, 

Əsrəmiş nər saxlamışam! 

Qoç Koroğlu elər xəta

İndi sən bax bu busata, 

Canım qurban Ərəbata, 

Oynar, kişnər saxlamışam! 

Koroğlunun nərəsini eşidəndə qoşun əhlinin canına lərzə düşdü. 

Koroğlu bir yandan, İsabalı bir yandan, düşmənə hücum elədilər. Bir 

vurhavur oldu ki, ruzigarın gözü hələ belə vurhavur görməmişdi. Düşmən 

davam gətirə bilməyib qaçmağa üz qoydu. Axır ki, Koroğlu, 

İsabalı, yanlarında da Dünya xanım Ərzincandan çıxıb, Çənlibelə tərəf 

yol başladılar. Bir qədər getmişdilər ki, bir də Koroğlu gördü dallarınca 

bir bölük atlı gəlir. Koroğlu dedi: 

– İsabalı siz gedin, mən qayıdım bunların cavabını verim. 

Bunu deyib Koroğlu geri döndü. Bir dəli nərə çəkib özünü qoşuna 

vurdu. Qıratı sürüb əlində Misri qılınc onların canına düşdü. O ki, 

qırmalı idi qırdı. Üstəlik bir dəstə atlını da əsir eləyib Qıratın qabağına 

qatdı. Gəlib İsabalıgilə çatdı. Baxdı Mehtər Murtuz da bu atlıların 

içindədi. Onu İsabalıya göstərib dedi: 

– Bələdçilik eləyib məni tutduran bu idi. 

İsabalı istədi ordaca Murtuzun işini tamam eləsin. Koroğlu qoymadı, 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə