OĞUZLAR (TÜRKMƏNLƏR)
9
dövründən osmanlıya qədər türk dövlətlərində işlənmiş şəxs adları, ünvanlar,
onların mənaları, etimologiyası göstərilmiş, son dərəcə maraqlı etnoqrafik
məlumatlar verilmişdir. Bu kitabı da ana dilimizə qazandırmaq pis olmazdı.
Tanınmış alim «İslam qaynaqlarına görə Malazgird savaşı» kitabını
(1971, 148 səhifə, ikinci nəşri 1989) həmkarı Prof. Dr. Əli Sevimlə birlikdə
hazırlamışdır. Bu kitabda Malazgird savaşı haqqında ərəb və fars dillərində-
ki bütün mənbələr orijinalları və tərcümələri ilə birlikdə verilmişdir.
Faruq Sümər məşhur müvərrix Əbubəkr Tihraninin iki hissədən ibarət
«Tarixi-Diyarbəkiriyyə» əsərini (1993, 309 və 369 səhifə) həmkarı Prof. Dr.
Nəcati Luqal ilə birlikdə çapa hazırlamış və elmi dövriyyəyə daxil etmişdir.
Vətənpərvər alim «Kitabi-Dədə Qorqud»u A.E.Uysal və V.S.Valker ilə
birlikdə ingilis dilinə tərcümə etmişdir: «The Book of Dede Korkut a Tur-
kish Epik» (1972, 235 səhifə, Texas Universiteti, təkrar nəşri 1992). Faruk
Sümər bu vətənsevər təşəbbüslə bağlı bu sətirləri yazmışdır: «Milli dastanı-
mız olan Dədə Qorqud dastanlarının dünya dastanları arasında yer almamış
olması məni davamlı bir şəkildə üzürdü. Bu qaçınılmaz görəvi yerinə gətir-
mək üçün iki arkadaşımla birlikdə dastanları ingiliscəyə çevirdikdən sonra
ona giriş, notlar və biblioqrafiya əlavə etdik».
Faruq Sümərin bu günə qədər nəşr olunmamış üç kitabı da var: «İslam
dövlətləri (tarixçələri, xronologiya və soy kötüyü cədvəlləri», «Koroğlunun
tarixi şəxsiyyəti» və «Mənəmənçioğulları tarixi»dir. Bunlardan «Koroğlu-
nun tarixi şəxsiyyəti» kitabını ana dilimizə çevirmək çox faydalı olardı.
Buraya qədər göstərdiklərimiz Faruq Sümərin kitablarıdır. Alimin zən-
gin elmi irsi bunlarla məhdudlaşmır. Biblioqrafiyalara baxaraq apardığımız
təxmini hesablamalara görə, Faruq Sümərin qələmindən 164 jurnal məqaləsi,
28 məruzə, 104 ensiklopediya maddəsi, 4 nekroloq, bir neçə müsahibə çıx-
mışdır. Bu məqalələr arasında bizim üçün çox önəmli olanların bəzilərini
göstərmək istərdim: «Azərbaycanın türkləşməsi tarixinə ümumi bir baxış»,
«Az tanınmış bir türk hökmdarı Uzun Həsən bəy», «Əfşarlar», «Ağqoyunlu-
lar», «Koroğlu, Giziroğlu Mustafa və Dəmirçioğlu haqqında vəsiqələr [sə-
nədlər]» və s. və i.a. Faruq Sümərin əsərlərinin Azərbaycan elmi dövriyyə-
sinə daxil edilməsi milli tariximizin daha dərindən öyrənilməsinə mühüm
töhfə verər, bilik və məlumatlarımızı xeyli zənginləşdirərdi.
Faruq Sümər bir çox yerli elmi məclislərə qatılmış, xaricdə keçirilən
simpozium və konfranslarda Türkiyəni ləyaqətlə təmsil etmişdir. Alim müx-
təlif illərdə Vyana, Münxen, Hamburq, Paris, London, Madrid, Budapeşt,
Kembric, Oksford, Miçiqan, Tehran, Sarayevo, İslamabad və başqa şəhər-
lərdə toplanan nüfuzlu beynəlxalq forumlarda maraqlı məruzələr oxumuşdur.
Dərin və ciddi əsərləri Faruq Sümərə hər yerdə hörmət qazandırmışdır.
1971-ci ildə Kaliforniyadakı Berkli Universiteti onu ayda beş min dollar
FARUQ SÜMƏR
10
maaşla türkoloji araşdırmalar mərkəzinə müdir vəzifəsinə dəvət etmiş, lakin
xoca vətəndən uzaqda yaşaya bilməyəcəyi üçün bu təklifi rədd etmişdir.
1974-1975-ci illərdə Frankfurt Universitetində müsafir professor kimi
dərs demiş, müxtəlif vaxtlarda İngiltərədə, Fransada, Almaniyada, İranda və
ABŞ-da elmi ezamiyyətlərdə olmuşdur.
Prof. Dr. Faruq Sümər öz fakültəsində mühazirələr oxumaqla yanaşı İs-
tanbul Türk Musiqisi Dövlət Konservatoriyasında, İstanbul Ali Müəllim
məktəbində, Memar Sinan Universitetində, Ərzurum Atatürk Universitetin-
də də dərs demiş, bir sıra elmi qurumların işində (məsələn, Türk Tarix Qu-
rumu, Səlcuqlu Tarix və Mədəniyyəti İnstitutu, Osmanlı Öncəsi və Osmanlı
Beynəlxalq Araşdırmalar Komitəsi, Bizans Araşdırmaları Cəmiyyəti və s.)
yaxından iştirak etmiş, bəzi elmi jurnalların redaktoru olmuşdur.
Faruq Sümər əsil türk və gerçək tarixçi olaraq öz prinsiplərindən əsla
vaz keçməmişdir. Tarixin ideologiyaya və bəzi məkrli mənafelərə alət edil-
məsinə qarşı çıxmış, tarixçinin neytral və tərəfsiz olması gərəkdiyini söylə-
mişdir. 1980-ci il çevrilişi zamanı hərbçilərin kürdlərin türk olması barədə
məqalə yazmaq xahişini qətiyyətlə rədd etmiş, «Kürdlər türk deyildir, mən
də əmr qulu deyiləm, mən tarixçiyəm» deyə kəskin etirazını dilə gətirmişdir.
1934-cü ildə soyadı islahatı ilə əlaqədar olaraq ailəsinin aldığı Dəmirtaş
familiyasını daşıyan Faruq bəy daha sonra Sümər (yəni Şumer) familiyasını
qəbul etmişdir. Ona görə də elmi əsərlərinin bir qismi Faruq Dəmirtaş im-
zası ilə nəşr olunmuşdur. Ancaq oğuzlar haqqında saysız-hesabsız tədqiqat
və araşdırmalar apardığı üçün mən şüuraltı bir şəkildə Faruq Sümər adını nə
üçünsə Faruq Oğuz kimi qavrayıram. Türkiyədə və Azərbaycanda bir çox
adamın eynən mənim kimi düşündüyünü gördüm və duyğulandım.
Faruq Sümər araşdırmalarını daima şaquli və üfiqi parametrlər üzrə, təs-
diq-təkzib, induksiya-deduksiya metodları üzrə, dərininə və eninə olmaqla
yürütmüşdür. Bəzən kiçik bir fakt üçün həftələrlə, aylarla axtarış aparmışdır.
O, heç bir qarşılıq və təmənna gözləmədən, yorulub-usanmadan, gecə-gün-
düz çalışmış, türklüyün gələcəyi naminə türklüyün keçmişini araşdırmışdır.
O, maddi sərvət adına heç nə qazanmamışdır, onun qazandığı bütün sərvət
mənəvidir. O sərvətin həcmi Turan qədər böyük və əngindir.
Faruq Sümər qəhrəman və nəcib türk millətinin böyüklüyünə və qədim-
liyinə qeyd-şərtsiz inanmışdır. Həyatının başlıca məqsədi türk millətinin
şanlı keçmişini araşdırmaq və millətin bunu öyrənməsini təmin etmək idi.
Buna böyük ölçüdə nail olmuşdur. Türk milləti var olduqca Faruq Sümərin
adı onunla birlikdə yaşayacaq.
Ramiz ƏSKƏR.
Bakı, 8 yanvar 2013-cü il.