Kibernetik baxımdan, maddi obyektlərin təbii xassələri, təbiət hadisələrinin xarakteri, insan münasibətlərinin bu və ya digər cəhətləri deyil, həmin hadisələrdə, şeylərdə və münasibətlərdə fəaliyyət göstərən idarəetmə mexanizmləri ön plana çəkilir. Sistemi müxtəlif təbiətli elementlər arasında xüsusi növ əlaqələr və qarşılıqlı asılılıqlar məcmusu kimi təqdim edən kibernetika, tamamilə müxtəlif xarakterli hadisə və proseslərə “sistem” kimi yanaşmaqla, onların (hər biri özünəməxsus konkret daxili quruluşa malik olsa da) hamısının prinsip etibarı ilə eyni olan qanunların təsiri altında nizama salındığı, idarə edildiyi ideyasını irəli sürür. Viner Kibernetikası sistem modellərini tipikləşdirmiş, sistemdə əks-əlaqələrin xüsusi əhəmiyyətini aşkarlamış, sistemlərin idarə edilməsi və sintezində optimallıq prinsipini ön plana çəkmiş, informasiyanın materiyanın ən ümumi xassəsi olduğunu aydınlaşdırmış və onun kəmiyyətcə ifadə edilməsi mümkünlüyünü göstərmiş, ümumiyyətlə modelləşdirmə metodologiyasını və xüsusilə də EHM köməyi ilə riyazi eksperiment qoymaq ideyasını inkişaf etdirmişdir. Bütün bunlar ictimai şüurda, cəmiyyətin praktiki və mədəni həyatında inqilabiləşdirici rol oynamışdır. Lakin bütün bunlarla yanaşı Viner Kibernetikasına müəyyən texnisizm xasdır. Burada informasiya proseslərinin keyfiyyət tərəfləri kəmiyyət tərəflərinə qurban verilir. Optimallıq prinsipi yalnız tamamilə formallaşdırılmış məsələlərdə reallaşdırılır. İntellektin modelləşdirilməsi zamanı düşüncənin yalnız məntiqi komponenti nəzərə alınır və s. Bütün bunlar göstərir ki, kibernetika ideyalarını digər sahələrə tətbiq edərkən həm diqqətli olmaq lazımdır, həm də əlavə instrumentariya ilə birgə işləmək faydalıdır. Biz bu metodoloji xəbərdarlığı göz önündə saxlamağın tərəfdarıyıq.
Tərəfdarı olduğumuz elmi məntiq göstərir ki, ixtiyari problemin həlli konseptual qoyuluşda “mümkün hallar ansamblı” modelindən keçməlidir. Bu o deməkdir ki, istənilən tədqiqat işi üçün ilk metodoloji şərt bütövlük, yəni tamın hissələrinə xas olmayan yeni xassə nümayiş etdirməsi və onun (bütövlüyün) 1-lə işarə edilməsidir. Çünki bu anlamda bütövlük həm də özü boyda”lıq kimi ifadə ediləndir.
Bu qoyuluşun üstün cəhəti ondadır ki, alınacaq həll nəticəsi hər cür qeyri-müəyyənlikdən qorunur. Çünki, həllin hökmən təyin edilmiş oblastda olduğu bəri başdan təmin edilir.
Bu metodoloji təməli qəbul etdikdən sonra tədqiqat obyektinin, daha doğrusu, iqtisadiyyatın yığcam ümumnəzəri xarakteristikasını verməyə ehtiyac vardır.
İqtisadiyyat, cəmiyyətin altsistemi olmaqla, təbii resursları cəmiyyətin istehlakı üçün maddi nemətlərə çevirən böyük, mürəkkəb, dinamik, idarə edilə bilən, cəmiyyət tərəfindən müəyyən bir məqsədə doğru yönəldilmiş, fiziki, ehtimallı, dövri (tsiklik), qeyri-xətti, etibarlı, açıq, özü-özünü tənzimləyən, öyrədən, təşkil edən, təkmilləşdirən bir sistemdir.
Göründüyü kimi, iqtisadiyyat, özünün bütün cəhətləri, daxili təbiəti və fəaliyyət şəraiti etibarı ilə həm də olduqca dərin kibernetik məzmun kəsb edən bir sistemdir. Lakin iqtisadiyyat heç də yalnız sırf kibernetik məzmun daşıyıcısı deyildir. Odur ki, iqtisadi prosesləri bir çox elm sahələri prizmasından tədqiq etmək imkanı mövcuddur.
Mürəkkəblik iqtisadi hadisə və ya proseslərin spesifik xüsusiyyətlərindən biri olmaqla, həm də kibernetikanın əsas götürdüyü əlamətlərdəndir. Kibernetik mövqedən, mürəkkəblik dedikdə, adətən idarəedici subyektlə idarəetmə obyekti arasında iki tərəfli (düz və əks) informasiya əlaqəsinin mövcudluğu nəzərdə tutulur.
Mürəkkəblik həm də inteqrasiyanın1 törəməsidir. Bu cəhəti nəzərə alaraq, bütövlükdə iqtisadiyyata, o cümlədən, onun ixtiyari quruluş vahidinə “inteqrasiya edilmiş iqtisadi sistem” (İEİS) kimi yanaşmağı məqsədəuyğun hesab edirik.
İnteqrasiya müəyyən bir ali məqsəd ətrafında birləşmə zərurətini və onun konkret formasını əks etdirir. Bu baxımdan, inteqrasiya ən ümumi və ən zəruri mövcudolma forması və ya üsulu kimi anlaşılır. Bu isə o deməkdir ki, varlığın elə bir nümunəsi yoxdur ki, o, inteqrasiyanın məhsulu və ya nəticəsi olmasın. Deməli, istənilən tədqiqat obyekti, o cümlədən, iqtisadiyyat, ilk nöbədə, inteqrasiya mahiyyətlidir.
İnteqrasiyanın məzmununu ali məqsədin xarakteri təyin edir. Odur ki, inteqrasiyanın zorakı və könüllü kimi iki növünü fərqləndirirlər. Zorakı inteqrasiya fərdi məqsədlərdən vahid məqsəd hasil edilməsi zamanı baş verir. Belə ki, bu halda yad hissələr zorakı yolla bir-biri ilə birləşdirilir və daxili ziddiyyətlərlə dolu olan bir bütöv yaradılır. Könüllü inteqrasiyada isə fərdi məqsədlər ali məqsədin təbii tərkib hissələri kimi çıxış edir. Yəni burada hissələr tamın öz tərkib elementləri olduqlarından heç bir zorakılığa ehtiyac qalmır. Bununla belə, real inteqrasiyaların heç biri sırf könüllü və ya zorakı deyildir. Hər bir zorakı inteqrasiyada müəyyən könüllülük elementləri, hər bir könüllü inteqrasiyada isə bu və ya digər dərəcədə zorkılıq çalarları həmişə mövcud olur.
İnteqrasiya mürəkkəbliyin meydana çıxması üsulu olmaqla, elementlərin xüsusi növ düyünü və bütövlüyə tamamlanandır.
Deməli, iqtisadiyyat özü boyda açıq sistemdir.
İnteqrasiya mahiyyətcə daha çox quruluşa xas olan cəhətdir. Yəni bu mənada, ”1+1 həmişə 2-dən böyükdür”. Bu böyüklük sistemin bütövləşməsi ilə bağlı meydana çıxan yeni xassəni ifadə edir.
Beləliklə, bizim anlamımızda, BAZAR – baş inteqrasiya düyünüdür.
Lakin “inteqrasiya edilmiş iqtisadi sistem”” (İEİS) dedikdə, həm də elə istehsal-təsərrüfat obyektləri nəzərdə tutulur ki, onların icra etdikləri qlobal funksiya öz forma və məzmununa görə bir-birinə bənzəməyən, reallaşdırılma mənbələri və üsulları etibarı ilə fərqli olan çoxşaxəli, çoxparametrli və çoxgedişli müxtəlif lokal funksiyalar iyerarxiyasından təşkil edilmiş olsun. Bu isə o deməkdir ki, “inteqrasiya edilmiş iqtisadi sistem” anlayışı sistemologiyada istifadə edilən bu qəbildən olan bütün anlayışları əhatə etməklə yanaşı, həm də tədqiqatın istiqamətini müşahidə edilən iqtisadi obyektin quruluşu və fəaliyyət mexanizmlərinin hərəkətverici qüvvələrinin araşdırılmasına doğru yönəldir. Çünki inteqrasiya müxtəlif təmərküzləşmə, ixtisaslaşma, kooperasiyalaşma və kombinələşmə səviyyələrinə malik olan bir neçə mürəkkəb aqreqatın” elə birləşdirilməsini ifadə edir ki, bütövlükdə sistemin fəaliyyətini ağırlaşdıran bir sıra əməliyyatların lüzumsuz təkrarını ləğv etsin. Digər tərəfdən isə, inteqrasiya” yeni xassə törədicisi olduğundan, inteqrasiya edilmiş iqtisadi sistem” ilk növbədə emercent xassəli sistemdir.
Bütün bu deyilənlərlə yanaşı, bizim fikrimizcə, İEİS-in ən vacib cəhəti onun davranışının son nəticələrində təşkiledicilərin rolunun və mənafelərinin daim diqqət mərkəzində saxlanmasıdır. Yəni, İEİS-in tərkib elementləri müəyyən fəaliyyət sərbəstliyinə malikdirlər. Halbuki, elmi ədəbiyyatda təşkiledicilərin hüquqları və mənafeləri diqqətdən yayınmışdır.
İEİS bir tərəfdən, məqsədəuyğun insan fəaliyyətinin nəticəsi olub, sonu məlumdursa, digər tərəfdən də, ehtimallıdır, təsadüfi amillər əhatəsindədir; o, həm tsiklik xarakterlidir, həm də qeyri-xətti inkişaflıdır; bir tərəfdən davamlı, dayanıqlı, etibarlıdırsa, digər tərəfdən də açıqdır. Onun açıqlığı isə öz inkişafı yolunda ”zəncirvari reaksiyalara” bənzər, getdikcə mürəkkəbləşən istehsal-təsərrüfat şaxələri törətməsi ilə izah edilir. Bu şaxələr artdıqca sistemin ətalət qüvvəsi və inkişaf sürəti artır, idarə olunması isə həm mürəkkəbləşir, həm də məzmunca dolğunlaşır (analitikləşir). Bu sonuncu isə, bir yandan daxili və xarici əlaqə və asılılıqların sıxlaşması1 ilə xarakterizə olunursa, başqa mövqedən də həcmi və miqdarı qarşısıalınmaz bir sürətlə artan iqtisadi informasiyanın tez və yüksək keyfiyyətlə işlənməsi zərurəti ilə müəyyən edilir.
Ən ümumi halda, İEİS-in baş (əsas) məqsədi minimal məsrəflə maksimal iqtisadi nəticə əldə etməkdən ibarətdir.
İEİS, Gödelin ”xarici tamamlama” prinsipinə əsasən, daha geniş miqyasda ictimai-siyasi quruluşa malik ictimai-iqtisadi sistemdir. Odur ki, sırf iqtisadi cəhətdən özünü doğrultmayan bir sıra iqtisadi vahidlərin çox vacib sosial əhəmiyyəti olduğundan, onların fəaliyyətinə xitam verilməsi ümumdövlət və ümummilli maraqlar baxımından arzuolunmaz hal sayılır.
Çoxsaylı və cürbəcür düz və əks-əlaqələrin mövcudluğu, həmçinin gələcək haqqında informasiya kasadlığı şəraitində İEİS-in idarə edilməsi olduqca mürəkkəbləşir və onun sonrakı davranışını kifayət qədər yüksək dəqiqliklə proqnozlaşdırmaq son dərəcə çətinləşir.
İstehsalın texnikasında və texnologiyasında yeni, iri elmi kəşflərlə əlaqədar olaraq dərin prinsipial dəyişikliklər əmələ gəlir ki, bu da müəyyən müddət ərzində İEİS-in vəziyyətinin qeyri-müəyyənlik elementləri ilə zənginləşməsinə səbəb olur.
İEİS daxilində gedən proseslər getdikcə mexanikləşdirilir və avtomatlaşdırılır. Lakin istehsalın və idarəetmənin mexanikləşdirilməsi və avtomatlaşdırılması səviyyəsi o dərəcədə yüksələ bilməz ki, ümumiyyətlə, İnsanın iştirakına ehtiyac qalmasın. ”İnsan-maşın” sistemi deyilən bu sistemdə insan hələlik hakim rol oynayır və onun elmi-texniki tərəqqisində həmişə əsas hərəkətverici qüvvə olaraq qalacaqdır. Buna görə də insan fəaliyyətinin maddi və mənəvi stimullaşdırılması, onun yaradıcılıq qabiliyyətinin hərtərəfli inkişaf etdirilməsi İEİS-in inkişafının, təkamülünün və səmərəli fəaliyyətinin çox mühüm şərtidir.
İEİS-in maraqlı xüsusiyyətlərindən biri - onun komponentlərinin və istehsal üsullarının olduqca geniş diapazonda qarşılıqlı əvəz oluna bilməsidir. Qarşılıqlı əvəzetmə isə istehsal və istehlak komponentlərinin geniş rəqabət qabiliyyəti üçün şərait yaradır. Bu, səmərəli istehsal variantının seçilməsinə, maddi və əmək resurslarına qənaət edilməsinə imkan yaradır ki, bunun da nəticəsində İEİS-in fəaliyyətinin yüksək səviyyədə etibarlılığı təmin olunur.
İnkişafın və fəaliyyətin natural və dəyər aspektlərinin üzvi surətdə birləşdirilməsi İEİS-in səciyyəvi xüsusiyyətidir. Bu sistemin maddi-əşya komponentlərinin (onların istehsal texnologiyası, bölüşdürülməsi və istehlakı ilə müəyyən olunan) hərəkəti, bunların dəyərlərinin hərəkəti ilə ayrılmaz surətdə bağlıdır.
Nəhayət, İEİS-in ümumi xarakteristikası barədə fikri yekunlaşdırarkən, qeyd etmək lazımdır ki, bu sistemin fövqəladə dərəcədə mürəkkəb funksiya icra etməsi ilə əlaqədar olaraq, bu funksiyanı reallaşdıran istər maddi, istərsə də informasiya sxemləri çoxnövlü və çoxpilləli iyerarxiya sinifləri təşkil edirlər və bunların hər biri özünəməxsus ”inteqrasiya mərkəzinə” malikdir. Özü də bu ”mərkəzlər” İEİS-in idarəetmə aspektində ayırdığımız müxtəlif qütblərində yerləşirlər. Lakin bunların fəaliyyəti vahid mərkəzdən koordinasiya edilir.
Burada xüsusi olaraq qeyd edək ki, bizim anlamımızda, İEİS-dəki bu koordinasiya, heç də elmi ədəbiyyatda göstərildiyi kimi, sərt sistem tələbləri ilə deyil, məhz təşkiledicilərin mənafelərini uzlaşdırmaq məqsədi güdən fəal məşvərət formasında həyata keçirilir.
Göstərək ki, sözügedən ”mərkəzlər” yalnız konkret İEİS çərçivəsində mövcud olur və nisbi xarakter daşıyırlar. Belə ki, tədqiqatın miqyası (eninə və dərininə) dəyişdikdə həm bütövlükdə İEİS, həm də lokal ”mərkəzlər” mahiyyət dəyişikliyinə uğrayırlar. Bu isə o deməkdir ki, istənilən miqyaslı iqtisadi obyektə İEİS kimi baxmaq olar. Halbuki, indiyə qədər ”inteqrasiya” termini adətən son dərəcə böyük olan iqtisadi vahidlər üçün işlədilmişdir.
İEİS daxilindəki lokal ”mərkəzlər” müxtəlif ixtisaslaşma səviyyəsinə malik ola biləndirlər. Odur ki, əsas problem səviyyələr arasında maksimal uyarlıq yaradılmasından ibarətdir.
2. İEİS-in fəaliyyətinin qiymətləndirilməsinə məqsədli-sistemli yanaşma
İEİS elə sistemlər sinfinə aiddir ki, onun idarə edilməsinin təkmilləşdirilməsi və bu məqsəd üçün intensiv üsul və vasitələrdən istifadə edilməsi hökmən sistemli təhlil tələb edir. Tədqiqat obyektinin təhlili və sintezi isə bu metodun iki zəruri mərhələsidir. Bu baxımdan, istənilən iqtisadi idarəetmə obyekti ətraf mühitlə çoxcəhətli fəal qarşılıqlı münasibətdə mövcud olur. Odur ki, belə bir mürəkkəblikdən yalnız ”sistem” qurmaqla baş çıxarmaq olar. Çünki, ”sistem – mürəkkəbliklə mübarizə vasitəsi, mürəkkəbdə sadəlik tapmaq üsuludur”.
Belə bir metodoloji tələbatı nəzərdən qaçırmaq olmaz ki, tədqiqatçı öyrəndiyi obyektin təbiətindən asılı olmayaraq, bütün hallarda yalnız öz qarşısına qoyduğu məsələni həll etmək üçün ”sistem” qurur.
Obyektə İEİS mövqeyindən baxmaq, ilk növbədə, onun informasiya konturlarını müəyyən etmək deməkdir. Bundan sonra sistemin girişi və çıxışı müəyyənləşdirilir ki, İEİS-in funksiyasını və reallaşdırma sxemlərini anlamaq mümkün olsun.
Funksiya – sistemin çıxış vəziyyətləri çoxluğudur. Funksiya dedikdə, sistemin mümkün olan bütün davranış xətləri başa düşülür. Sxem isə – sistemin davranışının reallaşdırılması mexanizmidir. Bu mənada, sxem – giriş kəmiyyətlərini çıxış kəmiyyətlərinə, sərbəst dəyişənləri asılı dəyişənlərə çevirən mexanizmdir. Sxem sistemin funksiyası necə və hansı vasitələrlə reallaşdırılır? – sualına cavab verir.
Obyektə bu cür yanaşma zamanı yalnız 2 növ məsələ həll edilir:
- Təhlil məsələsi – məlum reallaşdırma sxemi əsasında sistemin funksiyasının müəyyən edilməsi;
- Sintez məsələsi – məlum funksiyaya görə həmin funksiyanı daha yaxşı (optimal) reallaşdıran sxemin tapılması.
İEİS, kibernetik sistem olmaqla, ilk növbədə, iki hissənin inteqrasiyasıdır. Bunlardan biri idarəedici, digəri idarə olunandır. Bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən idarəedici və idarəedilən sistemlərin hər biri də özlüyündə ayrıca inteqrasiya edilmiş sistemdir.
Bu baxımda, aid olduğu idarəetmə qütbündən asılı olmayaraq, bütün hallarda idarəedilən sistem - maddi dəyişdirici, idarəedici sistem isə –informasiya dəyişdiricisi kimi qəbul edilir.
İEİS daxilən 2 hissəyə bölündüyündən, onun qlobal funksiyası da uyğun olaraq idarəedilən və idarəedici sistemlərin funksiyalarına bölünür. Yəni, bütövlükdə İEİS 2 hissənin inteqrasiyası olduğu kimi, onun qlobal funksiyası da müvafiq hissələrin funksiyalarının inteqrasiyası kimi mövcud olur. Daha doğrusu, İEİS-in qlobal funksiyası «istehsal funksiyası» ilə «idarəetmə funksiyası»nın inteqrasiyasıdır1. Hər iki funksiya tərkibcə mürəkkəb, reallaşdırılma sxemləri baxımından, çoxgedişli və çoxparametrlidir.
İEİS-in idarəetmə funksiyası 3 komponentin inteqrasiyasıdır:
-
Uçotun bütün növlərini əhatə edən retrospektiv funksiya;
-
Cair, operativ idarəetmə və nəzarət kimi lokal funksiyaları özündə birləşdirən izləyici funksiya;
-
Planlaşdırma və proqnozlaşdırma məsələlərini əhatə edən perspektiv funksiya;
Retrospektiv funksiya mühasibat, statistika və operativ-texniki uçotu, perspektiv funksiya isə – vaxt amili nəzərə alındıqda – perspektiv, cari və operativ planlaşdırmanı, - planlaşdırılan əməliyyatların xarakteri baxımından isə – texniki-iqtisadi və operativ-istehsal planlaşdırmasını əhatə edir. Bu funksiyalar, demək olar ki, bütün eyni təyinatlı iqtisadi obyektlərdə eyni məzmunludur. İzləyici funksiya isə, İEİS-in konkret predmet oblastına daha çox bağlı olduğundan, xüsusi funksiyalar sırasına aid edilir.
İstehsal və idarəedici funksiyaların hər birinin özünəməxsus vaxt tsikli mövcud olur. İstehsal funksiyasının vaxt tsikli mövcud texnoloji prosesə lazım olan vaxtdan ibarətdirsə, idarəedici funksiyanın vaxt tsikli də onun reallaşdırılması üçün lazım olan informasiyanın alınmasına, işlənməsinə və uyğun qərar hazırlanmasına sərf olunan vaxtla ölçülür. Bu o deməkdir ki, istehsal və idarəedici funksiyalar müxtəlif tərkibli və müxtəlif mürəkkəblik səviyyəsi ilə xarakterizə olunan əməliyyatlar hesabına reallaşdırılırlar. Deməli, hər bir funksiya iki və daha çox lokal funksiyanın (bunlar isə iki və daha çox əməliyyatın) ”inteqrasiya mərkəzi” olmaqla, müxtəlif ”inteqrasiya səviyyəsi” ilə xarakterizə olunurlar.
İEİS-in qlobal funksiyasını reallaşdıran qlobal sxem ən ümumi halda maddi və informasiya sxemləri olmaqla 2 iri sinfə bölünür. Maddi reallaşdırma sxemləri istehsalın və idarəetmənin bütün maddi şərtlərini əhatə edir.
Aydındır ki, həm hər bir istehsal funksiyası üçün, həm də hər bir idarəedici funksiya üçün xüsusi, konkret maddi reallaşdırma sxemi mövcud olur. Maddi reallaşdırma sxemləri reallaşdırdığı funksiyanın xarakterindən asılı olaraq, müxtəlif maddi-material kombinasiyaları şəklində təzahür edir. Lakin İEİS-in elə bir funksiyası yoxdur ki, onu yalnız maddi reallaşdırma sxemi hesabına reallaşdırmaq mümkün olsun. Odur ki, bütün funksiyalar həm də maddi və informasiya sxemlərinin inteqrasiyası şəklində mövcud olurlar. Özü də informasiya sxemi maddi sxemin bir hissəsini əvəz etmək missiyası daşıyır. Bu o deməkdir ki, iqtisadiyyatda maddi məsrəflərə qənaət etmək üçün informasiya məsrəflərini artırmaq, yəni, yeni informasiya texnologiyasına keçmək lazımdır. Çünki, özü maddi və informasiya sxemlərinin konkret kombinasiyasının nəticəsi olan hər bir idarəedici funksiya əhatə etdiyi istehsal funksiyasının reallaşdırılmasında informasiya sxemi kimi iştirak edir. Hər bir istehsal funksiyası isə reallaşdırıldıqca, özünü əhatə edən idarəedici funksiyanın reallaşdırılmasında maddi sxem kimi zərurətə çevrilir. Bu fikri iqtisadi dilə çevirdikdə belə bir məna hasil olur ki, yeni istehsal-təsərrüfat və idarəetmə məsələlərinin qoyulub həll edilməsi və alınmış nəticələrin praktiki tətbiqi əlavə iqtisadi səmərə verir və bu səmərə həm də idarə aparatının təkmilləşdirilməsində iştirak edir.
İEİS-in idarəedici orqanı ”ali rəhbərlik” və ”informasiya sistemi” kimi 2 fazanın vəhdətidir. Aydındır ki, hər fazanın özünəməxsus funksiyası və reallaşdırma sxemi mövcuddur. ”İnformasiya sistemi” faktiki informasiya yığıcısı, normativ-plan informasiya bloku və informasiya emaledici kimi 3 blokdan ibarət olmaqla, ilkin (daxili və xarici) informasiyanın alınması, qeyd edilməsi, saxlanması, işlənməsi və nəticə informasiyanın qərar qəbulu üçün göndərilməsi kimi, hər biri özlüyündə kifayət qədər mürəkkəb olan lokal funksiyalar iyerarxiyasından təşkil olunan bir funksiya icra edir.
”İnformasiya sistemi”, özü İEİS-in idarəedici hissəsinin aşağı fazasını təşkil edərək ”istehsal funksiyası” icra etsə də, daxilən idarəedici və idarəedilən olmaqla iki qütbə bölünür. Burada da idarə edilən hissə ”istehsal funksiyası” icra edir. Lakin bu istehsal funksiyaları maddi xammal üzərində deyil, ilkin informasiya üzərində emal işini həyata keçirir.
İEİS-in idarəedici hissəsinin yüksək fazası olan ”ali rəhbərliyin” əsas işi qərar qəbulu olsa da, praktiki olaraq çoxistiqamətli funksiyalar çoxluğu icra edir və bu da ”idarəedici-idarəedilən” hissələr sistemidir.
Beləliklə, çox böyük metodoloji əhəmiyyəti olan nəticə alınır: İEİS daxilində aid olduğu qütbdən, iyerarxiya pilləkanında tutduğu mövqedən, sistemin fəaliyyətində oynadığı roldan və bu rolun məsuliyyətlilik dərəcəsindən asılı olmayaraq, bütün funksiyalar, bu funksiyaları icra edən bütün alt sistemlər müəyyən funksional sərbəstliyə malik olan müxtəlif səviyyəli ”inteqrasiya mərkəzləri”dir. Bu isə o deməkdir ki, İEİS, nəinki təkcə istehsal funksiyalarının icrası baxımından, habelə, idarəedici funksiyalar baxımından da interqasiya sistemidir.
Deyilənlərdən aydın olur ki, İEİS-in ən aşağı ”idarəedilən” hissəsi maddi xammalın tədarükü, qablaşdırılması, saxlanması, emalı və göndərilməsi (reallaşdırılması) mərhələlərindən ibarət bir texnoloji prosesi əhatə edirsə, ”idarəedici” hissəsi də sözügedən maddi dəyişdirmə prosesini təsvir edən informasiyanın tədarükü, qeyd edilməsi, saxlanması, işlənməsi və ötürülməsi prosesini özündə ehtiva edir. Yəni hər iki hissə anoloji fəaliyyət daşıyıcılarıdır. Deməli, İEİS bütün cəhətlərdən vahid metodoloji qəlibə sığandır. Bu, son dərəcə vacib cəhətdir.
İnformasiya, ən ümumi mənada, bu və ya digər hadisə, yaxud faktlar haqqındakı elə yeni məlumatlardır ki, biliyi genişləndirir, materiyanın, enerjinin və informasiyanın özünün məqsədəuyğun emalı prosesini dəyişdirməyə və yaxşılaşdırmağa imkan verir. Lakin tədqiqatın obyektivliyi baxımından informasiyanın təkcə kəmiyyət xarakteristikası kifayət deyildir. Ona görə də iqtisadi informasiyaya qiymət verərkən həmçinin, onun dəqiqliyi, ranqı, istifadə edilmək üçün yararlılıq səviyyəsi, əlverişliliyi, faydalılığı, qiymətliliyi, məqamlılığı (vaxtlı-vaxtında olması) kimi xassələrini də nəzərə almaq lazımdır.
Lakin bütün hallarda informasiya işlənərkən onun keyfiyyət xarakteristikaları rol oynamır. Deməli, İEİS-in idarə edilməsi prosesinə ”İnformasiya nəzəriyyəsi” mövqeyindən də baxmaq olar. Bu halda fərz edilir ki, idarəetmə prosesinin əsas momenti mövcud mümkün vəziyyətlər1 çoxluğundan müəyyən bir vəziyyətin seçilməsi aktıdır. Çünki, seçmə olmayan yerdə idarəetmə yoxdur və ola da bilməz. İnformasiya nəzəriyyəsinə görə isə seçmə qeyri-müəyyənliklə (entropiya ilə) məhdudlanır və uyğun olaraq müəyyən miqdarda informasiya alınması ilə nəticələnir. Entropiya bir tərəfdən qeyri-müəyyənlik ölçüsüdürsə, digər tərəfdən də müxtəliflik ölçüsü kimi çıxış edir. Odur ki, informasiya ilə müxtəliflik arasında mühüm əlaqənin olduğu aşkara çıxır. K.Şennon məhz bu cəhəti nəzərdə tutaraq göstərir ki, informasiya seçmənin qeyri-müəyyənliyini ləğv edir. N.Vinerə görə, entropiya – sistemdəki xaos, intizamsızlıq ölçüsüdürsə, informasiyanın miqdarı da intizamlılıq, sahmanlılıq ölçüsüdür. Deməli, entropiya informasiya çatışmazlığını ifadə edir. Məhz bu mənada L.Brillyüen informasiyanın miqdarına neqentropiya (neqativ entropiya və ya mənfi entropiya) adı vermişdir.
Beləliklə, idarəetmə, ilk növbədə, İEİS-dəki entropiyanı (qeyri-müəyyənliyi, müxtəlifliyi, tərəddüdü) azaltmaq missiyası daşıyır.
İEİS-in qlobal funksiyası (davranışı) müəyyən məqsədə, məsələn, müəyyən miqdar məhsul istehsal etməyə yönəldilir. Bu məqsədəçatma sürətini (funksiyanın səmərəliliyini) ölçmək üçün müəyyən bir kriteridən, məsələn, istehsalın, mənfəətin (yaxud rentabelliyin) maksimumu və ya məsrəflərin minimumu göstəricisindən istifadə edilir.
İEİS qarşısındakı məqsədə çatmaq üçün zəruri daxili quruluşa və intizama, başqa sözlə, lazımi maddi və informasiya sxemlərinə malikdir.
İEİS-in idarə edilməsi problemi son yekunda optimallaşdırma problemi kimi meydana çıxdığından, aydındır ki, ”idarəedici sistem”in qlobal funksiyası ”idarəedilən sistem”in fəaliyyətini elə xətlə aparmaqdan ibarət olmalıdır ki, səmərəlilik kriterisinin ekstremal qiyməti təmin olunsun. Bu o deməkdir ki, ”idarəedici sistem”in əgər bircə vəzifəsi varsa, o da qlobal istehsal funksiyasının məqsədəuyğun keyfiyyətdə və mümkün qədər sürətlə reallaşdırılmasına çalışmaqdan və buna minimal məsrəflər hesabına nail olmaqdan ibarətdir. Bunun üçün, ”idarəedici sistem” hər şeydən əvvəl, ”idarə edilən sistem”in giriş və çıxışını izləməlidir.
”İdarəedici sistem” mövcud və mümkünlüyü ehtimal olunan xarici və daxili təsirlər əhtəsində İEİS-in qlobal funksiyasını reallaşdırmaq üçün müəyyən miqdarda qeyri-müəyyənlik elementlərini müəyyənləşdirməlidir.
Aydındır ki, ”idarəedici sistem” İEİS qarşısındakı məqsədə müvafiq qlobal funksiyanı ”idarəedilən sistem”in davranış funksiyasında maksimal sürətlə və tamamilə reallaşdırmaq (əritmək) üçün hazırladığı hər bir qərarı ciddi surətdə əsaslandırmalı (bunun üçün isə daha çox amilin təsirini nəzərə almalı) və bunun vasitəsilə İEİS-in fəaliyyət nəticələrinə xarici pozucu təsirlərin gücünü minimumlaşdırmalıdır.
İdarəedici və pozucu təsirlər arasındakı fərqin artması onu göstərir ki, idarəedici funksiya istehsal funksiyası tərəfindən daha səmərəli, daha qənaətlə və daha intensiv şəkildə istehlak edilir. Çünki qərardakı informasiyanın miqdarı çox olduqca, davranışdakı qeyri-müəyyənlik, müxtəliflik, tərəddüd, səndələmə imkanı bir o qədər az olur. Buradan belə bir nəticə çıxır ki, İEİS-in normal vəziyyətdən kənara çıxan hər cür səndələmələrinin (davranış entropiyasının) müəyyən bir minimumu vardır və ”idarəedici sistem” məhz bu minimuma nail olmağa çalışır. Hər bir səndələmənin müəyyən itki ilə bağlı olduğunu nəzərə alsaq, bunun, itkilərin minimumlaşdırılması məsələsi olduğu aydınlaşar. Yəni, idarəedici sistem, ilk növbədə, itkilərin minimumuna cəhdetmə vasitəsidir.
Beləliklə, İEİS-in qlobal məqsədi bir tərəfdən, yalnız o halda reallaşa bilər ki, qlobal idarəedici funksiya özünətay istehsal funksiyası tərəfindən informasiya sxemi şəklində daha tam istehlak edilə bilsin, çünki bu halda həm istehsal funksiyasının keyfiyyəti yüksəlir, həm də onun reallaşdırılmasında iştirak edən maddi sxemin xüsusi çəkisi öz yarımcütü olan informasiya sxeminin xüsusi çəkisinin artması hesabına azalır. Digər tərəfdən isə, bu məqsəd, idarəedici funksiyanın reallaşdırılmasında maddi sxem kimi iştirak edən istehsal funksiyasının xüsusi çəkisinin azaldılmasını tələb edir. Lakin maddi sxemin xüsusi çəkisinin azalması birinci halda mütləq, ikinci halda nisbi xarakter daşıyır. Yəni, idarəedici funksiyanın maddi əsasının azaldılması inzibati-idarə aparatının mexaniki surətdə sadələşdirilməsi və ixtisarı şəklində deyil, onun buraxıcılıq qabiliyyətinin artırılması formasında həyata keçirilməlidir ki, intensiv idarəetmənin məğzi də məhz budur.
Bir tərəfdən, müəyyən sabit xarici təsirlər şəraitində daxili təsirlər altında formalaşdırılan qərarın qeyri-müəyyənliyi artırsa (və ya informasiya yükü azalırsa), ”idarəedilən sistem” həmin qərarı tam istehlak edə bilmir. Başqa sözlə, qərar yaranmış vəziyyəti tam dolğun əks etdirə bilmədiyindən, davranışa əsaslı təsir baş tutmur. Digər tərəfdən isə, xarici aləmdəki dəyişikliklər qərarda öz əksini daha az tapdıqca, obyekti idarə etmək çətinləşir. Buna görə də İEİS-in fəaliyyətindəki səndələmələri (müxtəliflikləri) minimumlaşdırmaq üçün ”idarəedici sistem” obyektin davranışını bu və ya digər səmtə sövq edən müxtəlif stimulların minimumunu seçməyə qabil olmalıdır. Bu isə əks-əlaqə kanalları ilə daşınan informasiyanın həcmindən, tamlığından, gerçəkliyindən, istifadə üçün yararlılıq dərəcəsindən, qiymətliliyindən, idarəedici orqanın manevretmə qabiliyyətindən və ən nəhayət, informasiyanın intensiv işlənməsinin inteqrasiya səviyyəsindən asılıdır.
Əgər idarəedicinin gücü bu minimumu seçməyə çatmırsa, idarəedici funksiya istehsal funksiyasında tamamilə ”ərisə” də obyektin davranışındakı səndələmələri minimumlaşdıra bilməyəcəkdir. Buna görə də idarəedicinin manevretmə qabiliyyəti, yəni, nəzərə ala biləcəyi müxtəlif vəziyyətlərin miqdarı obyektin vəziyyət müxtəlifliklərindən az olmamalıdır. Bunu U.R.Eşbi ”müxtəlifliyin zəruriliyi qanunu” adlandırmışdır. Bu qanunun əhəmiyyəti ondan ibarətdir ki, idarəedici orqanın buraxıcılıq qabiliyyəti məlum olduqda, idarəedici təsirlərin (qərarların) miqdarının mütləq yuxarı həddini göstərə bilir. Bu o deməkdir ki, vaxt vahidi ərzində çıxarılan qərarların miqdarı idarəedicinin buraxıcılıq qabiliyyəti ilə yuxarıdan məhdudlanır. Odur ki, ölkə iqtisadiyyatının fəaliyyətində nəzərəçarpacaq müsbət dəyişikliklərə nail olunmasında Hökumətin manevretmə qabiliyyətinin artırılması mühüm rol oynayır.
Lakin idarəedicinin manevretmə qabiliyyəti ilə yuxarıdan məhdudlanan qərarların sayı hələ heç də o demək deyildir ki, manevretmə qabiliyyətini artırmaqla problemi həll etmək mümkündür. İş burasındadır ki, hazırlanan qərarların ümumi təsir gücü bir sıra hallarda gözlənildiyindən xeyli aşağı olur1. Çünki obyektə göstərilən idarəedici təsirlərin nüfuzetmə dərinliyi və ya ”əriyib həllolma” dərəcəsi bir tərəfdən təsirin öz gücü ilə müəyyən olunursa, digər tərəfdən də obyektin həmin təsiri ”həzm” etməyə hazırlıq dərəcəsi ilə bağlıdır. Odur ki, təsirin səmərəliliyi, yəni əsas məqsədə uyğunluq dərəcəsi obyektin həmin təsiri mənimsəmə (əritmə və ya həzmetmə) qabiliyyətindən asılıdır. Beləliklə, qərarın gücü və obyektin qərarı mənimsəmə qabiliyyəti arasındakı qarşılıqlı asılılıq obyektə göstəriləcək təsirin həddini təyin edir.
Deməli, İEİS-də istehsal funksiyasının reallaşdırılması dərəcəsi bir tərəfdən, idarəedici funksiyanın ”ərimə” qabiliyyəti ilə, digər tərəfdən də, istehsal prosesini təşkil edən hər bir lokal funksiyanın ”həzmetmə” qabiliyyəti ilə və bu lokal funksiyaların hər birinin və bütövlükdə qlobal istehsal funksiyasının reallaşdırılması imkanları ilə uyğunlaşdırılmalıdır. İEİS-in intensiv idarə edilməsi probleminin mahiyyəti əslində elə bundan ibarətdir.
Göstərək ki, həm idarəedici təsirlərin gücünün, həm də obyektin ”həzmetmə” qabiliyyətinin məhdudluğu sözügedən amillərin ölçüyəgələnliyini sübut edir. Bu isə idarəedicinin idarəedilənə mütənasib olmasını irəli sürür. Çünki bu mütənasiblik pozulduqda İEİS-in mövcudluq şərti olan 2 qütbdən biri tam qüvvə ilə işləmir və fəaliyyətin son nəticələrinə mənfi təsirlər yaranır. Belə ki, əgər qərarın ”ərimə” qabiliyyəti, istehsal funksiyasının ”həzmetmə” qabiliyyətindən yüksəkdirsə, bu o deməkdir ki, idarəetmə obyekti idarəedicinin imkanından tam istifadə edə bilmir. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün ya idarəedicinin manevretmə qabiliyyətini obyektin mənimsəmə qabiliyyəti həddinə qədər azaltmaq və bu yolla da idarəedicinin istifadəsiz qalan resurslarından imtina etmək, ya da obyektin ”həzmetmə” qabiliyyətini qərarın ”ərimə” qabiliyyətinə çatdırıb, əlavə səmərə əldə etməklə, ümumi nəticədə idarəedicinin resurs sərfi mənasında xüsusi çəkisinin azaldılmasına nail olmaq lazımdır.
Əgər bu uyğunsuzluq əks istiqamətdədirsə, yəni idarəedicinin buraxıcılıq (manevretmə) qabiliyyəti istehsalın tələbatından geri qalırsa, istehsalın səmərəliliyi olduqca aşağı səviyyədə olur. Çünki uyğunsuzluğun bu variantı daha böyük itkilərlə xarakterizə olunur. İEİS-in intensiv idarə edilməsi probleminin mayasında duran başlıca momentlərdən biri məhz budur.
Hal-hazırda real surətdə fəaliyyətdə olan istehsal-təsərrüfat vahidlərinin, demək olar, hamısında ”idarəedici sistem”ə nisbətən ”idarəedilən sistem” müəyyən dərəcədə istifadəsiz qalan potensiala malikdir. Bu potensialdan (istehsaldaxili imkanlardan) istifadənin 2 variantı mümkündür: ya obyektin miqyasını daraldıb, idarəedicinin imkanlarına uyğunlaşdırmaq, ya da idarəedicinin manevretmə qabiliyyətini obyektin tələbatına çatdırmaq olar. Şübhə yoxdur ki, ikinci daha məqsədəuyğun variantdır.
Beləliklə, idarəedici sistem qəbul etdiyi qərarlar arasında məntiqi uyğunluq və tamamlama əlaqələrini artırmaq və möhkəmlətməklə, onlardakı qeyri-müəyyənliyi minimumlaşdırıb, özünün mövcud manevretmə qabiliyyətindən maksimum istifadə etməklə, obyektin davranışına məqsədyönlü təsirini artırmalıdır. Bunun üçün köhnə idarəetmə metodlarını yaxşı mənada əvəz edən yeni intensiv idarəetmə metodlarının tətbiqinə, daha dəqiq desək, yeni informasiya texnologiyasına geniş yer vermək lazımdır. Başqa sözlə, ”informasiya sistemi”nin inteqrasiya səviyyəsi yüksəldilməli, onun ”üzvi quruluşunda” dərin keyfiyyət dəyişiklikləri edilməlidir.
İndi fərz edək ki, İEİS başdan-başa ”insan-maşın” sisteminə çevrilmişdir. Görək, bu zəmində ”müxtəlifliyin zəruriliyi” və ”idarəedicinin idarəolunana mütənasibliyi” qanunlarının birgə təsiri altında fəaliyyət göstərən ”idarəedici” və ”idarə edilən” qütblərin dialektikası nə göstərəcəkdir?
Hər şeydən əvvəl, idarəedici elə qərarlar ardıcıllığı seçməlidir ki, bunların hər biri özündən əvvəlki qərarı təsdiq etməklə, onun davamı və tamamlayıcısı olsun və özündən sonra məhz hansı qərarın gələcəyini müəyyən ehtimalla göstərə bilsin. Belə olduqda hər bir növbəti qərarda qeyri-müəyyənlik (buna uyğun informasiyanın miqdarı) özündən əvvəlkinə nisbətən az olacaqdır. Deməli, müəyyən müddətdə İEİS-in fəaliyyətini səndələmələrin minimumuna gətirmək və bu vəziyyətdə saxlamaq üçün elə bir minimum informasiya kütləsi var ki, bu, idarəedicinin manevretmə qabiliyyətini maksimum səviyyəyə qaldırmağa imkan verir. Bu halda, idarəedicidə davranışa dair informasiya bolluğu yaranacaq, yəni İEİS özünü tamamilə ”dərk” edəcək və nəticədə yeni, daha yüksək səviyyəyə keçid üçün stimul yaranacaqdır. Lakin İEİS yeni səviyyəyə keçmək üçün özünü yenidən təşkil etdikdə, onun fəaliyyətindəki entropiya artacaqdır. Yenidən təşkil İEİS-in idarəedilən hissəsinin potensialını da artıracaqdır. Bu isə, idarəedicinin manevretmə qabiliyyətini artırmaq üçün stimul olacaqdır. Artırılmış manevretmə qabiliyyəti davranışdakı səndələmələri minimuma endirərkən yenidən informasiya bolluğu yaranacaq və İEİS-in davamlı tərəqqisi baş verəcəkdir.
Lakin bütün hallarda həm manevretmə qabiliyyəti, həm də ”həzmetmə” potensialı nisbi xarakter daşıyır və yuxarıdan məhduddur. Bu isə daimi olaraq ”idarəedicinin idarə olunana mütənasib” olmasını tələb edir. Yəni, bu iki ünsür arasında optimal dinamik mövqe fərqi saxlanmalıdır. Bu fərqin istənilən istiqamətdə dəyişilməsi, istər şaquli təmərküzləşmə formasında süni surətdə artırılması, istərsə də, idarə aparatının lüzumsuz xırdalanması şəklində azaldılması İEİS-in optimal idarə olunmasına və səmərəliliyi səviyyəsinə mənfi təsir göstərir.
Deməli, İEİS-in optimal idarə edilməsi üçün qərarın informasiya yükünün minimumu davranışın səndələmə imkanının maksimumuna bərabər olmalıdır. Başqa sözlə, idarəedicinin manevretmə qabiliyyəti obyektin davranışındakı səndələmə imkanlarından mövqe fərqinin optimallığı çərçivəsində geniş olmalıdır. Çünki, apardığımız sistemli təhlildən aydın olur ki, əvvəla, istənilən idarəedici orqan idarəetmə obyektini öz manevretmə qabiliyyəti çərçivəsində, başqa sözlə, öz imkanı daxilində ”tam idarə edir”. İkincisi də, idarəedici funksiya bir informasiya sxemi şəklində özünətay istehsal funksiyasında (onun ”həzmetmə” qabiliyyətindən asılı olmayaraq) ”tamamilə əriyirsə”, onda həmin idarəedici orqan obyektin həqiqi potensialını aşkara çıxara bilməz. Buna görə də İEİS-in fəaliyyət keyfiyyətinin yüksəldilməsinin mənbəyi idarəedicinin manevretmə qabiliyyətinin artırılmasındadır.
İdarəedicinin manevretmə qabiliyyətinin yuxarıdan məhdud olması idarəetmə obyektinin miqyasına hədd qoyur ki, bu da İEİS-in iyererxik quruluşlu olmasını şərtləndirir. İyerarxik idarəetmə quruluşunun fərqləndirici cəhəti sistemin ardıcıl olaraq hissələrə bölünməsi və hissələr arasında tabeçilik münaibətləri yaradılmasından ibarətdir.
Makro və mikro yanaşmalarda nəzərdə tutulan elementar kibernetik sistemlərin ciddi mahiyyət və quruluş fərqlərinin olması göstərir ki, idarəetmə prinsipi ümumi olsa da, müxtəlif iyerarxiya pillələrində duran sistemlərin quruluşu eyni olmaya da bilər. Bu, bir də onunla bağlıdır ki, iyerarxiyanın müxtəlif pillələrində duran idarəedicilər həm icra etdikləri funksiyaların xarakteri, həm də həmin funksiyaların reallaşdırılmasında iştirak edən maddi və informasiya sxemlərinin mənbəyi cəhətdən fərqlidirlər. Həll etdiyi məsələlərin xarakteri etibarı ilə ayrı-ayrı pillələr arasındakı ”məsafələr” də müxtəlifdir. Yəni, həll edilən məsələlərin oxşarlığı çox olduqca, idarəetmə pillələri arasındakı mövqe fərqi nisbətən az olur və əksinə. Lakin ”müxtəlifliyin zəruriliyi” və ”idarəedicinin idarə olunana mütənasibliyi” qanunlarından çıxan nəticəyə görə, oxşarlıq müəyyən həddi keçdikdə mövqe fərqi sıfra bərabər olur ki, bu da həmin pillələrdən birinin ləğv edilməsini labüd edir. İyerarxiya pillələri arasındakı məsafələrin dəyişilməsi obyektiv proses olub, texniki-tərəqqinin bilavasitə təsiri altında baş verir. Odur ki, üfqi əlaqələrə malik obyektlərin eyni müstəvidə yerləşdiyini söyləmək heç də doğru deyildir.
İyerarxiya pillələri üzrə aşağıdan yuxarı informasiyanın hərəkəti prosesində informasiya aqreqasiyaya (girdələşdirməyə) uğrayır, yuxarıdan aşağı hərəkət zamanı isə dezaqreqasiya (xırdalaşdırma) baş verir. Buna görə də informasiyanın şaquli xərəkəti baxımından, İEİS-in quruluşu piramidaya bənzədilir. Lakin İEİS-in quruluş piramidası adi həndəsi fiqurdan daha mürəkkəb olan sosial-iqtisadi fiqurdur. Yəni, İEİS-in quruluş piramidası əslində, piramidalar iyerarxiyasıdır. Çünki hər bir lokal inteqrasiya mərkəzi də piramidaşəkilli quruluşa malikdir. Həm də hər bir növbəti pillədəki piramidaların oturacaqları aşağı mərtəbədəki piramidaların təpə nöqtələrinin əmələ gətirdiyi şəbəkədən yaranır. Buna görə də, hər bir lokal idarəedici öz məsələsini sərbəst surətdə, təkcə, nisbətən ümumi məsələləri isə öz səviyyəsindəki idarəedicilərlə birgə, fəal məşvərət formasında həll edir.
Quruluş iyerarxiyasının təhlili göstərir ki, hər bir ”iqtisadi piramida” yalnız o halda mövcud olur ki, onun təpə nöqtəsinin mövcudluq forması oturacağın bütövlüyünü qorumağın zəruri şərti olsun. Əslində isə, idarəedici və idarəedilənin ən ümdə vəzifəsi ilk növbədə bir-birinin bütövlüyünü qorumaqdan ibarətdir.
Quruluş piramidasının təpə nöqtəsi informasiyanın həm qəbuledicisi, həm də şüalandırıcısıdır. Həmin informasiyanın əsas və əhəmiyyətli hissəsi priamidanın daxilində, xüsusilə, oturacağında gedən prosesləri təsvir edir. Göstərək ki, piramida daxilində və piramidalar arasındakı informasiya mübadiləsi adətən səliqəli və müntəzəm xarakterli olub, şaquli və üfqi kanallar vasitəsilə həyata keçirilir. Hər iki informasiya kanalı iki istiqamətlidir. Düz əlaqələrdə qərarlar, əks-əlaqələrdə isə qərarların icra gedişini təsvir edən informasiya daşınır. Piramidadaxili və piramidalararası əlaqələr bir-birinin qarşılıqlı mövcudluq şərtidir.
İEİS-in iyerarxik əlaqələr şəbəkəsi onu məsləhətçi, funksional, operativ və təchizat xidmətləri sistemi kimi təsəvvür etməyə imkan verir. Əslində, İEİS-in qlobal funksiyasının formalaşması və reallaşması sözügedən xidmətlərin birgə fəaliyyətinin məntiqi nəticəsi kimi meydana çıxır. Buradan aydın olur ki, istənilən funksiya yalnız o halda reallaşa bilir ki, onu reallaşdıran ünsürlər həmin funksiyaya qəti bənzəməyən funksiyalar icra etsinlər. Bu zaman sözügedən xidmətlər arasında körpü və ya kooperasiya əlaqələri yaranmazsa, hətta ən sadə funksiyanın da reallaşması mümkün olmaz.
Beləliklə, İEİS, mahiyyətcə, daxili və xarici əlaqələrin universal şəbəkəsindən ibarətdir. Bu isə onun son dərəcə yüksək etibarlılıq səviyyəsi nümayiş etdirməsini şərtləndirir.
Dostları ilə paylaş: |