_______________
Milli Kitabxana
________________
10
tindən bir bulud qalxmış, ondan göy və yer əmələ gəlmişdir söyləyir. Sokratın
ardınca Fərfuriyus da Yaradandan və onun yaratdığı cövhərin suya, suyun isə
göyə və yerə çevrilməsindən söhbət açır.
Hürmüz Yaradanın varlığını iqrar edir, lakin ilk xilqətin nə sayaq əmələ
gəlməsini bilmədiyini söyləyir. Əflatun dünyanın, Yaradan tərəfindən mayesiz
yarandığını qəbul edir.
İskəndər bu məclisi tamamlayaraq Yaradanın varlığını qəbul edir, lakin
yaradılışın necə olduğunu dərkedilməz sayır. Nizami məclisə yekun vuraraq öz
fəlsəfı qayəsini burada işıqlandırır. Nizaminin fıkrincə, Yaradan hər şeydən
əvvəl əqli yaratdı və ona ilk yaradılışın sirrindən başqa dünyanın bütün sirlərini
açdı. Nizami bu məclisi tamamlayarkən Xızrın özünə müraciətlə dediyi:
Bu gizli sözləri, fikirləri sən
Neçin lal dilləre isnad edirsən?
beyti yeddi alim məclisində söylənilən müddəa, iqrar və inkarların, əslində şairi
düşündürən fəlsəfi fikirlər olduğuna bizi inandırır, onun bu yolda inamı,
tərəddüdü və şübhələri haqda aydın təsəvvür yaradır. Təsadüfi deyil ki, Xızrın
verdiyi suala cavab kimi aşagıdakı beyt səslənir:
Dövrün kişiləri nakişidirlər,
Elmə yox, nücuma həvəs edirlər.
Ancaq əsərin orta əsr oxucusu üçün yazıldığını nəzərə aldıqda, onun hakim
dünyagörüşünə nə cür zərbə vurduğunu dərk etmək olar. Poemanın bu fəsli
ardınca gələn "İskəndərin peyğəmbərliyə yetişməsi" fəsli də söylənilənləri bir
daha sübut edir. Həmin fəsildə İskəndər daha yaradılışdan söz açmayıb Yaradanı
axtarır. Əgər əvvəllər İskəndər yaradılış sirri və Yaradanı dərkedilməz hesab
edirdisə, indi:
İstədi çalışıb sirləri örtən
Yeddi qat sürməni silsin tamamən.
Maraqlıdır ki, şah ilahi qəzəbə gəlmir, əksinə, mərhəmətli Allah alim və
rəhmdil şahın bu axtarışı qarşısında ona peyğəmbərlik bəxş edir. Allah
peyğəmbər kimi səfərə çıxan İskəndərdə yenə də dünyəvi büiklərə ehtiyac hissi
oyadır. Peyğəmbərlik səfərinə çıxan İskəndər dünyəvi ağla möhtacdır.
_______________
Milli Kitabxana
________________
11
Nizami rasionalizmi və azadfikirliliyi gələcək hadisələrin izahında
xüsusilə gözə çarpır. Şah yola dini kitabları yox, Ərəstu, Əflatun və
Sokratın yazdığı nəsihətnamələri götürür. Nəsihətnamələri oxuduqca
onların arxasında qədim yunan mütəfəkkirlərindən çox Nizami dühasını,
Nizami məntiqi və Nizami insansevərliyini görürük; mütəfəkkirin siyasi
və etik görüşləri burada geniş planda verilmişdir. Nizami humanizmi və
müdrikliyi İskəndərin səfərə çıxarkən anasına etdiyi vəsiyyətdə də özünü
göstərir.
Poemanın belə səhnələri İskəndərin bir şah və sərkərdə kimi
müdrikliyini nümayiş etdirir, onun yüksək insani keyfıyyətlərini açır və
onu bir nümunə kimi dünya şahlarına və hər şeydən əvvəl, şairlə həmdövr
olan şahlara göstərir. İskəndər ədalət səsini aləmə yayaraq zülm, nadanlıq
və bədxahlıqla mübarizəyə qalxır. Ölkələr fəth edərək, xalqları haqqa və
ədalətə tabe edərək şah bu üç qüvvədən özünü də, insanları da xilas
etməyə çalışır. Onun müharibələri sülhə xidmət edir; o, dağıtmaqdan çox
qorxur. Əmin-amanlığın bərpası İskəndərin əsas qayəsidir. Poemada
Nizami özünəməxsus sənətkarlıqla İskəndərin tikintilərinin füsunkar
gözəlliyindən bəhs edir.
İskəndərin səfərinin təsvirində mütəfəkkir həyati səhnələrlə yanaşı,
alleqoriyadan da geniş istifadə edir. Məsələn, səfər vaxtı İskəndərin
əsgərləri iti daşlarla dolu yolu keçərək, yüksək dağın zirvəsinə qalxıb
oradan özlərini sevinclə o biri tərəfə atırlar. Şah alimlərin məsləhətilə bu
qəribə görünən hərəkətin səbəbini öyrənə bilir. Demə, insanlar qorxunc,
düşgünlük və ehtiraslarla dolu, əzablı həyat yolunu keçib zirvəyə (zirvə
burada kamillik, paklıq rəmzidir) qalxdıqda azad dünyaya çatırlar ki, bu
da yaşadığımız dünyanın tərki deməkdir.
Lakin hadisədən xəbərdar olan şah bu sirri gizli saxlayır, qoşununu tez
o yerlərdən çəkir və yenə de insanlara din öyrədə-öyrədə səfərini davam
etdirir. Burada biz bir daha İskəndərin tərki-dünyalıqdan uzaq, bu dünya
ilə bağlı olduğunu görürük.
Nizami alleqoriya və realist təsvirləri üzvi surətdə birləşdirərək
İskəndərin mənəvi yüksəlişini insanların ağlı və mənəvi kamilliyi
_______________
Milli Kitabxana
________________
12
uğrunda apardığı mübarizə fonunda verir. Əsəri oxuduqca bu iki məqsədi
güdən müvazi xətt unudulmamalı və poemanın insanın dünyəvi səadətinə
xidməti Nizami oxucularının diqqət mərkəzində olmalıdır.
Kamilliyin zirvəsi ictimai bərabərlik, azad və xoşbəxt insanlar
şəhəridir. Bu şəhər nizamişünaslıqda Nizami utopiyası kimi məlumdur.
Bu şəhərə çatana qədər şah çox ölkə və möcüzələrə rast gəlir, çox zülmə
və nadanlıqlara son qoyur, xeyir və mərifət yayır. İskəndərin susuz səhra
əhlilə görüşü, onlara etdiyi xeyirxahlıq, xaqana din qəbul etdirməsi,
dənizin dəhşət doğuran səsindən sahildə yaşayan əhalini xilas etməsi,
Yəcuc səddini bağlaması sanki şahı pillə-pillə ideal şəhərə yaxınlaşdırır.
Şəhər İskəndərin səfərinin sonu və axtarışlarının zirvəsidir. Nizaminin
ideal cəmiyyət haqqında təlimi ədəbiyyatşünaslıqda və xüsusən
nizamişünaslıqda ən geniş işlənmiş problemlərdən biridir. İdeal şəhər və
cəmiyyət haqda həm qədim dövr, həm də orta əsr Şərqinin abidələrində
müxtəlif təsəvvürlərə təsadüf edirik. Yaxın və Orta Şərqdə böyük şöhrət
tapmış IX əsr alim və fılosofu Fərabinin "Xeyirxah şəhər" əsərində hətta
ideal şəhərlərin müəyyən təsnifatı belə verilir. Bu dövr ədəbiyyatında
rastlaşdığımız ideal şəhərlər haqqında yazılar adətən real və eyni
zamanda alleqorik məna daşıyır. Həmin şəhərlər həm həqiqətən ictimai
zülmü dəf etmiş insanlar, həm də çirkin mənəvi ehtiraslarına qalib gəlmiş
pakların cəmiyyəti kimi düşünülür.
Orta əsr Şərq humanizminin məhsulu olan ideal utopik cəmiyyətlər
adətən bu iki fünksiyanın ifaçısı kimi çıxış edir. Tarixdən məlumdur ki,
kəskin sinfi mübarizə nəticəsində xalq kütlələrinin gücünə əsaslanaraq,
Şərqdə ideal dövlətləri bu və ya digər dərəcədə xatırladan demokratik
qərmətilər, ismaililər dövlətləri mövcud olub, bunlar və xüsusən
Beyləqanda, XI əsrdə kəskin sinfi mübarizə nəticəsində müvəqqəti də
olsa yaranan xalq hakimiyyəti, sözsüz ki, Nizaminin ideal cəmiyyət
nəzəriyyəsini qidalandıran real zəmin idi.
Nizaminin kamil cəmiyyət nəzəriyyəsi fantastik uzaqgörənliyin
məhsulu, şair dühasının qeyri-adi tapıntısı deyil. Bu nəzəriyyə Şərq və
Dostları ilə paylaş: |