AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU
______________________________________________
FOLKLOR VƏ
DÖVLƏTÇİLİK
DÜŞÜNCƏSİ
I kitab
BAKI – 2016
AMEA Rəyasət Heyətinin 21 fevral 2015-ci il tarixli, 5/3 saylı qərarı ilə tövsiyə edilmiş elmi tədqiqat proqramı (“Türk xalqlarında dövlət simvol, etiket, mərasim və bayramlarının folklor baxımından genezisi”) çərçivəsində nəşr olunur.
Layihə rəhbəri: Muxtar KAZIMOĞLU (İMANOV)
AMEA-nın müxbir üzvü
Folklor və dövlətçilik düşüncəsi. I kitab. Bakı, Elm və təhsil, 2016, 312 səh.
folklorinstitutu.com
F 4603000000 Qrifli nəşr
N-098-2016
© Folklor İnstitutu, 2016
İNSTİTUTDAN
Dövlətçilik tarixi qədim olan türklərin xalq yaradıcılığında, xalq düşüncə və davranışında, ictimai-siyasi əxlaqında sabit mənəvi dəyərlər yaranmış, bu dəyərlər müxtəlif folklor janrlarında ifadə olunmuşdur. Folklor bir tərəfdən dövlətçiliyin mənəvi əsaslarını möhkəmləndirməyə xidmət etmiş, onu müxtəlif obraz, süjet və motivlərdə xalq yaddaşına köçürmüş, digər tərəfdən dövlətçiliyin fəlsəfəsini və estetikasını hazırlamışdır.
Dövlət qurma modeli xalqın arzu və istəklərində, düşüncə və xəyallarında yaranır və uyğun tarixi şəraitdə gerçəkləşir. İcma, ailə və ya tayfa mədəniyyətinin və bu mədəniyyəti xalq hafizəsində yaşadan folklorun dövlətçilikdə xüsusi rolu var. Çünki milli özünütəşkilin ən nikbin yolu folklorda mövcud olan mənəvi dəyərlərdən keçir. Başqa sözlə, folklorunda dövlətçilik ideyası olan xalqın dövlət qurması da asanlıqla baş verir. Çünki folklor dövlətçiliyin mənəvi əsasıdır. Folklor irsini yaddaşında və davranışında yaşadan xalq dövlətçilik təcrübəsində sosial harmoniyanı təmin etmək üçün çətinlik çəkmir.
Folklor ayrı-ayrı janrlarda gerçəkləşən mətnlər olmaqla yanaşı, xalq düşüncəsinin və xalq həyatının bütün sahələrini əhatə edən sabit mənəvi dəyərlər sistemidir. Folklor milli düşüncənin və davranışın təkcə təzahür forması deyil, həm də onun modelləşdirici sistemi, başqa sözlə, düşüncə və davranış tərzidir. Dövlətçilik də bu düşüncə və davranış çərçivəsində gerçəkləşir. Hər bir xalqda olduğu kimi, türk xalqlarında da dövlət simvol, etiket, mərasim və bayramları milli identifikasiya sisteminin təməl elementləridir. Bunların folklor baxımından öyrənilməsi milli düşüncənin tarixi strukturunu və müasir dövrdəki funksionallığını müəyyənləşdirən etnopsixoloji düşüncə sistemini bərpa etməyə imkan verir.
Dövlətçilik tarixi-ictimai mədəniyyətin ən yüksək formasıdır. Bu mədəniyyətə sahib olmayan xalqlar milli varlıqlarını qoruya bilməmişlər. Bu mədəniyyətin və ənənənin qorunmasını isə folklor yaddaşı, xalqın mənəvi bütövlüyünü təşkil edən ehtiyatlar təmin edir. Bu mənada folklor və dövlətçilik bir-birinə sıx surətdə bağlı, üzvi vəhdət təşkil edən məsələlərdir. Cəmiyyət dünyəvi qanunlara zaman-zaman uyğunlaşır, amma milli əxlaqa, milli ənənəyə və milli davranışa sıx bağlı olan qanunlar ictimai münasibətlərdə dərhal öz təsdiqini tapır. Bəzən “yazılmamış qanunlar” ifadəsi işlədilir. Bu əslində etnik ictimai davranış və milli əxlaq normasının müasir qanunlarda öz əksini tapmayan hissəsidir. Bu həm də ənənədə formalaşmış xalq demokratiyasının müasir hüquqdan və qanundan daha geniş anlayış olmasının bir təzahürüdür.
Bütün dünyada folklorşünaslıq araşdırmalarının əsas hədəf və nəticələrindən biri folklorda yaşayan antropoloji-humanitar təcrübənin müasir dünyanın sosial harmoniyasına necə tətbiq olunmasıdır. Bu, folkloru, milli mənsubiyyətindən asılı olmayaraq, bəşəriyyətin mənəvi təcrübəsinin yaddaş statusu səviyyəsinə gətirir.
Bu gün Azərbaycan milli, müstəqil, hüquqi, demokratik dövlət quruculuğu prosesini yaşayır. Azərbaycan dövlətçilik tarixinin Ümummilli Lider Heydər Əliyevlə başlanan və daim onun adı ilə yanaşı anılacaq ən yeni mərhələsinin – müstəqillik dövrünün əlamətdar cəhəti milli dövlətçilik ənənəsinin bərpasıdır. “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” deyən Ulu Öndərin dövlət quruculuğu siyasəti həm də milli mədəniyyətimizdəki sakral dəyərlərə, xalqın milli dövlətçilik təfəkkürünə əsaslanırdı.
Vətənə, xalqa, dövlətə münasibətdə Heydər Əliyev ənənələri onun davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Dövlətlə xalqın vəhdəti, dövlət – xalq münasibətlərinin daimi konvergensiyası “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” söyləyən Respublika Prezidentinin əməli fəaliyyət proqramının əsas qayəsidir.
Dövlətimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi üçün milli dövlətçilik ənənəmizin tarixinə və onun folklorda gerçəkləşən mənəvi məsələlərinin təsvirinə və təhlilinə diqqəti artırmaq qarşıda duran mühüm vəzifələrdəndir. Bizim araşdırmaya cəlb etdiyimiz qaynaqların hər biri məhz bu problem üzrə müstəqil bir tədqiqatın mövzusu ola bilər və olmalıdır. Gələcək tədqiqatlarda bu problemlərin daha geniş araşdırmalara cəlb edilməsi də nəzərdən qaçırılmamalıdır.
Öz-özlüyündə qaçılmaz reallıq olan qloballaşmanın acı təcrübəsi elm sahələrini milli identifikasiya problemi ilə üzbəüz qoyur. Məlum olur ki, böyük-kiçikliyindən asılı olmayaraq, etnosferanın hər bir elementi qloballaşan dünyanın harmoniyasında öz yerini tapmasa, bəşəriyyət humanitar fəlakətlərlə üzləşə bilər. Bu, Azərbaycan humanitariyası və onun üzvi tərkib hissəsi olan folklorşünaslıqdan milli identifikasiya sisteminin strukturunun, funksional dinamikasının və əsas dəyərlər korpusunun öyrənilməsini tələb edir. Bu qlobal vəzifəni folklordan kənarda həyata keçirmək isə qeyri-mümkündür. Çünki folklorun tarixən dəyişməz qalan funksiyası məhz milli düçüncə sistemi və milli davranış formulları vəzifəsini yerinə yetirməsidir. Bu isə Azəbaycan və ümumtürk folklor düşüncəsinin aktual olan simvol və formullarının öyrənilməsini birbaşa nəzərdə tutur.
AMEA Rəyasət Heyətinin 21 fevral 2015-ci il tarixli, 5/3 saylı qərarı ilə tövsiyə edilmiş “Türk xalqlarında dövlət simvol, etiket, mərasim və bayramlarının folklor baxımından genezisi” adlı elmi-tədqiqat proqramında da başlıca məqsəd türk dövlətçilik düşüncəsi üçün xarakterik olan simvolların strukturunu öyrənmək, milli etiket, mərasim və bayramları etnosun total davranış formulu və özünütəşkiletmə modeli kimi folklor materialları əsasında rekonstruksiya etməkdir. Burada dövlətçiliyimizin mənəvi əsaslarını gücləndirən folklor ehtiyatlarının öyrənilməsi, resakralizasiya imkanlarının aydınlaşdırılması, dəyər konseptlərinin müasir düşüncə və davranışın aktiv hissəsinə daxil edilməsinin yollarının araşdırılması qarşıya qoyulan əsas məsələlərdir.
İşin aktuallığı həm də Azərbaycan türklərinin minillikləri aşan humanitar-mənəvi yaşam təcrübəsinin ən işlək və davamlı sxemlərinin müasir dövlət quruculuğuna tətbiqi imkanları ilə şərtlənir.
Dövlətçilik mədəniyyətimizi əks etdirən folklor resursları və ya onunla əlaqəli məsələlər digər istiqamətlər ilə yanaşı həm də dövlətçilik yönümündə, məhz dövlətçiliyimizin monolitliyi naminə öyrənilməlidir.
Proqram çərçivəsində hazırlanmış “Folklor və dövlətçilik düşüncəsi” adlı I kitab tarixi və müasir türk dövlətlərinin və türk xalqlarının, o cümlədən Azərbaycanın dövlət mərasim və bayramlarının tarixi, folklor semantikası və ideyası haqqında elmi qənaətlərimizi əks etdirir.
DÖVLƏTÇİLİK DÜŞÜNCƏSİNİN
ƏSAS İSTİQAMƏTLƏRİ VƏ FOLKLOR
Muxtar Kazımoğlu (İmanov)
mukhtarkazimoglu@gmail.com
FOLKLORE AND THE MAIN DIRECTIONS OF STATEHOOD THOUGHT
SUMMARY
The main factors of statehood such as folk, native land, government and army are idealized in folklore and are associated some how with the divine origin. Folk in folklore is an idea embracing the cult of ancestor. The ancestors being the representatives of the famous past of the nation are remembered in different ceremonies with great respect, the eposes including to the Oghuzname chains are just performed to the honor of the ancestors.
According to the ancient Turk thinking the native land takes the power from the east – where the Sun rises and is connected with the heavens. It is the manifestation of this thinking that in the epos “Dede Gorgud” the native land means the sacral land, the waters, mountains and trees with divine origin. The heroes of the epos “Dede Gorgud” oath on the sky together with the land, they look to the turbulent rivers, the magnificent mountains and great trees as the divine power source. As other nations Turkic nations also believed that the king came to the government with the power of God. It is the expression of connecting the reign with the divine origin that in tales it is possible to become a king with the help of the state bird perching on his head (the divine fate connecting with the heavens); in the ceremonies the candidate for the kingdom is raised to the sky on the felt or a carpet, returning in the direction of the Sun for nine times is taken forward.
If idealized connecting the heavens with both the social organization (folk), the geographical land and the government, of course, it is natural to name the army in Turkic nations as “God’s army”, to connect the symbol of the flag with the grey wolf and the fight music with the thunder protector.
According to the belief the main function of the king and the army with the divine origin is to save the native land with the divine origin, to provide the living of nation in peace and luxury.
Key words: folklore, ceremony, statehood, social organization, the geographical place, government, army, idealizing, holiness
ФОЛЬКЛОР И ОСНОВНЫЕ НАПРАВЛЕНИЯ МЫШЛЕНИЯ ГОСУДАРСТВЕННОСТИ
РЕЗЮМЕ
Главные факторы государственности – народ, родина, власть и армия в фольклоре идеализируются и в некоторой степени связываются с божественным началом. В фольклоре народ является понятием охватывающим культ предков. Предки - представители славного прошлого народа поминаются с большим почтением на различных обрядах, дастаны входящие в цикл Огузнаме создаются и исполняются именно в честь древних предков.
Согласно древнетюркским представлениям, родная земля берет силы от Востока (сторона восходящего солнца) и бывает связана с небесами. Клятвы земле, наряду с небесами героев дастана «Деде Коркут», а также отношение к бурлящим водам, высоким горам, разветвленным деревьям как к источникам божественной силы, являются олицетворением этого представления.
Как и другие народы, тюркские народы верили в то, что правитель избирается на трон по воле Всевышнего. Выражением божественного происхождения правителя в сказках является птица счастья (божественная доля связанная с небесами), севшая на голову; во время обрядов избрания правителя, кандидата поднимают на ковре над головами, и девять раз поворачивая его в направлении движения солнца, ведут вперед.
Если и социальный институт (народ), и географическое пространство (родина), а также власть идеализируясь связываются с небесами, то вполне естественно называния армии «армией Танры (Бога)», связь флага с боз курдом (серым волком), являющимся символом солнца, а боевых песен (маршов) с покровителем грома и молнии у тюркских народов.
Согласно поверьям, основной функцией правителя и войска божественного происхождения, является защита родной земли божественного происхождения, обеспечение мира и спокойной жизни народа.
Ключевые слова: фольклор, обряд, государственность, социальный институт, географическое пространство, власть, армия, идеализация, сакрализация
Giriş
Dövlətçilik düşüncəsini tarix, fəlsəfə, sosiologiya, politologiya kimi elm sahələri üzrə öyrənmək nə qədər vacibdirsə, folklorşünaslıq üzrə öyrənmək də bir o qədər vacibdir. Dövlətçilik düşüncəsi folklorşünaslıq predmetinə çevrilərkən bu düşüncəyə, hər şeydən qabaq, arxaik qatlar baxımından yanaşmaq lazım gəlir. Dövlətçilik düşüncəsində arxaik elementlər axtarmaq isə mifologiyadan gələn nöqtələrə diqqət yetirməkdən, qədim dövrlərin inanclar sistemini nəzərə almaqdan başlanır. Söhbət Azərbaycan dövlətçilik təfəkkürünün arxaik qatlarından gedirsə, burada, təbii ki, ümumtürk mifologiyasını bir kontekst kimi götürmədən ötüşmək mümkün deyil. Səbəb aydındır: Azərbaycan dövlətçiliyi ümumtürk dövlətçiliyinin, Azərbaycan mifologiyası da ümumtürk mifologiyasının tərkib hissəsidir. Türk xalqlarında dövlət atributlarının arxaik köklərini vahid bir kontekstdə araşdırmaq Azərbaycan dövlətçilik düşüncəsini araşdırmağın mühüm bir yoludur. Azərbaycan dövlətçiliyinin tarixi kökləri ilə bağlı bir sıra vacib suallara məhz ümumtürk kontekstində cavab axtarmaq bir zərurət kimi ortaya çıxır.
Dövlətçiliyin arxaik köklərini araşdırarkən folklorşünasın üz tutub istinad etdiyi qaynaqlar filosof, tarixçi, sosioloq və politoloqun əsaslandığı mənbələrdən fərqlənir. Dövlətçiliklə bağlı əfsanə və rəvayətlər, nağıl və dastanlar, mərasim və bayramlar tarixçi, sosioloq, politoloq və filosof üçün ikinci dərəcəli mənbələrdirsə, folklorşünas üçün ən mühüm qaynaqlar sırasına daxildir. Hökmdar kultu ilə, hakimiyyət simvolları ilə, dövlətçiliyə daxil olan digər amillərlə bağlı motivlərin mif, əfsanə, rəvayət, nağıl, dastan, lətifə, atalar sözü, məsəl, bayatı… kimi folklor janrlarında necə əks olunması başqa mütəxəssisləri az maraqlandırdığı halda, folklor və dövlətçilikdən bəhs edən folklorşünasın diqqət mərkəzində dayanır.
Bugünkü müstəqillik şəraitində folklor və dövlətçilik problemini son dərəcə aktual problemlərdən biri sayan AMEA Folklor İnstitutu «Türk xalqlarında dövlət simvol, etiket, mərasim və bayramlarının folklor baxımından genezisi» layihəsi üzərində çalışır. AMEA rəhbərliyinin maddi və mənəvi dəstəyi ilə 2015-ci ildən həyata keçirilən həmin layihənin birinci mərhələsində dövlətçiliklə bağlı mərasimlərin və bayramların arxaik köklərini araşdırmaq başlıca istiqamət kimi nəzərdə tutulub. Layihənin birinci mərhələsindəki araşdırmalar əsasında elmi məcmuələrdə layihə iştirakçılarının müxtəlif məqalələri çap olunub, 7 dekabr 2015-ci ildə «Folklor və dövlətçilik» mövzusunda I Elmi Konfrans keçirilib. Bu kitab bir il müddətində aparılan tədqiqatların, ortaya çıxan elmi əsərlərin və müxtəlif elmi məruzələrin mühüm müddəalarını özündə əks etdirir və bununla layihənin birinci mərhələsinə yekun vurulmuş olur.
Layihənin birinci mərhələsində aparılan araşdırmaların ümumi istiqamətini doğru-düzgün başa düşmək üçün dövlətçiliklə bağlı ən mühüm amilləri nəzərə almaq, aparılan araşdırmaların əsas müddəalarını həmin amillər işığında dəyərləndirmək lazımdır.
Sosial qurum
Məlumdur ki, dövlət və dövlətçilik anlayışı dörd əsas amillə bağlıdır: sosial qurum – xalq, coğrafi məkan – vətən, hakimiyyət və ordu. Bu amillər folklorda mif, əfsanə, rəvayət, nağıl, dastan, lətifə, atalar sözü, məsəl, bayatı və s. kimi janrlar vasitəsilə, özünəməxsus şəkildə təqdim olunur. Özünəməxsusluq, ilk növbədə, ideallaşdırmadan, dövlətçilik anlayışına daxil olan amillərin müəyyən qədər ilahi mənşəyə bağlanmasından ibarət olur.
Haqqında danışmaq istədiyimiz xalq anlayışı folklorda ata-baba kultunu özündə birləşdirən bir anlayış kimi təqdim olunur. Qorqud Ata kimi bir övliyanın təmsil olunduğu xalq, konkret olaraq Oğuz eli igidlərin iman yeridir, uğrunda ölməyə hazır olduqları müqəddəs toplumdur. Xalqın şanlı keçmişini təmsil edən əcdadlar ehtiramla yad edilir, uca dağlar başında əcdadların ruhuna qurbanlar kəsilir. Əcdad qəbirlərinin düşmənlər tərəfindən dağıdılması ən böyük türk savaşlarının mühüm səbəblərindən birinə çevrilir. Əcdadları yad etmə hökmdar seçmə mərasimlərində mühüm yer tutur. Qədim türklərlə xeyli miqdarda oxşar mərasimləri olan proto-monqollarda hökmdar seçilən adamın özündən əvvəlki hökmdarın xatirəsini yad etməsi; yenidən doğulma (inisiasiya) mərasimi üçün tikilmiş xüsusi məbədə girib, ölən ata və anasına dualar oxuması, yeddi ata (əcdadlar) məbədini ziyarət etməsi (Ögel 1989: 297, 299) və s. kimi adətlər qeydə alınıb.
«Xalq»la yanaşı, «vətən» və «dövlət» mənalarını da bildirməsi el (il) istilahının hər topluma yox, qorunan ərazisi və siyasi müstəqilliyi olan topluma aid edilməsi məsələsini ortaya çıxarır. Aydın olur ki, məhz bu səbəblərdən (yəni ordu ilə qorunan əraziyə və müstəqil siyasi hakimiyyətə sahib olması səbəblərindən) el (il) ən yüksək sosial qurum sayılır. Kiçikdən böyüyə müxtəlif sosial qurumları özündə ehtiva edən elin yeri və mövqeyi aşağıdakı sıralanmada daha aydın görünür:
oğuş – ailə;
uruq – ailələr birliyi;
boy – qəbilə, tayfa (siyasi birliyinə görə qəbilələr, tayfalar «ok» adlanır);
bodun/budun – boylar birliyi (bu birlik siyasi baxımdan müstəqil ola da bilər, olmaya da bilər);
il (el) – müstəqil topluluq, dövlət, imperatorluq (Kafesoğlu 1991: 215).
Göründüyü kimi, budundan fərqli olaraq, elin başlıca mahiyyəti müstəqil topluluq olmasında, müstəqil siyasi iradə ortaya qoymasındadır. Əgər belədirsə, yəni dövlətçilik el anlayışı üçün ən başlıca amillərdən və şərtlərdən biridirsə, onda biz xalq məsələsinin folklorda necə təqdim olunmasından danışarkən həmin aspekti xüsusi olaraq nəzərə almalıyıq. Nəzərə almalıyıq ki, «Kitabi-Dədə Qorqud»un da daxil olduğu Oğuznamələr silsiləsində sadəcə olaraq xalqdan, ata-baba və ulu əcdaddan yox, dövlət quran, bu dövlətin güc-qüdrətini artırmaq yolunda döyüşüb-çarpışan bir xalqdan, həmin xalqın təmsilçiləri olan konkret adamlardan, yarıtarixi-yarıəfsanəvi ata-babalardan və ulu əcdadlardan söhbət açılır: «Oğuznamənin türkman etnik mühitində etnik kimlik şüurunun ifadəsi olaraq əcdadlar haqqında dastanlar kimi yarandığını qəti şəkildə söyləmək mümkündür. Bir etnosiyasi birlik olaraq oğuzlar, doğrudan da, türkmanların əcdadı idi. Onlar bu tarixi hadisəni epik hadisəyə çevirib öz əcdadları olan oğuzlar haqqında dastanlar yaratdılar. Burada «ol zəmanlar», «oğuz zəmanı» kimi vəsf olunan epik dünya türkman düşüncəsində tarixə qovuşmuş əcdadların dünyası idi» (Əsgər 2013: 53). Tədqiqatçılar Oğuznamələrin yaranmasını soykimliyi şüurunun güclənməsi amili ilə əlaqələndirirlər. Məsələn, F.Sümər türkçülük şüurunun güclənməsini «Oğuz kağan» dastanı ilə yanaşı, İbn Dəvadarinin bəhs etdiyi Oğuznamənin, həmçinin Rəşidəddin Oğuznaməsinin yazılmasında başlıca səbəb kimi nişan verir (Sümər 2013: 329). Oğuznamələrin meydana çıxmasına təkan verən türkçülük şüurunun mayasında, heç şübhəsiz, cahan dövləti qurmaq ideyası durur. Ulu əcdadların «günəş – bayrağımız» deyib, cahan dövləti qurmaq uğrunda apardığı mübarizə Oğuznamələrdən ana xətt kimi keçir: «Oğuz haqqında dastanın həm uyğur, həm də Oğuznamə versiyasında cahangirlik yürüşlərindən sonra Oğuz öz övladları arasında hakimiyyət bölgüsü aparır… Dastanın uyğur versiyasından fərqli olaraq, Oğuznamə versiyası Oğuzun altı oğlunun 24 törəməsinin də adlarını sıralayır. Bu, 24 törəmənin adlarının əksəriyyəti başqa bir şey yox, oba-oba, oymaq-oymaq türkman dünyasının hər tərəfinə səpələnmiş oğuz mənşəli tayfaların adlarıdır. Oğuzmanənin funksional mahiyyəti də elə bu yerdə üzə çıxır. Görmək çətin deyil ki, boyların adları şəxsləndirilərək boyun mənsublarının əcdadları kimi təqdim olunur və «Oğuz övladı» kimi Oğuznamənin qəhrəmanlarına çevrilir… Orta əsrlərdə hər bir türkman ailəsinin gerçək əcdadla başlayıb Oğuznamə qəhrəmanları ilə sona yetən soykötükləri olmuşdur. Ağqoyunlu sultanları Bayandır xanın, Osmanlı sultanları Kayı xanın övladları sayılırdı» (Əsgər 2013: 52-53). “Atanın adı övlad üçün ən böyük mülkdür” düşüncəsi ilə yaşayan hər hansı türk boyuna məxsus söykötükdə real əcdadla bərabər, Oğuznamə qəhrəmanlarının da əsaslı yer tutması orta əsrlərdə Oğuznamələrin bir şəcərə göstəricisi kimi nə qədər böyük əhəmiyyət daşımasından xəbər verir. Ehtiyac yaranır ki, Oğuznamələrdə, o cümlədən «Dədə Qorqud» boylarında Oğuz, Qalın Oğuz, Oğuz qövmü, Oğuz eli adları ilə təqdim edilən toplumun dövlətçiliklə bağlı bəzi səciyyəvi cəhətlərinə diqqət yetirilsin.
«Dədə Qorqud» boylarında tanış olduğumuz toplumun ən çox nəzər-diqqətə çarpan qurumu ailədir, ailədəki ərlə arvad, ata-ana ilə oğul, qardaşla qardaş münasibətləridir. Bu münasibətlər bir-birinə sədaqət, birinin o biri yolunda fədakarlığı üzərində qurulub. Burla xatın oğlu Uruzun qıyma-qıyma doğranmağına belə razı olar, təki əri Qazan xanın namusuna ləkə gəlməsin. Valideyn oğulu (Dirsə xanın xatunu Buğacı, Salur Qazan və Burla xatun Uruzu) ölümdən xilas etdiyi kimi, oğul da valideyni (Buğac Dirsə xanı, Uruz Qazan xanı, Yegnək Uşun qocanı) ölümdən xilas edir. Bu cür qarşılıqlı məhəbbət, sədaqət və fədakarlıq qardaşlar arasında da özünü göstərir. Qardaşı Əgrəyin əsir olduğunu biləndə döyüş təcrübəsi olmayan yeniyetmə Səgrəyi düşmən üzərinə yürüşdən saxlamaq mümkün olmur. Qardaşı Qıyan Səlcuqun öldürülməsi Basatın Təpəgöz kimi müdhiş bir varlığa qarşı döyüşə atılmasında başlıca səbəblərdən birinə çevrilir. Bütün bunlar öz yerində. Amma ötəri xatırlatdığımız ər – arvad, valideyn – övlad, qardaş – qardaş münasibətləri ailədaxili münasibətlər olaraq qalırmı? Əlbəttə, yox. Məsələ burasındadır ki, misal çəkdiyimiz qarşılıqlı məhəbbət, sədaqət və fədakarlıq faktları dastanda bu və ya digər şəkildə dövlətçilik mənafeyi ilə əlaqələndirilir. Oğulun ata-ana, ata-ananın oğul, qardaşın qardaş yolunda fədakarlığı həm də dövlət, dövlətçilik yolunda fədakarlıq mahiyyəti daşıyır. Oğuz elində ailənin başçısı və sıravi üzvləri atdığı hər mühüm addıma görə dövlət qarşısında məsuliyyət daşıyır. Atılan addımın hünər nümunəsi olub-olmaması onun nədən ötrü atılması ilə üzə çıxır. El üçün, elin tərkib hissəsi olan ev üçün atılmayan addım, görülməyən iş hünər yox, üzüdönüklük, namərdlik kimi qiymətləndirilir. Bunu Oğuz igidlərinin hamısı bilir və hər kəs də çalışır ki, hadisələrin fövqündə duran iki varlığa, iki böyük qüdrət sahibinə – Allaha və hökmdara xoş gəlməyən hər hansı bir əmələ yol verməsin. Qırx silahdaşın sözünə inanıb Buğacın nalayiq hərəkətlərə yol verməsinə, sərxoş olub ağsaqqal-ağbirçək kultunu pozmasına inanan Dirsə xan bu xəbərin xanlar xanı Bayındır xana çatacağından narahatdır. O dərəcədə narahatdır ki, Dirsə xan nəzir-niyazla tapdığı yeganə oğlunu ən ağır cəzaya – ölüm cəzasına məhkum etməli olur. Övladının cəmiyyətdəki davranışına görə Dirsə xan xanlar xanı qarşısında məsuliyyət daşıyırsa, bu o deməkdir ki, Oğuz elində ailə, doğrudan da, dövlətin ayrılmaz bir parçasıdır. Bunu boyda təsvir olunan mərasimlər də aydın şəkildə göstərir. Belə mərasimlərdən biri “toy” adlanan dövlət mərasimidir. Bu mərasimi xanlar xanı Bayındır xan ildə bir dəfə keçirib Oğuz bəylərini «qonaqlayır». Yenə «toy edib» atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdıran Bayındır xan ağ, qırmızı və qara rəngli üç müxtəlif otağın qurulması haqda buyruq verir: «Kimin ki, oğlı-qızı yoq, qara otağa qondurun, qara keçə altına döşən, qara qoyun yaxnısından öninə gətürün, yer isə yesün, yeməzsə, dursun, getsün… Oğlı olanı ağ otağa, qızı olanı qızıl otağa qondurun» (Kitabi-Dədə Qorqud 2000: 39). Bayındır xanın bu hökmünü ədalətsizlik saymaq olarmı? Suala cavab verməyə tələsməyək. Əvvəl görək Bayındır xan bu hökmü verərkən özünə necə haqq qazandırır?! Bayındır xan deyir: «Oğlı-qızı olmayanı Tanrı-Taala qarğayıbdır, biz dəxi qarğarız, bəllü bilsün» (Kitabi-Dədə Qorqud 2000: 39). Deməli, övladsızlıq, Bayındır xanın, həmçinin Oğuz bəylərinin nəzərində bir bədbəxtlikdir. Ailədə nəslin-kökün kəsilməyi kimi başa düşülən övladsızlıq cəmiyyət və dövlət üçün də ciddi narahatlıq doğuran bir məsələdir. Ailədə oğul-uşağın doğulmaması ilə orduda döyüşəcək adamların sayı azalmış olur. Əgər belədirsə, onda biz Bayındır xanın övladsızlıqla bağlı sərt qərarına «hər ailədə oğul-uşaq doğulsun» istəyindən irəli gələn bir qərar kimi baxmalıyıq. Məsələyə bu cür baxdıqda dastançının sadədil müdrikliyi arxasında hansı mətləbin gizləndiyini başa düşmək çətin olmur. Dastançı sadədil bir məntiqlə belə hesab edir ki, Bayındır xanın sərt qərarı Allah-təalanın Dirsə xana övlad bəxş etməsinin mühüm səbəbidir. Bayındır xanın verdiyi qərardan mütəəssir olan Dirsə xan, xatununun məsləhəti ilə acları doyurur, yalınları geydirir, borcluları borcdan qurtarır və bir ağzıdualının alqışıyla Allah-təala onlara bir əyal verir. Sərt qərar igid bir oğlanın dünyaya gəlməsi ilə nəticələnirsə, dastançının nəzərində, həmin qərara haqq qazandırmaq olar.
Mərasimlərin təsviri baxımından səciyyəvi olan «Buğac» boyunda «toy»dan sonrakı mərasimlərdən biri adqoyma mərasimidir. Buğanı öldürməklə ilk dəfə xüsusi hünər göstərmiş olan on beş yaşlı yeniyetməyə adqoyma mərasimi necə, hansı şəkildə keçirilməlidir? Bütün başqa mərasimlər kimi, bu mərasimin də keçirilmə qaydaları qabaqcadan hamıya bəllidir. Bunu dastandan gətirdiyimiz aşağıdakı parça açıq-aydın göstərir: «Oğuz bəgləri gəlüb oğlan üstünə yığnaq oldılar, təhsin dedilər. «Dədəm Qorqut gəlsün, bu oğlana ad qosun, biləsincə alub babasına varsun, babasından oğlana bəglik istəsün, taxt alı versün», – dedilər. Çağırdılar, Dədə Qorqut gəlür oldu. Oğlanı alıb babasına vardı. Dədəm Qorqut oğlanın babasına soylamış, görəlim, xanım, nə soylamış – aydır:
Hey Dirsə xan, bəglik vergil bu oğlana,
Taxt vergil, ərdəmlidir!” (Kitabi-Dədə Qorqud 2000: 40)
On beş yaşında göstərdiyi hünərə görə bəylik taxtı qazanan Buğacın bir vətəndaş kimi rəsmən qiymətləndirilməsinin ən mühüm göstəricisi isə xanlar xanı Bayındır xanın ona münasibətində ortaya çıxır. Qırx namərdin xəyanətinin qarşısını almaqla atasını ölümdən, Oğuz elini siyasi böhrandan xilas etməklə Buğac bu dəfə bəylik taxtını ölkə başçısından almış olur. Buğac «ikinci mərhələdə ümumdövlət səviyyəsində mövqe tutur – ona xanlar xanı Bayındır xan bəylik verir. Birinci bəylikdə Dədə Qorqudun məsləhəti əsasdır – o, siyasi ağsaqqal deyil, ancaq Bayındır xan siyasi ağsaqqaldır. İkinci bəylik ictimai əhatənin, bəylik mühitinin Buğaca münasibətinin nəticəsidir» (Hacıyev 2014: 149). Əslində, Buğaca verilən birinci bəylik də «ictimai əhatə»nin münasibətini ifadə edir. Yəni Oğuz bəyləri – məhz ictimai əhatə Buğaca bəylik verilməsi fikrini Dirsə xanın özündən əvvəl irəli sürürlər. Bu o deməkdir ki, boyda təsvir olunan hadisələr bir ailə daxilində baş versə də, həmin hadisələrin arxasında ciddi ictimai-siyasi mətləblər dayanır. Öz başlanğıcını dövlət səviyyəli «toy» mərasimindən götürən hadisələr boyda dövlətdən – ailəyə, ailədən – dövlətə xətti üzrə cərəyan edir. Hadisələrin inkişaf xəttindəki bu mənzərənin təsadüfi olmadığını dastandakı başqa boylardan da görmək olur.
Əgər «Buğac» boyundakı dövlət və övlad məsələsindən çıxış etsək, həmin məsələnin başqa boylardakı mənzərəsini izləsək, onda ilk olaraq yada düşən «Bamsı Beyrək» boyu olacaq. Çünki bu boyda da dövlət başçısının «toy» mərasimi övlad məsələsinin qabarıq ortaya çıxması ilə yadda qalır. Mərasim zamanı Bayındır xanın qarşısında Qaragünə oğlu Qarabudağın, sağ yanında Qazan oğlu Uruzun, sol yanında Qazılıq qoca oğlu Yegnəyin durduğunu bildirməklə ozan diqqəti dövlətin sabahkı durumunun başlıca təminatçısı olan oğullara yönəldir və dərhal Baybörə bəyin narahatlığını, onun ah çəkdiyini, dəsmal çıxarıb hönkür-hönkür ağladığını dilə gətirir. Məlum olur ki, neçə qızı olsa da, Baybörə bəy oğul həsrətindədir. Oğul istəyini Baybörə bəy ən çox dövlətçilik işləri ilə əlaqələndirir: «Bəglər, tacım-taxtım içün ağlaram. Bir gün ola, düşəm öləm, yerimdə-yurdumda kimsə qalmaya… Mənim dəxi oğlum olsa, xan Bayındırın qarşusın alsa-dursa, qulluq eyləsə, mən dəxi baqsam, sevinsəm, qıvansam, güvənsəyim!» (Kitabi-Dədə Qorqud 2000: 54). İstər taxt-taca sahib çıxacaq bir oğulun olmamasından narahatlığını bildirəndə, istərsə də doğulub-böyüyəcək oğulun Bayındır xana xidmət göstərməsindən danışanda Baybörə bəy məhz dövlətçilik düşüncəsi ifadə etmiş olur. Baybörə bəyin oğul övladdan başlıca umacağı Oğuz eli uğrunda qılınc çalıb, hünər göstərməkdir.
On altı yaşa çatsa da, oğulun bir hünər göstərməməsi Oğuz bəyləri üçün böyük dərddir. Bunu Qazan xanın Uruza münasibətindən görmək çətin deyil. Baybörə bəy “toy” törənində oğulsuzluq dərdindən kövrəlib ağlayırsa, Qazan xan da özünün təşkil etdiyi “toy” törənində fərsiz oğul dərdindən kövrəlib ağlayır. Ağlamağımın səbəbini Qazan xan Uruza belə başa salır:
Bərü gəlgil, qulunum oğul!
Sağım ələ baqduğumda
qardaşım Qaragünəyi gördüm,
Baş kəsübdür, qan dökübdür,
Çöndi alubdur, ad qazanıbdır.
Solum ələ baqduğumda
dayım Aruzı gördüm,
Baş kəsübdür, qan döküpdür,
Çöldi alubdur, ad qazanıbdır.
Qarşım ələ baqduğumda səni gördüm,
On altı yaş yaşladın,
Bir gün ola, düşəm öləm, sən qalasan –
Yay çəkmədün, ox atmadın,
Baş kəsmədin, qan dökmədin,
Qanlu Oğuz içində çöldi almadın.
(Kitabi-Dədə Qorqud 2000: 66)
Demək, Oğuz bəylərinin nəzərində oğulsuzluq bir dərddirsə, fərsiz oğul atası olmaq da başqa bir dərddir. Qazan xan bu dərddən yalnız o zaman yaxa qurtarır ki, oğlu Uruzun hünər göstərməsinin şahidi olur və yaxud bu hünərin səsini-sorağını eşidir. Uruzun göstərdiyi igidliklərdən biri atasını əsirlikdən xilas etməkdir. Yegnəyin Qazılıq qocanı, Səgrəyin Əgrəyi əsirlikdən qurtarması kimi, Uruzun da Salur Qazanı əsirlikdən qurtarması öz mahiyyətinə görə ailə çərçivəsindən çıxıb sosial-siyasi əhəmiyyət daşıyır. Qardaşın qardaş, oğulun ata yolunda fədakarlığı nəticə etibarilə Oğuz dövlətinin güclənməsi amalına yönəlmiş olur.
Oğuz elində ailələr dövlətə nə qədər bağlıdırsa, boy (tayfa) birlikləri də dövlətə bir o qədər bağlıdır. «Dədə Qorqud» dastanında dövlətin güc-qüdrətinin iki əsas boy birliyindən asılı olduğunu görürük: Üç Oq, Boz Oq. Məlumdur ki, bu boy birlikləri Oğuz xanın oğlanları ilə bağlıdır. Rəşidəddin Oğuznaməsinə əsaslanıb qeyd edə bilərik ki, Oğuz xanın üç böyük oğlu ovda qızıl bir yay, üç kiçik oğlu isə üç qızıl ox tapır. Oğuz xan qızıl yayı bölüb hər parasını böyük oğlanlarından birinə, həmçinin oxları kiçik oğlanlarına verir. Beləliklə, böyük oğlanlar Boz Oq, kiçik oğlanlar Üç Oq adlanır (Rəşidəddin 2003; 51-52). «Dədə Qorqud» dastanında Üç Oq – İç Oğuz, Boz Oq isə Daş Oğuz kimi tanınır. İç Oğuz və Daş Oğuz boy birliklərini düşmənə qarşı döyüşdə həmişə bir yerdə görürük. Oğuz elinin qorunmasında Alp Aruzun başçılıq etdiyi Daş Oğuz (Bozoq) boy birliyi Qazan xanın mənsub olduğu İç Oğuz (Üçoq) tayfa birliyindən heç də az hünər göstərmir. Daş Oğuzun başçısı Alp Aruzun adını ozan on ikinci boydakı məlum toqquşmaya qədər hər yerdə məhəbbətlə çəkir. «Çal qılıcın, ağam Qazan, yetdim» deyib köməyə gələn Oğuz igidləri sırasında ozan Alp Aruzun da adını fəxrlə çəkməyi yaddan çıxarmır. On ikinci boyda isə vəziyyət dəyişir. Bu boyda Alp Aruz boy birlikləri arasında qanlı toqquşmaya bais olan bir adam kimi qınaq hədəfinə çevrilir. Daxili münaqişə baiskarının qınaq hədəfinə çevrilməsi də göstərir ki, boy birliklərinin hakimiyyətə qarşı silah qaldırması türk epik düşüncəsi üçün səciyyəvi olmayan bir haldır. Amma bu hal (Alp Aruzun başçılıq etdiyi tayfa birliyinin hakimiyyətə qarşı qiyam qaldırması) türk dövlətçilik düşüncəsi üçün səciyyəvi olan bir məsələ üzərinə işıq salır. Həmin məsələ aşağılarla yuxarılar arasında münasibət məsələsidir.
Oğuz xanlıq və bəylik sistemində mövqe və vəzifə tutan adamlarla bağlı iki qayda ciddi şəkildə qorunur: a) mövqe və vəzifə sahibi ictimai-siyasi mövqeyinə uyğun hərəkət etməli, öz vəzifəsini axıracan yerinə yetirməlidir; b) mövqe və vəzifə sahiblərinə, müvafiq səlahiyyətlər verilməli, gördükləri iş müqabilində onlara diqqət və qayğı göstərilməlidir. Birinci qayda pozulduqda yuxarıların, ikinci qayda pozulduqda aşağıların narazılığı başlayır. Qırx igidin Buğacı və Dirsə xanı aradan götürmək planlarının kökündə diqqətdən kənarda qalmaq qorxusu dayanır. Adaxlı köynəyi geyən Beyrək dərhal qırx yoldaşı barədə düşünməli, sıra ilə onların hər birinin nişan-toy qayğısına qalmalı olur. Yoldaşlarını əsirlikdən qurtarmayınca Beyrək öz nişanlısına qovuşmaq, murad verib, murad almaq istəmir. Diqqət və qayğının hesabınadır ki, qırx igid Beyrək yolunda candan keçməyə hazırdır. Umduqlarından lazımi diqqət görməyən igidlər çox gərgin anlar yaşayır, diqqətsizliyi ən doğma adamlarına belə bağışlamaq istəmirlər. Atası tərəfindən layiqincə qiymətləndirilmədiyini güman edən Uruz öz narazılığını kifayət qədər ağır sözlərlə bildirir:
Qalqubanı yerimdən mən duraram.
Qara gözli yigitlərimi boyuma aluram.
Qan Abqaz elinə mən gedərəm,
Altun xaça mən əlümi basaram,
Pilon geyən keşişin əlin öpərəm,
Qara gözlü kafir qızın mən aluram.
Dəxi sənin yüzünə mən gəlməzəm.
Ağladuğuna səbəb nə, degil mana!
Qara başım qurban olsun, ağam, sana!
(“Kitabi-Dədə Qorqud” 2000: 66)
Sonuncu misra göstərir ki, Uruzu atasına böyük sevgi və sədaqət hissi bağlayır. Amma əvvəlki misralar bu sevgi və sədaqətin hər hansı ciddi laqeydlik müqabilində düşmənçiliklə əvəz oluna biləcəyindən xəbər verir. Qazan xanın ətrafındakı adamların Uruza qısqanc münasibəti ata ilə oğul arasında hər hansı münaqişə ehtimalını daha da gücləndirir. Düzdür, Qazan xanla Uruz arasında heç bir münaqişə baş vermir. Amma Uruzun Qazan xana dediyi ağır sözlər düşündürüb-daşındırır və həmin düşüncələr axarında Qazan xan – Bəkil toqquşmasına da nəzər salmaq ehtiyacı yaranır. Toqquşma Bəkilin ovda göstərdiyi məharətin qiymətləndirilməməsi üstündə baş verir. Qazan xandan inciyib Abxaz elinə gedəcəyini bildirən Uruz kimi, Bəkil də Qazan xandan öz incikliyini doqquz tümən Gürcüstana gedəcəyi ilə bildirir. Xoşbəxtlikdən xatununun ağıllı məsləhətindən sonra Bəkil “padşahına asi olanın işi rast gəlməz” fikri ilə razılaşır və hər şey öz yoluna düşür.
Buğacla qırx yoldaşı, Beyrəklə yaxın silahdaşları, Qazan xanla Uruz, Qazan xanla Bəkil arasındakı münasibətin xatırlatdığımız epizodları məzmun və mahiyyətcə Qazan xan – Alp Aruz münaqişəsinə oxşardır. Fərq olsa-olsa münaqişənin miqyasında, necə və nə ilə başa çatmasındadır. Qazan xan – Alp Aruz münaqişəsinin miqyası geniş, nəticəsi isə acınacaqlıdır. Miqyas ona görə genişdir ki, iki şəxs arasındakı münaqişə ölkənin və dövlətin iki böyük tirəsi arasındakı münaqişə şəkli alır. Nəticə ona görə acınacaqlıdır ki, qardaş qardaşa əl qaldırır, Beyrək kimi yenilməz qəhrəman məhz “qardaş” əli ilə öldürülür.
İç Oğuz – Daş Oğuz toqquşmasına gətirib çıxaran Qazan xan – Alp Aruz münaqişəsinin səbəbini aydınlaşdırmaq istərkən dövlət törənlərini nəzərə almamaq mümkün deyil. Ona görə ki, döyüşdə olduğu kimi, Bayındır xanın təşkil etdiyi «toy» törənlərində də İç Oğuzla Daş Oğuzu həmişə bir yerdə görürük. Qazan xanın «yağma» törəninə gəldikdə isə qeyd etməliyik ki, bu törən, adətən, Üç Oq və Boz Oq «yığnaq olanda» – bir yerə toplananda keçirilir. Amma son yağma törəninə Qazan xan Daş Oğuz bəylərini çağırmır. Yağma mərasiminə çağırılmamaq boyda Alp Aruzun qəzəblənib Qazan xana qarşı çıxmasının əsas səbəbi kimi göstərilir. Qarşıya cavab verilməsi vacib olan belə bir sual çıxır: bəylərbəyinin sayğısızlığı müqabilində bəyin kəskin etiraz etməsi nə dərəcədə məqbuldur? Suala cavab vermək üçün boy sistemindəki ümumi qaydalara – pozulmaz Oğuz törəsinə üz tutmalı oluruq. Nəzərə almalı oluruq ki, «Dədə Qorqud» dastanında təsvir edilən Oğuz elində «hər bəyin özünə aid və üzərində yalnız özünün hakim olduğu bir ərazisi var. Bəylər yurdlarındakı ordalarında yaşayaraq, başında durduqları boyu idarə edirlər… Bəylərin ağaları öz qol bəyləridir. Üçoxların qol bəyi eyni zamanda bozox qolu bəyinin də rəhbəridir. O bu sifətlə bəylərbəyi ünvanını daşıyır… Bozox başbuğu Aruz məiyyətində öz qolunun bəyləri (ağası – M.K.) olduğu halda, bəylərbəyi Salur Qazanı ziyarət edir. Rəhbərlərin vəzifələrinə gəlincə, onlar tabeliklərindəkiləri vəzifəyə təyin etməli, yanlarına gələnləri, yaxud çağırılanları ənənələrə uyğun olaraq qarşılamalı, eyni səviyyədəki adamlara eyni rəftar göstərməli, onların heysiyyətinə toxunacaq, qəlblərini qıracaq heç bir davranışa yol verməməlidirlər» (Sümər 2013: 343-344). On ikinci boyaqədərki əhvalatlarda Salur Qazanla Alp Aruz arasındakı münasibətlər bəylərbəyi ilə bəy arasında törəyə uyğun münasibətlərdir. On ikinci boyda yağma törəninə çağırılmayan Alp Aruzun Salur Qazana qarşı çıxması da əslində öz mayasını müəyyən qədər törədən götürür. Törəyə görə «tabelər hakimlərinə qarşı sayğılı olmaqla bərabər, hərəkətləri bir kölənin ağasına qarşı davranışından çox uzaq idi. Onlar son dərəcə izzəti-nəfs sahibi, məğrur insanlar idi. Hakimlərinin ən əhəmiyyətsiz söz və hərəkətlərinə sərt reaksiya verirdilər» (Sümər 2013: 345). Deməli, yuxarı – aşağı münasibətində yuxarıların haqsızlığına qarşı aşağıların etiraz etmə hüquqları var. Bu həmin hüquqlardır ki, Buğac – qırx silahdaş, Beyrək – qırx igid, Qazan xan – Uruz, Qazan xan – Bəkil münasibətlərində olduğu kimi, Qazan xan – Alp Aruz münasibətində də özünü göstərir. Bu nümunələrin hər birində dastanı söyləyən ozan, Oğuz törəsini əzbər bilən bir şəxs kimi, igidlərin etiraz hüququnu o nöqtəyə qədər dəstəkləyir ki, həmin etiraz daxili toqquşmaya gətirib çıxarmasın. Məhz daxili toqquşmaya gətirib çıxardığına görə Buğacın qırx silahdaşının etirazı, eləcə də haqqında xüsusi danışdığımız Alp Aruzun etirazı dastanda mənfi planda təqdim edilir.
İstər ailə, istərsə də boy və boy birliyi kontekstində yanaşdıqda xalq anlayışının türk epik ənənəsində ümumi-səciyyəvi cəhətlərini müşahidə edirik. Belə ümumi-səciyyəvi cəhətlərdən biri yuxarıda müəyyən qədər nəzərdən keçirdiyimiz xalqın bütövlüyü məsələsidir. Türk epik düşüncəsinə görə, yaşından, cinsindən, sosial mənsubiyyətindən asılı olmayaraq, toplumun bütövlüyündə hamı məsuliyyət daşıyır. Uşaqdan-böyüyə, qadından-kişiyə, çobandan-hökmdara qədər hər kəs öz imkanı, sosial və siyasi mövqeyi daxilində vahidliyin pozulmaması naminə səy göstərir, yaxud göstərməlidir.
Dostları ilə paylaş: |