109
F a t m a n s a. Elədir, qardaş, heç kəs gözünü də piləmir. Özü də odur ey,
içəridə sındırhasındırdır. Uy, zalımın qızı gör nə sındırır! Sındır-a!..
O c a q q u l u. Kərbəlayı Fatmansa, mənim gözlərim yaxşı seçmir, kim sındırır,
nə sındırır.
F a t m a n s a. Aləm-aşkardır ki, korsan! Nə sındırır? Nə sındırır? Sənin qotur
qatırıvun axsaq ayağını.
O c a q q u l u. Əh, bu da dedi qatır. Belə, qatırı axsaq olanın atası itə dönsün!
Sonra da yalan deyənin! Qatırımın axsaq ayağı girsin sənin... kor gözünə.
Tünbətün qızı, ovçu kimi heyvanciyəzi elə atdın ki... Bu da mənimçin tuladan,
qardaş tünbətün oğlundan, Baratdan, ondanbundan söz öyrənib.
F a t m a n s a. Qatırıvun dırnağı itidir, belə batsın əzizlərüvün gözünə. Hələ o
tay gözünü də çıxartsın töksün ovcuva.
A d a m l a r. Canım, bir durun görək, Molla Sübhanın yuxusu nə yerdə qaldı.
F a t m a n s a. Axmaq, ağılsız! Bu da o deyil ki, bildirdən dörd abbasımı
salmışsan içəri. İstəyəndə də arvaduvun sımsığına dəyir. Arvaduvu uşağa qoydum,
doğanda uşağı da tutdum, sonra da pul əvəzinə on altı dənə məscid şamı verdiniz,
onun da altısı yanıq...
O c a q q u l u. Arvadımı sən neyçin uşağa qoyursan. Görüm sən, nəüzibillah,
Allahsan, imamsan, nəsən?
F a t m a n s a. Kim ona məsləhət gördü ki, məscidə getsin, özünü minbərə
bağlasın?
O c a q q u l u. Arvadıma uşağı o minbər sahibi veribdir. O şamları da sən
nahaq yerə almışsan.
F a t m a n s a. Atovun şamı vardı? Məscid malı sənə çatdı, mənə çatmadı?
A d a m l a r. Ay balam, qoyun bir o möcüzədən xəbər bilək də.
O c a q q u l u. Əl çəksənə bizdən, hayasızın qızı, hayasız! Sən hələ çoxdanın
tuman çıxardanısan.
F a t m a n s a. Tuman çıxardan olub, arvaduvun tumanını çıxartmamışam ki.
O c a q q u l u. Qələt eləmə ölü-dirinlə, arvadımın adını çəkmə. Bir budağa
minib, min birini gəzmə. Elə eləmə ki, mən də ağzımdan çıxanı deyim...
F a t m a n s a. Deyirsən, mən də deyirəm. Bir deyərsən, beş deyərəm. Məni
çox cin atına mindirmə. Allaha and olsun, bu saat bir-bir açaram sandığı, tökərəm
pambığı.
110
A d a m l a r. Ay balam, bir dayanın görək bu yuxu məsələsi nə oldu?
O c a q q u l u. Tfu! Sonra həzrət buyurur ki, sizin bircə nicat yolunuz var...
Bu aralıq içəridə uşaqlar oxumağa başlayırlar
.
F a t m a n s a. Uy zalım, başladılar yenə kos-nağaranı. Bircə dayanın görək nə
deyirlər. Ay uşaq, siz də burda əl çalın. Gör bir Atamoğlanın qızı nə sındırır! Ay
gözünə dönüm, sındır! Özü də lüt-ətcəbala.
O c a q q u l u. Yəni lap lüt, paltarsız?
F a t m a n s a. Lap lüt, anadangəlmə. Bir cunayı darbalağda. Lüt, madərzad.
O c a q q u l u. Çəkilsənən bir mən də baxım.
F a t m a n s a. Məmələr də ki, baş yarır. Ay gədə, Ağadayı, yeri bir o dəfi gətir.
Biz də burada başlayaq ( Uşaq qaçır). Ay zalım, gör bir nə sındır! Sındır a, sındır!
( Özü fırlanır, oxuyur).
Şux məmədən beş tümənə
Gəl-gəl, ay öyü dağılmış!
Min üstünə, sür çəmənə,
Gəl-gəl, ay öyü dağılmış!
Qurban olum qarış yarım
Zərzəri mil-mil tumana.
Gəl-gəl, ay öyü dağılmış!
Min gəl, ay öyü dağılmış!
Adə, ay uşaq, Xanımnaz gəlir, qaçın.
X a n ı m n a z ( qapıya çıxıb yığışanları görüncə, qorxa-qorxa). Nə var, ay
başınıza dönüm? Nə üçün yığışmışsınız?
F a t m a n s a. Daha bilməmişdik: oturma, durma, kəndə darğa gəlibdir. Yaxşı
işdir, daha bundan sonra kəndimizdə də qoymazlar dolanaq.
X a n ı m n a z. Yox, ay Fatmansa bacı, mənciyəz budur şəhərə gedirəm.
Ancaq, vallah, uşaqciyəzimçin qorxuram. Salıblar onu dilağıza. Hələ iki adam
yığışanda ürəyim düşür.
F a t m a n s a. Daha bilməmişdik: minməsin qoduq, verməsin cərimə. Canı
çıxsın dilini saxlasın. Yumurtadan dünən çıxıb, xalqın başına ağıl qoymaq istəyir.
Doğru deyiblər: atasından artan qatır olar.
111
O c a q q u l u. Əh, genə də dedi qatır, genə də dedi qatır. Allahü əkbər...
F a t m a n s a. Mənə deyir: səni kol-kosa götürmərəm, mollasan, cadu-
pitikçisən, mamaçasan, arvadların qarnını korlayırsan. Şiş batsın arvadların
qarnına, mən onlara neyləyirəm?
X a n ı m n a z. Vallah, ay Fatmansa, deyir pirğdamda yoxdu ki, cadu-pitikçi,
dava-dərmançı arvadları götürmək. Mənə də, vallah, deyir, söz gələr.
F a t m a n s a. Nə üçün? Bəs özü hardan gəldi əziz girami? Görüm mənim atam
onun atasından əskikdi, anam onun anasından əskikdi? Atası səhərdən axşamacan
onun-bunun qapısında culfalıq eləyərdi. İndi qızı gəlib bizimçin güləbətin düzür.
Dedi: atan soğan, anan sarımsaq, sən hardan oldun gülməşəkər? Hu, götürər özünü
qoyar dağın başına. Doğru deyiblər: qatır atasını görməsəydi, özünü xanzadə
bilərdi.
O c a q q u l u. Genə də dedi qatır, genə də dedi qatır. Allahü əkbər!
X a n ı m n a z. Vallah, Kərbəlayı Fatmansa, sən incimə, mən yenə yalvararam
ki, səni də yazsın.
F a t m a n s a. Götürmədi, götürmədi də. Allaha qurban olum, o da dağıldı,
getdi kişi kolkosunun yanına. Hu, çox lazımdı. Məni nöşün götürür, mənə kim
rəğbət eləyəcək. Getsin hələ Atamoğlanın qızını götürsün, oynatsın öz aşnalarının
qabağında. Gözəl-göyçək, nazənin sənəm, firiştə güftar, gəl məni gör, dərdimdən
öl ( Çalır və oynayır).
Döş üstünə alıb tarı,
Dəyməyin, çoxdur buxarı;
Yaxa göbəkdən aşağı.
Balaq göbəkdən yuxarı.
Gəl-gəl, ay öyü dağılmış,
Min gəl, ay öyü dağılmış!
Bu aralıq Ş ə r i f və b a ş q a l a r ı gəlir.
Ş ə r i f. Yenə də vurhavurdur, nə olub, ay Fatmansa xala?
F a t m a n s a. Süz öləsüz, içəridə bir qiyamət var ki, vur-çatlasın, tabaq
oynasın. Ora bax, ora bax, sındır a-a!..
Ş ə r i f. Yenə də oynayırlar?
F a t m a n s a. Vallahı, zalımın qızı elə sındırır ki, elə sındırır ki, bütün
sümükləri beşatılan kimi şaraq-şaraq şaqqıldayır.
K ə n d l i l ə r ( baxırlar). Doğrudan da bu nə qiyamətdir, adə? Hamısı da lütdür
ki...
Dostları ilə paylaş: |