~ 125 ~
şəkildə qonada dişi cinsiyyət üzvü olan yumurtalıq, medula inkişaf etdikdə
isə toxumluq əmələ gəlir. Bu dəyişmələrə müvafiq olaraq cinsiyyət
yollarının differensiasiyası da gedir.
Bir çox heyvanlarda cinsiyyətin differensiasiyası prosesi
hormonlordan asılıdır, bu hormonları nəinki endokrin vəzilər, hətta korteks
və medulla qatları tərəfindən, sonralar isə cinsiyyət vəziləri tərəfindən ifraz
olunur. Erkək fərdlərdə
medulların, dişi fərdlərdə isə korteks hormonu
estron üstünlük təşkil edir.
Cinsiyyətin gələcək differensiasiyası, xüsusilə ikinci cinsiyyət
əlamətlərin inkişafı cinsiyyət hormonlarının təsiri altında gedir. Lakin
qeyd etmək lazımdır ki, qonadada korteks və ya medulla qatlarının
inkişafında olduğu kimi hormonların ifrazı genlərlə, dəqiq desək genlərin
balansı ilə idarə olunur. Ümumi gen balansında erkək cinsi müəyyən edən
genlər üstünlük təşkil edəndə erkək, dişi cinsini müəyyən edən gen
üstünlük təşkil etdikdə dişi fərdlər meydana çıxacaq.
Ontogenezdə, hormonların ifraz aktivliyinin dəyişdirilməsi
interseksual fərdlərin əmələ gəlməsinə səbəb olur.
Ali bitkilərdə cinsiyyətin differensiasiyasına bitki hormonları –
auksinlər əsaslı təsir göstərirlər.
Ontogenezdə cinsiyyətin dəyişilməsi
Orqanizmlərin biseksual olmasının ən yaxşı sübutu ontogenezdə təbii
və süni şəraitdə cinsiyyətin dəyişilməsi hadisəsidir, bu da cinsiyyətin
əvvəlcədən təyini adlanır.
Məməlilərdə müxtəlif cinsiyyətli əkiz embrionların inkişafında
cinsiyyətlərdən birində dəyişkənlik baş verir. Məsələn, iribuynuzlu
qaramalda müxtəlif cinsiyyətli əkizlikdə erkəklər normal inkişaf edir.
Lakin dişilər əksərən (90%) interseks olur. Onlar
frimartin adlanır və
əsasən dölsüz olurlar. Belə əkizlərdən erkək rüşeymin toxumluğu
yumurtalığa nisbətən, qana daha tez hormon, xüsusən medullarını ifraz
edir. Əkizlərin qan-damar sistemi anastomoz vəziyyətində olduğundan
dişilərin qanına toxumluq hormonu daxil olaraq dişi cinsiyyətin normal
formalaşmasına əks təsir göstərir.
Lakin çox bala verən heyvanlarda, donuzlarda, keçilərdə, it, pişik və
digərlərində qan-damar sistemi ayrı olduğundan onlarda ferimartin fərqlərə
rast gəlinir.
Son zamanlar eksperimantal yolla cinsiyyətin dəyişilməsi
tədqiqatçıların diqqətini daha çox cəlb edir.