III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
985
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
verən C.Əfəndizadənin fikrincə, “şair olmaq üçün şübhəsiz ki, əvvəla istedad lazımdır... İste-
dadı meydana çıxarmaq və qüvvətləndirmək üçün ciddi və sistemli çalışmaq, ciddi və davamlı
işləmək lazımdır”. O, “Dil, sənət və ədəbiyyatın mənşəyi” məqaləsində lirik şeiri şəxsi duyğu-
nun bədii ifadəsi hesab edərək, bu duyğunun həyat və zəhmətin gedişilə bağlı olaraq “arzu”,
“həzz” və ya “ələm” şəklində mövcud ola bildiyi fikrini irəli sürürdü.
Əfəndizadənin “Aprel və ədəbiyyat” məqaləsi poeziya məsələlərinin işıqlandırılması ba-
xımından xüsusilə maraqlıdır. Məqalədə dövrün, ideologiyanın tələbindən irəli gələn sosioloji
yanaşmalara rast gəlsək də, burada tənqidçi obyektivliyini, sənətə münasibətdə estetik yanaş-
manı da aydın müşahidə etmək mümkündür. Müəllif inqilabın ilk dövrünün ədəbiyyatını
“burjuaziya, cığırdaşlıq, kəntçilik” deyə “üç zümrəyə” ayırırdı. C.Əfəndizadə burjuaziya qru-
punun nümayəndəsi kimi H.Cavidi, S.Mənsuru göstərirdi. Tənqidçinin H.Cavid yaradıcılı-
ğının təhlili ilə bağlı fikirlərində sənətə estetik münasibət də özünü göstərirdi: “Cavid Azər-
baycanda şəkil və lisanca ən iləri gələn bir şairdur. Şah əsəri “İblis” olan Cavidin yaradıcılı-
ğında da əsas xətti nə millətçilik, nə inqilab, nə də ictimai mövzulardır, onun əsas xətti este-
tizmdir; onun bütün yaradıcılıq qüvvəti bütün bədii görüşü: Mənim tanrım gözəllikdir,
sevgidir. – misrasında göstərdiyi hüsn və eşq pərisidir”. Doğrudan da, H.Cavid poeziyasında
məhəbbət və gözəllik anlayışları bir-birindən ayrılmaz şəkildə bağlıdırlar. Bu barədə tənqidçi
doğru qənaətə gəlirdi. Lakin alimin qeyd etdiyi kimi, H.Cavid yaradıcılığını ancaq estetizmə
bağlamaq 1930-cu illərdə romantizmin kifayət qədər doğru və elmi şəkildə araşdırılma-
masının nəticəsi idi. C.Əfəndizadə H.Cavidin “Azər”poeması haqqında da öz fikrini bildirirdi:
“Azər” poeması, məsələn, Şeyx Sədinin nəsihətnamələrini andıran bir tərzdə Azərin dililə vəz
və nəsihət verir”. Qeyd etmək lazımdır ki, “Azər” poeması şairin müxtəlif mövzular haqqında
düşüncələrini çatdırmaqla bərabər, 1920-30-cu illərdə ictimai-siyasi mühitin bir sıra real-
lıqlarını da izləməyə imkan verir.
C.Əfəndizadənin“Aprel və ədəbiyyat” məqaləsində poeziya ilə bağlı yazılan fikirlərdə
bədii-sənətkarlıq məsələlərinə diqqət qabarıq cəhət kimi özünü göstərirdi. Tənqidçi M.Rəfili
şeirlərini bədiilik prizmasından təhlil edir, yeni obrazlar, yeni sözlər və nəhayət, Azərbaycan
ədəbiyyatına tanış olmayan yeni mövzular ilə ortaya çıxan Rəfilini ruhilə, talantının növilə də
yeni, “Azərbaycan ədəbiyyatının ən orijinal hadisələrindən biri” hesab edirdi.
Məqalə ilə tanışlıq zamanı tənqidçinin şairlərin ədəbi fəaliyyətini dəyərləndirərkən mə-
sələyə qeyri-siyasi nöqteyi-nəzərlə yanaşdığı aydın şəkildə görünür. Əlbəttə, ədəbi mübarizə
və mübahisələrlə xarakterizə olunan dövrün ədəbi tənqidində tənqidçinin məqaləsi ilə bağlı
narazı fikirlər də öz əksini tapırdı. Vaxtilə H.Zeynallı “Ədəbi tənqidimizdəki yanlışlıqlar haq-
qında” başlıqlı məqaləsində tənqidçinin bu məqaləni müasir ədəbiyyatımızı marksizm metodilə
deyil, qeyri-siyasi bir tərzdə təhlil etdiyi qənətinə gəlirdi. Şübhəsiz ki, C.Əfəndizadənin
mülahizələri sənət qanunları baxımından həqiqəti ifadə edirdi.
Əfəndizadə “Sijimqulunamə” təxəllüsü ilə şeirlər yazan şair Ə.Nəzmini “proletar ədəbiy-
yatına yaxınlaşan cığırdaş şair” adlandırsa da, onun bədii irsinin ədəbi fikir tariximizdə mü-
hüm əhəmiyyət kəsb etdiyini vurğulayırdı. Tənqidçi həmçinin kənd həyatının, xalqın məişəti-
nin, mənəvi dəyərlərinin bədii təsvirini şeirlərində, poemalarında qabarıq şəkildə izlədiyimiz
H.K.Sanılını böyük bir “kəndli yazıçısı” adlandırırdı.
C.Əfəndizadə M.Rahim və M.Müşfiq yaradıcılıqlarına bədii sənətkarlıq baxımından
dəyər verirdi. “Rahim və Müşfiq aldıqları mövzuları çox bədii şəkildə verməyə çalışırlar.
Bunlardan Rahim el ədəbiyyatının yüksək bədaətini, Müşfiq isə əski ədəbiyyatın klassik
gözəlliyini öz şeirinin bədii tərəfi üçün əsas tutmağa çalışırlar”. S.Rüstəm poeziyasında isə
daha çox inqilabın, yeni həyatın öz ifadəsini tapdığını göstərirdi. Tənqidçi son dövrlərdə şairin
yaradıcılığı ilə bağlı “mövzular təkərrür edir və kiçilir” –deyə yazaraq təkamülün aşağı oldu-
ğunu bildirirdi. Şairə qarşı olan bu haqlı irad M.Hüseyn, Ə.Nazim tənqidində də özünü gös-
tərirdi. M.Dilbazi və N.Rəfibəyli yaradıcılığına verilən yüksək qiymət də C.Əfəndizadə tənqi-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
986
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
dində özünə yer alırdı. O, N.Rəfibəylinin əsərlərində hissin çox yer tutması ilə bərabər, yeni
ədəbiyyatın ən gözəl nümunələrini verməyə çalışdığını göstərirdi.
Beləliklə, Cabbar Əfəndizadənin ədəbi-tənqidi irsi poeziyanın aktual məsələlərini əks
etdirməsi baxımından da Azərbaycan ədəbiyyatşünaslığının ən dəyərli nümunələrindəndir.
ƏDƏBIYYATDA SIYASI OXŞAR (DVOYNIK) ARXETIPININ
TƏZAHÜRFORMALARI(K. ABDULLANIN “YARIMÇIQ
ƏLYAZMA” VƏ L. FEYXTVANGERIN “YALANÇI
NERON” ƏSƏRLƏRININ ƏSASINDA)
Elnarə QARAGÖZOVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
e.garagozova.bsu@gmail.com
AZƏRBAYCAN
İnsan özünü dərk etdiyi qədim zamanlardan bəri öz oxşarının mövcudluğuna inanmış-
dır. Bir çox mədəniyyətlərdə insanın və heyvanların oxşarlarının mövcudluğuna inam özünü
göstərir. Oxşar obrazının yaranması qədim mifoloji köklərə dayanır. Lakin oxşar obrazı çox
zaman insanın mənfi səciyyəli əkizi, faciəli mövzu ilə bağlıdır. Məsələn, alman folklorunda
belə bir obraz doppelganger (hərfi tərcüməsi "phantom əkiz") adlanır. Bəzi inanclara görə
doppelganger xəstəlik və ya təhlükə ehtimalı olduqda insanın dostlarına və ya qohumlarına
görünür. Şotlandiya folklorunda da oxşar doppelganger kimi təzahür edir. Norveç mifologiya-
sında bu «vardøger» adlı sirli kabus kimi meydana çıxır.
Bu motiv xüsusilə XIX-XX əsrlərdə inkişaf etmişdi. Bir çox bədii nümunələrdə oxşar
əsasən şeytani əkiz kimi meydana çıxır. Onun görünməsi bəzən qəhrəmanın tezliklə öləcəyini
xəbər verir. Oxşar çox zaman insanın "qaranlıq tərəfi», alter ego, düşmən kimi səciyyələnir.
Doppelgangerlərə Hofmanın əsərlərində, Puşkinin “Vasilyevski adasında tənha ev”,
Odoyevskinin “Silfida”, Qoqolun “Şinel”, Dostoyevskinin “Oxşar”, C. Hoqqun “Bağışlanmış
günahkarın tövbəsi”, Edqar Ponun “Vilyam Vilson”, “Qara pişik”, R.L.Stivensonun “Sahib-
kar Ballatre” əsərlərində rast gəlinir.
İnsanın qeyri-maddi oxşarı olan "Ka" haqqında Misir konsepsiyası da maraqlıdır. Lakin
Avropalı həmkarından fərqli olaraq Misirli Ka qeyri-adi, çox yönlü bir fenomen deyil, kifayət
qədər təbii qəbul edilir və heç bir mistik dəhşəti özündə ehtiva etmir.
Ədəbiyyatda rast gəlinən maraqlı oxşar növlərindən biri siyasi oxşarlardır. Bu məqsədlə
L. Feyxtvangerin “Yalançı Neron” və K. Abdullanın “Yarımçıq əlyazma” əsərlərinin qarşılıq-
lı müqayisəsi maraqlı faktların ortaya çıxmasına səbəb olmuşdur.
Oxşarın meydana çıxması. K. Abdullanın “Yarımçıq əlyazma” romanında Şah İsmayı-
lın lələsi (tərbiyəçisi) Hüseyn bəy Lələ şahın tapşırığı ilə onun Xızır adlı oxşarını tapıb gətirir.
Şahın tapşırığı ilə Lələ Xızıra şahın hər jestini, mimikasını, o cümlədən şətrənc (şahmat) oy-
namağı da öyrədir və onu gizli şəkildə saxlayır. Xızırın şahdan yeganə fərqi onun Xətai təxəl-
lüsü ilə çox gözəl şeirlər yazması idi. Şahın özü də bu şeirləri olduqca bəyənir.
L. Feyxtvangerin „Yalançı Neron“ əsərində isə Imperator Neronun oxşarı Terrensini
Senator Varron tapıb gətirir ki, imperator onunla əylənsin. Neronun ölümündən sonra Varron
paytaxtdan uzaqlaşır, uzaq Suriyada yaşamağa başlayır. Qəflətən bu vilayətə qubernator təyin
edilən Tseyon onu sıxışdırır, külli miqdarda vergi verməyə məcbur edir. Varron qərara gəlir
ki, vilayətdə qarışıqlıq salsın. Bu məqsədlə də Terrensini yalançı Neron kimi siyasi səhnəyə
çıxarır.