213
Avtoritar üslub
– inzibati-amirlik üslubudur. O, nüfuza və
tabeçiliyə əsaslanır. Bu halda insana (uşağa, şagirdə, tələbəyə)
sadəcə obyekt kimi baxılır: təşəbbüsə, etiraza imkan verilmir,
müəllim öz dediyini həyata keçirir («Mən deyən olmalıdır»).
Onun əsas vasitələri əmr, tələb, qadağan, qışqırıq və cəzadır.
Bu üslubda müəllim tələbəyə «yuxarıdan aşağı» baxır, hər xır-
da şeyə sərt reaksiya verir,
qadağan və danlağa,
bəzən təhqirə əl
atır. Avtoritar üslubda formal ünsiyyət əsas yer tutur; müəllim
birbaşa təsirlərə – cəza metodlarına geniş yer verir. Bu halda
tələbə zahirən itaət göstərsə də, daxilən narazı qalır, inciyir,
müəllimə soyuq münasibət (bəzən kin) bəsləyir, yeri gəldikdə
itaətsizlik və müqavimət göstərir. Belə üslüb pedaqoji ünsiyyəti
çətinləşdirir, əsəbilik, inamsızlıq, qeyri-sağlam psixoloji mühit
yaradır, münaqişələrə yol açır.
Demokratik üslub
– əməkdaşlığa əsaslanan üslubdur. O,
qarşılıqlı hörmət, humanizm, bərabərlik, ədalət üzərində qurulur.
İnsana təlim-tərbiyə prosesinin fəal iştirakçısı – subyekti kimi
baxılır; onun rəyi, arzuları, mövqeyi, tələbat və maraqları, mə-
nafeyi nəzərə alınır. Tələbələrin təşəbbüs və fəallığına geniş yer
verilir. Müəllim öz tələblərini məcburi şəkildə, zorla qəbul et-
dirmir; tələbəni inandırmağa çalışır, nəticədə tələbə müəllimin
tələblərini şüurlu şəkildə dərk edərək könüllü qəbul edir. De-
mokratik üslubun əsas vasitələrini inandırma, xahiş, məsləhət
təşkil edir. Müəllim qərar qəbul edərkən qrupla, fəallarla məs-
ləhətləşir, yeri gəldikdə güzəştə gedir. Bu üslubda qeyri-rəsmi
ünsiyyət formasına, dolayı təsir priyomlarına geniş yer verilir.
Demokratik üslub normal ünsiyyət qurmağa, sağlam mənəvi-psi-
xoloji mühit yaratmağa, insanın şəxsi ləyaqət hissini qorumağa,
müəllimin nüfuzunu yüksəltməyə imkan verir.
Liberal uslub
– ünsiyyətdə səhlənkarlığa, laqeydliyə əsas-
lanan üslubdur: müəllim heç nəyə qarışmır, fəallıq göstərmir,
məsələlərə formal yanaşır, məsuliyyətdən kənar olmağa çalışır.
Bu isə normal pedaqoji ünsiyyətə və bütövlükdə təlim-tərbiyə
işinin keyfiyyətinə mənfi təsir göstərir.