Əmək miqrasiyasının yaranması dünya təsərrüfatının formalaşması və inkişafı ilə
əlaqədardır. Dünya iqtisadi inkişafının qlobal xarakteri, ölkələrin daha aktiv şəkildə dünya
təsərrüfatına cəlb edilməsi, ölkələrin qarşılıqlı asılılığı və onların iqtisadi inkişaflarında olan
qeyri-bərabərlik miqrasiyanın səbələrini doğurmuşdur.
İşçi qüvvəsinin miqrasiyası iki qrup amillərin təsiri altında baş verir:
1)
Qeyri-iqtisadi amillər, məsələn, siyasi-hüquqi (məsələn, 1975-ci ildə kommunistlərin
qələbəsindən sonra Vyetnamdan qaçqın axınları), dini, etnik, ailəvi amillər. Son onillikdə
ekoloji, təhsil-mədəni və psixoloji amillərin də miqrasiyaya təsiri artıb.
2)
İqtisadi amillər. İqtisadi amillərə aiddir:
ölkələrin iqtisadi inkişaf səviyyələrində olan müxtəliflik işçi qüvvəsinin dəyərində
kəskin fərqlərə gətirib çıxarır ki, nəticədə də işçi qüvvəsi əməyin ödəniş səviyyəsinin,
yəni əmək haqqının daha yüksək olduğu ölkələrə doğru istiqamətlənir;
ayrı-ayrı ölkələrin əmək resursları ilə fərqli səviyyədə təmin olunmaları;
milli əmək bazarının vəziyyəti, məsələn, zəif inkişaf etmiş ölkələrdə milli əmək bazarı
xroniki işsizlik şəraitində inkişaf edir ki, bu da insanları digər ölkələrdə iş axtarmağa
məcbur edir;
əmək resurslarının kəmiyyət və keyfiyyət xüsusiyyətlərinin milli istehsalın maddi-
texniki bazasına uyğunsuzluğu.
Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, sənayecə inkişaf etmiş ölkələrdə
miqrasiyanın vacib motivi kimi özünütəsdiq məqsədilə konkret iş yerinin axtarışı da çıxış edir.
İşçi qüvvəsinin beynəlxalq miqrasiyasının intensivliyi bir sıra amillərdən asılıdır. Onların
sırasında aşağıdakıları göstərmək olar:
dünya iqtisadi inkişafının qlobal xarakteri və ölkələrin qarşılıqlı asılılığının artması;
elmi-texniki tərəqqinin inkişafı ixtisaslı işçi qüvvəsinə olan ehtiyacı artırır, yeni peşələrin
yaranmasına səbəb olur və mövcud iş qüvvəsinə tələbin dəyişməsinə gətirib çıxarır;
iqtisadiyyatın struktur yenidənqurması, yəni, xarici iqtisadi fəaliyyətin liberallaşdırılması
ilə müşaiyət olunan bazar iqtisadiyyatına keçid ölkənin xarici miqrasiya dövriyyəsinin
kəskin artımına səbəb olur;
kapital ixracı, transmilli şirkətlərin fəaliyyəti işçi qüvvəsinin kapitalla birləşməsinə şərait
yaradaraq ya işçi qüvvəsini kapitala doğru yönləndirir, ya da kapitalı əməkdən bol olan
ölkələrə köçürür;
ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının və ümumilikdə dünya iqtisadiyyatının yerləşdikləri
iqtisadi tsikl fazaları: yüksəliş fazasında işçi qüvvəsinə tələb artır, böhran fazasında isə
aşağı düşür;
dünya təsərrüfatında baş verən iqtisadi inteqrasiya prosesləri bu prosesə qoşulan ölkələr
arasında işçi qüvvəsinin beynəlxalq miqrasiyasını stimullaşdırır və bu ölkələr öz
növbəsində işçi qüvvəsini cəlb edən yeni mərkəzlərə çevrilirlər;
beynəlxalq informasiya sisteminin genişlənməsi, həmçinin nəqliyyat vasitələrinin inkişafı
və ucuzlaşması.
5.3. İşçi qüvvəsinin miqrasiya “dalğaları”, miqrasiya mərkəzləri və
miqrasiyanın müasir meylləri
İstənilən iqtisadi proses öz inkişafında müxtəlif mərhələlərdən keçir ki, onlar da bir-
birlərindən kəmiyyət və keyfiyyət parametrlərinə görə fərqlənirlər. İqtisadi səbəblər nəticəsində
miqrant axınları bir qayda olaraq aşağı gəlirli ölkələrdən yüksək gəlirli ölkələrə doğru
istiqamətlənir. II dünya müharibəsindən sonra beynəlxalq miqrasiyanın istiqamətləri iqtisadi
şəraitin dəyişməsi nəticəsində daim tərəddüdlərə məruz qalmışdır.
İşçi qüvvəsinin miqrasiyası bir çox yüzillik bundan əvvəl yaranıb və o vaxtdan ciddi
dəyişikliklərə məruz qalıb. İşçi qüvvəsinin ilk kütləvi hərəkəti qulların Afrikadan Amerika
qitəsinə məqsədyönlü daşınması olub ki, bunun da nəticəsində XVII-XIX əsrlərdə Afrikanın
əhalisi xeyli azalmışdı. Köçmə prosesi XVIII əsrin sonları XIX əsrin əvvəllərində, əhali
kütlələrinin müxtəlif səbəblərdən Avropadan Amerikaya hərəkəti zamanı xüsusilə geniş masştab
almışdı.
Quldarlığın ləğvindən sonra ABŞ-a Avropadan ikinci iri emiqrasiya dalğası başladı. XIX
əsrin birinci yarısında sənaye işçilərinin beynəlxalq miqrasiyası üstünlük təşkil edirdisə, həmin
əsrin sonuna miqrasiyaya daha çox müflisləşmiş kəndlilər cəlb edilmişdi.
XIX əsrin ortalarında müasir miqrasiyanın tarixində ən əhəmiyyətli hadisələrdən biri qeydə
alınmışdır. Belə ki, XIX əsrin 40-cı illərində “kartof aclığı” nəticəsində İrlandiyadan ABŞ-a
emiqrasiya “püskürməsi” baş vermişdir.
XIX əsrin 80-ci illərində İtaliyadan və Şərqi Avropa ölkələrindən ABŞ-a geniş həcmli
miqrasiya Avropada yetişdirilən buğdanın qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqədar
idi.
XIX əsrin sonlarında ABŞ-da iqtisadi konyukturanın pisləşməsi nəticəsində bu ölkəyə
miqrant axını kəskin surətdə azaldı. Lakin iqtisadi canlanmanın başlanması ilə axın yenidən geniş
vüsət aldı. Bu dövrdə işçi qüvvəsinin geniş həcmli miqrasiyasının səbəbləri kimi bir sıra Avropa
ölkələrində aqrar köçmələri, Avropada mövcud olan işsizliyi, ABŞ-da işləmək üçün əlverişli
şəraitin olmasını göstərmək olar.
Avropadan ABŞ-a növbəti miqrasiya dalğası ötən yüzilliyin 20-ci illərində qeydə
alınmışdır. Bu dövrdə yuxarıda qeyd olunan səbəblər sırasına I dünya müharibəsinin nəticələri,
müharibədən sonrakı çətinliklər də əlavə edilmişdi.
II dünya müharibəsindən sonra dünya əmək bazarına elmi-texniki və yüksək ixtisaslı işçilər
çıxmağa başladılar. Bu zaman ABŞ-a işçi qüvvəsinin miqrasiyasının 3 yeni axını qeydə
alınmışdır. Birinci axın kimi “beyin axını”nı, yəni yüksək ixtisaslı mütəxəssislərin və onların ailə
üzvlərinin Şimali Amerikaya sabit axınını göstərmək olar. İkinci axın kimi Macarıstandan (1956-
cı ildə xalq üsyanının boğulmasından sonra), Vyetnamdan (1974-1975-ci illərdə, müharibənin
bitməsindən sonra) və Kubadan (1980-ci ildən sonra) qaçqın axınlarını qeyd etmək olar. Üçüncü
axın kimi isə ABŞ-a Meksika, Karib hövzəsi ölkələri və Asiyadan əsasən aşağı ixtisaslı işçi
qüvvəsi axını fərqləndirilir. 1990-cı illərdə bütün immiqrantların 84%-i ABŞ-a bu üç regiondan
gəlib.
XIX-XX əsrin əmək miqrasiyası proseslərində Çindən Cənub-Şərqi Asiya ölkələrinə və
Şimali Amerikaya əhali miqrasiyası xüsusi rol oynamışdır. Köçmə xarakteri daşıyan bu axın 70-
100 milyon nəfər həcmində qiymətləndirilir.
II dünya müharibəsindən sonra, xüsusilə də 1960-cı illərin əvvəllərində Avropada işçi
qüvvəsinin miqrasiyasının kifayət qədər intensiv prosesləri qeydə alınıb. İspaniya, Portuqaliya,
Yunanıstan, Yuqoslaviya, Türkiyədən olan işçilər Avropanın sənayecə inkişaf etmiş ölkələrinin
iqtisadiyyatında aktiv şəkildə istifadə edilməyə başlanıb. Xarici işçi qüvvəsi Avropa Birliyi
ölkələrinin təsərrüfatlarının müvəffəqiyyətlə funksiya göstərməsi üçün vacib bir amilə çevrilib.