144
əsas xarakterik xüsusiyyətlərindən biri onun qlobal miqyaslı olmasındadır. Hazırda
dünyanın bir neçə ölkəsi (bəzi müsəlman dövlətləri, Şimali Koreya və Kuba kimi
kommunist anklavları) istisna olmaqla, əksər dövlətlərdə bu və ya digər formada
demokratikləşmə prosesləri gedir. Düzdür, müasir dünyada demokratikləşmənin
müəyyən standart tələbləri və ölçüləri mövcud olsa da, hər bir ölkənin özünəməxsus
milli mentaliteti, tarixi, sosial-iqtisadi, siyasi və mədəni inkişaf xüsusiyyətləri, qeyri-
bərabər başlanğıc imkanları və s. özəllikləri nəzərə alınarsa, onların demokratik
inkişafını və onun sürətini vahid bir standart üzrə qiymətləndirmək düzgün olmazdı.
Belə ölkələrdə demokratik transformasiyalar məxsusi sxem və daxili
qanunauyğunluqlara müvafiq olaraq daha çox qlobal demokratikləşmə kimi deyil, milli
çərçivədə həyata keçirilir.
Əslində bu gün dünyada demokratikləşmənin əsas himayədarı hesab olunan
ABŞ və Avropa da ölkələri eyni vaxtda, eyni şəraitdə və vahid standartlara uyğun olaraq
demokratiyaya transformasiya etmək fikrindən uzaqdırlar. Odur ki, onların Şərqi
Avropaya, keçmiş SSRİ respublikalarına, Cənub-Şərqi Asiya, Latın Amerikası və Afrika
ölkələrinə, İslam və ərəb dünyasına yönəlmiş demokratik transformasiya proqramları
tamamilə bir-birindən fərqlənir. Lakin buna baxmayaraq, bütün bu proqramları vahid bir
sistem, prinsip və standart birləşdirir - dövlət idarəçiliyinin demokratikləşməsi, insan və
vətəndaş hüquqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti və siyasi plüralizmin
bərqərar olması. Bu prinsiplərin reallaşması, bəzi tədqiqatçıların düşündüyü kimi, “nə
vaxtsa dünya dövlətlərinin universal və vahid bir demokratiya modelinə gətirəcəyi fikri”
hələlik illüziyadan başqa bir şey deyil.
Məlum olduğu kimi, dünyada mövcud olan idarəçilik sistemlərinin, rejimlərinin yüz
illərlə davam edən tarixi, əhali arasında normaya çevrilmiş özünəməxsus dəyərləri, hər
bir xalqın adət-ənənəsinə söykənən xüsusiyyətləri mövcuddur. Demokratik inkişaf da
həmin ölkələrin hər birində birbaşa “transmilli xüsusiyyət” və standartlarla deyil,
özünəməxsus formada həyata keçirilir. Bəzilərində diktatura rejimlərinin liberallaşması
(yuxarının təşəbbüsü ilə mətbuat və informasiya üzərində senzuranın yumşaldılması,
qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti təşəbbüslərinə meydan verilməsi,
siyasi məhbus və siyasi qaçqınların bağışlanması, gəlirlərin bölüşdürülməsi prosesinin
şəffaflaşdırılması, siyasi müxalifətin fəaliyyətinə dözüm nümayiş etdirmək və s.)
şəklində həyata keçirilir. Digərlərində isə bu proses demokratik institutlaşmanın
yaradılması və onun standartlarına əməl edilməsi şəklində (hakimiyyətə gəlmək istəyən
145
opponentlərə siyasi mübarizə üçün şəraitin yaradılması, hakimiyyət bölgüsünün,
qanunların aliliyinin, azad seçkilərin təmin edilməsi və s.) reallaşır.
Transmilli demokratikləşmə dalğası əsasən o ölkələri əhatə edir ki, onlarda artıq
neçə illərdir liberallaşma prosesi həyata keçirilib və ictimai fikir, ölkə əhalisinin çoxu
demokratik institutlaşma işinə hazırdır. Yəni leqal, legitim hakimiyyət və müxalifət
münasibətləri, udanın və uduzanın haqlarının qorunması və s. məsələlər ictimaiyyətin
əsas tələbi olub.
Dünya politoloqları hazırda yer üzündə gedən demokratikləşmə prosesinin
obyektiv qanunauyğun və qlobal xarakter kəsb etməsi, müasir dünya siyasətinin,
beynəlxalq münasibətlər sisteminin əsas aparıcı tendensiyasına çevrilməsi fikrində
yekdildirlər.
Demokratikləşmə dalğasının müasir dünyada vüsət almasına və ictimai rəğbət
qazanmasına təsir edən faktorlar sırasına:
- xarici faktorlar – demokratik quruluşların və demokratik dəyərlərin insanların
istək və arzularına cavab verməsi, onların sivil birgəyaşayışını təmin etməsi, vətəndaş-
dövlət münasibətlərini tənzimləyən ən optimal normaya çevrilməsi haqqında bütün
dünyada geniş şəkildə həyata keçirilən təbliğat;
- son illər demokratik dəyər daşıyıcısı olan dövlətlərin digər quruluşlu və rejimli
dövlətlərə nisbətən iqtisadi, siyasi, humanitar, sosial və mədəni inkişaf sahəsində daha
çox müvəffəqiyyət qazanması və bu faktın dünya ictimaiyyəti arasında geniş təbliğ
olunması;
- demokratiya daşıyıcısı olan institutların, hökumətlərarası və qeyri-hökumət
təşkilatlarının, kütləvi informasiya vasitələrinin demokratik inkişafı stimullaşdırması
sahəsində geniş fəaliyyəti və onların vahid mərkəzdən (ABŞ və Avropa ölkələri) idarə
olunması;
- avtoritar və qeyri-demokratik rejimlərin özünü doğrultmaması və onların
əleyhinə bütün dünyada aparılan geniş transmilli təbliğatı və s. aid edirlər.
Bundan başqa, dünyanın ən inkişaf etmiş dövlətlərinin siyasi, iqtisadi, sosial və
mənəvi inkişaf modellərinin bir çox geridə qalmış ölkələrin daxili inkişaf problemlərinin
aradan qaldırılması sahəsində “özünü doğrultmuş model” kimi tətbiq olunması dünyada
insanların seçiminə və fəaliyyətinə müsbət təsir göstərmişdir. Bu da müvafiq olaraq
daxili problemlərini həll edə bilməyən ölkələrin ictimaiyyətinin və elitasının öz
hökumətlərinə demokratik modernləşmə tələbini stimullaşdırmışdır.
146
Ən əsası isə, müasir beynəlxalq münasibətlərin və ayrı-ayrı ölkələrin bu
sistemdəki yerinin müəyyən edilməsi bilavasitə onların daxili idarəçilik prinsipləri,
demokratikləşməyə münasibəti ilə müəyyən olunduğundan, xarici faktorların bu prosesə
təsiri xüsusi əhəmiyyətə malikdir. Yeni dünya nizamının formalaşdığı müasir beynəlxalq
münasibətlər sisteminin əsas xarakterik xüsusiyyətlərindən birini məhz bu faktor təşkil
edir.
Əlbəttə, dünya politoloqları transmilli demokratikləşməyə təsir baxımından xarici
və daxili faktorların rolu məsələsində vahid bir rəyə gələ bilmirlər. Çünki konkret zaman,
məkan və şəraitdən asılı olaraq bu faktorlardan biri aparıcı, digəri köməkçi (və yaxud
əksinə) rolunda çıxış edir. Məsələn, 1953, 1956, 1968-ci illərdə Almaniya Demokratik
Respublikası, Macarıstan və Çexoslovakiyada rejimlərin transformasiyasının qarşısının
alınması daha çox xarici faktor kimi çıxış etmişdirsə, 1987-1991-ci illərdə SSRİ-nin
özündə gedən transformasiya daxili faktorların rolunu qabarıq şəkildə nümayiş
etdirmişdir. Yaxud ikinci dünya müharibəsindən sonra Almaniya, İtaliya, Yaponiya,
Şərqi Avropa ölkələrində qurulan rejimlər, onların inkişaf yönümləri bilavasitə xarici
faktorların təsiri altında baş vermişdir.
Hər bir ölkədə demokratikləşməyə təsir edən amillər müxtəlif formada təzahür
edir. Bunların sırasında ən geniş yayılmışları birbaşa məcburetmə (xarici), inandırma
(həm xarici təbliğat yolu ilə, həm də daxildə ictimaiyyətlə, ayrı-ayrı insan qrupları ilə iş
aparmaqla) və stimullaşdırma (daxili və xarici) formaları hesab olunur.
Demokratikləşmə həm bütün sahələrdə eyni zamanda (dövlətin siyasi, iqtisadi,
sosial və s. sahələrində radikal və yaxud tədricən transformasiya ilə), həm də ayrı-ayrı
sahələrdə ardıcıl olaraq (əvvəl, məsələn, iqtisadi sahə, sonra digərləri) həyata keçirilə
bilər. Əlbəttə, bu proseslərin həyata keçirildiyi ölkənin, regionun xüsusiyyəti, həmin
bölgədə reallaşan yerli və transmilli layihələrin səviyyəsi, geostrateji vəziyyət, qlobal
iqtisadi proseslər, informasiya texnologiyaları və başqa faktorlardan asılı olaraq
demokratikləşmənin həm səviyyəsi (əhatə dairəsi), həm də sürəti müəyyənləşir.
Müasir qloballaşma, dövlətlərarası və dövlətüstu qarşılıqlı asılılığın və əlaqələrin
mürəkkəb vəziyyəti dünyada vüsət alan demokratikləşmə prosesinə də ciddi təsir
göstərərək, onun transmilli xarakter almasına səbəb olmuşdur. Xarakterinə və əhatə
dairəsinə gör, demokratikləşmə hər bir ölkənin daxili işi və seçimi kimi görünsə də,
bütövlükdə bu proses beynəlxalq və transmilli səviyyədə öz təsdiqini tapmalı,
demokratikləşən ölkənin dünyanın demokratik iqtisadi, siyasi, hüquqi və sosial
dairəsinə inteqrasiyası üçün beynəlxalq dairələrin qeyri-rəsmi sanksiyası alınmalıdır.
Dostları ilə paylaş: |