179
A l l a h v e r d i. Adə, bu İmamverdi qurumsaq nə oldu?
İ m a m v e r d i. Gəlirəm, adə, gəlirəm, bağrın çatlamasın. Ananın qarnında
necə davam eləmişsən?
A l l a h v e r d i. Hansı cəhənnəmə itib getmişdin?
İ m a m v e r d i. Madyanı çüllayırdım. Qızı o düzəcən özüm aparacağam,
yoxsa sənin o cır-cır araban onun qol-qabırğasını qırar, tökər.
N a b a t. Bəxtəvər qızın başına!
İ m a m v e r d i. Bəs necə! Onu mən özüm böyütmüşəm. Şeytan məndə cücə
qoymayıb. Bura bax, Allahverdi, sən allah, Bakıda Aramı gördün, deyinən ananın
bir dənə də buğdası yoxdur, yazıq arvad qalıb darda: Hə, Sona, gəl, qızım, min
tərkimə ( Sonanı öpür, Sona da onu öpür. İmamverdi Allahverdiyə) Səninlə də olda
öpüşərik. Sən çıx, mən bu saat kəhər madyanı çəkim.
A l l a h v e r d i. Qız, o tarı haraya aparırsan?
S o n a. Onu, onu şəhərdə ustaya verəcəyəm. Baxşı gələndə aparacaq.
A l l a h v e r d i. Yaxşı, ver yumşaq yerə qoyum ki, sınmasın.
S o n a. Eybi yoxdur, əlimdə tutaram.
H a m ı. Sağ olun, sağ olun!
G ü l s ü n. Xoş gəldiniz!
S o n a. Baxşı, mən səni hər gecə gözləyəcəyəm.
B a x ş ı. Gələrəm, Sona, gələrəm.
İ ş ı q s ö n ü r
DOQQUZUNCU ŞƏKİL
Məscid həyətində cənazə yerə qoyulmuş, a x u n d dua oxuyur
.
A x u n d. Xudaya, xudavənda, səni and verirəm öz əzəmətü cəlalına, sən bu
şəhid mərhumu qəriqi-rəhmət eyləgilən. Xudaya, xudavənda, sən dini islama
rövnəq ver və onun tərəqqisinə çalışan üləmayi əzəmi, sərvətdar, hümmətdarı və
bütün əhli islamı min bir bəladan hifz elə. İlahi, təqəbbəl biduana, lütfikə və
rəhmətikə imperatur, mərhum Nikolay Aleksandr salis və təhəffüzna imperatur
əzam Nikolay sani və zövcəhu imperatiriçə Mariya Fiyodorovna və bintəhu
Tatyana və ibnəhu Aleksey Nikalayeviç...
A ğ a y a r. Gomurnat gəlir.
180
S a l a m o v. Axund ağa, gomurnat gəlir, gomurnatı da de!
A x u n d . Və Rəsuli-gomurnati-əzam...
S a l a m o v. Toxum-Yerisuiç...
A x u n d. Əl Toxum-Yerisuiç...
S a l a m o v. Axund ağa, arvadını da de, əhvallı arvaddır.
A x u n d. Və zövcəhu...
S a l a m o v. Mariya Tumannifeynən...
A x u n d. Əlmariya Filtumannifeynən və əsabəti və təqəbbəl biduana və
əliyyən və vəsiyyən və vəliyyən və səlləlləhu cəmiəl-ənbiyavəl övlüya vəlmürsəlin
və bəhəqqi hürməti surətil-mübarəkətil-fatihə! ( Adamlar ağızlarında dua
oxuyurlar).
Q u b e r n a t o r. Cənab Salamov, bu nə faciədir? Polkovnik!
P o l i s m e y s t e r. Qulaq asıram, general həzrətləri!
Q u b e r n a t o r. Bu saat söylə, bu nə işdir?
P o l i s m e y s t e r. Öldürmüşlər, general həzrətləri.
Q u b e r n a t o r. Kim, haçan, harada?
P o l i s m e y s t e r. Ermənilər Armyanski küçəsində.
Q u b e r n a t o r. Öldürən tutulmuşdurmu?
P o l i s m e y s t e r. Bir neçə nəfərmiş. Biri tutulmuşdur, general həzrətləri.
Q u b e r n a t o r. Adı nədir?
P o l i s m e y s t e r. Eyvaz Əsriyan. Deyir: öz millətdaşlarımın qanına qarşı
intiqam almışam.
Q u b e r n a t o r. Görərik... həzərat, mən əlahəzrət imperator hökuməti adından
sizin bu günkü milli faciənizdə ürəkdən iştirak edirəm. Əlimdə olan bütün
vasitələrlə müsəlmanların xain qatillərdən qorunmasına çalışıb, Türkiyədəki işlərin
qisasının burada alınmasına yol verməyəcəyəm. Əlahəzrət imperator hökuməti
müsəlmanların özlərini müdafiə etmələrinə var qüvvəsi ilə kömək edəcəkdir.
S a l a m o v. Yaşasın padşah! Yaşasın gomurnat! Vurrey... Ay camaat, nə
ağzuvuzu yummuşsunuz! Qışqırın də... dilivuz yoxdur? Urra...
K ü t l ə. Urra... Urra...
B a h a d ı r b ə y. Həzərat, biz Qafqaz müsəlmanları, bizim milli faciəmizdə
izhari-təəssüf edən qubernator həzrətlərinə izhari-təşəkkür ediriz. Biz müsəlmanlar
bu vaxta qədər əlahəzrət imperatora sədaqətlə təbəəlik etmişiz.
K ü t l ə. Yaşasın padşah, urra!..
181
B a h a d ı r b ə y. Bu günkü gündə erməni millətinin bizə qarşı bu kimi
təcavüzü, bizim milli namusumuza toxunur. Bu gün biz müsəlmanlar, özü hüquqi-
milliyyəmizə riayət edilməsini tələb etməyə özümüzü haqlı biliriz.
S a l a m o v. Yenə başladı, zalım oğlu, bu zəhrimar milliyyəni... Bahadırbəy,
kişinin milliyyədən xoşu gəlmir, sən ermənilərdən danış.
B a h a d ı r b ə y. Biz müsəlmanlar, əlbəttə, öz tərəqqi və təaliyimilliyyəmiz
üçün muxtariyyəti-milliyyə istidasına özümüzü layiq və müstəhət görürüz.
Qatillərə cəza verilməzsə, biz özümüz öz hüquqimilliyyəmizi və namusi-
milliyyəmizi müdafiə etməyə hazırız...
S a l a m o v. Bircə dayan, dayan, dayan, daha bəsdir. Müsəlman qardaşlar, bu
gün ermənilər bizə bu heyfi vurublar. O Eyvaz Əsriyan aləmin bic
vələdüzzinasıdır, anasının əmcəyini kəsəndir. Əvvəl istəyirdi mədənlərə şuluq
salsın, oradan əli çıxdı, belə elədi. Düşməndir, öz düşmənliyini eləyir. Heç eybi
yoxdur, bizim də əgər qiryətimiz olar, biz də öz zadımızı... göstərərik... O nədir,
adə öz milliyyəmizi göstərərik. Biz qoymarıq ki, ermənilər bizim arvad-
uşaqlarımızı əsir-yesir eləsinlər. Müsəlman qardaşlar, hər kəsin qeyrəti var, getsin
din yolunda ölümə. Bu gün bu heyif mənə dəyibdir. Mən Əmiraslan Salamov sizə
söz verirəm ki, bu qanı yerdə qoymayacağam və biz müsəlmanlar hamımız,
canlabaşla padşaha qulluq etməyə hazırıq. Ancaq heç eybi yoxdur, qoy ermənilər
öz bildiklərini eləsinlər, biz də öz bildiyimizi. Ya bizə verən Allah, ya onlara... yox
olsun ermənilər... yox olsun düşmənlər!..
B a x ş ı. Qardaşlar, mən də bir neçə kəlmə danışmaq istəyirəm. Mən özüm
qarabağlıyam və Qarabağdan təzə gəlmişəm.
S a l a m o v. Buyur, buyur. Bir az möhkəm danış, bir az möhkəm danış!
Yaşasın qarabağlı qardaşlarımız!
K ü t l ə. Urra... urra!..
B a x ş ı. Qardaşlar, mən səhərdən burada danışanlara qulaq asırdım. Mən bu
vaxta qədər siyasətə qarışmamışam.
S a l a m o v. İnşallah bundan sonra qarışarsan, qeyrətin olsa, qarışarsan.
B a x ş ı. Mənə, ancaq, elə gəlir ki, bu işdə bir qədər ehtiyatlı olmaq lazımdır,
çünki bu, iki qardaş xalqın həyatına qanlı bir tarix, qara bir uçurum aça bilər. Mən
görürəm ki, burada qanlar coşub, beyinlər qızıbdır, ancaq ehtiyatla yoxlamaq
lazımdır, burada bir səhv olmasın.
S a l a m o v. Daha kor-kor, gör-gördür də. Qabağında yekə bir zurna tir çəkib
uzanıbdır, görmürsən, bu boyda da səhv olmaz ki.
Dostları ilə paylaş: |