Kimyəvi silahlar
Kimyəvi silahların tətbiqinin qadağan və məhv edilməsi haqqında konvensiyanın təşkil olunması və 160-dan çox dövlətin bu razılığı imzalamasına baxmayaraq, hazırda bu tip silahların tətbiqi reallıqdır. Azərbaycan konvensiyaya 9 noyabr 1999- cu ildə qoşulmuş və 30 mart 2000-ci ildə konvensiya Azərbaycanda qüvvəyə minmişdir. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) Haaqada fəaliyyət göstərir. Konvensiyaya üzv dövlətlərin hər biri heç zaman və heç bir şəraitdə kimyəvi silahları əldə etməmək və ehtiyatda saxlamamaq, istehsal etməmək, artırmamaq barədə öhdəlik götürmüşlər. Konvensiyada, həmçinin, 2-10 il dövr ərzində konvensiya çərçivəsində qadağan olunmayan hallar – sülh məqsədləri üçün vasitələr, yəni sənaye, kənd təsərrüfatı, əczaçılıq, tibbi və digər vasitələr istisna olmaqla, hərbi sursatlar ilə birlikdə zəhərli kimyəvi maddələrin və onların məhsullarının məhv edilməsi nəzərdə tutulmuşdur. Konvensiyada qeyd edilmiş bütün kimyəvi maddələr mənşəyindən və ya istehsalından asılı olmayaraq, (hansı ki, insanlara və ya heyvanlara zərər yetirə bilər) zəhərli kimyəvi maddələrə aid edilir. Buna görə də bu növ kimyəvi maddələr istehsal edən mülki istehsal imkanları konvensiyanın nəzarəti altındadır. Bu ləvazimatların fəallığının konvensiyanın öhdəliklərinə uyğunluğunu yoxlamaq məqsədilə konvensiyaya üzv olan hər bir dövlət öz ərazisində olan bu ləvazimatları, eləcə də ölkə ərazisində saxlanılan və istehsal edilən kimyəvi maddələr və onların məhsullarını yoxlamaq üçün təqdim edir. Kimyəvi silah kütləvi qırğın silahlarından biri olub zəhərləyici maddələrə və onları tətbiq etmək üçün istifadə olunan vasitələrə deyilir. Kimyəvi silahın əsasını zəhərləyici maddələr (ZM) təşkil edir. ZM – hərbi sənaye və xalq təsərrüfatı obyektlərinə qoşunların, hərbiləşməmiş mülki müdafiə dəstələrinin şəxsi heyətlərini, fəhlələri, qulluqçuları, əhalini sıradan çıxaran, yaxud onların döyüş və əmək qabiliyyətlərinin zəifləməsinə, heyvanların zədələnməsinə, habelə bitkilərin məhvinə səbəb ola bilən xüsusi kimyəvi birləşmələrdən (zəhərli maddələrdən) ibarətdir.
Kimyəvi silahın ən vacib xüsusiyyətləri aşağıdakılardır:
– maddi sərvətləri məhv etmədən canlı qüvvələri zədələmək imkanı: ZM-in maddi sərvətlərə təsiri onların zəhərlənməsi ilə məhdudlaşır ki, bu da onlardan istifadəni çətinləşdirir;
– geniş sahələri zəhərləmək və zədələyici təsirini uzun müddət saxlamaq qabiliyyəti;
– zəhərlənmənin sürətlə baş verməsi və zədələnmənin ağır olması;
– istehsalın nisbətən ucuz başa gəlməsi. Məlum olan bütün zəhərləyici maddələr orqanizmə təsirinin xarakterinə görə (toksikoloji təsnifatı), döyüş təyinatına və ərazidə zəhərlənmənin davamlığına görə (taktiki təsnifatı) qruplara ayrılır.
Zədələyici xüsusiyyətlərinə görə ZM digər döyüş vasitələrindən fərqlənir. Onlar hava ilə müxtəlif tikililərə, zirehli texnikaya və digər döyüş texnikasına daxil olur və onlarda olan insanlara zədələyici təsir göstərir; ZM havada, ərazidə və müxtəlif obyektlərdə uzun müddətə öz zəhərləyici təsirini saxlaya bilir; böyük həcmli hava kütlələri ilə iri sahələrə yayılaraq onların təsir sahəsində olan bütün mühafizə olunmayan insanlara zədələyici təsir göstərir; ZM buxarları külək istiqamətində kimyəvi silahın bilavasitə tətbiq edildiyi sahədən çox uzaq məsafələrə yayılır. Kimyəvi silahı tətbiq etdikdə ZM döyüş vəziyyətinə gətirilir( buxar, aerozol, damcı).
Hava yoluxması havanın vahid həcminə düşən ZM-in miqdarı ilə xarakterizə olunur. ZM-in zədələyici təsiri toksiki doza - insan orqanizmində müəyyən zədələnmə törədən ZM-in miqdarı ilə xarakterizə olunur.
Şəkil 2.23. Kimyəvi silahlar
Kimyəvi silahlar aşağıdakı xüsusiyyətlərinə görə təsnif olunur:
a) taktiki təyinatına görə;
b) təsir sürətinə görə;
c) təsir müddətinə görə;
d) tətbiq vasitələrinə görə;
e) insan orqanizminə təsir xarakterinə görə.
Dostları ilə paylaş: |