Müasir Azərbaycan dili
269
Xeyri bu oldu ki, onların yerini dürüst öyrəndi. (F.Kərimzadə)
İki sözünün biri bu idi ki, əmim yaxşı adamdır. (M.Hüseyn)
Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə görə
xəbər budaq cümləsinin dilimizdə iki tipi var.
I tip. Baş cümlə əvvəl, budaq cümlə sonra gəlir. Budaq
cümlə baş cümləyə ya yalnız intonasiya, ya da intonasiya və ki
bağlayıcısı ilə bağlanır. Məsələn, İgid odur, atdan düşə, atlana,
İgid odur, hər zəhmətə qatlana. (Atalar sözü)
Xəbər budaq cümləsini digər budaq cümlə növlərindən
fərqləndirən mühüm bir xüsusiyyət odur ki, bu cümlələrin baş
cümləsində xəbər heç vaxt buraxıla bilməz. Baş cümlədə
həmişə o, bu, elə, belə, ora, bura və s. tipli əvəzliklərlə,
əvəzliyin müxtəlif sözlərlə birləşməsi ilə ifadə olunan xəbər
işlənir. İşarə əvəzlikləri konkret heç bir məna ifadə
etmədiyindən, onların işarə etdiyi məzmun budaq cümlə
vasitəsilə açılır. Məsələn, Mənim təklifim belədir ki,
Samirənin səmimi ərizəsi nəzərə alınsın. (M.Hüseyn) Ancaq
xahişimiz bundan ibarətdir ki, nahar və şam yeməklərini hər
gün öz evimizdə yeyəsiniz. (M.S.Ordubadi) Məsələ
burasındadır ki, o hələ də Buzbulaqda qalır. (Ə.Əylisli)
Xəbər budaq cümləsinin bu tipində baş cümlədə xəbərin
yerliyi – qəlibi rəngarəng formalarla ifadə oluna bilər. Bunlar
aşağıdakılardır:
1. Baş cümlənin xəbəri budur, odur, bu idi, o idi,
bu imiş, o imiş sözləri ilə ifadə olunur, cümlənin
məzmununu ya indiki, ya da keçmiş zamanla bağlayır.
Məsələn, Mehmanın arzusu bu idi ki, gec-tez yenə də oxumağa
qayıtsın. (S.Rəhimov) Ağıllı adam odur ki, hər şeydə orta
vəziyyəti özünə adət etsin. (A.Bakıxanov)
2. Baş cümlənin xəbəri belədir, elədir, belə idi,
elə idi, belə imiş, elə imiş sözləri ilə ifadə olunur. Belə
cümlələr dilimizdə nisbətən az işlənir. Məsələn, Siz şəhərlilərin
gümanı belədir ki, kənd yerində avamlar yaşayır.
(M.İbrahimov) Ancaq quzeylilərin yeri elədir ki, onlar köndələn
Gülarə Abdullayeva
270
çaydan birbaş özlərinə arx apara bilmirlər. (İ.Əfəndiyev)
Beləydi qayda bizdə, qız doğanda analar, Baxıb qara geyərdi
su üstündə sonalar. (S.Vurğun)
3. Baş cümlənin xəbəri ora, bura, orası, burası,
onda, bunda sözləri ilə ifadə olunur. Məsələn, Qəribə burası
idi ki, heç kəs onunla açıq danışmaq istəmirdi. (İ.Şıxlı)
Xoşbəxtlik buradadır ki, Ella da Amanı istəyir. (M.Süleymanlı)
Qorxum ondandır ki, ömrün qışında, Bahar çiçəkləri üzə
gülməsin. (B.Vahabzadə)
4. Baş cümlənin xəbəri o, bu əvəzliyinə üçün, ötrü,
görə qoşmalarının qoşulması ilə ifadə olunur. Məsələn,
Ağlamağı ona görə idi ki, bütün planları alt-üst olmuşdu.
(İ.Məlikzadə)
5. O , bu işarə əvəzlikləri demək, ibarət sözləri ilə
birləşərək baş cümlənin xəbəri olur. Məsələn, Bu o deməkdir
ki, artıq zirehli döyüş paltarını soyundurmuşuq.
(F. Kərimzadə) Bu o deməkdir ki, siz işinizi düzgün təşkil
etmisiniz. (T.Hüseynov)
6. O, bu, orada, belə və s. işarə əvəzlikləri olmaq
sözü ilə birləşərək baş cümlənin xəbəri olur. Məsələn, Mənim
borcum bu oldu ki, gələcəyi deyim sana. (S.Vurğun)
7. Baş cümlənin xəbəri o, bu, elə, belə, haman
sözlərinin şey, vaxt, kəs tipli sözlərlə yanaşma yolu ilə
birləşməsi şəklində ifadə olunur, ümumi şəxs, ümumi əşya,
ümumi zaman və s. bildirir və budaq cümlə vasitəsilə
aydınlaşdırılır. Məsələn, Xoşbəxt o kəsdir ki, valideynlərinin
haqq-sayını itirmir.
II tip. Xəbər budaq cümləsinin II tipində budaq
cümlə baş cümlədən əvvəl işlənir və ona kim, hər kim, hər
kəs, nə, hər nə, necə, harada, nə qədər və s. bağlayıcı
sözlərlə bağlanır. Baş cümlədə qarşılıq bildirən söz kimi o, bu,
elə, belə, ora, bura, o cür, bu cür, orada, burada sözləri
xəbər yerində işlənir. Budaq cümlənin xəbərində -sa, -sə
şəkilçisi və ya bağlayıcı sözdə ki ədatı işlənə də bilər,
Müasir Azərbaycan dili
271
işlənməyə də. Məsələn, Ürəyində hansı oğlanı tutubsa, odur.
(İ.Şıxlı) Tərbiyəçi necədir, o da elədir. (İ.Hüseynov)
Bəzən baş cümlədə qarşılıq bildirən söz yiyəlik
halda olub söz birləşməsinin birinci tərəfi kimi çıxış edir,
birləşmənin ikinci tərəfi əksər halda özü sözündən ibarət
olur. Məsələn, Hər kim yüz il yaşamasa, Günah onun
özündədir. (O.Sarıvəlli).
Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr.
Tamamlıq budaq cümləsi baş cümlənin buraxılan və ya qəlib
söz şəklində təsəvvür edilən tamamlığını izah edib
aydınlaşdırır. Tamamlıq budaq cümləsi dilimizdə digər budaq
cümlə növləri ilə müqayisədə daha çox işlənir. Tamamlıq
budaq cümləsi baş cümlənin əsasən feli xəbərini
tamamlamağa xidmət edir və tamamlığın suallarına cavab
verir. Məsələn, Niyə qoymursan, bu dinsizləri qovum getsin?
(İ.Şıxlı) Axı deyirlər, çox adam bu yolla varlanıb? (İ.Şıxlı)
Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə görə
tamamlıq budaq cümləsinin dilimizdə iki tipi vardır:
I tip. Baş cümlə əvvəl, budaq cümlə sonra gəlir, budaq
cümlə baş cümləyə ya yalnız intonasiya, ya da intonasiya və ki
bağlayıcısı ilə bağlanır. Məsələn, Sənə onu da başa saldım ki,
hər şey hökumətin hesabına olacaq. (İ.Şıxlı) Amma bilmirəm,
bir-birinizi başa düşə biləcəksinizmi?(İ.Şıxlı)
Hər iki cümlədə baş cümlə əvvəl, tamamlıq budaq
cümləsi isə sonra işlənmişdir. Birinci cümlə ki bağlayıcısının,
ikinci cümlə isə yalnız intonasiyanın köməyi ilə qurulmuşdur.
Baş cümlədə tamamlığın yerliyi, qəlibinin olub-
olmamasına görə bu tipin özünü də iki növə bölə bilərik:
a) Tamamlıq budaq cümləsinin baş cümləsində
tamamlığın yerliyi, qəlibi olmur, baş cümlə tamamlığı
buraxılmış yarımçıq cümlə şəklində olur. Tamamlığın baş
cümlədən doğan sualına budaq cümlə cavab verir. Məsələn,
Niyə qoymursan, bu dinsizləri qovaq? (İ.Şıxlı) O başa düşdü
Gülarə Abdullayeva
272
ki, Şahnigarın ölümündə Cahandar ağanın əli var. (İ.Şıxlı)
Şamxal hiss etdi ki, Güləsərin başı hərlənir. (İ.Şıxlı)
b) Belə cümlələrin bir qisminin baş cümləsində isə
qəlib söz olur və baş cümlədə aşağıdakı qəlib sözlərdən
istifadə olunur:
1. Bu, o işarə əvəzlikləri substantivləşərək ismin
müxtəlif hallarında baş cümlənin tamamlığı vəzifəsində
işlənir və həmin sözlərin məzmunu budaq cümlənin verdiyi
yeni informasiya ilə açılır. Məsələn, Təkcə onu fikirləşirdi
ki, görəsən bu arvad kimdir belə, bu qədər danışır.
(Elçin). Bunu bilmək lazımdır ki, bu şəxs xırda adam
deyil. (C.Məmmədquluzadə).
2. Orası, burası sözləri baş cümlədə qəlib söz -
tamamlıq vəzifəsində işlənir. Məsələn, Orasını da deyim ki,
qəfəsdə kəklik saxladığımı nə atam, nə də anam bilirdi.
(Ə.Vəliyev).
3. Eləsi, beləsi, elələri, belələri sözləri baş cümlədə
qəlib söz – tamamlıq vəzifəsində işlənir. Məsələn, Elələrini
seçib götürmək lazımdır ki, bir müddət saxlamaq mümkün
olsun.
4. Baş cümlədə o cəhət, bu cəhət, o məsələ, bu
məsələ, o şey, bu şey, bir şey sözləri qəlib söz – tamamlıq
vəzifəsində işlənir. Məsələn, Hamı bir şeyi yaxşı bilirdi
ki, hava açılır, müharibə yavaş-yavaş başa çatır.
(M.S.Ordubadi) Bir şeyi də anladı ki, ağası bu saat əlinə keçəni
parçalamağa hazırdır. (İ.Şıxlı)
I tipə daxil olan tamamlıq budaq cümlələrində baş
cümlənin xəbəri daha çox nitq, təfəkkür, görmə, eşitmə
proseslərini ifadə edən fellərdən ibarət olur. Məsələn, Mən
hiss edirdim ki, o məndən tamamilə başqa bir şey gözləyir.
(M.Hüseyn) Salatın duymuşdu ki, atası tutduğu işə peşmandır.
(İ.Şıxlı) Xəlil anladı ki, bu baxışları qəbir evinə qədər unuda
bilməyəcək. (İ.Məlikzadə)
Dostları ilə paylaş: |