Maddə Azərbaycan Respublikasında bitki mühafizəsi



Yüklə 49,99 Kb.

tarix27.03.2018
ölçüsü49,99 Kb.


Bitki mühafizəsi haqqında 

Azərbaycan Respublİkasının Qanunu 

Bu Qanun Azərbaycan Respublikası ərazisində bitki mühafizəsinin təşkili və həyata 

keçirilməsinin hüquqi əsaslarını müəyyən edir. 

I fəsil 

 Ümumİ müddəalar 



Maddə 1. Azərbaycan Respublikasında bitki mühafizəsi 

Bitki mühafizəsi bitkilərin və onların məhsullarının ziyanverici, xəstəlik və alaq 

otlarından qorunması məqsədilə elmi cəhətdən əsaslandırılmış kompleks tədbirlərin 

həyata keçirilməsidir. 

Bitki mühafizəsi aşağıdakılarla təmin edilir: 

bitkilərin ziyanverici, xəstəlik və alaq otlarının kütləvi çoxalmasının və yayılmasının 

qarşısının alınmasına, məhsul itkisinə yol verilməməsinə, ekoloji təmiz bitkiçilik 

məhsullarının əldə edilməsinə, ətraf mühitin, əhalinin sağlamlığının, xeyirli fauna və 

floranın pestisidlərin zərərli təsirindən qorunmasına yönəldilmiş bitki mühafizəsi üzrə 

tədbirlər sisteminin həyata keçirilməsi, karantin və digər xüsusi təhlükəli ziyanverici 

obyektlərin təsdiq edilməsi və ləğvi üzrə məqsədli dövlət proqramlarının yerinə 

yetirilməsi; 

bitki mühafizəsi sahəsində mütəxəssislərin hazırlanması və elmi tədqiqatların təşkil, 

bitki mühafizə vasitələrinin istehsal və onların istifadəsinə nəzarətin təmin edilməsi 

üzrə Azərbaycan Respublikasının vahid dövlət siyasətinin formalaşdırılması; 

bitki mühafizəsi haqqında qanunvericiliyə dövlət orqanları, bələdiyyələr və ictimai 

təşkilatlar, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəssisələr, 

icarələr, təşkilatlar, digər təsərrüfat subyektləri, torpaqdan istifadə edən vətəndaşlar, 

habelə vəzifəli şəxslər tərəfindən riayət edilməsi. 

Maddə 2. Bitki mühafizəsi haqqında Azərbaycan 

Respublikasının qanunvericiliyi 

Bitki mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan 

və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir. 

Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində bitki mühafizəsi haqqında 

Azərbaycan Respublikasının qanunvericiliyindən fərqli qaydalar müəyyən 

edilmişdirsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir. 



Maddə 3. Bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi 

Bu Qanunda müəyyən edilmiş bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi dövlət 

bitki mühafizə xidmətinin fəaliyyəti ilə təmin edilir. 

Bitkilərin ziyanverici, xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirləri dövlət bitki 

mühafizəsi xidməti tərəfindən təşkil edilir, dövlət, bələdiyyə və özəl təşkilatların 

nəzdində bitki mühafizəsi sahəsində fəaliyyət göstərən qurumlarla əlaqəli şəkildə 

həyata keçirilir. 



Bitki mühafizəsi sahəsində fiziki şəxslərin sahibkarlıq fəaliyyəti qanunvericiliklə 

müəyyən edilmiş qaydada verilən xüsusi icazə (lisenziya) əsasında həyata keçirilir. 

II fəsil 

 Dövlət bİtkİ mühafİzə xİdmətİ 



Maddə 4. Dövlət bitki mühafizə xidmətinin təşkili 

Dövlət bitki mühafizə xidməti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən təşkil edilir. 

Maddə 5. Dövlət bitki mühafizə xidmətinin vəzifələri 

Dövlət bitki mühafizə xidmətinin vəzifələri aşağıdakılardır: 

Azərbaycan Respublikasının bütün ərazisində bitki mühafizəsi haqqında 

qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətini həyata keçirmək; 

ziyanverici obyektlərin kütləvi çoxalmasını qabaqcadan xəbər vermək, bitkilərin və 

onların məhsullarının ziyanverici, xəstəlik və alaq otlarından qorunması tədbirlərini 

təşkil etmək; 

dövlət bitki karantini xidməti ilə əlaqəli şəkildə Azərbaycan Respublikasının ərazisini 

xarici dövlətlərdən karantin ziyanverici, xəstəlik və alaq otlarının keçməsindən 

qorumaq, daxili karantin obyektlərinin yeni ərazilərə yayılmasının qarşısını almaq. 

Dövlət bitki mühafizə xidməti mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq 

kənd təsərrüfatı müəssisələrində, idarələrində və təşkilatlarında, bitki mühafizəsi 

tədbirləri həyata keçirilən digər sahələrdə fitosanitar nəzarətin vəziyyətinə, kimyəvi, 

bioloji və başqa bitki mühafizə vasitələrinin elmi əsaslarla istifadə edilməsinə tam 

məsuliyyət daşıyır. 

Maddə 6. Dövlət bitki mühafizə xidmətinin 

maliyyələşdirilməsi və maddi-texniki təminatı 

Dövlət bitki mühafizə xidmətinin maliyyələşdirilməsi və maddi-texniki təminatı 

dövlət büdcəsi vəsaiti, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının 

müəyyən etdiyi digər maliyyə mənbələri, habelə bitki mühafizəsi üzrə 

qanunvericilikdə müəyyən edilmiş qaydada göstərilən pullu xidmətlərdən əldə edilən 

vəsait hesabına həyata keçirilir. 

Dövlət bitki mühafizə xidmətinin mütəxəssisləri üçün Azərbaycan Respublikasının 

müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada güzəştlər tətbiq olunur. 



Maddə 7. Dövlət bitki mühafizə xidmətinin başqa dövlət 

idarəetmə orqanları ilə əlaqəli fəaliyyəti 

Dövlət bitki mühafizə xidməti bitki mühafizəsi sahəsində, habelə pestisidlərin, bioloji 

və digər bitki mühafizə vasitələrinin toksikoloji təsiri, ətraf mühitin çirklənməsi, 

keyfiyyətini itirmiş və istifadəsi qadağan olunmuş kimyəvi maddələrin 

zərərsizləşdirilməsi məsələlərində ekologiya və təbiəti mühafizə, sanitariya-



epodemioloji, baytarlıq və bitki karantini üzrə dövlət xidmətləri ilə birgə fəaliyyət 

göstərir. 

Azərbaycan Respublikasının müvafiq nazirlikləri və başqa mərkəzi icra hakimiyyəti 

orqanları öz səlahiyyətləri daxilində dövlət bitki mühafizəsi xidmətinə, onun üzərinə 

düşən vəzifələrin yerinə yetirilməsinə köməklik edirlər. 

Dövlət bitki mühafizəsi xidməti restisidlərin, bioloji və digər bitki mühafizə 

vasitələrinin istehsalı, tədarükü və istifadəsi barədə müəyyən edilmiş qaydada 

statistika orqanlarına məlumat verir. 

III fəsil 

 Dövlət fİtosanİtar nəzarətİnİn həyata keçİrİlməsİ 



Maddə 8. Dövlət fitosanitar nəzarəti 

Dövlət fitosanitar nəzarəti — dövlət bitki mühafizə xidmətinin bitkilərin ziyanverici 

və xəstəliklərinin, habelə alaq otlarının aşkar edilməsi, onların kütləvi yayılmasının 

qarşısının alınması, bitkilərin və onların məhsullarının qorunması üçün tədbirlərin 

görülməsi, bitki mühafizəsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin 

pozulması hallarının aşkar edilməsi və onların aradan qaldırılmasına yönəldilmiş 

fəaliyyətidir. 

Dövlət fitosanitar nəzarətinə daxildir: 

ziyanverici obyektlərin kütləvi şəkildə meydana gəlməsi və yayılması şəraitini və 

səbəblərini, onlarla mübarizənin mümkün ola biləcək neqativ nəticələrini müəyyən 

etmək; 

kənd təsərrüfatı bitkilərinin becərilməsində bitki mühafizəsi sahəsində zəruri olan 



normativ sənədləri və tövsiyələri hazırlamaq; 

bitkiçilikdə kimyəvi, bioloji və başqa preparatların tətbiq qaydalarını müəyyən etmək; 

torpaq mülkiyyətçiləri və torpaq istifadəçiləri tərəfindən kimyəvi, aqrotexniki, bioloji, 

təşkilati və digər təsərrüfat tədbirlərinin aparılmasına, bitki mühafizə vasitələrinin 

istifadəsi reqlamentinə riayət olunmasına nəzarəti həyata keçirmək; 

bitki mühafizəsi haqqında qanunvericiliyin pozulmasının qarşısını almaq və onu 

pozanları məsuliyyətə cəlb etmək üçün müvafiq tədbirlər görmək. 

Maddə 9. Dövlət fitosanitar nəzarətinin həyata keçirilməsi 

Dövlət fitosanitar nəzarətinin həyata keçirilməsi dövlət bitki mühafizəsi xidmətinin 

vəzifəli şəxslərinə və mütəxəssislərinə həvalə edilir. 

Dövlət fitosanitar nəzarətini həyata keçirən şəxslər öz fəaliyyətlərində bu Qanunu və 

Azərbaycan Respublikasının ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlarını 

əsas götürürlər. 

Nazirliklər, başqa mərkəzi və yerli icra hakimiyyəti orqanları və bələdiyyələr öz 

səlahiyyətləri daxilində dövlət fitosanitar nəzarətini həyata keçirən şəxslərə öz vəzifə 

borclarını yerinə yetirməkdə köməklik göstərməyə borcludurlar. 

 

  23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 



241) ilə 1-ci maddənin üçüncü hissəsindən "kəndli (fermer) təsərrüfatları və

sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:  

bitki mühafizəsi haqqında qanunvericiliyə dövlət orqanları, bələdiyyələr və ictimai 

təşkilatlar, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəssisələr, 

icarələr, təşkilatlar, kəndli (fermer) təsərrüfatları və digər təsərrüfat subyektləri, 

torpaqdan istifadə edən vətəndaşlar, habelə vəzifəli şəxslər tərəfindən riayət edilməsi. 



Maddə 10. Dövlət fitosanitar nəzarətini həyata keçirən 

şəxslərin hüquqları 

Dövlət fitosanitar nəzarətini həyata keçirən şəxslərin aşağıdakı hüquqları vardır: 

mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəssisələrin, idarələrin, 

təşkilatların və təsərrüfatların torpaqlarında, kənd təsərrüfatı məhsulları, toxum və 

əkin materialları, pestisidlər, bioloji və digər bitki mühafizə vasitələri saxlanılan 

anbarlarda, həyətyanı sahələrdə, fərdi və kollektiv bağ və bostan sahələrində onların 

fitosanitar vəziyyətini, ziyanverici, xəstəlik və alaq otlarına qarşı aparılan mübarizə 

tədbirlərini, mühafizə işləri texnologiyasına və bitki mühafizə vasitələrinin 

saxlanılması və istifadə edilməsi üzrə müəyyən olunmuş reqlamentə riayət edilməsini 

yoxlamaq; 

mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəssisələrdən, idarələrdən, 

təşkilatlardan və digər torpaq mülkiyyətçilərindən və torpaq istifadəçilərindən əkin 

sahələri və çoxillik əkmələrin, meşələrin, otlaqların və biçənəklərin, toxum və əkin 

materiallarının fitosanitar vəziyyəti, habelə ziyanverici, xəstəlik və alaq otlarına qarşı 

aparılmış və aparılacaq mübarizə tədbirləri haqqında lazımi məlumatların verilməsini 

tələb etmək; 

bitkilərin ziyanverici, xəstəlik və alaq otlarına qarşı təlimat və tövsiyələrin, 

texnologiya və reqlamentlərin pozulması ilə aparılan tədbirləri həmin nöqsanlar 

aradan qaldırılana qədər dayandırmaq; 

müəssisələrə, idarələrə, təşkilatlara və digər torpaq mülkiyyətçilərinə və torpaq 

istifadəçilərinə sanitariya-gigiyena tələblərinə və təhlükəsizlik texnikasına uyğun 

olmayan anbar və digər istehsalat binalarında kimyəvi və bioloji preparatların, 

dərmanlanmış toxum və əkin materiallarının saxlanılması üçün istifadə edilməsini 

qadağan etmək; 

pestisidlərin və kənd təsərrüfatında istifadə olunan digər zəhərli kimyəvi maddələrin 

qalıq miqdarını müəyyən etmək üçün bitkiçilik məhsullarından və torpaqdan 

nümunələr götürmək; 

kənd təsərrüfatı məhsullarının istehsalı, saxlanılması və satışı ilə məşğul olan torpaq 

mülkiyyətçilərinə, torpaq istifadəçilərinə və vətəndaşlara bitki mühafizə məsələlərinə, 

pestisidlərin, bioloji və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması və 

daşınması texnologiyasına və reqlamentlərinə dair tövsiyələr vermək; 

müvafiq standartlara və texniki şərtlərə uyğun gəlməyən bitki mühafizə vasitələrini 

satan idarə və təşkilatlara müəyyən edilmiş qaydalarda reklamasiyalar təqdim etmək; 

bitki mühafizəsi haqqında təlimat və tövsiyələrin, pestisidlərin, bioloji və digər bitki 

mühafizə vasitələrinin saxlanması, daşınması və istifadəsi texnologiyasının və 

reqlamentlərinin pozulması barədə akt və təqdimatları təqsirli şəxslərin Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb 



edilməsi üçün prokurorluq orqanlarına, müvafiq nazirliklərə və başqa mərkəzi və yerli 

icra hakimiyyəti orqanlarına göndərmək. 

IV fəsil 

 Bİtkİ mühafİzəsİ vasİtələrİ və onların tətbİqİ 



Maddə 11. Bitki mühafizə vasitələri 

Əkin sahələrini, çoxillik əkmələri, meşələri, otlaqları və biçənəkləri ziyanverici, 

xəstəlik və alaq otlarından qorumaq üçün mütləq dövlət sınağından keçmiş və 

Azərbaycan Respublikasında kənd təsərrüfatında və meşə təsərrüfatında istifadə üçün 

tövsiyə edilmiş kimyəvi, bioloji və digər bitki mühafizə vasitələri, xüsusi maşın və 

aparatlar tətbiq edilir. 



Maddə 12. Bitki mühafizə vasitələrinin sınağı və qeydiyyatı 

Bitki mühafizə vasitələrinin dövlət sınağı pestisidlərin və aqrokimyəvi maddələrin 

dövlət sınağı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən 

edilmiş qaydada həyata keçirilir. Bitki mühafizə vasitələrinin dövlət sınağını həyata 

keçirən qurumlar bitki mühafizə vasitələrinin tətbiqi, onların qalıq miqdarının kənd 

təsərrüfatı məhsullarında və ətraf mühit obyektlərində yol verilən həddi barədə 

normativləri işləyib hazırlayırlar. Dövlət sınağından keçmiş bitki mühafizə vasitələri 

müəyyən edilmiş qaydada qeydiyyata alındıqdan sonra kənd təsərrüfatında və meşə 

təsərrüfatında istifadəsinə icazə verilən preparatlar siyahısına daxil edilir. 

Dövlət sınağından keçmiş pestisidlərin, bioloji və digər bitki mühafizə vasitələrinin 

qeydə alınması, habelə onların tətbiqinin məhdudlaşdırılması və qadağan olunması 

bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin sınağı və qeydiyyatı üzrə 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən sanitariya-epidemioloji, ekologiya və 

təbiəti mühafizə, baytarlıq nəzarəti üzrə dövlət xidmətləri ilə razılaşdırıldıqdan sonra 

həyata keçirilir. 

Bu və başqa ölkələrdə dövlət sınağından keçməmiş, qeydə alınmamış, habelə 

istifadəsi qadağan olunmuş preparatların istehsalı, satışı, xaricdən gətirilməsi və 

tətbiqi qadağan olunur. 

V fəsil 

 Bİtkİ mühafİzəsİ sahəsİndə müəssİsələrİn, İdarələrİn, təşkİlatların, torpaq 

İstİfadəçİlərİnİn və vətəndaşların vəzİfələrİ 

Maddə 13. Məhsulun istehsalı və satışı ilə əlaqədar vəzifələr 

Mülkiyyət formasından asılı olmayaraq kənd təsərrüfatı bitkilərinin becərilməsi və 

kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan müəssisələr, idarələr, təşkilatlar, 

torpaq mülkiyyətçiləri, torpaq istifadəçiləri və Azərbaycan Respublikasının digər 

vətəndaşları: 

bitkilərin ziyanverici, xəstəlik və alaq otlarının kütləvi inkişafının, onların 

yayılmasının, məhsul itkisinin qarşısının alınması məqsədi ilə müntəzəm olaraq 

kompleks mübarizə tədbirlərini həyata keçirməyə; 

bitki mühafizə vasitələrinin saxlanmasında, daşınmasında və istifadə edilməsində 



müəyyən olunmuş reqlamentlərə və qaydalara riayət etməyə, ətraf mühitin və 

bitkiçilik məhsullarının pestisidlərlə çirklənməsinə, onların insan və heyvanlara zərərli 

təsirinə yol verməməyə

əkin sahələrinin, çoxillik əkmələrin, meşələrin, otlaqların və biçənəklərin fitosanitar 

vəziyyəti, bitkiçilik məhsullarının qorunması üçün həyata keçirilən tədbirlər, bitki 

mühafizə vasitələrinin istehsalı və istifadəsi haqqında dövlət bitki mühafizə xidmətinə 

məlumat verməyə borcludurlar. 

Maddə 14. Zəhərli maddələrin qalıq miqdarına dövlət 

nəzarəti 

Kənd təsərrüfatı məhsullarında, yemdə, ərzaq məhsullarında, torpaqda və ətraf mühit 

obyektlərində pestisidlərin, nitratların və insan və heyvanların həyatı üçün təhlükəli 

olan digər zəhərli maddələrin və birləşmələrin qalıq miqdarına dövlət nəzarəti 

müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 

Kənd təsərrüfatı məhsullarının emalına və satışına məhsulun tərkibində pestisidlərin, 

nitratların və insan və heyvanların həyatı üçün təhlükəli olan digər zəhərli maddələrin 

və birləşmələrin qalıq miqdarı yol verilən normativ səviyyədən artıq olmamasını 

təsdiq edən sertifikat olduqda icazə verilir. Həmin sertifikatların tətbiqi mərhələləri və 

qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

müəyyən edilir. 

İstehsalçıya sertifikat müvafiq dövlət orqanı tərəfindən toksikoloji qiymətləndirmə 

əsasında verilir. Məhsulun tərkibində pestisidlərin, nitratların və insan və heyvanların 

həyatı üçün təhlükəli olan digər zəhərli maddələrin və birləşmələrin qalıq miqdarı yol 

verilən normativ səviyyədən artıq olarsa, onun satışına icazə verilmir. Bu halda 

məhsulun  istifadə edilməsi haqqında qərar sanitariya-epidemioloji və baytarlıq üzrə 

dövlət xidmətləri tərəfindən verilir. İstifadəsi mümkün olmayan kənd təsərrüfatı və 

ərzaq məhsulları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən müəyyən edilmiş qaydada geri alınır, utilləşdirilir və ya məhv edilir. 

İdxal edilən kənd təsərrüfatı və ərzaq məhsullarının keyfiyyəti təhlükəsizlik 

baxımından Azərbaycan Respublikası standartlarının tələblərinə uyğun gəlməli, 

müvafiq sertifikatlarla müşayiət edilməlidir. 

VI fəsil 

 Bİtkİ mühafİzəsİ haqqında qanunverİcİlİyİn pozulmasına görə məsulİyyət. Bİtkİ 

mühafİzəsİnə daİr mübahİsələrİn həllİ 

Maddə 15. Vəzifəli şəxslərin və vətəndaşların məsuliyyəti 

Vəzifəli şəxslər və vətəndaşlar: 

bitkilərin ziyanverici, xəstəlik və alaq otlarına qarşı nəzərdə tutulmuş kompleks 

tədbirləri pozmaqla və ay aparmamaqla ziyanverici obyektlərin kütləvi yayılmasına və 

inkişafına, bununla da əkinlərə ziyan vurulmasına və ya onların məhv edilməsinə 

şərait yaratdıqda; 




bitki mühafizə vəsaitlərinin istifadə edilməsi texnologiyasına və reqlamentinə riayət 

etməməsi nəticəsində başqa torpaq mülkiyyətçilərinə, torpaq istifadəçilərinə və 

vətəndaşlara ziyan vurduqda, kənd təsərrüfatı məhsullarını

 

və ətraf mühiti pestisidlərlə və digər vasitələrlə çirkləndirdikdə; 



tərkibində pestisidlərin qalıq miqdarı yol verilən normativ səviyyədən artıq olan 

məhsulları satdıqda və bitki mühafizəsi haqqında qanunvericiliyin pozulmasının digər 

hallarında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada 

intizam, maddi, inzibati və cinayət məsuliyyətinə cəlb edilirlər. 



Maddə 16. Bitki mühafizəsi haqqında qanunvericiliyin 

pozulmasına görə vurulan ziyanın ödənilməsi 

Təqsirli olan şəxslərə qoyulan cərimələr və bu Qanunun 15-ci maddəsində göstərilmiş 

digər başqa cəzalar vurulmuş ziyanın tam həcmində ödənilməsindən azad etmir. 

Vurulmuş ziyanın həcmi və ödənilməsi qaydası Azərbaycan Respublikasının 

qanunvericiliyinə uyğun olaraq müəyyən edilir. 

Maddə 17. Mübahisələrin həlli 

Bitki mühafizəsinə dair mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə 

müəyyən edilmiş qaydada məhkəmələr tərəfindən həll olunur. 

Azərbaycan Respublikasının Prezidenti 

Heydər ƏLİYEV 

Bakı şəhəri, 3 dekabr 1996-cı il 

                 № 210-IQ 

  

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 

23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 



241

  

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 



  

  

 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə