Q.Y. ABBASOVA
ETİKA: tarix,
nəzəriyyə və təcrübə
Ali məktəblər üçün dərs vəsaiti (Bakı
Dövlət Universitetinin rektorunun R-69 saylı,
25.06.16 tarixli əmri ilə təsdiq edilmişdir)
2
BBK-87.7
A 13
Q.Y.Abbasova. Etika: tarix, nəzəriyyə və təcrübə. Ali
məktəblər üçün dərs vəsaiti. Bakı: 2016. – 290 s.
Rəyçilər: prof. Rəbiyyət Aslanova
prof. Adil Əsədov
redaktorlar: B.Y.Cəfərova
R.İ.Əhmədova
Bu kitab ali məktəb tələbələri, eyni zamanda etika, əxlaq,
mənəviyyat, ümumiyyətlə insan həyatı ilə maraqlananlar üçün
də nəzərdə tutulmuşdur. Burada sistemli olaraq etikanın elmi
paradiqmasının formalaşması tarixi, etik kateqoriyalar,
qanunlar təhlil olunur. Etikaya aid müxtəlif nəzəriyyələr,
dünyada gedən proseslərin etika elminə təsiri həm nəzəri, həm
praktiki baxımından təhlil olunur. Humanitar və ictimai elm
sahələri tədqiqatçıları üçün bu kitab olduqca faydalı ola bilər,
çünki etika problemləri ilə yanaşı bir çox fəlsəfi, sosial-siyasi,
sosial-psixoloji məsələlər burada təhlil olunur. Istifadə olunan
ədəbiyyat mətnin içində, səhifələrdə göstərilir.
© Q.Abbasova
3
I BÖLMƏ. ETİK TƏLİMLƏR TARİXİ
Mövzu 1. Qədim dövrün etik nəzəriyyələri
Təbiət aləmi ilə əxlaq aləminin vəhdəti (Anaksimandr,
Heraklit). Müsbət və mənfi əxlaqi dəyərlər problemi. Sofistlər
xeyir və şər problemi haqqında. Sofoklun əsərlərində əxlaqi
ziddiyyətlər. Platonun görüşlərində əxlaqi xeyir anlayışı.
Aristotel etikanın ilk təsnifatçısıdır (anlayışların təsnifatı, etik
sistemin məntiqi quruluşunun tərtibi və s.). Əxlaqi kamillik
problemi.
Ellinizm və Roma imperiyası dövrünün etik nəzəriyyələri,
onların nəzəri və praktiki əhəmiyyəti (Epikur, Lukretsi, stoiklər,
Siseron). Hedonizm, asketizm, skeptisizm. Hindistan və Çində
etik ideyalar.
1.1.Qədim yunan ədəbi və fəlsəfi məktəblərində əxlaq
Antik dövrdə əxlaqi təsəvvürlərə əsasən kamil, xeyirxah
şəxsiyyət haqqında təsəvvürlər və məziyyətlər daxil idi. Burada
əxlaq artıq öz klassik ifadəsini tapmış, nəzəri və tətbiqi sahələrə
aid əxlaqi ideyalar ifadə edilmiş, davranış normaları və onlara
riayət olunması barəsində ideyalar işlənib hazırlamışdı.
İlk əxlaqi düşüncələrə səbəb cəmiyyət (tayfa, xalq,
təbəqələr, polis, şəhər) və şəxsiyyət arasında sosial-əxlaqi
zəmində yaranan zidiyyətlər olmuşdur. Bu barədə Homer öz
poemalarında (e.ə. XII-VII əsrlər), Hesoid öz fəlsəfi – tarixi
əsərlərində (e.ə. VIII əsrin sonu – VII əsrin əvvəlləri), yeddi
4
müdrikin kəlamlarında (e.ə. VII-VI əsrlər) məlumat verirlər.
İnsan təfəkküründə sosial həyat formaları haqqında təsəvvürlər
dərinləşdikcə abstrakt əxlaqi normaların məzmunu da
genişlənir, həmin normaların real həyatda ifadəsində yaranan
ziddiyyətlər ətrafında mübahisələr də artırdı.
Homerin qəhrəmanları (Axill, Odissey, Hektor,
Aqamemnon) real insanlar kimi düşünür, həyəcanlanır, hiyləyə,
yalana əl atır və s. Burada ümumi, məcburi davranış qaydaları,
əxlaqi qanunlar düşünülmüş hərəkət motivi kimi çıxış etmir.
Bununla belə real həyatda öz vətəninə, ailəyə, cəbhə
yoldaşlarına münasibət əxlaqi dəyərlər üzərində qurulur. Canlı
şəxslər, simalar epik qəhrəmanlar olaraq real ictimai əlaqələr
sistemində öz rəğbətini, nifrətini və s. açıq şəkildə nümayiş
etdirirlər: “Şəxsiyyət burada öz xalqına sonsuz dərəcədə
sədaqətli olaraq, onun daimi müdafiəçisi və təşkilatçısıdır”
1
.
Bu dövrün əxlaqi şüurunun daha bir xüsusiyyəti insanlar
və allahların münasibətləridir. Əsər qəhrəmanları allahlarla sıx
əlaqədədir; ilahi, ilahilik ümumi, kollektiv başlanğıcın
ifadəsidir. Hər bir qəhrəmanlıq göstərən şəxs də ilahi
mahiyyətlidir. Deməli, burada allahlar və qəhrəmanlar,
kollektiv və fərdinin vahidliyi müşahidə olunur. Əxlaq burada
praktik əməllərdə ifadə olunur, fərdlərin ictimai maraqları və
təbii keyfiyyətləri ilə üst-üstə gəlir. Comərdlik, xalqa olan
sədaqət Hektorun əməllərində özünü ifadə edir.
Bütövlükdə qədim yunan ədəbiyyatında insan daha çox
abstrakt əxlaqi keyfiyyətlər yox, real xüsusiyyətlər məcmusu
kimi təsvir edilir, məsələn, fiziki gözəllik, güç ağıl, bəlağət,
zadəgan mənşəyi, xoşbəxtlik və şöhrəti bəxş edən qismət, alın
yazısı. Beləliklə, burada ideologiyanın xüsusi növü olan
əxlaqdan danışmaq olmaz. Əxlaq qədim yunanların praktiki
fəaliyyəti səviyyəsində yaşayırdı. Məsələn, əxlaqlı, ləyaqətli
davranış həm də ağıllı davranış hesab olunur. Eyni zamanda
tədricən əxlaqi şüurun rüşeymləri yaranmağa başlayır. Zadəgan
1
Гусейнов А.А., Иррлиц Г. Краткая история этики. М.: 1987, s.19
Dostları ilə paylaş: |