keçirilərsə, məhkəmə xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etdiyi
andan müdafiəçinin iştirakını təmin edir.
92.7. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsini öz öhdəsinə götürdükdə,
müdafiəçi cinayət prosesini həyata keçirən orqana şəxsiyyətini və Azərbaycan
Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq
edən sənədi, habelə vəkil qurumunun orderini təqdim etməlidir.
92.8. Bu Məcəllənin 92.7-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə
yetirilmədikdə cinayət prosesini həyata keçirən orqan hər hansı şəxsin cinayət
prosesinə müdafiəçi qismində buraxılmasından imtina edilməsi haqqında
əsaslandırılmış qərar çıxarır.
92.9. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada müdafiəçi aşağıdakı
hüquqları həyata keçirir:
92.9.1. şübhənin və ya ittihamın mahiyyətini bilmək;
92.9.2. söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiə etdiyi şəxslə
təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq;
92.9.3. cinayət prosesini həyata keçirən orqanın təklifi ilə bu orqanın apardığı
istintaq və ya digər prosessual hərəkətlərdə, habelə müdafiə etdiyi şəxsin iştirakı ilə
keçirilən hər hansı istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək;
92.9.4. şübhəli və ya təqsirləndirilən şəxsə hüquqlarını yadına salmaq, istintaq və
ya digər prosessual hərəkəti aparan şəxsin nəzərini onun yol verdiyi qanun
pozuntularına cəlb etmək;
92.9.5. məhkəməyədək və ya məhkəmə icraatı zamanı cinayət işinə əlavə və ya
məhkəmə iclasında tədqiq edilməsi üçün sübutlar, habelə digər materiallar
toplamaq və cinayət prosesini həyata keçirən orqana təqdim etmək;
92.9.6. etirazlar etmək və vəsatətlər vermək;
92.9.7. cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını
bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkət protokolunda qeyd
edilməsini tələb etmək;
92.9.8. özünün və ya müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilmiş istintaq və ya
digər prosessual hərəkətlərin, habelə məhkəmə iclasının protokolları ilə tanış olmaq;
iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokollarındakı yazıların
düzgünlüyü və tamlığı barədə qeydlər vermək; istintaq və ya digər prosessual
hərəkətlərdə və məhkəmə baxışında iştirak edərkən zəruri olan halların müvafiq
protokola daxil edilməsini tələb etmək;
92.9.9. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsinin həyata keçirilməsi ilə
əlaqədar məsələlərin aydınlaşdırılması üçün sübutların toplanması üzrə tədbirlər
həyata keçirmək, bu məqsədlə cinayət təqibi xüsusi ittiham qaydasında həyata
keçirildiyi halda fiziki və hüquqi şəxslərin razılığı ilə onları sorğu-suala tutmaq,
habelə müqavilə əsasında ekspertin rəyini almaq və mütəxəssisin fikrini öyrənmək;
92.9.10. cinayət prosesini həyata keçirən orqanın ekspertizanın təyin edilməsi
haqqında qərarı və ona dair ekspertin rəyi ilə, müdafiə etdiyi şəxsin tutulması, həbsə
alınması və ya həbsdə saxlanmasının qanuni və əsaslı olduğunu təsdiq etmək üçün
cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla
tanış olmaq;
92.9.11. ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi
andan işin materialları ilə tanış olmaq, müdafiə etdiyi şəxsə aid zəruri sənədlərin
surətlərini çıxarmaq;
92.9.12. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin
materiallarının tədqiqində iştirak etmək;
92.9.13. birinci instansiya məhkəməsinin iclasında andlı iclasçıların seçilməsində
iştirak etmək;
92.9.14. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında nitq və
replika söyləmək, kassasiya məhkəməsində isə baxılan məsələ üzrə çıxış etmək;
92.9.15. hüquqlarına və qanuni mənafeyinə toxunan qərarlar haqqında cinayət
prosesini həyata keçirən orqan tərəfindən məlumatlanmaq və özünün xahişi ilə bu
qərarların, o cümlədən qətimkan tədbirinin seçilməsi, istintaq və ya digər prosessual
məcburiyyət tədbirlərinin aparılması, təqsirləndirilən şəxs qismində cəlb etmə,
ittiham elan olunması haqqında qərarların, habelə ittiham aktının, iddia ərizəsinin,
hökmün, məhkəmənin digər yekun qərarının, apellyasiya və ya kassasiya
şikayətlərinin, yaxud protestlərinin surətlərini almaq;
92.9.16. təhqiqatçının, müstəntiqin və ya prokurorun hərəkətlərindən və
qərarlarından şikayət etmək;
92.9.17. hökmdən və ya məhkəmənin digər qərarlarından apellyasiya, kassasiya
və ya əlavə kassasiya qaydasında şikayət vermək;
92.9.18. ittiham hökmündən şikayət istisna olmaqla, verdiyi hər hansı şikayətdən
imtina etmək;
92.9.19. müdafiə etdiyi şəxsin tapşırığı ilə onun adından şübhəli və ya
təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışdırılmasında çıxış etmək;
92.9.20. cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə
çatdırılmış məlumatlardan və ya cinayət prosesinin digər iştirakçılarının
şikayətlərindən ona məlum olmuş hallara öz etirazını bildirmək;
92.9.21. müdafiə etdiyi şəxsin qanuni mənafeyinə toxunan şikayətlə əlaqədar
cinayət işinə məhkəmə iclasında kassasiya, əlavə kassasiya və ya hüquq və
azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə baxılmasında
və işin materiallarının tədqiqində iştirak etmək;
xlviii[48]
92.9.22. məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən
verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə
öz fikrini bildirmək;
92.9.23. digər tərəfin qanunsuz hərəkətlərinə öz etirazını bildirmək;