7
Yanma bu qədər boş yerə, səndən günəş olmaz.
Ey şölələnib hər tərəfə nur saçan oğlan.
Çox başqasının qanın içən görmüşəm, ancaq
Heç görmədim öz qanını səntək içən oğlan.
Vaxtın çatıb artıq, daha bir gözdə məkan tut,
Dünya kimi gözdən-gözə daim köçən oğlan.
Sən ki, ölüsən, dəfn eyləyiblər öz içində,
Yorma özün, ey qəbri üçün yer seçən oğlan.
Kim Fəhmini gördü dedi: əhsən hələ sağmış
Dünyada cəhənnəm alovundan keçən oğlan.
Təngnəfəs olub dayandım, anladım ki, müasir Bakının bu cür nihilist olmasının, öz
keçmişini udmasının bir səbəbkarı da, elə mən özüməm, mənim içimdəki tamahdı. Milyonlarla
dollar alıb İçərişəhərdə hansısa qədimi binanı əcnəbilərə satan məmurla, əlli min dollar alıb
nənəmin namaz otağını satan mənim aramda zərrə qədər də fərq yoxdur. Fərq olsa – olsa yalnız
satış obyektinin ölçüsündə və ödənişin miqdarındadır.
Bu yazdıqlarım yenə də kiməsə gülməli görünə bilər. Deyərlər ki, axı darısqal, şəraitsiz
həyətlərdə, alçaq evlərdə nə var ki, onların itirilməsi sənə bu qədər təsir edib? Axı sən
indi daha
rahat mənzildə yaşayırsan. Hər cür kommunal şəraitin var, hamamın-ayaqyolun evin içində,
işığın-qazın normal gəlir, yağış yağanda evin dammır, qonşular gəlib ağzının içinə girmir, hər şey
yaxşıdır, daha nə istəyirsən?
Belə düşünənlər bəlkə də haqlıdır. Mənim indiki şəraitim, həqiqətən də əvvəlkindən qat-
qat yaxşıdır və əgər nəsə itirmişəmsə də, ondan beş dəfə artığını əldə etmişəm.
Amma məni bir sual düşündürür - babalarım, nənələrim onilliklər boyu bu darısqal, alçaq
evlərdə, beş-altı mənzillik xırda həyətlərdə yaşayırdılar, ayaqyolundan tutmuş süpürgə-
xəkəndazacan hər şeyləri ümumiydi, bişirdikləri yeməklərdən hamıya paylayardılar, söz-
söhbətlərini biri-birindən gizlətməzdilər, sirr saxlamazdılar, xırda uşaqlar qonşunun evinə
girəndə heç icazə də istəməzdilər, birinin qonağı çox olanda o birinin evində yatızdırardılar,
xalça-palazı, pal-paltarı birgə yuyardılar, şüşəbəndlərin pərdələrini demək olar ki, heç vaxt
çəkməzdilər, çünki bilirdilər ki, qonşulardan heç biri keçəndə başını qaldırıb o birinin evinə
baxmaz, lakin bütün bunlara baxmayaraq, heç kim özünü narahat hiss eləməzdi, ev-eşiyindən,
şəraitsizliyindən şikayətlənməzdi, daha artığına nail olmaqçün dəridən-qabıqdan çıxmazdı,
Allahın yetirdiyinə qane olardı, şükür eliyərdi. Eləcə yaşayardılar özləriyçün sevinə-sevinə, gülə-
gülə; elə gülə-gülə də ölərdilər, şair demişkən.
Yaxşı, bəs birdən-birə nə oldu ki, ata-babalarımızın qane olduqları, rahat yaşadıqları şərait
birdən-birə bizə dözülməz gəldi, öz evimizi sıxıntılı, darısqal hesab elədik, daha genişliyə,
asudəliyə can atmağa başladıq, nəyə görə? Yoxsa onlar avam idilər, zırramaydılar, yoxsa adam
8
kimi yaşamağın yolunu bilmirdilər? Yox, hər şeyi bilirdilər, çox yaxşı da bilirdilər. Bəs onda
dəyişən nədir? Nə baş verdi? O baş verdi ki, bizə göstərdilər; görmədiyimiz və görmədiyimizə
görə də istəmədiyimiz şeyləri göstərdilər, bizim içimizdə, ruhumuzun dərinliklərində yatmış
şeytanı oyatdılar, tamahımızı qıcıqlandırdılar. Bizə göstərdilər ki, ayaqyolu evin içində olarsa
daha rahat olar, soyuqda, küləkdə həyətə düşməyə ehtiyac qalmaz. Bizim də içimizdəki tənbəlliyi
qıdıqladılar, biz də qulaqlarımızı sallayıb sözsüz razılaşdıq. Arvad-uşağın gözünün qabağında
nazikdivavrlı ayaqyoluya girib, onların qulaqlarının dibində min cür bədheybət səslər
çıxartmaqla arada olan ar pərdəsini götürdük, özümüz də hiss etmədən ailədəki abır-həyanı
əldən verdik.
Bizə başa saldılar ki mətbəx şüşəbənddə, camaatın gözünün qabağında olanda qonşulara
iy dəydiyinə görə bişirdiyin yeməklərdən onlara da pay göndərməli olursan, amma dəmir qapılı
mənzilin dərinliklərində olarsa, heç kim sənin nə bişirdiyindən xəbər tutmaz, qonum-qonşuya da
pay verməyə ehtiyac qalmaz. Bu dəfə içimizdəki simiclik hissləri yuxudan oyandı, yenə də
qulaqlarımızı sallayıb razılaşdıq, bu dəfə səxavətimiz, əliaçıqlığımız bada getdi.
Bizə öyrətdilər ki, həyət evində yaşayırsızsa, yanınıza gəlib-gedən adamları hamı görür,
hamı bilir ki, kimin yanına kim gəlir, nə vaxt gəlir, hansı məqsədlə gəlir. Amma bina evində belə
deyil, hamı öz mənzilinin dəmir qapısını bağlayıb girir içəri və sən də öz evinə kimi istəsən, nə
vaxt istəsən, nə məqsədlə istəsən gətirə bilərsən, istər oğlan olsun, istər qız və bundan da heç kim
xəbər tutmayacaq, heç kim sənin daxili işlərinə burun soxmayacaq. Bu dəfə də içimizdəki şəhvət
hissləri baş qaldırdı, yenə qulaqlarımızı sallayıb sevinə-sevinə razılaşdıq və heç özümüz də hiss
etmədən namus-qeyrəti verdik əldən.
Daha sonra qonaqpərvərliyimiz, mehribançılığımız və başqa xüsusiyyətlərimiz də bala-
bala əriyib getdi. Dönüb olduq beton evlər kimi soyuq, kvadrat məxluqlar.
Bu yerdə də etiraz edənlər ola bilər, deyərlər ki, hər şey insanın xarakterindən asılıdır simic
hər yerdə simicdi, avara hər yerdə avaradır, tərbiyəsiz də ki, eynən. Yaşadığı şərait insanın
xasiyyətini bir o qədər də dəyişmir.
Bununla da razı deyiləm, çünki ilk baxışdan adi görünən bir çox faktorlar var ki, onların
təsiri zahirən sezilmir. Amma bu təsirləri heç vəchlə nəzərdən qaçırmaq olmaz. Mən də bu
faktorların bəzilərinə açıqlıq gətirmək istəyirəm.
Ən əvvəl mistik-sakral faktora nəzər salaq. Qədim evlərimizin tikintisində məlum
məsələdir ki, heç bir texniki vasitələrdən istifadə olunmayıb. Hər daşı, taxtanı əllə yonub
düzəldirdilər və tikinti prossesində iştirak edən hər bir yaradıcı insanın müsbət enerjisi həmin
daşların, taxtaların bətninə hopur. Beləliklə, bu evlərin hər daşın, taxtanın ətrafında müəyyən
mistik aura olur ki, bu da babalarımızın daxili bioenerjisinin bizə qədər gəlib çatmasına şərait
yaradıb. Əlbəttə ki, bu cür irrassional faktoru bir çoxları qəbul etməyəcək, amma bu, heç nəyi
dəyişmir.
İkinci faktor icma faktorudur. O vaxt insanlar bizim köhnə Bakı həyətlərindəki bir növ, açıq
mənzillərdə yaşayırdısa, canında bəd xasiyyətlər olanlar da özlərini o birilərinə oxşatmaqdan,
yazılmamış qanunlara tabe olmaqdan başqa əlacı qalmırdı, çünki bilirdi ki, əks halda bu həyətdə,
bu məhəllədə rahat yaşaya bilməz. Məsəlçün, kimsə simicdisə, həyət evində yaşadığından
şüşəbəndin arxasında biş-düş edirdi, yemək hazırlayırdı, və təbii ki, bunu qonşulardan gizlədə
bilmirdi, məcbur olurdu ki, bişirdiyindən iki-üç qab çəkib onlara paylasın. Bir dəfə, iki dəfə, üç
dəfə və insanın içindəki simiclik hissi islah olurdu, onun yerinə səxavət gəlirdi. Yaxud, öz evini