|
Mühazirə mətni (30+30 saat) GİRİŞ
|
səhifə | 2/11 | tarix | 14.05.2018 | ölçüsü | 0,95 Mb. | | #44090 | növü | Mühazirə |
| Müxtəlif elmlərin mövcudluğu və elmlərin davamlı diferensasiyası, yəni daha incə məsələlərin həllinə yönəldilmiş tədqiqatların aparılması İnsan biliyinin analitikliyini sübut edir. Bununla yanaşı, biliklərin sintezi prosesi də gedir ki, bu da özünü “qarışıq“ elm sahələrinin, məsələn, biokimya, fizikikimya, biofizika və ya bionika, iqtisadi kibernetika, riyazi iqtisadiyyat və s.-nin yaranmasında göstərir. Təhlil və sintezin dialektik vəhdətdə olması fikri də birdən-birə formalaşmamış və müxtəlif tarixi mərhələlərdə düşüncənin sistemliliyi müxtəlif xarakterli olmuşdur. Belə ki, qədim zamanlarda təbiətə bir bütöv kimi baxılırdı. Təbiət hadisələrinin ümumi əlaqəliliyi ətraflı sübut olunmurdu. Bu, birbaşa duyğunun nəticəsi idi. Sistemli təfəkkürün növbəti mərhələsi olan metafizik düşüncədə təhlil üstünlük təşkil edir. Təbiəti öz tərkib hissələrinə ayırmaq, ayrı-ayrı təbiət proseslərini və təbii predmetləri siniflərə bölmək, müxtəlif üzvi birləşmələrin daxili quruluşlarını tədqiq etmək son 400 ilin düşüncəsinin əsas cəhətlərini təşkil etmişdir. Bu isə tədqiqat obyektinə ayrılıqda, təcrid olunmuş şəkildə baxmaq ənənəsi yaratmış, nəticədə hadisə və proseslər arasındakı böyük əlaqə nəzərdən qaçırılmışdır. Bunun məntiqi nəticəsi olaraq tədqiqat obyekti hərəkətsiz, ölü şəkildə öyrənilmişdir. Lakin metafiziklərin özləri analitik biliyin bitkin olmadığını duyub, sintez imkanlarını sezsələr də, bunu təbiətə dəxli olmayan bir əqli fəaliyyət hesab edirdilər. Problemə bu cür yanaşanlara görə, İnsan ağlı hadisə və predmetlərdə daha çox qayda və bircinslilik görmək üçün meylli olduğundan, çox zaman bunu təbiətdə tapa bilmədikdə özündən mövcud olmayan paralellər, uyğunluqlar və münasibətlər uydurur. Lakin həm də etiraf edilirdi ki, hər şeydə və hər yerdə, hətta tədqiqat obyektlərinin təbii əlaqələri sezilməyən hallarda da qayda mövcuddur. Qayda isə yalnız qaydasızlıqla birgə mövcud ola biləndir. Sistemli düşüncənin yeni, daha yüksək səviyyəsi dialektik düşüncə tərzi də tədricən formalaşmışdır. Bu sahədə İ.Kant, İ.Fixte, F.Şellinq mühüm rol oynamışlar. İ.Kanta görə, ağılla dərk edilən vəhdət sistem vəhdətidir. Lakin o, sistemi yalnız ideal hesab edir. Dialektikanı Hegel başa çatdırmış, K.Marks onu idealizmdən təmizləyərək müasir sistemli düşüncənin əsaslarını yaratmaq yolunda mühüm rol oynamışdır. Beləliklə, aydın olmuşdur ki, həm düşüncə, həm də dərketmənin nəticələri sistemlidir. Bu isə göstərir ki, sistemlik təkcə təbiətin deyil, həm də insanın spesifik xassəsidir. Lakin düşüncənin təbii proses olub-olmaması uzun müddət mübahisə mövzusu olmuşdur. Məsələn, F.Bekonun fikrincə, əqli sistemlər tamamilə ixtiyaridir və təbiətlə heç bir əlaqəsi yoxdur. B.Spinoza isə hesab edir ki, ideyalar arasındakı qayda və əlaqələr, əşyalar arasındakı qayda və əlaqələrin eynidir. İ.Kantın fikrincə, sistemlilik təbiətin xassəsidir. E.Dürinqə görə, hər cür düşüncənin mahiyyəti dərketmə elementlərinin bir tam halında birləşdirilməsindən ibarətdir. F.Engels göstərirdi ki, bizim subyektiv fikrimizlə obyektiv aləm eyni qanunlara tabedir. İnsan beyninin məhsulları son yekunda yenə də təbiətin məhsullarıdır və buna görə də təbiətin qalan əlaqələri ilə ziddiyyət təşkil etmir, əksinə, ona uyğundur. Lakin bu heç də o demək deyildir ki, istənilən əqli konstruksiya hökmən hansısa real sistemə uyğun gəlməlidir. Beləliklə, əqli konstruksiyalarla təbii prototiplər arasında forma uyarlığı olmaya da bilər, lakin məzmun uyarlığı hökmən vardır. Çünki dərketmə prosesi praktikadan ayrılmazdır. Həm də dərketmə düşüncənin obyektə əbədi və sonsuz yaxınlaşmasıdır. Odur ki, təbiətin insan fikrində inikasını ölü”, abstrakt”, hərəkətsiz, ziddiyyətlərsiz deyil, daimi hərəkət prosesində, ziddiyyətlərin meydana çıxması və onların həlli kimi başa düşmək lazımdır. Həyat beyni doğurur. Təbiət İnsan beynində inikas edir. Bu inikasların düzgünlüyünü öz təcrübəsində və texnikada tətbiq edib, yoxlayaraq insan mütləq gerçəkliyə doğru gedir. Gerçəklik prosesdir. İnsan subyektiv ideyalardan obyektiv gerçəkliyə “praktika” (və texnika) vasitəsilə gedir. Beləliklə, sistemlik təbiətin, insanın, insan praktikasının xassəsi olmaqla, həm də bütün materiyanın xassəsidir. Yəni, düşüncəmizin sistemliliyi dünyanın sistemliliyindən irəli gəlir. Çünki Dünya sistemlərin sonsuz iyerarxiyasından ibarət olan bir sistemdir. Bütövlükdə dünya yaradılmaz olduğundan, materiyanın özünütəşkilini onun daxili xassələri ilə izah etmək zərurəti meydana çıxmışdır. Belə bir nəzəriyyə yaratmaq barədə uğurlu cəhd İ.Priqojinə məxsusdur. Lakin bütövlükdə obyektiv Dünyanın və düşüncənin sadəcə olaraq sistemli olduğunu dərk edib, onu paradiqma kimi qəbul etmək azdır. Əsas məsələ bu xassədən istifadə etməkdən, başqa sözlə, sistemi vasitəyə çevirməkdən ibarətdir. Yəni tədqiqat obyektinə sistem kimi baxıb, onu insanın mənafeyi baxımından faydalı etmək lazımdır. Sistemli anlayışların həqiqətən aydın və kütləvi mənimsənilməsi, dünyanın, cəmiyyətin və insan fəaliyyətinin sistemliliyinin ictimai dərki ixtiyari təbiətli mürəkkəb dinamik sistemlərin optimal idarə olunması haqqında elm olan kibernetikanın sayəsində mümkün olmuşdur. Kibernetikanın baniləri idarəetmə ilə informasiya arasında qırılmaz əlaqə olması haqqında çox dərin ideya irəli sürdülər. Aydın oldu ki, sistemin elementləri arasında daxili qarşılıqlı fəaliyyət yalnız informasiya mübadiləsi vasitəsilə həyata keçirilərkən nizamlı, təşkil olunmuş xarakter alır. Məhz buna görə də, N.Viner informasiyaya mürəkkəb dinamik sistemlərin təşkilolunma amili kimi baxır. N.Viner anlamında idarəetmə mahiyyətcə, informasiya prosesidir. Çünki, idarəetmə informasiyanın yığılması, saxlanması, işlənməsi, ötürülməsi və qərar qəbulu üçün istifadə edilməsi kimi əməliyyatlar zəncirindən ibarət prosesdir. Yəni, informasiyasız idarəetmə mümkün deyildir. Deməli, istənilən tədqiqat obyektinin, o cümlədən, iqtisadiyyatın fəaliyyətinə məqsədli müdaxilə etmək üçün, ilk növbədə, informasiyaya malik olmaq lazımdır.
Dostları ilə paylaş: |
|
|