M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə14/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   10   11   12   13   14   15   16   17   ...   91
Muhazire fəlsəfə

Ellinizm dövrü fəlsəfəsi. Ellinizm Dövrü Makedoniyalı İsgəndərin yürüşlərinin başlanmasından, onun imperiyasının ayrı-ayrı xırda dövlətlərə parçalanmasından, romalıların Misiri fəth etməsinə qədər olan dövrü əhatə edir. E.ə. IV və III əsrlərdə azad yunan polislərinin (dövlətlərinin) böhranı kulminasiya nöqtəsinə çatmışdı. Yunan şəhərləri əvvəlcə Makedoniya hakimiyyətinin, sonralar isə Romanın təsiri altına düşmüşdü. Yunanıstanın iqtisadi və siyasi cəhətdən süquta uğraması, imperiyanın ayrı-ayrı xırda dövlətlərə parçalanması, polislərin-dövlətlərin rolunun heçə enməsi Yunan fəlsəfəsinin inkişafına da öz mənfi təsirini göstərdi.
Yunanıstanda obyektiv aləmin dərk edilməsinə yönəldilmiş bütün cəhdlər, filosofların siyasi həyatda fəal iştirakı tədricən fərdiyyətçilik, skeptisizm və aqnostisizmlə əvəz olundu. Bir müddət sonra, fəlsəfi təfəkkürə maraq kəskin şəkildə azaldı. Belə bir şəraitdə mistika, dini-fəlsəfi sinkretizm (bir-biri ilə uyğunlaşmayan ziddiyyətli görüşlərin birləşdirilməsi), xristianlıq fəlsəfəsi dövrü başlandı. Bu zaman Yunanıstanda bir neçə fəlsəfi məktəb fəaliyyət göstərirdi.
Aristotel fəlsəfəsinin varisi kimi peripatetika (gəzinti zamanı fəlsəfi söhbətlərin, mübahisələrin aparılması) meydana gəldi və təqribən min il fəaliyyət göstərdi. Bu məktəbin nümayəndələri -Teofrast, Evdem, Aristoksen, əsasən, Aristotel fəlsəfəsinin təhlili və şərhi ilə məşğul idilər. Afinada peripatetika məktəbi ilə yanaşı, Platonun yaratdığı akademiya da fəaliyyət göstərirdi. Akademiya eramızdan əvvəl I əsrdə tədricən tənəzzülə uğradı, son nəticədə Platonun idealizmindən imtina edildi və nəhayət, Epikürün materialist təlimi meydana gəldi.
Epikür (e.ə. 342-271) fəlsəfəsinin mənbəyi Demokritin atomistika təlimi idi. Demokritin fəlsəfəsini dərindən öyrənmiş və sonralar Afinada özünün fəlsəfi məktəbini (“Epikür bağı”) yaratmışdı. O, atomist materializmin ən böyük nümayəndəsidir. Öz müəllimi Demokrit kimi Epikür də dünyanı bölünməz atomlardan və bunların hərəkət etdiyi boşluqdan ibarət bilirdi. Lakin Demokritdən fərqli olaraq Epikür qeyd edirdi ki, atomlar təkcə böyüklüyünə və formalarına görə deyil, habelə, ağırlıqlarına görə də fərqlənirlər.O, özünəməxsus şəkildə atom çəkisini bilmiş və atomun həcmini təyin etməyə cəhd etmişdir. Epikürə görə, atomlar əbədi, fasiləsiz hərəkət halındadırlar. Hərəkət atomların və boşluğun vəhdətinin, onların qarşılıqlı təsirinin nəticəsidir. Epikür atomların hərəkətinin səbəbini öyrənməyə səy göstərmişdir. Onun fikrincə, atomların hərəkəti onların ağırlığı ilə əlaqədardır. Ağırlıqlarından asılı olaraq atomlar şaquli xətt üzrə hərəkət etməklə bərabər, düzxətli hərəkətdən kənara meyl edib əyri xətlə də hərəkət edirlər. Epikürün zənnincə, atomlar boşluqda üç cür hərəkətə malikdirlər:
1) düz xətt üzrə düşmə hərəkəti;
2) düz xətdən kənara meyl edilməsindən törəyən hərəkət;
3) atomların toqquşmasından əmələ gələn hərəkət.
Bununla Epikür atomlar aləminin quruluşuna baxışları dəyişdirdi və göstərdi ki, öz-özünə hərəkət etmək atomların daxili mahiyyətindən irəli gəlir.
Fəlsəfə tarixində Epikürün xidməti bir də ondadır ki, o, Demokritdən fərqli olaraq rəng, iy, dad kimi keyfiyyətlərin obyektivliyini qəbul etmişdir.
Epikürün idrak nəzəriyyəsi. Epikür duyulan maddi şeyləri insan biliyinin mənbəyi hesab etmiş, idrakın mexanizmi və yolları haqqında sadəlövh materialist müddəalar söyləmişdir. Epikürün təliminə görə, idrak müşahidə, hissi qavrayışlar əsasında baş verir. Onun fikrincə, cisimlərin surətləri hiss üzvlərində əks olunaraq insanda duyğu yaradır, bu da öz növbəsində insan beynində xarici cisim və hadisələrin uyğun surətlərini əmələ gətirir.
Epikür duyğuların obyektiv məzmununu açıb göstərməklə yanaşı, ruhu maddi varlıq hesab edir və bu fikrini əsaslandırmağa çalışırdı. Onun fikrincə ruh da atomlardan təşkil olunmuşdur, lakin şeylərin atomlarına nisbətən o daha incə və sürətlə hərəkət edən atomlardan ibarətdir. Epikür fəlsəfəsinə görə, Kainat sonsuzdur, qeyri-məhduddur, maddi aləmdən başqa və ondan kənarda heç bir şey yoxdur. O öyrədirdi ki, insanlar nə təbiətin dəhşətli hadisələrindən, nə də allahlardan qorxmamalıdır. İnsanlar üçün ölüm qorxulu görünməməlidir. Çünki, nə qədər ki, biz varıq ölüm yoxdur, ölüm gəldikdə isə artıq biz olmayacağıq. Epikür axirət dünyasının mövcudluğunu rədd edirdi. O deyirdi ki, insan öləndən sonra onun atomlardan ibarət olan ruhu da məhv olur, odur ki həyat zövqü yalnız bu dünyaya məxsusdur.
Ellinizm dövründə əvvəllər Yunanıstanda, sonralar isə Romada stoisizm, skeptisizm, eklektisizm kimi digər fəlsəfi təlimlər də geniş yayılmışdır.
Stoisizm fəlsəfi cərəyanının əsasını Zenon (Kition şəhərində) qoymuşdur. Stoiklərin fikrincə, insanlar təbiətin tələblərinə uyğun şəkildə yaşamalıdırlar. Onlar o dövrün fəlsəfəsinin 3 tərkib hissəsini - məntiqi, fizikanı və etikanı bir sistem halında birləşdirmək istəyirdilər. Onlar fəlsəfəni insan orqanizmi ilə müqayisə edərək, məntiqi onun skeleti, etikanı damar sistemi, fizikanı isa ruhu adlandırırdılar. Stoiklər ontologiyada 2 əsas başlanğıcı - maddi və mənəvini qəbul edirdilər. Onlar belə hesab edirdilər ki, bu başlanğıcların birləşməsindən ayrı-ayrı cisimlər, şeylər yaranır. Onların fəlsəfəsi panteist mahiyyət kəsb edirdi, idrak nəzəriyyəsində sensualist idilər, lakin əqlin rolunu da tam inkar etmirdilər.
IV əsrin axırında yunan fəlsəfəsində skeptisizm cərəyanı formalaşır. Onun əsasını Pirron qoymuşdur. Skeptiklər idarkın həqiqətliyini şübhə altına alırdılar.
E.ə. II əsrin əvvəlindən Yunan fəlsəfəsi süquta uğrayır. Belə bir şəraitdə eklektisizm təlimi meydana gəlir. Onun nümayəndələrindən Filonun (e.ə. 20-e. 50), Antioxun (e.ə. I və e. II əsrləri) adlarını çəkmək olar. Eklektiklər müxtəlif fəlsəfi sistemlərdən, bir-birilə üzvi surətdə bağlı olmayan fəlsəfi fikirləri mexaniki surətdə birləşdirib özünəməxsus bir təlim yaratmışdılar.

Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə