Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə


III BÖLMƏ NOTARİAT HƏRƏKƏTLƏRİNİN AYRI-AYRI NÖVLƏRİNİN APARILMASI QAYDALARI



Yüklə 0,53 Mb.
səhifə3/8
tarix05.03.2018
ölçüsü0,53 Mb.
#29926
növüQaydalar
1   2   3   4   5   6   7   8

III BÖLMƏ

NOTARİAT HƏRƏKƏTLƏRİNİN AYRI-AYRI NÖVLƏRİNİN APARILMASI QAYDALARI

I fəsil
ƏQDLƏRİN TƏSDİQ EDİLMƏSİ

Əqdlərin təsdiq edilməsinin ümumi şərtləri


38. Notariuslar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər.[41]

Notariuslar təsdiq etdikləri əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar.

39. Notarius əqd iştirakçılarının fəaliyyət qabiliyyətini aydınlaşdırarkən əqd iştirakçılarının yaşı göstərilən sənədi tələb edir.

Əqdin iştirakçılarından hər hansı birinin ruhi xəstəliyə və ya ağılı zəifliyi nəticəsində öz hərəkətinin əhəmiyyətini başa düşə və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsini, yaxud spirtli içkilərdən və ya narkotik vasitələrdən, psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salmasını, yaxud digər israfçılıq hərəkətləri ilə ailəsini dolanacaq xərclərindən məhrum etməsini güman etmək üçün notariusun əsasları vardırsa, şəxsin isə fəaliyyət qabiliyyətinin olmamasına və ya fəaliyyət qabiliyyətinin məhdud olmasına dair məhkəmə qətnaməsi yoxdursa, notarius əqdin təsdiq edilməsini təxirə salır və şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında məhkəmə qətnaməsinin olub-olmadığını aydınlaşdırır.[42]

14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların, habelə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslərin adından əqdləri yalnız onların qanuni nümayəndələri olan valideynləri, övladlığa götürənləri və qəyyumları bağlaya bilər.

14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların əqdləri və məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış şəxslər adından əqdlər yalnız valideynlərinin, övladlığa götürənlərin, himayəçilərin yazılı razılığı ilə təsdiq oluna bilər.[43]

Qəyyumluq və himayə orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdlər, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına icazə verə bilməz.

Əgər valideynlər, qəyyumlar və ya himayəçilər hər-hansı səbəbə görəsə (ezamiyyətdə olmaq, başqa yerdə yaşamaq və s.) əqdi təsdiq etmək üçün razılıq verə bilmirlərsə, əqd qəyyumluq və himayə orqanı nümayəndəsinin iştirakı ilə təsdiq edilə bilər.

40. Əqddə hüquqi şəxslər iştirak edirlərsə, notariuslar əqddə iştirak edən hüquqi şəxslərin hüquq qabiliyyətini yoxlamalıdırlar. Əqddə iştirak edən hüquqi şəxslərin hüquq qabiliyyətini yoxlayarkən notariuslar hüquqi şəxslərin onun nizamnaməsi ilə və ya əsasnaməsi ilə tanış olmağa və aparılan notariat hərəkətlərinin hüquqi şəxsə onun nizamnaməsi və ya əsasnaməsi ilə verilmiş hüquqlara müvafiq olub-olmadığını yoxlamağa borcludurlar.

41. Əqd nümayəndə tərəfindən bağlandıqda, notariuslar onun səlahiyyətini yoxlayırlar. Nümayəndənin səlahiyyəti onun adına verilmiş etibarnamə ilə təsdiq edilir.

Əgər nizamnamə və ya əsasnaməyə görə hüquqi şəxslərin rəhbərlərinə əqd bağlamaq hüququ verilmişsə, notariuslar əqd bağlanması və başqa əməliyyatlar aparılması üçün hüquqi şəxslərin rəhbərlərindən etibarnamə tələb etmirlər. Belə hallarda yalnız onların vəzifəsini təsdiq edən sənəd tələb olunur.

Hüquqi şəxs seçkili kollegial orqan tərəfindən idarə olunursa, vəzifəli şəxslərin seçilməsi və onlar arasında vəzifə bölgüsü haqqında qərar tələb edilir.

42. Əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilənin pozulması barəsində saziş həm müqaviləyə əlavə olunan ayrıca sənəd tərtib etmək yolu ilə, həm də tərəflərin imzaladığı müqavilənin bütün nüsxələrində qeyd yazmaq yolu ilə rəsmiləşdirilə bilər.

Əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilə pozularkən, əgər bu müqavilə müvafiq orqanda hələ qeydə alınmamışsa, notarius tərəflərin ərizəsinə əsasən müqavilənin pozulması haqqında onun bütün nüsxələrində və reyestrdə qeyd edir. Müqavilə müvafiq orqanda qeydə alındıqdan sonra müqavilənin pozulması haqqında tərəflərin sazişi notariat qaydasında təsdiq edilir.

Notarius əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi barəsində məhkəmənin qətnaməsini aldıqda, bu barədə reyestrdə və müqavilənin notariusda saxlanılan nüsxəsində qeyd edir.

Əmlakın özgəninkiləşdirilməsi haqqında pozulan müqavilə bağlanana qədər özgəninkiləşdirəndə olmuş, notariusda saxlanılan hüquq müəyyənedici sənəd (və ya onun dublikatı) əmlakı özgəninkiləşdirənin tələbi ilə ona qaytarılır.

Göstərilən müqavilələr pozularkən bu sənədləri təsdiq etməyə görə əvvəllər tutulmuş dövlət rüsumu və haqq tərəflərə qaytarılmır.[44]

43. Qeydə alınmalı olan əmlakın (yaşayış evi, mənzil və s.) özgəninkiləşdirilməsi haqqında müqavilə, habelə bu cür müqavilənin (müvafiq orqanda qeydə alındıqdan sonra) pozulması haqqında saziş həmin əmlakın qeydə alındığı yerdə qeydiyyat üçün təqdim olunmalıdır, bunu notarius təsdiq qeydində göstərir və tərəflərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinin tələblərini izah edir.[45]

44. Notariat qaydasında təsdiq edilən əqdlərin məzmunu ifadə olunan müqavilələr, vəsiyyətnamələr, etibarnamələr və digər sənədlər azı iki nüsxədə tərtib edilir, bunlardan bir nüsxə notariat kontorunda saxlanılır, digəri isə əqdin iştirakçılarına verilir.

Bütün nüsxələr əqdin iştirakçıları tərəfindən imzalanır. Təsdiq qeydi də bütün nüsxələrdə aparılır.



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə