Görsün
mən dəlinin indi gücünü,
Boyansın əndamı al qana, gəlsin!..
Qorxum yox paşadan, sultandan, xandan,
Gəlsin mənəm deyən, keçirdim sandan,
Ərlər daldalanıb qorxmasın qandan,
At sürsün, qovğaya mərdana gəlsin!..
Koroğlu əyilməz yağıya, yada,
Mərdin əskik olmaz başından qada.
Nərələr çəkərəm mən bu dünyada,
Göstərrəm məhşəri düşmana, gəlsin!..
Dəli Həsənlə Koroğlu dava eləyəsi oldular. Qılınclarını çəkib, birbirinə
hücum elədilər. Qılıncdan murad hasil olmadı, əmuda əl atdılar.
Əmuddan murad hasil olmadı, nizəyə əl uzatdılar. Nizədən də kar
aşmadı. Axırda atdan düşdülər, güləşməyə başladılar. Dəli Həsən ilə
Koroğlu çox güləşdilər, gah o buna güc gəldi, gah bu ona güc gəldi. Qoç
Koroğlu axırda bir dəli nərə çəkib Dəli Həsəni götürüb yerə vurdu.
Dizini sinəsinə dayadı, əlini qılınca atanda, Dəli Həsən bir ah çəkdi.
Koroğlu dedi:
– Bir qaşıq qanından qorxub niyə ah çəkirsən?
Koroğlunun cavabında Dəli Həsən dedi:
– Ey igid, mən canımdan qorxub ah çəkmirəm. Əhdim var idi.
Əhdimə çatmadım.
Koroğlu soruşdu:
– Əhdin nə idi?
Dəli Həsən dedi:
– Mən əhd eləmişdim ki, hər kim məni bassa, onunla dost, qardaş
olam. Ölənə qədər onun yanında qalam. İndi sən məni basdın, ancaq
öldürürsən, əhdimə çata bilmirəm.
Dəli Həsənin bu sözü Koroğlunu sevindirdi. Ayağa qalxdı, Dəli
Həsənin qolundan yapışıb qaldırdı, əlini üç dəfə onun dalına vurdu.
Dəli Həsən onun qılıncının altından keçdi, ölənəcən ona qardaş
olub, qulluğunda durmağa and içdi. Ondan sonra üzünü Koroğluya
tutub dedi:
– Qoç Koroğlu, düz yeddi ildi ki, mən bu yolların ağasıyam. İndiyə
qədər hələ bir adam mənim qabağıma çöp sala bilməyib. Bu yeddi ilin
ərzində bir bəzirgan mənə bac verməmiş bu həndəvərdən keçə bilməyib.
Bəylərdən, xanlardan, tacirlərdən alıb yığdığım mal-dövlətin,
qızıl-gümüşün, cavahiratın hamısını saxlamışam. İgidlər arasında olan
adətə görə indi onların hamısı sənə çatır. Buyur, gedək malına sahib
ol!
Koroğlu qabaqca ona inanmadı. Şübhələndi ki, bəlkə hiylə qurub
onu topa salmaq istəyir. Sonra fikirləşib öz-özünə dedi: “Eybi yoxdu,
elə belə yaxşıdı. Bu başdan yoxlayıb, sınaqdan çıxardaram. Qoy
mərddirsə də indidən bilinsin, müxənnətdirsə də indidən bilinsin”.
Özü Qıratı mindi, sonra da üzünü ona tutub dedi:
– Min atını, sür, gedək!
Dəli Həsən qabağda, Koroğlu dalda az getdilər, üz getdilər, gəlib
bir sıldırım qayanın dibinə çatdılar.
Qayanın dibi yaman kol-kosluq idi. Dəli Həsən atını kol-kosluğa
vurdu. Koroğlu da onun dalınca. Elə bir az getmişdilər ki, qabaqlarına
bir mağara çıxdı. Dəli Həsən atdan düşdü. Sonra Qıratın cilovundan
yapışıb dedi:
– Çatmışıq. İndi atdan düş, içəri girək.
Koroğlu yenə də Dəli Həsəni qabağına salıb mağaraya girdi. Baxdı
ki, burada o qədər qızıl-gümüş var ki, elə bil yeddi padşahın xəzinəsi
buradadı. Koroğlu mağaranı tamam-kamal gəzdi. Hamısını gözdən
keçirdi. Sonra Dəli Həsənə dedi:
– Qoy bunlar elə buradaca qalsınlar. İndi bunlar bizə lazım deyil.
Amma elə ki, Çənlibeldə yurd-yuva saldıq, başımıza dəlilər, igidlər
yığıldı, onda bunlar bizə lazım olacaq.
Doğrudan da elə oldu.
Bu gündən Koroğlunun başına yavaş-yavaş adamlar yığışmağa başladı. Çox çəkmədi ki,
Çənlibel qoçaq oğlanların, igidlərin məskəni oldu.
Koroğlu dastanı
"Koroğlunun İstanbul səfəri" qolu
Koroğlu Dəli Həsənlə arxa-arxaya verib Çənlibeldə yurd-yuva salmışdı.
Tay iş gəlib o yerə çatmışdı ki, Çənlibelin həndəvərindən bir karvan da keçə bilmirdi.
Koroğlunun adı bütün aləmə yayılmışdı.
Dünyanın hər tərəfindən iyid oğlanlar onun dəstəsinə gəlirdi.
Qızlar, gəlinlər onun həsrətini çəkirdilər.
Bu səs-səda gəlib İstanbula da çatmışdı. İstanbul xotkarının qızı Nigar xanım da görməzə-
bilməzə eşq badəsini içib bir könüldən min könülə Koroğluya aşiq olmuşdu.
Amma yazıq qız atasının, bir də ki bir namərd qardaşı var idi, onun qorxusundan ləb tərpədib
nəfəs çəkə bilmirdi. Koroğlunun dərdini ürəyinə salıb payız yarpağı kimi
gündən-günə saralıb solurdu.Deyirlər İstanbul kəndlərinin birində Bəlli Əhməd adında
yeniyetmə, cavan bir oğlan var idi. Bəlli Əhmədin bığ yeri təzəcə tərləyirdi.
Amma, neynirsən, sən gəl ki, qüvvətdə-hünərdə Rüstəm pəhləvana bac verməzdi. Bəlli Əhməd
nə qədər ki, igid idi, bir o qədər də əli açıq, könlü-gözü tox idi. Tapdığını tək yeməzdi.
Elə ki, Koroğlu sədası gəlib buralara çatdı, Bəlli Əhməd çox götür-qoydan sonra çarıxlarının
bağını bərkidib, ağamı Allah saxlasın deyib, Çənlibelə tərəf yola düşdü. Çox getdi, az getdi, o
necə deyərlər dərə-təpə düz getdi, bir cümənin günündə gəlib İstanbula yetişdi.
Bəli, elə təzəcə bazara girmişdi, o yan bu yana baxırdı ki, gördü hamı qaçır. Özü də heç dükanı
bağlayıb eləmir. Bir su içim saatda bütün bazar qaldı başına. Bəlli Əhməd mat-məhəttəl
dayanmışdı. Bir də gördü budu bir çolaq tacir qıçını yel tutmuş qoca qatır kimi haytıyahaytıya
qaçır. Tez onun qabağını kəsib soruşdu:
– Ay əmi, bu camaata nə olub? Bu nə qaçhaqaçdı?
Tacir ona diqqətlə baxıb dedi:
– Görünür qərib adamsan.
Bəlli Əhməd dedi:
– Bəli qəribəm, bu gün gəlmişəm.