137
11. Axtarış
Hərdən
qalib olursan,
Söz güləşdirməyin yunan-roma növündə.
Qoç bürcünü yamsılayır baxışların,
əllərin göyərçinləri bir az...
sözlərinlə çarmıxlayırsan məni
gecənin divarına.
Mel Gibsondan xəbərsiz bir filmdə
İsanı oynayıram,
plastik zəncirlər içində Prometey oluram
universitet tiyatrosunda.
Səni istəyirəm, səni axtarıram
altından xətt çəkilmiş kitab cümlələrində.
138
Sənsə elə burdasan, bax burda
Sol tərəfimdə, 288
nömrəli avtobusda,
işdə, yolda, güzgüdə,
“Prins” şadlıq sarayına qonşu bir evdə
və həm də bunların hamısında,
heç birində.
Gecələr,
bəzi gecələr
məni bıçaqlayır
dodağından çıxan
qara maskalı cümlələr.
Axşam xəbərlərində adım “mərhum” sözündən
sonra...
Şahid kimi dindirilən qapılar danışıblar: “
Xəbərimiz yoxdu”.
Polis iki vergül tapıb, bir də nida
Və belə təsbit edilib cinayət silahı:
“Səsboğucu taxılmış son model ƏLVİDA“.
İndi
mənim üzümdə göz,
sinəmdə söz izi var.
İndi nə bilsinlər kim necə baxıb,
İndi nə bilsinlər söz kimdən çıxıb,
Nə bilsinlər sən hardasan?
Sənsə elə burdasan, bax burda
288 nömrəli avtobusda, “Karl Marks” küçəsində,
139
tədbirdə, marketdə,
internetdə, atanın evində
və əlbəttə, bunların hamısında
və əlbəttə, bunların heç birində.
Mən səni sevdim,
çünki bezmişəm ürəyin
həbs-müvəqqəti imkan tədbirlərindən...
çünki küçələrin adamsız vaxtı
ulduzları parıldadana,
fikrimizi quş kimi qanadlı qılana,
həmişə olacaq olana inanıram.
çünki sənin gözlərin dənizdi,
çünki mən balıqlar bürcündə çırpınıram...