məktələrinin sayının artmasına baxmayaraq, onlar təhsilə getdikcə artan tələbatı ödəyə
bilmirdi və buna görə də mollaxanaların sayı və rolu Azərbaycanda XIX əsrdə və XX
əsrin əvvəlində üstün olaraq qalırdı.
Azərbaycanda maarifçiliyin inkişafında Qori şəhərindəki Zaqafqaziya Müəllimlər
Seminariyası, o cümlədən onun 1879-cu ildə maarifçi Mirzə Fətəli Axundov və
Zaqafqaziya Sünni Ruhani İdarəsinin müftisi Mirzə Hüseyn Qayıbzadənin (Qayıbov)
qüvvəsi ilə açılmış Tatar (Azərbaycan) şöbəsi; İrəvan Müəllim Seminariyası, İrəvan
pansionu, Tiflis Pedaqoji institutu böyük rol oynamışdır.
XIX əsrin ikinci yarısında dövri mətbuatın yaranması Azərbaycanın mənəvi
həyatında mühüm bir hadisə oldu. 1875-1877-ci illərdə Azərbaycan dilində çap olunan
(56 nömrə) «Əkinçi» qəzetinin redaktoru Həsənbəy Məlikovun (Zərdabi) bu işdə xidməti
olduqca böyükdür. Qəzet doğma dilin təmizliyi uğrunda yorulmadan mübarizə aparırdı
və azərbaycan publisistika dilinin yaradılmasında onun xidməti əvəzsizdir. 1879-cu ildə
Tiflisdə Azərbaycan dilində digər bir qəzet – «Ziya» da çıxmağa başladı.
XIX əsrin ikinci yarısında Azərbaycanda tarixi bilik inkişaf etməyə başlayır. 80-ci
illərdə Mirməhsəti Haşımzadə «Kitabi-tarixi Qarabağ» əsərini yazır və burada həmin
xanlığın yaranmasından başlayaraq Türkmənçay sülh müqaviləsi bağlanana kimi olan
siyasi tarixini əks etdirir.
Qarabağ tarixi ilə bağlı kiçik, amma olduqca məzmunlu bir əsər 1883-cü ildə
Əhmədbəy Cavanşir (1828-1903) tərəfindən rus dilində yazılmışdır. Seyidəli Kazımbəy
oğlu və Mirzəəhməd Xudaverdi oğlu (1792-XIX əsrin 90-cı illəri) Talış xanlığının və
Lənkəran şəhərinin tarixini tərtib etmişdilər. Seyidəli Kazımbəy oğlunun «Lənkəran
ziynətlərinin kitabi» adlı əsəri 1869-cu ildə fars dilində yazılmışdı.
Çingizxan imperiyasının süqutundan başlayaraq Rusiya tərəfindən zəbt
olunmasına qədər Azərbaycana fars padşahlarının hücumu tarixini işıqlandıran
Bəhmənmirzə Qacar (1808-1884) olmuşdur. Azərbaycan və bütövlükdə Yaxın Şərq
tarixinin ayrı-ayrı məsələləri XIX əsr Azərbaycan mədəniyyətinin tanınmış
nümayəndələri Mirzə Fətəli Axundov, Nəriman Nərimanov, Sultanməcid Qənizadə,
Həbibbəy Mahmudbəyovun əsərlərində araşdırılmışdır.
Həsənbəy Məlikov (Zərdabi), N.Nərimanov, Firidun Köçərli, Mirzə Əbdülhəsən
Vəzirov, Mirzəyusif Qarabaği, Mirmövsüm Nəvvab (1833-1918) də ədəbiyyat tarixi və
nəzəriyyəsi ilə məşğul olmuşlar.
Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Cəlil Məmmədquluzadə, Nəriman
Nərimanov, Nəcəfbəy Vəzirov kimi mütəfəkkirlərin əsərlərində demokratik ideyalar
özünü biruzə verir. Azərbaycan ədəbiyyatı tarixində çox güclü satirik və maarifçi şair
kimi tanınan Seyid Əzim Şirvani kiçikyaşlı uşaqlar üçün xrestomatiya tərtib edərək oraya
süjetinə görə lap sadə olan xırdahəcmli hekayələr və təmsillər daxil etmişdi.
S.M.Qənizadə bir sıra nəsr əsərlərinin («Müəllimlərin iftixarı» hekayəsi, «Gəlinin
boyunbağısı» povesti) müəllifi idi. Məhəmməd Tağı Sidqinin də qələmindən bəzi nəsr
əsərləri çıxmışdı. XIX əsrin sonunda Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov,
Nəcəfbəy Vəzirov, Əbdürrəhimbəy Haqverdiyev kimi əsərləri əsasını M.F.Axundovun
ölməz komediyalarının qoymuş olduğu Azərbaycan dramaturgiyasının inkişafına yardım
edən yazıçılar ədəbi fəaliyyətə başlayır.
XIX əsrin ikinci yarısında milli teatrın yaranması Azərbaycanın mənəvi həyatında
möhtəşəm bir hadisə oldu. İri şəhərlərdə – Şuşada, Naxçıvanda, Bakıda istedadlı
pedaqoqlar, mütəfəkkirlər, ictimai xadimlərin köməkliyi ilə həvəskar teatr truppaları
yaradılırdı. 1873-cü il 10 (23) martda Bakıda, Azərbaycan dilində ilk tamaşa göstərildi.
Bakıda teatr binasının görkəmli mesenat, neft sənayeçisi və mütəfəkkiri Hacı
Zeynalabdin Tağıyev tərəfindən yenidən qurulması yaddaqalan bir hadisəyə çevrildi.
XIX əsrin sonu – XX əsrin əvvəlindəki qısa bir müddətdə Hüseyn Ərəblinski, Cahangir
Zeynalov və başqaları kimi çox istedadlı teatr xadimləri, artistləri meydana gəldi.
Maarifçilik, humanizm, vətənpərvərlik ideyalarının yayılmasında Cəlil
Məmmədquluzadənin çap etdirdiyi «Molla Nəsrəddin» jurnalının rolu misilsiz idi.
Musiqi – aşıq və xanəndə sənəti xüsusi inkişaf edirdi. Şuşa, Ordubad, Şamaxıdakı
şer məclisləri, həmçinin həmin cəmiyyətlərin və Azərbaycan mesenatlarının təşkil etdiyi
musiqi gecələri buna yardım edirdi. Azərbaycanın musiqi sənətinin yüksəliş zirvəsi
bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun ölməz
operaları və musiqili komediyaları oldu.
Azərbaycan cəmiyyətinin qabaqcıl hissəsinin bu prosesə kömək etməyə can atdığı
və buna görə də ayrı-ayrı sahələrdə – maarif, tarix, ədəbiyyat, dramaturgiya, mətbuat,
musiqidə özünüifadə üsulu tapa bildiyi bərpa olunan milli özünüdərk şəraitində həmin
proseslərdə Azərbaycan qadınlarının rolu olduqca mühüm bir məsələyə çevrilir. Şimali
Azərbaycanda qadına münasibətin necə dəyişdiyini və XIX əsrin sonu – XX əsrin
əvvəlində cəmiyyətin inkişafında onun hansı rolu oynadığını daha dəqiq
qiymətləndirmək üçün araşdırdığımız məsələ baxımından Rusiya tarixinə və bütövlükdə
Rusiya imperiyasında qadının vəziyyəti məsələsinə müraciət etməliyik. Şübhəsiz ki, bu
prosesin başlanğıcı maarifçiliklə bağlıdır, çünki məhz təhsil sayəsində qadın cəmiyyətdə
kişi ilə yanaşı, eyni pillədə dayanmaq imkanı verən layiqli intellektə malik ola bilir.
İncəsənətdə, pedaqogikada ixtisaslı qadınlara cəmiyyətdə olan ehtiyac qadın təhsili
sahəsində islahat aparılmasını tələb edirdi. Və bu islahatlar II Yekaterinanın dövründə
həyata keçirildi. Rusiya pedaqogikasının əsas vəzifəsini o, qısa bir müddətdə «yeni
cinsli insanların» tərbiyə olunmasında görürdü. Təhsil islahatının icraçıları ictimai
tərbiyənin əsasını uşaqların ən ilkin yaşdan daxil olacağı müəssisədə görürdülər. Tarixçi
Karamzinin yazdığına görə, məhz II Yekaterina 200 nəcib qız üçün Tərbiyə evinin
əsasını qoymuşdu ki, onları qadın ləyaqətinin nümunəsi etsin. Volter, Qrim, Didro bu
plana valeh olmuşdular, amma bütövlükdə zadəganlar ona laqeyd yanaşdı. Həmin evdə
tərbiyə alacaq qızlar altı yaşından «Cəmiyyət»ə daxil olur və 12 il ərzində orada qalırdı.
4 yaş qrupuna bölünərək qızlar burada rus və bir neçə xarici dil, Allah qanunlarını,
hesabı, şəkil çəkməyi, rəqs və əl işi, həmçinin tarixi, coğrafiyanı, ədəbiyyatı, memarlığı
və ev işlərini öyrənirdilər. Cəmiyyətə başçılıq edən Betski tərbiyənin əsas məqsədini
xarakterin xoşagəlməz xüsusiyyətlərini dəyişdirməkdə, amma onun sındırmamaqda
görürdü. Burada cismani cəza qadağan olunmuşdu. Qızlarla mehriban, humanist və
xeyirxah münasibətdə olmaq tələb edilirdi. Smolnı monastırının nəzdindəki «Nəcib
qızlar cəmiyyəti» 1765-ci ildə açılmışdı və onun başında Dolqorukova dururdu. Elə
həmin ildə Smolnının nəzdində «Meşşan peşə məktəbi» də təsis olundu və buraya
həmin şərtlər əsasında qeyri-zadəgan təbəqəsinə aid olan qızlar qəbul edilməyə
başladı. Burada qayğı daha böyük idi: kurs başa çatdıqda məktəbin rəhbərliyi məzun
qızların ərə verilməsinin də qayğısına qalırdı; imperatriça 100 min manat pul vermişdi ki,
kəbin kəsdirərkən qızlara bu məbləğdən müəyyən hissəsi verilirdi. Tarixçi Karamzin bu
cəmiyyəti «gülüstan» adlandırırdı. Bu məktəbin ilk buraxılışı 1773-cü ildə oldu. XIX əsrin
ilk onilliklərində Rusiyada yeni qadın obrazı yaranmağa başlayır. Bu qızlara incə hiss və
duyğuların romantizmi xas idi. Qızların bu nəsli XVIII əsrin humanist ənənələri əsasında
tərbiyə edilirdi. Onlar Volteri, Russonu, Höteni oxuyur, amma eyni zamanda onlara sırf
xristian sevgi, sədaqət ideyaları, qadının əri və ailəsi qarşısında mənəvi borc naminə
qurban verə və əzab çəkə bilməsi hissləri aşılanırdı. Puşkinin Fyodor Dostoyevski
tərəfindən milli-bədii tip adlandırıldığı Tatyana Larina obrazı bu qəbildəndir.
Dekabristlərin həyat yoldaşlarının rus qadın xarakterinin formalaşmasına
(qəhrəmanlıq və təmənnasız qurban verə bilmək notları xüsusi vurğulanaraq) çox güclü
təsiri olmuşdur. Dostoyevski yazırdı ki, «məhz ən yüksək mənəvi borc naminə hər şeyi
qurban verən bu qadınlar bizi yeni bir yola istiqamətləndirdi». Təhsilli rus cəmiyyəti
tərəfindən bu qadınların göstərdiyi qəhrəmanlığın qəbul edilməsi onun daxilində yeni
ideyanın – emansipasiyanın yaranmasına təkan verdi. Cəmiyyətdə hakim olan qadın
idealı onun kişinin sədaqətli rəfiqəsi, ana və uşaqların tərbiyəçisi ilə bağlı təsəvvür idi.