Hər bir ölkə iqtisadiyyatında bankların rolu olduqca əhəmiyyətli hesab edilir. Beləki bankların fəaliyyət sahəsinin genişlənməsi və onların inkişaf səviyyəsi ölkənin sosial-iqtisadi inkişafına təsir göstərir



Yüklə 38,48 Kb.
səhifə1/2
tarix19.12.2023
ölçüsü38,48 Kb.
#152282
  1   2
referat 3715


Hər bir ölkə iqtisadiyyatında bankların rolu olduqca əhəmiyyətli hesab edilir. Beləki bankların fəaliyyət sahəsinin genişlənməsi və onların inkişaf səviyyəsi ölkənin sosial-iqtisadi inkişafına təsir göstərir. Hansı ölkədə bankların yüksək səviyyəsi müşahidə olunursa, orada yüksək mədəniyyət, sürətli iqtisadi inkişaf mövcuddur.
Banklar maliyyə bazarında çox mühüm rol oynayır. Bank fəaliyyətinin təkminləşməsi istiqamətində həyata keçirilən islahatların ilkin mərhələsində dövlət banklarının restrukturizasiyası və sağlamlaşdırılması tədbirləri həyata keçirilmiş, özəl bankların institusional formalaşması təmin edilmişdir. Bu mərhələdə kapitalla bağlı aşağı tələblər, sistemə daxil olmaq üçün son dərəcədə liberal şərtlər müəyyən olundu və bank fəaliyyətini tənzimləmək üçün yumşaq tənzimləmə alətləri tətbiq edildi. Bu proseslərin nəticəsində banklar institusional olaraq genişlənməyə və özəl bankların sayı sürətlə artmağa başladı. Banklar maliyyə bazarının özünəməxsus subyektləri olmaqla eyni zamanda mühüm vəzifələri yerinə yetirirlər. Onlar üzərilərinə düşən vəzifələri icra etməklə eyni zamanda iqtisadiyyatda xüsusi hakimiyyətə malik olan məsələlərin problemlərin həllində vacib rol oynayırlar. Bir iqtisadi subyekt kimi bankların iqtisadiyyatdakı rolu və onların yerinə yetirdikləri vəzifələr bankların mahiyyəti və funksiyaları ilə bilavasitə bağlıdır. Ona görə də bankların vəzifələri və rolunu daha dəqiq və dərindən öyrənmək üçün onun funkiyalarını nəzərdən keçirmək lazımdır. Banklar kiçik, orta, böyük borc verə bilən və borc verən fondları toplayaraq, böyük fondların yığımına xidmət edirlər. Bununla banklar böyük şirkətlərin və dövlətin kredit tələblərini ödəmək imkanına sahibdirlər. Əgər banklar olmasa idi, şirkətlərin və dövlətin kredit tələblərini ödəyə bilmək üçün yüzlərlə əmanət sahibinə müraciət edilməsi lazım gələrdi.
Qeyd etmək lazımdır ki, bankların fəaliyyyətinə dair müxtəlif fikirlərə görkəmli rus alimləri iqtisad elmləri doktorları V.M. Usoskinin, V.İ. Kolesnikovun, İ.T. Balabanovun, E.F. Jukovun, Q.N. Beloqlazovanın, O.İ. Lavruşinin və başqalarının tətqiqatlarında rast gəlmək olar. Bir sıra alimlər bankların kapitalizm mərhələsində yarandıqlarını güman edirlər. Yəni, irihəcmli kreditlərin verilməsinin lazım olduğu bir vaxtda yaranmışdır ki, onun köməyi olmadan kapitalist müəssisələri geniş fəaliyyət göstərə bilməzdi. Buradan da bazar iqtisadiyyatı da bazar münasibətlərinin inkişafı üçün lazım olan kapitalist istehsal münasibətlərinin formalaşmasında bankların rolunu və əhəmiyyətini göstərmək olar.
Azərbaycan Respublikasında bank sisteminin formalaşması çox da uzaq dövrə təsadüf etmir, onun tarixi böyük deyil. Azərbaycan Respublikasının bank sisteminin qurulması ilk əvvəl son dərəcə çətin bir şəraitə təsadüf edirdi – iqtisadi durğunluq, inflyasiya, resursların məhdudluğu və inhisarlaşmış qiymətlər şəraitində həyata keçirilirdi. Lakin bütün bunlara baxmayaraq aparılmış düzgün idarəetmə siyasəti nəticəsində qarşiya çıxan bütün problemlər asanlıqla dəf edilərək bank sisteminin inkişafı davam edir və artıq bu sahədə respublikada müəyyən naliyyətlər əldə edilmişdir. Respublikasının müasir bank sisteminin strukturu dörd amilin təsiri altında formalaşmışdır:
Birinci amil, kredit idarələrinin iki funksiyasının olmasıdır.Bildiyimiz kimi,banklar emissiya və kredit funksiyalarını həyata keçirirlər.Bankların ixtisaslaşması ona gətirib çıxarmışdır ki,tarixən emissiya funksiyası Mərkəzi Bankda,xalq təsərrüfatının və əhalinin kreditləşməsi isə işgüzar kommersiya banklarında cəmləşmişdir.Nəzəri cəhətdən bankların ixtisaslaşmasında belə bölgü özünü doğruldur.Buna görə də respublikada pul nisbətlərini təhlil və pul dövriyyəsini idarə edən xüsusi aparatın olması zərurəti yaranır.Belə halqa.əsas funksiyası pul dövriyyəsinin tənzimlənməsi olan respublikanın Milli Bankıdır. Bu vəziyyət kreditləşmə üzrə əməliyyatlar və respublikanın ssuda fondunun idarə olunmasını həyata keçirən kommersiya banklarına aiddir.
İkinci amil, bank sisteminin strukturuna təsir göstərən mülkiyyətin xarakteridir.Məlumdur ki, uzun illər iqtisadiyyatda dövlət mülkiyyəti üstünlük təşkil edirdi.buna görə ölkədə yalnız dövlət mənşəli banklar fəaliyyət göstərirdi. Son illlərdə mümkün olan mülkiyyyət çoxluğu müxtəlif tipli bankların yaranmasına gətirib çıxarmışdır.
Üçüncü amil, ümumi iqtisadi siyasətlə-iqtisadiyyatın idarə edilməsinin mərkəzləşdirilməsi kursu ilə əlaqədardır.Təsərrüfat təşkilatları müstəqilliyinin artması təsərrüfatların mənafeyinə uyğun gələn, təsərrüfat dəyişiklərinə operativ uyğunlaşan, təsərrüfat orqanlarının iqtisadi təşəbbüslərinə müvafiq pul resursları ilə vaxtında yardım edən bankların təsis edilməsi iqtisadi zərurətə çevrilir.
Dördüncü amil isə xərclərin ictimai zəruri səviyyəsidir. Məlumdur ki, bankların formalaşması prosesi bank işçilərinin əməyinin ödənilməsi və hesablama texnikasının alınması ilə əlaqədar xərclərlə bağlıdır.Bu kimi xərclər yeni bankın öz fəaliyyəti nəticəsində əldə edəcəyi mənfəətlə tutuşdurulmalıdır.Yeni qurulan bank zərərlə işləməməlidir. İdarəetmə sistemindəki bütün yenidənqurmalar süni surətdə idarəetməyə çəkilən xərclərin artmasına gətirib çıxarmamalı, əksinə gəlir gətirməlidir.
Keçmiş SSRİ-nin tərkibində olarkən Azərbaycanda da bütün SSRİ-də olduğu kimi mərkəzləşdirilmiş və birpilləli sovet bank sistemi fəaliyyət göstərirdi. 1990-cı ildə SSRİ Dövlət Bankı və bank fəaliyyəti haqqında qanun qəbul olundu. Bu qanunla ikipilləli bank sisteminə keçid reallaşdı. Azərbaycan Respublikasında hazırda ikipilləli bank sistemi tətbiq olunur. Azərbaycan Respublikasının bank sistemi Mərkəzi Bankdan və Respublikanın kredit təşkilatlarından ibarətdir. Bank sisteminin ən mühüm tərkib hissəsi isə, Azərbaycan Respublikası Mərkəzi Bankıdır. Mərkəzi Bank respublikanın mərkəzi bankı statusundadır. O, mərkəzi bankın vəzifələrini yerinə yetirir.
Kredit sistemində əsas mövqe Mərkəzi Bankındır. Onun əvvəllər yerinə yetirdiyi müəssisə və təşkilatların kreditləşdirilməsi və onlar arasındakı hesablaşmaların aparılması funksiyası müvafiq ixtisaslaşdırılmış banklara verildi. Burada əsas məqsəd emissiya fəaliyyətini yerinə yetirən bankı iqtisadiyyatın kreditləşdirilməsi fəaliyyətini yerinə yetirən banklardan ayırmaq idi. Kredit sahəsində iqtisadi münasibətlər sisteminin kompleks şəkildə yenidən qurulması əsas məsələlərdən biri idi. Bu proses 1988-ci ildən ilk Kommersiya banklarının yaradıldığı dövrdən həyata keçirilməyə başlanmışdır ki, bu da öz növbəsində müasir kredit sistemində bazar münasibətlərinin formalaşması və strukturunun təməli hesab olunur. Ümumiyyətlə kredit sisteminin əsas hissəsi olan bank sistemində əhəmiyyətli dəyişiklik ikipilləli bank sisteminin yaradılması ilə nəticələndi. Onun birinci pilləsində Mərkəzi bank, ikinci pilləsində isə Kommersiya bankları və ayrı-ayrı bank əməliyyatlarını həyata keçirən digər maliyyə-kredit qurumları dururdu.Beləliklə bank sistemi özündə Dövlət bankını, kommersiya banklarını, xarici bankların filialları və nümayəndəlikləri, bank olmayan kredit təşkilatlarını, kredit təşkilatları assosiasiyaları və ittifaqları, bank qrupları və holdinqləri cəmləşdirir.
Bank sisteminə malik istənilən ölkənin pul-kredit sistemlərinin əsasını mərkəzi banklar təşkil edir. Mərkəzi bank yuxarıda qeyd etdiyimiz kimi ikipilləli bank sisteminin ilk pilləsində mövqe tutur. Mərkəzi bank ilk növbədə dövlətlə iqtisadiyyat arasında vasitəçidir və vasitəçi kimi qanunvericiliklə təsdiqlənmiş qanunlar vasitəsilə pul və kredit axınını tənzimləyən bir təşkilatdır. Kredit sisteminə daxil olan 2-ci qurum kommersiya banklarıdır. Kommersiya bankları, bank qanunvericiliyinin imkan verdiyi bütün əməliyyatları yerinə yetirirlər. Bank sisteminin fəaliyyət mexanizmində əsas rol kommersiya banklarına məxsusdur. Belə ki, məhz kommersiya bankları ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmət göstərir və müştərilərə maliyyə-kredit xidmətlərinin bütöv kompleksini təqdim edir. Bu gün kommersiya bankları müştərilərə 200 növə qədər müxtəlif bank xidmətləri göstərmək qabiliyyətinə malikdir. Kommersiya bankının yerinə yetirdiyi ən əsas vəzifə pul yaratmaqdır. Borc alana kredit vermək vasitəsilə banklar əlavə ödəmə qabiliyyəti olan tələbat yaradır.
Bankların fəaliyyəti o qədər çoxşaxəlidir ki, onun mahiyyətinin açılması və iqtisadi baxımdan tam izah edilməsi heç də asan məsələ deyildir. Banklar həm iqtisadi idarəetmə orqanı kimi, həm vasitəçi təşkilat kimi, həm də kredit təşkilatı kimi xarakterizə edilir. Tarixi inkişaf bankların tədricən kredit mərkəzlərinə çevrilməsinə şərait yaratdı. Lakin bu heç də bankın kreditlə qarışması, birləşməsi deyil. Çünki bank və kredit anlayışları eyni anlayış deyillər. Kredit – borc kapitalının hərəkət formasıdır. Bu, kreditorla borcalan arasındakı borc dəyərinin qayıtması hərəkəti üzrə münasibətdir. Kredit münasibətlərində bir qayda olaraq tərəflərdən biri kreditor, digəri borcalan olur. Kreditdən fərqli olaraq bank bu münasibətlərin bir tərəfidir. Bankı və krediti müqayisə edərkən həm də onların tarixi köklərinə də nəzər salınmalıdır. Bank pul yarandıqdan sonra meydana gəlmişdirsə, kredit isə pul yaranana qədər fəaliyyət göstərirdi. Bank kreditin inkişafının nəticəsidir. Kredit bankın yaranmasının təməlini təşkil edir.
Bank sistemi özünəməxsus xüsusiyyətlərə malikdir və bu xüsusiyyətlərinə görə digər sistemlərdən fərqlənir. Hər şeydən əvvəl qeyd olunmalıdır ki, bank sistemi onun elementlərinin təsadüfi məcmusundan ibarət deyidir. Bu sistemin özünəməxsusluğu onun tərkibinə daxil olan elementlərin və onların qarşılıqlı münasibəti ilə müəyyənləşdirilir. Bank sistemi bir məqsədə xidmət edən müxtəlif hissələrin, elementlərin vəhdəti kimi təsəvvür etmək lazımdır. əgər hər hansı səbəbdən banklardan biri bağlanarsa və ya ləğv edilərsə, sistem öz fəaliyyətini dayandırmır. Onun funksiyasısiyalarını digər banklar yerinə yetirir, zərurət olduqda isə təzəsi yaranır. Beləliklə, sistemin bütövlüyü pozulmur.
Bank sistemi özünü təşkil edən və özünütənzimləyən bir sistemdir. Belə ki, ölkənin iqtisadiyyatında və iqtisadi siyasətində, eləcə də siyasi aləmdə baş verən dəyişikliklər bank siyasətinin dəyişilməsinə gətirib çıxara bilər. Əgər ölkədə qeyri-sabitlik yaranarsa, iqtisadi böhran baş verərsə, banklar istehsala uzunmüddətli investisiyaları məhdudlaşdırır, kreditləşmənin müddəti qısalır, bəzən də tam dayandırılır. Iqtisadi stabillik yaranan kimi banklar yenidən öz ənənəvi fəaliyyətlərini bərpa edirlər. Hadisələrin belə dəyişməsi anında düzgün qərar qəbul edən banklar öz fəaliyyətlərini davam etdirir, düzgün qərar qəbul edə bilməyənlər isə güclü maliyyə itkilərinə məruz qalaraq iflasa uğrayırlar.
Şərh olunanlar əsasında belə bir nəticəyə gəlmək olar ki, bank sisteminin aşağıdakı özünəməxsus əlamətləri var:

  • Bank sistemi eyni məqsədə xidmət edən elementlər məcmusudur;

  • Bank sistemi özünəməxsus xüsusiyyətlərə malikdir;

  • Bank sistemi elementlərin qarşılıqlı dəyişdirilməsi iqtidarındadır;

  • Bank sistemi dinamik sistemdir;

  • Bank sistemi qapalı sistemdir;

  • Bank sistemi idarəedilən sistemdir;

  • Bank sistemi xarici şəraitə uyğun fəaliyyət göstərir.

İndi isə bank sisteminə daxil olan digər qurumları nəzərdən keçirək:
Xarici bankın filialı - Azərbaycan Respublikasında Mərkəzi Bankın lisenziyası ilə ona icazə verilmiş bank əməliyyatlarını həyata keçirmək hüququ olan xarici bankın ayrıca bölməsidir.
Kredit təşkilatı – Mərkəzi Bankın lisenziyası əsasında Qanunda nəzərdə tutulmuş bank əməliyyatlarını həyata keçirən qurumdur.
Bank holdinq şirkəti - bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan və fəaliyyəti Mərkəzi Banklar tərəfindən tənzimlənən şirkətdir.
Bankın filialı – bankın baş ofisinin yerləşdiyi yerdən kənarda yerləşən, öhdəlikləri üçün əsas bankın özü qədər məsuliyyət daşıdığı və banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir.
Bank olmayan kredit təşkilatı- öz vəsaiti və ya cəlb edilmiş vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.
İndi isə bank sisteminə aid olan bəzi terminlər ilə tanış olaq :
Bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.
Depozit –banka saxlamaq üçün köçürülən, müəyyən olunmuş şərtlər daxilində və müddəti çatdıqda qaytarılmalı olunan pul vəsaitləridir. Qaytarılmaya depozitin məbləği və qabaqcadan depozit müqaviləsinə əsasən müəyyən olunmuş faiz dərəcəsi aiddir.
Mühüm iştirak payı - səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblikdir.
Klirinq - hesablaşmalar sisteminin bir və ya bir neçə iştirakçısının həmin sistemin bir və ya bir neçə digər iştirakçısına verdiyi və ya onlardan aldığı ödəniş məbləğləri üzrə yaranan tələblərin və öhdəliklərin, onların fərqi olan bir xalis tələb və ya bir xalis öhdəliyə çevrilməsi prosesidir.
Prudensial- bankın təhlükəsiz fəaliyyətinin təmin edilməsinə istiqamətlənmiş normativlərə, qaydalara, tələblərə və göstərişlərə əsaslanmış düşünülmüş davranış, idarəetmə və nəzarət üsuludur.
Bankın məcmu kapitalı (öz vəsaiti) - prudensial hesabatlıq məqsədləri üçün istifadə olunan kapital olmaqla, Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən etdiyi I dərəcəli (əsas) və II dərəcəli (əlavə) kapitala daxil olan komponentlərin (elementlərin) cəmi və onlardan tutulmaların fərqidir
Aktiv əməliyyatlar dedikdə mərkəzi bankın öz resurslarını yerləşdirməsi başa düşülür.Mərkəzi bankın əsas aktiv əməliyyatları aşağıdakılardır:

  • Uçot-ssuda əməliyyatları;

  • Dövlət qiymətli kağızlarına yatırımlar;

  • Qızıl və xarici valyuta ilə əməliyyatlar.

Uçot-ssuda əməliyyatlarının iki növü vardır:

  • Uçot əməliyyatları;

  • Dövlətə və banklara qısamüddətli borcların verilməsi;

Uçot əməliyyatları. Bu mərkəzi bankın kommersiya banklarından və dövlətdən vekselləri alması deməkdir. Kommersiya bankları öz müştərilərindən vekselləri alır və bu vekselləri də mərkəzi bank kommersiya banklarından alır. Buna görə də bu əməliyyatlar veksellərin yenidən uçotu adlanır. Xəzinədarlıq veksellərinin uçotu isə əksər ölkələrdə dövlətin mərkəzi bank tərəfindən əsas qısamüddətli kreditləşməsi aləti kimi xidmət göstərir.
Qısamüddətli borclar. Bu borclar kommersiya banklarına sadə və ya ötürücü veksellərin, qiymətli kağızların və digər aktivlərin təminatı əsasında verilir.
Mərkəzi bank dövlət qiymətli kağızlarına yatırımları müxtəlif məqsədlərlə edə bilər. Əvvəla, Mərkəzi bank tərəfindən dövlət istiqrazlarının alınması, əksər inkişaf etmiş ölkələrdə dövlətin büdcə kəsirinin maliyyələşdirilməsinin birbaşa kreditləşməsinin qanunla məhdudiyyətli olduğu hallarda, büdcə kəsirinin bağlanması üçün başlıca və hətta yeganə kreditləşməsi formasıdır. İkincisi, mərkəzi bankın dövlət istiqrazlarını almasının əsas məqsədi bank sisteminin likvidliyinin tənzimlənməsi və pul-kredit siyasətini həyata keçirdiyi zaman dövlət borcunun idarə olunmasıdır.
Mərkəzi Bank valyuta məzənnəsi, pul kütləsi və faiz dərəcələrini tənzimləmək vasitəsilə inflyasiya proseslərinə təsir göstərir. Azərbaycan Respublikasında pul siyasəti Mərkəzi Bank tərəfindən həyata keçirilir. Mərkəzi Bank öz əməliyyatları üzrə faiz dərəcələrini ölkədəki iqtisadi durumu və maliyyə bazarlarının vəziyyətini nəzərə alaraq müəyyənləşdirir. Mərkəzi Bank açıq bazar, yenidənmaliyyələşmə və depozit əməliyyatları üzrə faiz dərəcələrini həm təsbit etmək yolu ilə, həm də müvafiq hərraclarda tələb və təklif əsasında müəyyənləşdirə bilər.
"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Mərkəzi Bankın funksiyalarına aşağıdakılar aiddir:

  • Pul-kredit və valyuta münasibətləri sahəsində dövlət siyasəti yeridir;

  • nağd pul dövriyyəsini təşkil edir, pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir;

  • manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir;

  • qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir;

  • qiymətli kağızlar bazarında, habelə xarici valyutanın alqı-satqısı sahəsində əməliyyatlar aparır

  • sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir;

  • bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir;

  • bank sistemini inkişaf etdirmək və möhkəmlətmək üçün zəruri tədbirlər görür

  • ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir;

  • Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda və digər qanunlarda nəzərdə tutulmuş başqa funksiyasısiyaları həyata keçirir.

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Mərkəzi Bankın səlahiyyətlərinə aşağıdakılar daxildir:

  • Qarşıdakı il üçün pul-kredit siyasətinin məqsəd və vəzifələrinin, bunlara nail olmaq yollarının müəyyənləşdirilməsi;

  • İnflyasiyanın proqnozlaşdırılan səviyyəsinə nail olmaq üçün pul kütləsi həcminin və strukturunun tənzimlənməsi;

  • Daxili aktivlərin və ehtiyat pulun maksimum və xarici ehtiyatların minimum səviyyəsinin təmin olunması tədbirləri;

  • Ölkənin tədiyə qabiliyyətinin sabitliyi və valyuta bazarının tənzimlənməsi üçün valyuta ehtiyatlarının zəruri səviyyəsinin müəyyənləşdirilməsi

  • Həyata keçirilən pul-kredit siyasətinə uyğun olaraq bank işinin təKommersiya bankinləşdirilməsi tədbirləri;

Mərkəzi Banka geniş səlahiyyətlərin verilməsinə baxmayaraq müəyyən sahələrin fəaliyyətində qadağalara malikdir . Məsələn, qanunda nəzərdə tutulmuş şəxslərdən başqa, digər hüquqi və fiziki şəxslərlə bank əməliyyatları aparmaq; istehsal, ticarət, sığorta və qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, digər kommersiya fəaliyyəti ilə məşğul olmaq.
Mərkəzi Bank öz fəaliyyəti barədə yalnız Azərbaycan Respublikası Prezidentinə hesabat verir. Mərkəzi bankın Azərbaycan Respublikası Prezidentini qarşısındakı hesabatlığı aşağıdakılardan ibarətdir:

  • Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə müvafiq olaraq Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsindən;

  • Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərinə müvafiq olaraq Mərkəzi Bankın İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsindən;

  • bu Qanunun 58-ci maddəsinə müvafiq olaraq Mərkəzi Bankın fəaliyyətinin yoxlanılması üçün auditorun təyin edilməsindən və zəruri hallarda auditor yoxlamasının növbədənkənar qaydada keçirilməsindən;

  • Mərkəzi Bankın İdarə Heyətinin sədri tərəfindən ildə iki dəfə Mərkəzi Bankın əsas məqsəd və funksiyalarının həyata keçirilməsi barədə hesabatın, habelə audit rəyi ilə təsdiq edilmiş ilin yekunları üzrə maliyyə hesabatının və hesabat əməliyyat büdcəsi barədə hesabatın Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi.

  • Büdcə layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri qarşıdakı il üçün pul siyasətinin əsas istiqamətləri barədə Azərbaycan Respublikası Milli Məclisinə məlumat verir.

.
Mərkəzi Bank Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərinə, o cümlədən büdcə-vergi, qiymət-tarif tədbirlərinə, habelə dövlətin daxili və xarici borcunun həcminə və idarə edilməsinə dair təkliflər verə bilər. Mərkəzi Bank bilavasitə Mərkəzi Bankın funksiya və səlahiyyətlərinə aid edilən məsələlər və bank məsələləri üzrə sorğu əsasında qanunların və digər normativ hüquqi aktların layihələrinə dair rəy verə bilər. Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış şərtlərlə dövlətin maliyyə agenti funksiyalarını həyata keçirə bilər. Maliyyə agenti olaraq Mərkəzi Bank dövlətin borc qiymətli kağızlarını yerləşdirmək və onlarla digər əməliyyatlar aparmaqla dövlət borcuna xidmət göstərə, habelə qanunla müəyyən edilmiş hallarda və qaydada başqa maliyyə əməliyyatlarını apara bilər.
Mərkəzi Bank öz məqsədlərinə nail olmaq üçün yerli və xarici kredit təşkilatları ilə aşağıdakı əməliyyatları aparmaq hüququna malikdir:

  • çekləri, vekselləri, qiymətli metalları və qiymətli daşları, habelə bunlardan hazırlanmış məmulatı alma

  • xarici valyutanı, habelə xarici valyutada təqdim etdikləri ödəniş sənədlərini və öhdəliklərini almaq və satmaq;

  • qarantiyalar və zəmanətlər vermək;

  • bank hesablan, o cümlədən depozit hesabları açmaq;

  • hesablaşma, kassa, depozit əməliyyatları aparmaq, qiymətli kağızların və başqa sərvətlərin saxlanması və idarə olunması üçün onları qəbul etmək;

  • hər hansı valyutada çekləri və vekselləri ödənişə təqdim etmək;

  • Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan hallarda beynəlxalq təcrübədə qəbul edilmiş digər bank əməliyyatlarını həyata keçirmək. 

Mərkəzi Bank bank əməliyyatlarının aparılması üçün haqq tutmaq hüququna malikdir. Mərkəzi Bank öz əməkdaşlarına, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallarda fondlara bank xidmətləri göstərə bilər. Hesablaşma və klirinq (prosessinq) əməliyyatlarının dəstəklənməsi məqsədilə Mərkəzi Bank həmin əməliyyatları həyata keçirən təşkilatlara bank hesabları aça bilər. Mərkəzi Bank xarici dövlətlərin hökumətlərinə, mərkəzi banklarına və pul siyasətini tənzimləyən orqanlarına, habelə Mərkəzi Bankın və ya Azərbaycan Respublikasının üzv olduqları beynəlxalq təşkilatlara bank xidmətləri göstərə bilər. Mərkəzi Bank etibarlı emitentlər tərəfindən buraxılmış likvidli borc qiymətli kağızlarım almaq hüququna malikdir. Mərkəzi Bank qanunvericiliklə qadağan olunmayan mülki hüquqi əqdləri bağlaya bilər.
Mərkəzi Bank aşağıdakı fəaliyyətləri həyata keçirə bilməz:

  • Qanunda nəzərdə tutulmuş şəxslərdən başqa, digər hüquqi və fiziki şəxslərlə bank əməliyyatları aparmaq;

  • istehsal, ticarət, sığorta və bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, digər kommersiya fəaliyyəti ilə məşğul olmaq;

  • Milli Bankın fəaliyyətini, Milli Bank qarşısında olan öhdəliklərin icrasını, habelə Milli Bankın əməkdaşlarının sosial ehtiyaclarını təmin etmək üçün zəruri olan hallar istisna olmaqla, daşınmaz əmlak üzərində tam və ya qismən əşya hüquqlarını almaq, satmaq və ya başqa tərzdə əldə etmək.

Beləliklə, Mərkəzi bank Azərbaycan Respublikasının bank sisteminin sabit işini təmin etmək, bank kreditorlarının və əmanətçilərinin maraqlarını qorumaq məqsədi ilə bank fəaliyyəti üzərində lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını yerinə yetirir. Eyni zamanda Mərkəzi Bank iqtisadiyyatın inkişafının əsasını təşkil edən milli valyutanın sabitliyini təmin edir və onun alıcılıq qabiliyyətini tənzimləyir. Bundan başqa Mərkəzi Bank respulikada pul dövriyyəsini tənzimləyir, dövriyyədəki pulların banklara cəlb edilməsini təşkil edir. Milli Bank, o cümlədən Azərbaycan Respublikası ərazisində nağd pul emissiyasını həyata keçirən yeganə kredit təşkilatıdır.
Bankların fəaliyyət növləri banklar haqqında Azərbaycan Respublikasının qanununun 32 ci maddəsində öz əksini tapmışdır. Banklar Milli bankdan aldığı bank lisenziyasında qadağan edilməmişdirsə, aşağdakı fəaliyyət növləri ilə məşğul ola bilər.
1.Tələbli və müddətli depozitlərin və digər qaytarılan vəsaitlərin cəlb edilməsi.
2. Kreditlərin verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi , faktorinq, forfeytinq, lizinq xidmətləri və digər kreditləşdirmə növləri
3. Fiziki və hüquqi şəxslərin hesablarının , o cümlədən müxbir hesablarının açılması və aparılması
4 Klirinq, hesablaşma-kassa xidmətləri, pul vəsaitlərinin , qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlər göstərilməsi
5 Öz hesabına və ya müştərilərin hesabına maliyyə vasitələrinin , xarici valyutanın
Qiymətli metalların və daş- qaşların, valyuta və faiz vasitələrinin, səhmlərin və digər qiymətli kağızların, habelə forvard kontraktlarının, svoplara dair sazişlərin, fyuçerslərin, opsionların və valyutalara, səhmlərə istiqrazlara, qiymətli metallara və ya faiz dərəcələrinə aid digər törəmə vasitələrin satın alınması və satılması.
6.Ödəniş vasitələrinin ( kredit və debet kartları, yol çekləri və bank köçürmə vekselləri ) buraxılması
7. Qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi.
8. Öhdəliklərin icrasına təminatların, o cümlədən qarantiyaların verilməsi və öz hesabına və müştərilərin hesabına akkreditivlərin açılması
9. qiymətli kağızlar bazarında peşakar fəaliyyət.
10. Malliyə müşaviri, maliyyə agentivə ya məsləhətçisi xidmətlərin göstərilməsi
11. Kreditlərə və kredit qabilyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi
12. Sənədləri və qiymətliləri. Pul vəsaitlərini saxlanca qəbul etmək
13. Qiymətlilərin, banknotların və sikkələrin inkasasiya edilməsi və göndərilməsi
Banklar Qanunun 32 maddəsində sadalanan fəaliyyət növlərindən başqa bu qanunun 33-cü maddəsi istisna olmaqla, digər qanunlarla nəzərdə tutulmuş fəaliy-
yət növlərini də həyata keçirə bilərlər. Heç bir bank ticarət, istehsal , nəqliyyat,
kənd təsərüfatı, yataqların işlənilməsi, tikinti və sığorta fəaliyyəti ilə məşğul ola, və ya sığorta fəaliyyəti istisna olmaqla, tərəfdaş, şərik,payçı kimi bunlarda iştirak edə bilməz.
Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, kommersiya bankları
Müxtəlif hüquqi və fiziki şəxslərə geniş əhatəli xidmətlər göstərir, əməliyyatlar aparırlar.
Ümumiyyətlə kommersiya banklarının apardığı əməliyyatlar öz xarakterinə görə 3 qurupa bölünür.
1. Passiv əməliyyatlar.( vəsaitlərin cəlb edilməsi əməliyyatları)
2. Aktiv əməliyyatlar . ( vəsaitlərin yerləşdirilməsi əməliyyatları
3. Aktiv-passiv əməliyyatlar.(vasitəçilik əməliyyatlar

Yüklə 38,48 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə