137
- Əvvəla, mən özümü xoşbəxt hesab eləyirəm ki, sizin kimi böyük bir
alim ilə tanış oldum. Əlbəttə ki, bunlar bizləri çox başı ucalıqdır...
İvanov onun bu istiqamətdə danışmağına yol verməmək üçün qolundakı
saata baxıb dedi:
- Buyurun, mənə aid sözünüzü buyurun, xahiş edirəm, buyurun!
Ərknaz xanım mətləbə keçdi:
- Yoldaş professor İvanov, Sizin tələbəniz Ramizin atası məsul işçidir.
Vaxtı yoxdur. Çox mühüm tapşırıqlar ilə məşğuldur. Gələ bilmədi, xahiş
etdi ki, sizə çox-çox salam-dua yetirəm...
Professor bu sözlərə də bir cavab tapmaqda çətinlik çəkən kimi susurdu.
Saata baxdı, təkrar soruşdu:
- Rica edirəm, buyurun görüm mənə aid qulluq...
Ərknaz xanım davam etdi:
- Oğlum Ramizin sizin dərsdən yaxşı qiymət almamağını eşidib, mən
özüm gəlmişəm...
Professor tələbənin qrupunu, sinfini, familiyasını soruşdu, xatırladı: Hə!
O mənim dərsimdən zəifdir.
- Atası məsul işçidir...
- Məsul, ya qeyri-məsul, xanım, bizə tələbə lazımdır, oxuyan
tələbə!
- Orası düzdür, yoldaş professor, indi bu uşağın işinə bir əncam
çəkmək lazımdır.
Professor başı ilə təsdiq etdi:
- Əlbəttə ki, əlbəttə ki, lazımdır, bu vəziyyətdə qoymaq olmaz.
Əlbəttə ki, əncam çəkmək vacibdir!
Ərknaz xanımın gözləri parıldadı, ürəyi yerinə gəldi: "Düzələcək".
- Çox sağ olun, çox var olun, bir təhər düzəldin!
İvanov bir qədər fikirli kimi başını aşağı saldı. Çeşməyini çıxartdı,
təzədən gözünə taxdı:
- Məncə, Ramizin işini orada, yaşadığınız şəhərdə daha tez və yaxşı
düzəldə bilərsiniz.
Ərknaz xanımın sifəti ciddiləşdi, gözləri böyüdü:
- Necə?
- Necəsi budur ki, onuncu sinfə qaytarmaq, müəllimlərdən xahiş etmək
olar ki, ciddi tələbkarlıqla oxutsunlar, proqramı kamil öyrətsinlər.
Özünüzün də gözünüz üstündə olar. Kontrol lazımdır hər gün, hər saat...
138
Elə bil Ərknaz xanımın qabarıq sinəsindən iti bir ox vurdular. Ürəyində
professora qarğış tökdü: "Ay səni görüm "onuncu sinif' deyən dilin
qurusun!"
İçini çəkdi, rəngi dəyişdi, oturduğu yerdən dik qalxdı, hirslə, bir az, da
ucadan dedi:
- Bəs geriyə qayıtmaq, ay professor, tələbənin, belə igid bir oğlanın
qeyrətinə toxunmazmı! İnsaf harda qaldı?
Professor İvanov çiyinlərini çəkdi, bir söz demədi. Qeyrət məsələsindən
demək istəyirdi, ancaq demədi. Qarşısəndakı qadın olduğu üçün, ana olduğu
üçün demədi, o demək istəyirdi ki: "Qeyrəti olan tələbəyə əlbəttə ki,
toxunar. Amma qeyrəti olan tələbə heç bu hala düşməz! Burası da var axı,
qızım!.."
Bu dəqiqə İbiş mənzildə süfrə tədarük edir, təzə gəlmiş plov qazanını
ocaq üstünə qoyurdu.
1955
ELÇİLƏR QAYITDI
Qız ağacı, qoz ağacı,
Hər yetən bır daş atar.
Atalar sözü
1
Bu məsəl Şərəbanı xalanın dilindən düşməzdi; çünki halına yaxın,
münasib idi. Güman etməyin ki, Şərəbanı xala öz cavanlığını, nişanlanmaq,
ya ərə getmək günlərini xatırladırdı. Yox! Söhbət onun yeganə nəvəsi
məktəbli qız Nəcibədən gedir.
Bəli, indi bu saat Nəcibənin elə vaxtıdır ki, yer yerişinə, dağ duruşuna
həsrət, minnət çəkir.
Səhər saat səkkizdə məktəb paltarı əynində, ağ lent hörüklərində,
qəhvəyi portfel əlində, "salam!" - deyib sinif qapısından girəndə, kim bilir
neçə-neçələri onun tamaşasına durur. Qız da, oğlan da onun yar-yaraşığına
küsənir. Bəziləri onun səliqəli geyinməyi bacardığı üçün qəşəng
göründüyünü, bəziləri də əslində Nəcibənin gözəl olduğunu iddia edirdilər.
Gözəl qız al da geysə yaraşır, şal da geysə yaraşır!
139
Nəcibə isə həmişə sadə geyinməyə, adi görünməyə, diqqətlərdən uzaq
olmağa çalışırdı.
Nəcibənin nənəsi Şərəbanı xala müəllim institutunda xadimə idi. Övlad
adından onun bir oğlu, bir də qız nəvəsi var idi. Oğlu iyirmi-iyirmi beş il idi
ki, kənddə evlənmiş, külfət sahibi olmuşdu, qoyunçuluq fermasında
çalışırdı. Anası ilə ildə bir dəfə görüşür, ya görüşmürdü. Qız nəvəsi isə
Şərəbanı xalanın yanında idi; çünki onun anası ölənəcən Şərəbanı xaladan
ayrılmadı. Bir yaşadılar, bir oldular. Əri onu atıb gedəndən sonra qızı sarılıq
azarı tutdu. Altı ay xəstəxanada. yatdı, rəhmətə getdi; doqquz yaşlı Nəcibə
isə Şərəbanı xalanın himayəsində böyüdü:
"Bir yandan bağlayan fələk, o biri yandan açar!" - deyiblər. Həyətdə-
bacada "yetim!" çağırılan, anasından qalma köhnələri geyən, kasıblıq,
ehtiyac ilə böyüyəndən sonra məktəb pansionunda yeyib-içən Nəcibənin işi
lap əntiqə oldu. Bu qız, deyəsən, adi qayda ilə, başqaları kimi böyümürdü.
Deyəsən, ona hayandansa hansı bir qüvvə isə, başqa uşaqların acığına
xüsusi pərvəriş verirdi. Qız gündən-günə tənək zoğu kimi boy atır,
pardaqlanır, qızılgül kimi gülüb açılırdı. Camaat bir də gözünü açıb gördü
ki, Şərəbanı xalanın "yetim nəvəsi" şəhərin handa bir barmaq ilə göstərilən
görkəmli qızlarından olub. Məktəbə gedəndə, məktəbdən gələndə,
nümayişdə, konsertdə görünəndə görürsən tamaşa kimi bir şey əmələ
gəlirdi. Adamlar ona ha baxır, bir-birindən ha soruşurdular:
- Nə qiyamətdi, ə!
- Bu ceyran balası hardan azıb?
- Adı nədir?
- Görəsən hansı bəxtəvərə meyl salacaq!
Nəcibə bizim məhəllədə gözə dəyən qızlardan biridir. Hələ ərə
getməyib. Bilinmir niyə getməyib, ya niyə getmir. Amma adam yoxdur
onun sözünü danışmasın. Biri deyir istəyən çoxdur, ona görə getmir; yəni
bilmir hansına getsin. Gün olmaz ki, qızın özünə, ya nənəsinə deyən
olmasın ki: "Daha vaxtdır, bir halal süd əmmiş ilə tapışın a, Allah xeyir
versin, sövdalaşın a!"
Nə Şərəbanı xala, nə də Nəcibə istər ki, başqaları onların işinə qarışsın.
Amma di gəl ki, yetən-ötən qarışır. Deyəsən, adamlarda da günah yoxdur,
çünki dünyada elə mətləblər var ki, özü-özünü qabağa verir, hamını
danışmağa məcbur eləyir.
Dostları ilə paylaş: |