120
(B) Şükranlıq
Səlim Babullaoğluna
Əlləri kirli
çəkməsi toz
gecəsi, gündüzü bomboz bu şəhərdə
səni anlayan olmasa da
o məlum ünvanda
ventilyatorun yanındakı masada
bir Bakı gecəsində
bir iftar süfrəsində
istiqanlı, ağzıdualı bir stəkan suyu,
qəhvəyi gözlü bir xurmanı,
sarı saçlı, mübarək üzlü bir çörəyi bölmək varsa
günəş varsa, dostlar varsa, gülmək varsa
şükür olsun, şükür olsun, GÜLÜMSƏ!
darıxma ki, qüssələr var,
iztirablar var.
axı bu dünyada dostlar var,
kitablar var...
şükür olsun, axı hələ sağlar var,
axı hələ uşaqlar var...
axı hələ gəziləcək şəhərlər,
üzülməli mavi gözlü dənizlər,
qızınmalı sünbül saçlı günəş,
121
yazılmalı şeirlər,
içilməli çaylar,
bölünməli çörək var.
Axı hələ Sona var, Mübarək var.
Şükür ki, var, şükür ki, var, şükür ki...
Bu dünyada kədər qədər xeyir varsa,
Gözlərində işıq varsa,
ürəyində şeir varsa
sevgi varsa,
axmaqlarla, əclaflarla, avamlarla
küsüşdüyün, barışdığın adamlarla maraqlıdır
məncə həyat.
Maraqlıdır, maraqlıdır, maraqlıdır şükür ki...
Hər namazın səcdəsində
alnına nə yazılıbsa pak torpağa yaxınlaşar.
Ana torpaq öpər onda bir gün geri qayıdacaq
övladının alnındakı yazılanı.
Namaz bitər
ürəyində bahar olar,
görərsən ki, yanağında güllər açır.
Sən Tanrıya addım-addım yol gedərsən,
Görərsən o tərəfdən sənə tərəf qaçır Tanrı...
Şükür olsun, şükür olsun, min şükür!
122
(C) Dekabr səhərində ümid
Çöldə cilvələnərkən dekabr günəşi,
çıxıb getməyə yer varkən,
evdə oturmaq vasvası adamlar kimi
sevgi məcəlləsinə görə cinayət.
Dünya həbsxana zatən
qutu evlər içrə kibrit olmağa nə hacət.
Bu günəşdən od almaq,
yanmaq, alışmaq, sevmək...
İnsanları sev, dostum.
Siqaretini ver zibil qutuları çəksin,
Ayaqqabının öpüşü qalsın
yolların yanağında,
uşaqlardan bir çimdik oğurla,
göz vur bir gözələ dodaqları qaçsın.
Gözlərini yum, dərin bir nəfəs çək!
pıçılda ki, şükür sənə ilahi!
Dodaqları qaçan qızın dodaqlarına çatıb
götür dodaqlarını.
qayıt
de ki, buyurun dodaqlarınız.
Qıvırcıq saçları altında gizlənən qulağına
İki söz üfür: səni sevirəm.
123
Başını çəkmənə sürtən pişiyi oynat,
tüklərinin
ağlığına,
bozluğuna,
qaralığına,
sənin,
pişiyin,
dekabrın
birgəliyinə,
o saatın
o anına yaxşı bax!
Gözəldi, elədirmi?
Sevmək, dostum, sevmək...
Allahı, sevmək, Allahı...
124
5. Şillə
Ucuz, sığortasız bir qəbir qazın,
O qızın qəlbimi qırdığı yerdə.
Üstünə adicə bir cümlə yazın,
Bu oğlan ölməyib durduğu yerdə.
Qəlbini qırmadım ürəkqıranın,
Aldım salamını aravuranın,
Əli qırılaydı saat quranın,
Vaxtı sənsizliyə qurduğu yerdə.
Çıxırıq, sonuncu pillədi ölüm,
Şamda öləziyən şölədi ölüm,
Atadan övlada şillədi ölüm,
Gül bitər atanın vurduğu yerdə...
125
6. Üzü işığa
Solğun bənizimdə yox idi işıq,
Hər tərəf bir dəli zülmətdə idi.
Sənsiz hər nə varsa qatmaqarışıq,
Sənsiz hər nə varsa həsrətdə idi.
Qıfıllar qapıda toz bağlamışdı,
Cəftələr, elə bil, daş olmuşdular.
Baxışım tavanı qucaqlamışdı,
Gözlərim it kimi yorulmuşdular.
Sən uzaq gəzəndə könüldən, gözdən
Ürəklər hər şeyi boşlamışdılar.
Bir acı baxışdan, bir acı sözdən,
Adamlar ölməyə başlamışdılar.
126
Gecə istəmirdim səhər açılsın,
Ölmək istəyirdim yatdığım yerdə.
Deyirdim cəsədim qoy basdırılsın,
Hər səhər zibili atdığım yerdə.
Təkliklə yüklənmiş, dərdlə yüklənmiş
Hər şeyi bitirmiş bir adamıydım.
Saçları uzanmış, üzü tüklənmiş
Səsini itirmiş bir adamıydım.
Ölü siqaretlər, dolmuş külqabı
Qəzaya uğramış ev telefonu...
Ömür sualının buymuş cavabı,
Dünyanın sonuymuş ümidin sonu.
Günbəgün güzgüdə əksim itirdi,
Sakitcə ölürdü adamın biri...
İşıqsız ömrümə işıq gətirdi,
Ümid nə yaxşı ki, qayıtdı geri.
127
7. Döymək
Səndən xəbərsizcə mənim gözlərim,
Səni sizə qədər ötürdü, gəldi.
Səni qabaqlayıb ayaq izlərim,
Sizdən gözlərini götürdü, gəldi.
Düşdü aralığa tətil – ayrılıq,
Dinamit ucunda fitil – ayrılıq,
Səssiz tapançayla qatil – ayrılıq,
Ümidin işini bitirdi, gəldi.
Mən cavan, can verən ümidim qoca…
Bir dostdan bir ümid istədim borca.
Tutdum ayrılığı döydüm yaxşıca,
Getdi böyüyünü gətirdi, gəldi.
Dostları ilə paylaş: |