N. A. Nekrasov rus qadinlari



Yüklə 263,73 Kb.
səhifə2/3
tarix30.12.2017
ölçüsü263,73 Kb.
#18837
1   2   3
Sakit bir yuxuda üzürdü körpə.
Baxıram allanan yanaqlarına,
Üzündən, gözündən hey öpə-öpə
Beşiyi yanında dayanıb ona
Dua eləyirəm səhərə qədər.
Sonra da tələsik yığışıb, yenə:
“Balamın anası ol, yalvarıram,
Bacı, yalvarıram...” And içir mənə...
Faytonum getməyə hazırdı tamam...
Qohum-əqrəbalar pərt idi o gün,
Sözsüz bir ayrılıq, lal bir ayrılıq.
Düşündüm: “Mən öldüm ailəm üçün”.
Anam donmuş idi, sanki qalır tək,
Qəlbində hələ də bu inam, bu səs:
Bəlkə qərarını dəyişdirəcək...
Atama baxırdı hamı suallı,
O isə kənarda dayanıb, qəti
Dinmirdi, başını aşağı salıb,
Üzündə yox idi qan əlaməti.
Yığdılar faytona son şeyləri də...
Az qala taqətim itirdi tamam.
Bu ağır anımda nə cür, bilmirəm,
Atamı, bacımı qucaqlamışam.
“Görüm, tanrı sizə yar olsun” deyib
Öpdüm, qucaqladım qardaşlarımı.
Elə bil atamı təqlid eləyib
Susmuşdu onlar da. O qaşlarını
Çatmışdı. Sıxaraq dodaqlarını
Tərpəndi yerindən, oyanıb qanı
Qızartdı qəzəbli yanaqlarını.
Mən isə ehmallı bir hərəkətlə
Yeriyib önündə diz çökdüm: “Ata,
Bağışla, gedirəm, məni əfv elə,
Bircə söz de mənə, bircə söz, hətta!”
Baxdı mənə sarı, nəhayət, qoca
Əlini əsəbi silkələyərək,
Dilləndi çox qəti bir ciddiyyətlə:
“Get, ancaq gələn il dönəsən gərək,
Yoxsa, qarğıyaram!”
        Əsdi bədənim.
Daha tab etmədi ürəyim mənim,
Yıxıldım...
IV  FƏSİL

“Bəsdir axıtdığım bu göz yaşları!”


Daha tərk edirəm ata mülkünü.
Boranlı, şaxtalı günlərə sarı
Tərpəndi faytonum dekabr günü.
Çevirdim yolları üç gün aramsız,
Bu sürət, bu uçuş xoş idi mənə,
Təsəlli- həkimim bu idi yalnız.
Gəldim Moskvaya qohum evinə -
Cavan knyaginya Zinaidanı1
Hamı tanıyırdı: ağıllı, həlim.
Necə oxuyardı! Necə çalardı!
Sənət allahıydı, nəydi, nə bilim...
Bir vaxt bir kitabı çox sevərdi o,
Hər incə kəlməsi çökmüş ruhuna...
Sevdiyi bir şair - Venevitinov
Arabir parçalar deyərdi ona.
Bir il yaşamışdı İtaliyada,
Şair söyləmişkən: “Geri dönəndə
Moskva gözəli cənub göyünün
Rəngini gətirdi öz gözlərində.”
Zina yad deyildi artistlərə də,
Neçəsi evində qonaq olardı.
Onu zarafatla bəziləri də.
Şimal Korinnası2 adlandırardı.
_______________
1.Z.A.Volkonskaya M.N.Volkonskayanın ər tərəfindən qohumu. Müasirlərinin dediyinə görə çox savadlı və istedadlı bir qadın imiş.
2.Korinna - fransız qadın yazıçısı Stalın (1766-1817) eyni adlı əsərinin qəhrəmanı, çox istedadlı, ömrünü incəsənətə həsr etmiş bir qadın.
Bir qədər ağladıq. Mənim qərarım
Onu sevindirdi, kövrəltdi yaman:
-Özünü ələ al! Bir şənlən barı,
Yox, mənim əzizim, çox sınıxmısan!
Ah, üstümüzdəki qara buludu
Biz necə dağıdaq? Necə ayılaq?
Hələ axşamacan bir dincəl, otur,
Axşam bu sağlığa bir az şad olaq.
Qorxma, ürəyincə olacaq hər şey,
Sevdiyin nəğmələr, sevdiyin şer...
Bir az da bu axşam artist olarıq.

Mənim Moskvaya gəlmək xəbərim


Yayıldı o axşam...Hamı bilmişdi...
Paytaxt diqqətini, fikrini ərim
Bir zaman özünə cəlb eləmişdi. 
Elə ki, oxudu hakim qərarı
Adamlar dəhşətə gəldi o anda.
Gəzdi Rastopçinin bir zarafatı
O gündən Moskva salonlarında1.
“Avropada bir çəkməçi istəsə ki, ağa ola,
Bu hamıya məlumdur ki,
        o vuruşur, edir qiyam.
Bizdə isə inqilabdan,
    məlumdur ki,
        çəkməçi olur adam...”
_____________
1. O zamanın konservativ baxışlı görkəmli əyanlarından olan F.A.Rastopçinin zarafatları məşhur idi.
O axşamın “qəhrəmanı” mən oldum,
Neçə şair də var, artist də vardı.
Yığılıb gəlmişdi bütün dost-qohum,
Həyətdə bəzəkli karetalardı...
Atları fınxıran, dartınıb duran
Boyalı qadınlar gəlin ədalı...
Elə ömrü boyu başda oturan
Nüfuzlu qocalar qayğıma qalır,
Keyfimi soruşur xanım-qarılar.
Məni qucaqlayıb təbəssüm ilə:
“Bu nə qəhrəmanlıq, nə gözəl gəlin!”
Sonra da bir ağız təəssüf ilə...
Bir sözlə, Moskva öz aləmində...
Gördüm, bir gecəlik qonaq da olsam,
Biri nəşəsində, biri dəmində-
Zinanın evində kefdir bu axşam.
Artislər hamıdan çoxdu deyəsən,-
Çox məşhur italyan nəğməkarları...
Atamın yanında qulluq eləyən
Dostların o axşam artdı qubarı.
Burda tanış oldum mən gedən yerə
Gedən adamların qohumlarıyla.
Burda tanış oldum o vaxtın məşhur
Neçə şairiylə, sənətkarıyla.
Burda Odoyevski, Vyazemski,
O vaxt çox tanınan “ilhamlı şair1...

_________________


1. “İlhamlı şair” - Venevitinov D.V. (1805-1877) nəzərdə tutulub.
Zinanın tez sevib, tez itirdiyi,
Ölüm tez aparan -  görkəmli şair...
Puşkin də burdaydı, tanıdım onu.
Yurzufda o bizə tez-tez gələrdi.
Xatirə dostunu, gənclik dostunu
Tanıdan - qəlbimdə xatirələrdi.
O zaman... işvəli, qəmzəli çağlar...
Onunla oynayıb, deyib gülmüşəm.
Çiçəkli yamaclar, ətirli bağlar
Onunla Krıma gəlib, bilmişəm.
Bizim ailəmiz ora gedəndə
Bəxtimdən Puşkin də tuş oldu bizə.
Yol boyu məst oldum söz-söhbətindən,
Bir baxdıq dağlara, Qara dənizə.
O zaman on altı yaşım olardı,
Yaşıma sığmayan boyum, qamətim.
Qıvrımsaç şairlə qanad alardı
Gəzmək, seyr eləmək şeriyyətim.
Nə yaylıq, şlyapa...uzun hörüklər
Az qala ütülüb yanardı gündən,
Dalğa sevincimi dənizə yüklər...
Doymazdım Krımın sahillərindən!
Dənizi ilk dəfə görürmüş kimi
Ətrafı həvəslə seyr eləyirdim.
Saçıma gümüş saç hörürmüş kimi
Çiynimə su qalxır, dalğa dəyərdi.

Dəniz uşaq kimi oynadar, atar,


Dəniz nənnisində saxlardı məni.
İstəsəm çəkilən dalğanı tutam,
Qabaran dalğalar haqlardı məni.
Puşkin də baxardı, gülərdi, amma
Yenə də çəkməylə suya girərdim.
“Ancaq deməyin ha, qubernatkama,
Deməyin”... (Çəkməmi tez gizlədərdim.)
Sonralar oxudum mən “Onegin”də
Oxudum o gözəl sətirlərini.
Ah, necə kövrəldim, necə sevindim,
Eh, indi qarıyam. Ləpirlərimi
Dartan xatirələr çıxmaz yadımdan.
Bir dəfə mənimlə elə danışdı...
Bir də doğrusunu desəm, o zaman
Puşkin sevmədiyi qız qalmamışdı.
Əslində sevmirdi heç kəsi, məncə,
Şeriyyət adlanan pərisi bəsdi.
O öz kədərini ürəyindəcə
Qalayıb alışar, yandım deməzdi.

Yursuf gözəl yerdir, hər yan bağça, bağ...
Meşələr qoynunda itib dərələr.
Ayağı dənizdir, başı Ayıdağ,
Az qalır zirvələr göyləri dələ.
Qayalar dibində tatar evləri,
Saç kimi sarınıb üzüm bağları.
Sanki fikrə gedib yüz ildən bəri
Yaşıl qovaqları, göy qovaqları.
Ev tutduq bir uca qayanın altda,
Bizdən də ucada yer aldı şair,
Gəzməyə gündüzlər çıxardı ancaq
Həmişə tək-tənha hərlənərdi o.
Gecələr dalardı dəniz seyrinə.
İngilis dilini öyrənərdi o.
Lenadan - bacımdan. Bayron o vaxtlar
Onun ən sevimli sənətkarıydı.
Bacım bu sirrini gizlicə saxlar-
Arabir Bayrondan tərcümə elər,
Mənə oxuyardı, cırıb tullardı.
Bizim ailədən kimsə - bir nəfər
Demişdi: Lenanın yazmağı vardır,
Puşkin də alıb bu quramaları
Oxuyub hamıya demişdi ancaq:
-Bu soyuq tərcümə qaralamalar
Lenanı azarkeş eləmiş artıq.
İşlərdi, çəkilib öz otağına,
İşini qurtarıb bizə enərdi.
Yolun üstündəki sərv ağacına
Şair “ən vəfalı dostum” deyərdi.
Çox vaxt söykənərdi sübhəcən ona,
Gedəndə ağacı öpdü, görüşdü.
Hansı bir xalqınsa nağıllarına
O gündən belə bir əfsanə düşdü:
“Şairin bağına bir bülbül qonar,
Gecələr onunla ötər, ötərdi.
Bütün təbiətin nəfəsi donar,
Bütün insanların səsi itərdi.
Şairdən sonra da - əfsanə deyir-
Hər yay adətiylə gəlib bu bağa
Oxuyur o bülbül, fəqan eləyir:
“Dostların gözləri yoruldu daha...”
Susur o bülbül də şair öləndən,
Gedir bir dəfəlik, sərv ağacıtək -
Qalır yol üstündə, həsrətlə hərdən
Boylanır dənizə: nə vaxt gələcək?..”
Puşkin vəsf etdiyi sərvi hər zaman
Ziyarət etməyə turistlər gəlir.
Ağacın təbərrik qanadlarından
Öpdükcə, ürəyə nə hisslər gəlir...

Görüşüb qəmləndik, şair də, mən də,
Üzünü, gözünü bir kədər aldı.
O uzaq Yurfuzun sahillərində
Keçən cavanlığı yadına saldı.
Təbəssüm boyalı xatirələrin
Kölgəsi gözündə yox oldu birdən.
Qayğılı bir qəlbin səmimi, dərin
Səsiylə o mənə uğurlar dedi.
Elə ki, otaqda qaldıq ikimiz.
Hər sözü qəlbimdə həkk oldu o dəm.
Sözü yadımdadır olduğu kimi,
O dediyi kimi deyə bilmərəm:
“Gedin! Gedin! Böyük ürəyiniz var,
Bu, inad deyildir, bu cəsarətdir!
Qoy çıxsın qarşına uğurlu yollar,
Əzib tapdalayın hər məşəqqəti,
İnan ki, sənin bu saf ürəyinə
Bütün bu nifrətlər dünyası dəyməz!
Yaşasın onun bu bərbəzəyinə
Sevgi əzabanı dəyişdirən kəs!
De, bu dünya nədir? İyrənc maskarad!
Ağıl kütləşdirər, ürək çürüdər,
Ölçülü, biçili buz donlu həyat
Həqiqət odunu udub məhv edər.
Bir zaman uçar bu yamanlıq dağı,
Kəsməz qarşınızı nə səd, nə divar.
Yenə də sevimli ata ocağı,
Ata bağ-bağatı sizi qarşılar!..
Sevinər bu əzgin, bu yorğun anda,
Doğma küləklərlə tumarlanarsız.
Dönüb keçdiyiniz yola baxanda
Yenə bir nəşədən xumarlanarsız.
Bəli, inanıram! Bu qəm tez ötər,
Çarın da qəzəbi əbədi olmaz.
O buzlu çöllərdə ölsəniz əgər,
Ürəklər, ağıllar sizi unutmaz.
Deyərlər: bu ada layiqdir heykəl!
Bir qadın anada bu qəhrəmanlıq!
O qarlı səhralar qoynunda bəlkə
Sizin qəbriniz də qazılıb artıq.
Ölsəniz, bu cəsur hərəkətiniz
Ürəkdən ürəyə köç edib yaşar.
Nəvələr dilində hekayətiniz
Elə nağıllaşar, hey nağıllaşar...
Nağıllar şəklini gətirər yada,
Səsini, sözünü duyar adamlar.
Bir nənə ruhunun sağlığına da
Camlar boşalacaq, çox dolu camlar.
Mərmər qəbirlərin çoxları hanı?
Adi qəbir itmir bəzən səhrada.
Dünya unutmayıb Dolqorukayanı1

Bir onu bir adam salırmı yada!
Nə deyim? Sağ gedin, salamat gedin!
Bəlkə də görüşə bilərik orda.
Puqaçdan yazmağı çar təklif edib,
Puqaçov əl çəkmir yuxularımdan.
Onun şöhrətiylə dil tapmalıyam,
Bununçün Urala yollanım gərək.
Yazda gedəcəyəm, nə tapsa ilham...
Atüstü olsa da dolanım gərək.
Mən sizə Uraldan əl eyləyərəm...”
Şair “Puqaçovu” bitirdi amma,
Gəlmədi, vədinə sadiq olmadı.
Bəs niyə? Hələ də sığmır ağlıma...
Musiqi çalınır. Ürək dolu qəm,
Məlahət əridir qəlbimi sanki.
Özüm oxumuram, özüm itmişəm.
Ancaq adamlara yalvarıram ki:
“Siz Allah, susmayın, gedirəm sabah,
Siz allah, oxuyun, çalın, oynayın.
Bir də bu musiqi çalınmayacaq
Mənim qulağımda budu son payım!..”
_____________
1. Dolqorukaya N.B. (1714-1771) İmperatriça Anna İvanovanın hakimiyyəti zamanı sürgün edilən ərinin dalınca Sibirə getmişdir.
Musiqi sədası çağlayır, axır,
Vida nəğməsiylə qurtarır axşam.
Üzündə, gözündə kədəri, ahı,
Olmayan bir adam xatırlamıram.
Hətta sir-sifəti donuq qarılar
İtirdi soyuqluq əlamətini.
Gözündə göz yaşı qurumuş olan
Qocalar donuqluq əlamətini.
Artistlər dəyişdi mahnılarını,
Bu səslər əridər daşı, deyirəm.
Onların yaxşı yol dualarını
Mahnılar onlardan yaxşı deyirdi.
Necə bir ilhamla çalarmış insan!
Necə oxuyarmış gözləri yaşlı...
Hamısı söylədi: “Get allahınan!..”
Ağlaşa-ağlaşa biz vidalaşdıq...


V  FƏSİL

Şaxtadır. Yollar ağ, yollar ütülü,
Bulud görünməyir göyün üzündə.
Ayazdan yamçının bığı ütülüb,
Qısılıb, titrəyir öz cübbəsində.
Beli də, çiyni də, papağı da qar,
Dillənir, atlara hey qaçmı çəkir.
Dartılır, yüyürür, fınxırır atlar,
Deyirsən nəfəsi kəsiləcəkdir...
Baxırsan ətrafa: tanış mənzərə,
Uzanır rus çölü - qar səhraları.
Yol boyu nəğməkar sıx meşələrə
Dəlisov küləklər sovurur qarı.
Düzənlər elə bil bir almaz xalı,
Kəndlər qar altında qalıbdır deyən.
Arabir mülkədar xanimanları,
Kilsə başlarıdır tək gözə dəyən...

Tez-tez gördüyümüz arabalardır,
Kom-kom ibadətə gedir qarılar.
Dartır tacirləri poçt faytonları,
Pərqu döşəkcədə buğlanır onlar.
Dövlət furqonları! On at qoşulu:
Furqon tüfənglərlə, çantayla dolu.
Soldatlar! Gülərüz, bığsız cavanlar,
Orduya ilk qədəm atırlar onlar.
Atalar, analar oğullarını
Bacılar qardaşı, gəlin sirdaşı...
“Ciyərparaları əsgər yollanır!”
Duyulur ahları, axır göz yaşı.
Yumruğu yamçının başının üstdə...
Qovur atlarını bir feldyeger.1
Xəndəyin başında tullanır atdan
Mülkədar sahibçün bir bığlı yeger.2
Vurduğu dovşanı saldırır itdən.
Mülkədar kənarda dayanıb ağır,
Fit çalıb, itləri geri çağırır.
__________________
1.Feldyeger - mühüm poçtlar aparan hərbi və ya dövlət xidmətçisi.
2.Yeger - ovçu.
Cəhənnəm səhnəsi hər stansiyada:
Söyüşən, didişən, itələşənlər...
Uşaqlar həvəslə baxır kənardan:
Toyuqlar cihləşir, onlar şənlənir.
O yandı, dəmirçi qapısında at,
Üz-başı qapqara dəmirçi çıxır,
Əlində nal-çəkic, ətrafa baxır:
“Ay gədə, bu atın ayağını tut!”

Birinci düşərgəm Qazanda oldu,
Quru bir divanda yuxuya getdim.
Qəfildən elə bil yuxum qovuldu,
Musiqi eşitdim, nəğmə eşitdim.

Bəli, bal gecəsi...yadıma düşdü:
Qalır yeni il bir-iki saat.
“Hamı xoş taleli, hamı gülüşlü,
Oynayıb gülürlər! Bir mən qüssəli:
Dalına düşmüşəm dərdin, kədərin”.
Uçdumu, getdimi, yetişməz əlim,
Gənclik də gənclikdir, ay nəvələrim...

Burda qorxuzdular məni yenidən,
Guya qaytarıblar Trubetskayanı!
Buradan geriyə dönüm yəni mən?
Başıma sovurram bütün dünyanı!
Tez qalxdım yerimdən, faytonçu baxdı:
“Saat on olubdu, xanım, səbr edək:
Səhəri gözləyək, qasırğa qalxdı,
Qar tutur yolları, haraya gedək?”
“Ax! Yenə səbr etmək! Yoruldum, vallah,
Gedirəm! Tez olun, siz allah, durun!..”
Zınqrov səslənir, görünmür yollar,
Külək vıyıldayır, qar burum-burum.
Tufan az qalır ki, faytonu deşə,
Yamçının belini görmürəm hətta.
Deyən faytonumuz daşlığa düşüb,
Təpədən təpəyə dirənir atlar.
Az qaldı çevrilə faytonun çarxı,
Nəyəsə toxunub birdən dayandı.
Yamçı qüssələndi: - Mən dedim axı,
Gərək gözləyəydik, yollar yamandı!
Söylədim yamçıya: “Bir düş, yola bax!”
Çəkib örtüyünü, faytonu örtdüm.
Düşündüm gecənin yarısı olar,
Vaxt necə tez ötür, necə tez ötür,
Buranda saatı gördüm: on iki.
Zəng vurdu: on iki! Getdi köhnə il.
Tufan elə dinir, elə dinir ki,
Elə bil ömürlük kəsilən deyil.
Onun qayğısı nə, onun dərdi nə?
Yeni il qəm olub aşsın başımdan.
Mən də biganəyəm sənin dərdinə,
Sənin ah-vayına, ay qış, ay tufan.
Mənim öz taleyim, öz fəlakətim,
Onunla tək-tənha vuruşuram mən.

Mən öz faytonçumu təbrik elədim
“Burda karvansara vardır - deyərkən,-
Orda gecələrik, açılar səhər”.
Biz döyüb qapını, girdik içəri,
Tez qalxıb sobanı tüstülətdilər,
Meşənin bu kasıb keşikçiləri.
Dəhşətli nağıllar dedi meşəçi,
Yaddan çıxarmışam söz-söhbətini.
Çay içib isindik: qasırğa, gecə
Çöldə kəsməmişdi hekayətini.
Xaç çəkib çırağı söndürdü qoca,
Oğlu Fedya ilə sonra birtəhər
İki yekə daşı “ayılar üçün!”
Qapının dalına itələdilər.
Quru döşəməyə uzandı sonar,
Bir azdan uyudu hamı daxmada.
Soyuq bir gecədə çıxıb yollara,
Bir həsir üstünə dönərmiş adam.
Gəldi xəyalıma çox şirin anlar,
Bayramlar...Başıma çiçək ələndi.
Sağlıqlar, töhfələr, ballar, oyunlar
Bir-bir gözlərimdə səhifələndi.
Vədələr, tumarlar - hanı dünənki?
O dəmlər, o çağlar dadlıydı yaman.
“Bəs Sergey hardadır?” Düşünən kimi
Hamısı, hamısı çıxdı yadımdan.

O saat sıçrayıb qalxdım yerimdən
Elə ki, faytonçu: “Oyanın” dedi.
Səhərdir. Ötürdü meşəçi bizi,
Nə illah elədik, pul götürmədi.
“İstəməz, əzizim! Salamat gedin,
Qorxulu yol çoxdur qabaqda hələ!..”
Şaxta dediyini dedi, bərk dedi,
Sonra da dil açdı çox dəhşət ilə.
Hər yerdən faytonu örtdüm mən tamam,
Gözümdə qaranlıq tufanlı dağdı.
Neyləmək? Özümə şer oxuyuram,
Bu əzab haçansa qurtaracaqdı.
Qoy ürək hönkürsün, qoy coşsun külək,
Yoluma buz töksün qasırğalar da.
Beləcə irəli gedirəm demək,
Beləcə üç həftə boranda, qarda...
Diksindim qəfildən bir səs-küyə bərk,
Çəkib faytonumda gözlüyü açdım.
Gördüm ki, böyük bir kənddən keçirik,
Baxanda o saat gözüm qamaşdı.
Ocaqlar yanırdı yolumun üstə,
Burada kəndlilər, kəndli qadınlar,
Atlı soldatlar da dəstəbədəstə.
-Bu stansiyadır, gümüş daşınır.
Odur e, o çaydır, oradan axır...
Sibir öz varını sovqat göndərir,
Şadam bu görüşə...Deyirəm axı:
“Gümüş daşıyanlar bir şey bilərlər.
Gözləyim, soruşum bizimkiləri.
Birdən bax, bu zabit Nerçinskdən gələr,”
Ona göz dikmişəm bayaqdan bəri,
Girdi aşxanaya ağzında papiros.
Baxdı təkəbbürlə o yan-bu yana,
Mənə başı ilə salam verdi o,
Qüssəli-qüssəli yanaşdım ona:
-Bəlkə görəsiniz ya məlum ola...
Həmin o dekabr qurbanlarına?
Onlar hardadırlar? Varmı sağ qalan?
Ərimi gəzirəm. Bəlkə də tanı...
Ədayla boylandı o mənə sarı,
Gördüm sifətində sərt bir qəzəb var.
Ağzından necəsə bir halqavarı
Tüstünü pülədi: -Salamatdılar,
Ancaq tanımıram, heç tanımaq da...

Mənə az tuş olub katorqaçılar!-
Vicdansız! Nə deyim, daha bu haqda
Danışa bilmirəm, əziz balalar!
Nifrətli baxışa qaldı bir güman,
Osa çıxıb getdi özündən razı.
Sobanın yanında durub qızınan
Bir əsgər dilləndi: -Sağdır hamısı!
Gözdəki o nifrət, dildəki qarğış
Əsgər ürəyini kövrəltdi bu dəm:
-Blaqodatski mədən yatağı,
Onları bilirsiz, orda görmüşəm!..
O lovğa qəhrəman döndü bu ara,
Mən gedib tələsik mindim faytona.
Sağ ol, a soldatım! Bu əzablara
Nahaqdan dözmürəm, eşq olsun ona!
Səhər boylanıram ağ düzənlərə,
Birdən qulağıma zəng səsi gəlir.
O kasıb kilsəyə mən də gedirəm
O gün ibadətə gedənlərlə bir.
Yanaşdım keşişə duadan sonra,
Dedim ki, yenidən ibadət etsin.
Adamlar dayandı birdən susaraq,
Dedim ki, bir soruş, qoy allah desin:
Nədir günahımız, nədir ki, belə
Bu qədər əzabı göndərib bizə?
Çaylar dərdimizlə dilə gəliblər,
Neçə çay bağladın gözlərimizə.
Deyəsən adamlar dərdimi duydu,
Allahdan bir kömək umurdu bu səs.
Sonsuz bir səhrada, miskin bir ocaq,
Bura didərginlər pənahı idi.
Burda sızıldamaq, burda ağlamaq
Əzgin bir ürəyə ayıb deyildi.

(İohann ata da beləydi bir vaxt:
Qəlbən oxuyardı duasını o.
Sonra qazamatda keşiş olandan
Duyurdu hər qəlbin dünyasını o!)
Enir dağ aşağı yollar dolayı,
Faytonçu atları saxlaya bilmir...
Mən bu gün aşıram uca Altayı,
Fayton üzüaşağı baş alıb gedir.

O vaxt Trubetskayanın başına gələn
İrkutskda mənim başıma gəlir.
Tamam tutulubdur yollar, keçidlər. 
Adamın göz yaşı gözündə donür,
Burda mən ayrıldım öz faytonumdan,
Yüklə 263,73 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə