92.9.24. cinayət prosesinin gedişində şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi
yardım göstərildikdə müdafiə etdiyi şəxsin hesabına, hüquqi yardım pulsuz
göstərildikdə isə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına haqq
almaq;
92.9.25. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
92.10. Müdafiəçiyə aşağıdakılar qadağan olunur:
92.10.1. müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti
etmək, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq etmək, ona
qarşı qaldırılmış mülki iddianı qəbul etmək, onun iştirakı ilə aparılan prosessual
hərəkətlərdə iştirakdan imtina etmək və onun hüquqlarının həyata keçirilməsinə
mane olmaq;
92.10.2. yeni cinayətin hazırlanması və ya törədilməsi barədə məlumat alınması,
habelə müdafiəni lazımi qaydada həyata keçirməməsinə görə vəkilin məsuliyyət
məsələsi həll edilərkən müdafiə olunan şəxsin dəlillərinin təkzib edilməsi halları
istisna olmaqla, hüquqi yardım göstərilməsi ilə əlaqədar ona məlum olan
məlumatlardan müdafiə etdiyi şəxsin qanuni mənafeyi ziddinə istifadə oluna
bilərsə, onları yaymaq;
92.10.3. özbaşına müdafiədən imtina etmək və ya müdafiəçi qismində
səlahiyyətlərinə xitam vermək, habelə təqsirləndirilən şəxslərin qanuni mənafeləri
arasında ziddiyyət olduqda onlardan ikisini və daha çoxunu müdafiə etmək;
92.10.4. başqa müdafiəçinin cinayət prosesində iştirakına və ya dəvət edilməsinə
mane olmaq;
92.10.5. cinayət prosesində iştirak etmək üçün öz səlahiyyətlərini başqasına etibar
etmək;
92.10.6. müdafiə etdiyi şəxsin razılığı olmadan hər hansı şəxsi şahid və ya ekspert
qismində çağırmaq, şübhəli və ya təqsirləndirilən şəxsin hadisə ilə əlaqəsi, cinayət
törətməkdə təqsiri olduğunu, zərər çəkmiş şəxslə barışdığını elan etmək, mülki
iddianı tanımaq, müdafiə etdiyi şəxsin şikayətdən və ya ittiham hökmündən verdiyi
şikayətdən imtina etmək.
92.11. Müdafiəçi bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı
vəzifələri yerinə yetirməlidir:
92.11.1. cinayət prosesində iştirak edərkən qanunun tələblərini rəhbər tutmaq;
şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyinin müdafiəsini bütün qanuni
üsullarla həyata keçirmək; onun vəziyyətində işin mümkün dərəcədə xeyrinə başa
çatdırılması üçün müdafiə etdiyi şəxsə zəruri hüquqi məsləhətlər vermək və
müdafiə tərəfin seçdiyi mövqe üzrə hərəkət etmək; vəkil sirrini qorumaq və vəkil
andına riayət etmək;
92.11.2. cinayət prosesini həyata keçirən orqana müdafiəçi səlahiyyətlərini təsdiq
edən sənədləri təqdim etmək, cinayət mühakimə icraatı zamanı vəkil etikasına riayət
etmək;
92.11.3. şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsi üçün
cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;
92.11.4. müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olmadıqda, həmin şəxsin
razılığı ilə onda olan əşya və sənədləri cinayət prosesini həyata keçirən orqana
təqdim etmək;
92.11.5. məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;
92.11.6. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək
məhkəmənin iclas zalını tərk etməmək;
92.11.7. məhkəmə iclasında qaydaya riayət etmək;
92.11.8. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və
qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;
92.11.9. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
92.12. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi
protokolda göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən
imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə
ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin
olunacaq vəkilin iştirakı ilə vermiş olsun. Hüquqi yardımı ödəmək üçün vəsaitin
olmaması üzündən, habelə bu Məcəllənin 92.3.2—92.3.5, 92.3.8, 92.3.12, 92.3.13-cü
maddələrində nəzərdə tutulmuş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin
müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və
ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır.
92.13. Şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdiyi andan
özünü müstəqil müdafiə edən hesab olunur. Müdafiəçidən imtina etmiş şəxs bu
imtina qəbul edildikdən sonra məhkəmə istintaqı başlananadək cinayət prosesinin
hər hansı anında bununla əlaqədar öz mövqeyini dəyişməyə haqlıdır.
92.14. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə şübhəli, yaxud
təqsirləndirilən şəxsə müəyyən müdafiəçinin dəvət edilməsini təklif etməyə haqlı
deyil. Lakin onlar müvafiq ərazi üzrə vəkil qurumunun rəhbərindən aşağıdakı
hallarda vəkillər sırasından müdafiəçi təyin edilməsini xahiş etməlidirlər:
92.14.1. şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə;
92.14.2. cinayət prosesində müdafiəçinin iştirakı məcburi olan hallarda şübhəli və
ya təqsirləndirilən şəxsin müdafiəçisi olmadıqda.
92.15. Təhqiqatçı, müstəntiq və ya prokuror aşağıdakı hallarda müdafiəçinin
digər vəkillə əvəz edilməsini müvafiq ərazi üzrə vəkillər qurumunun rəhbərindən
tələb etməyə haqlıdır:
92.15.1. müdafiəçi qismində seçilmiş vəkil şübhəli və ya təqsirləndirilən şəxsin
müvafiq olaraq tutulduğu, yaxud həbsə alındığı andan 6 saat müddətində həmin
şəxslə görüşməyə gəlmədikdə;
92.15.2. müdafiəçi uzun müddət ərzində (hər bir halda 5 (beş) gündən artıq
olmamaq şərti ilə) cinayət prosesində nəzərdə tutulmuş zəruri istintaq və ya digər