Lakin Rastinyak bu gün özünü ciddi bir istintaqdan keçirmiş, Votrenin həbsi isə onun yuvarlanmaqda
olduğu uçurumun dərinliyini o qədər aydın göstərmiş və namus hisslərini, mənəvi təmizliyini o qədər
möhkəmlətmişdi ki, artıq o, ülvi əqidələrini nəvazişkar əda ilə rədd edən Delfinaya təslim olmağı özünə
rəva görmədi. Rastinyak çox kədərləndi.
Madam de Nusingen soruşdu:
– Necə? Siz rədd edirsiniz? Siz bu rəddin mənasını başa düşürsünüzmü? Siz gələcəyə inanmırsınız, siz öz
taleyinizi mənimlə bağlamağa cəsarət etmirsiniz? Demək, siz mənim sizə olan etimadımı
doğrultmamaqdan qorxursunuz! Əgər siz məni sevirsinizsə, əgər mən sizi... sevirəmsə, bu cüzi iltifatı
qəbul etməyə sizə nə mane ola bilər? Bu subay təsərrüfatının təşkilinin mənə nə qədər zövq verdiyini
bilsəydiniz, tərəddüd etməzdiniz və məndən bağışlanmanızı xahiş edərdiniz. Mən ancaq sizin pulunuzdan
istifadə etmişəm, ağılla xərcləmişəm. Siz alicənablıq göstərdiyinizi zənn edirsiniz, halbuki bu ancaq
xırdaçılıqdır. Siz hələ böyük bir şey arzusundasınız. – Delfina Ejenin ehtiraslı baxışını duyaraq ah çəkdi –
Amma belə xırda şeylər üçün naz edirsiniz! Siz məni sevmirsinizsə, ah, o zaman, əlbəttə, boyun qaçırmaq
sizin öz işinizdir. Mənim taleyim sizin ancaq bir sözünüzdən asılıdır. Söyləyiniz!.. – Delfina bir dəqiqə
sükutdan sonra atasına dedi: – Atacan, siz özünüz onu inandırın. Məgər namus məsələlərində mənim
həssaslığım onunkundan azdırmı?
Qorio ata donuq təbəssümlə onlara baxır və bu sevimli qulaq asırdı.
Delfina Ejenin əlindən tutaraq:
– Siz uşaqsınız, – deyirdi, – siz həyata yenicə qədəm qoyursunuz. Sizin qarşınızda bir çoxlarının dəf edə
bilmədiyi maneə var, bir qadın əli bu maneəni sizin yolunuzdan qaldırır, amma siz geri çəkilirsiniz! Lakin
sizin gələcəyiniz uğurludur, siz sərvət sahibi olacaqsınız, sizin gözəl alnınızda müvəffəqiyyət əlamətləri
görünür. Məgər bu gün sizə borc olaraq verdiyimi siz o zaman mənə qaytara bilməzsinizmi? Məgər
keçmiş zamanlarda xanımlar, öz xanımlıqlarının şərəfinə turnirlərdə döyüşmək üçün cəngavərlərə qılınc,
zireh, geyim, dəbilqə, at bağışlamırdılarmı? Sözümə qulaq asın, Ejen, mənim sizə təklif etdiyim
dövrümüzün silahıdır bu, yüksəlmək istəyən hər kəs üçün lazımdır. Sizin daxmanız da mənim atamın
otağına oxşayırsa, bəd deyil! Yaxşı, demək, siz məni məyus etmək istəyirsiniz? Nə üçün cavab
vermirsiniz? – Delfina Ejenin qolundan dartdı. – Aman yarəb! Ata, onu yola gətir, yoxsa mən çıxıb
gedəcəyəm, bir daha onunla görüşməyəcəyəm.
Qorio ata heyranlıqdan ayrılaraq:
– Bu saat mən sizi yola gətirərəm, – dedi. – Mənim əzizim, cənab Ejen, siz sələmçidən borc pul alırsınız,
deyilmi?
Rastinyak cavab verdi:
– Bəzən olur.
Qoca:
– Çox gözəl, – dedi. – İndi siz tələyə düşdünüz. – Qoca cibindən əzik, köhnə pul kisəsini çıxartdı. – Mən də
sələmçi olmuşam: bütün hesablar ödənilmiş, hamısı buradadır. Bu otaqda nə varsa, hamısı sizindir, siz bir
qəpik belə borclu deyilsiniz. Məbləğ çox da böyük deyildir, ancaq beş min frank edər. Bu beş mini mən
sizə borc verirəm, mən ki qadın deyiləm, siz məndən, hər halda, qəbul edə bilərsiniz. Bir kağız parçasında
mənim üçün qəbz yazarsınız, pulu isə sonra qaytararsınız.
Ejenlə Delfina heyrətlə baxışdılar, onların gözləri yaşardı. Rastinyak hərarətlə qocanın əlini sıxdı.
Qorio ata cavab verdi:
– Axı burada nə var ki? Siz mənim balalarım deyilsinizmi?
Madam de Nusingen soruşdu:
– Ah, atacan, siz bunu necə ?
– İndicə deyim! Mən Ejeni yaxın bir yerə köçürmək üçün səni inandırdıqdan sonra gördüm ki, sən şeyləri,
elə bil, gəlin üçün alırsan. Öz-özümə dedim ki: “Belə getsə, işi çətin olacaq!” Axı bizim vəkil belə güman
edir ki, mülkünün qaytarılması üçün ərinlə başladığımız məhkəmə prosesi yarım ildən artıq sürəcək! Bəli!
Mən də ildə min üç yüz əlli frank gəlir gətirən ömürlük rentamı satmağa qərar verdim. On beş mindən
ildə min iki yüz frank ömürlük mədaxil üçün verdim, – mədaxil mülklərə qoyulub, – yerdə qalan pulları
isə sizin satıcılarınıza verdim. Yuxarıda özüm üçün ildə yüz əlli franka otaq kirayə etmişəm. Gündə yüz
suya mən lap knyaz kimi yaşayaram, hələ bir az da artıq qalar. Mənə paltar-zad lazım deyil, heç köhnə
paltarlarımı də yırtıb qurtara bilməyəcəyəm. Tamam iki həftədir mən öz-özümə gülürəm və deyirəm ki:
“Onlar necə xoşbəxt olacaqlar!” Məgər siz, doğrudan da, xoşbəxt deyilsinizmi?
Madam de Nusingen:
– Ah, ata, ah, ata! – deyə çığırdı və tullanıb atasının dizləri üstə oturdu.
Delfina atasını öpüşlərə qərq etdi, sarışın başını mehribancasına onun yanaqlarına sıxdı, qocanın nur
saçan, canlanmış üzünü göz yaşları ilə islatdı.
– Atacan, sən əsl atasan! Sənin kimi ata yer üzündə tapılmaz. Ejen sizi əvvəl də sevirdi, indi isə daha çox
sevəcəkdir!
Qorio ata on il olardı qızının ürək döyüntüsünü öz ürəyinin yanında duymamışdı.
Qorio deyirdi:
– Bəsdir, balalarım, bəsdir, Delfina, sən məni elə dərəcəyə gətirəcəksən ki, sevincimdən bağrım
çatlayacaq. Ürəyim az qalır partlasın mənə qulaq asın, cənab Ejen, biz sizinlə haqq-hesabımızı artıq
çürütdük!
Qoca öz qızını çılğınlıqla bağrına elə basdı ki, Delfina çığırdı:
– Ata, sən məni ağrıdırsan!
Qorio sapsarı saraldı:
– Mən səni ağrıtdım?
Ata öz qızına fövqəlbəşəri iztirabla baxırdı. Bu, müqəddəs bir ata, İsa idi, bəşər xilaskarının bütün
insanların xoşbəxtliyi uğrunda çəkdiyi iztirabları təsvir etmək üçün böyük sənətkarların yaratdıqları
surətlər arasında buna bir təşbeh tapmaq lazım gəlirdi. Qorio ata qızının bərk sıxdığı belindən
mehribanlıqla öpdü.
O, təbəssümlə qızından soruşdu ki:
– Yox, yox, sən zarafat edirsən, mən sənin bədənini ağrıtmadım, deyilmi? Amma sən qışqırığınla mənim
qəlbimi ağrıtdın. – Sonra ehtiyatla yenə qızının qulağından öpdü və pıçıldadı: – Evin müxəlləfatı, əlbəttə,
daha baha başa gəlmişdir, ancaq onun fikrini azdırmasaq, olmaz, kim bilir, hələ hirslənər də.
Ejen bu qocanın tükənməz fədakarlığından mütəəssir olmuşdu. O, gənclərə məxsus pərəstiş hissinə
bənzər bir məftunluqla qocanı seyr edirdi.
Ejen səsləndi:
– Mən bunlara layiq olacağam!
– Sevimli Ejen, bunu çox gözəl dediniz!
Madam de Nusingen Ejenin alnından öpdü.
Qorio ata da əlavə etdi:
– O, sənin xatirinə madmazel Tayferin özündən və milyonlarından əl çəkdi. Bəli, qız sizi sevirdi. Qardaşı
vəfat etmişdir. İndi o, Krez* kimi zəngindir.
Rastinyak Qorionu məzəmmət edərək:
– Bu barədə danışmağa nə ehtiyac var? – dedi.
Delfina isə Ejenin qulağına pıçıldadı:
– Ejen, indi bütün axşam mən təəssüflənəcəyəm. Ah, mən sizi həmişə sevəcəyəm.
Qorio ata dedi:
– Siz ərə gedəndən bəri bu, mənim ən xoşbəxt günümdür! Qoy Allah mənə hər zülmü rəva görsün, ancaq
siz xoşbəxt olasınız. İndi mən hər vaxt deyəcəyəm ki: “Bu ilin fevral ayında başqa insanların bütün ömür
boyu duyduqları xoşbəxtliyi mən bir dəqiqədə duydum!” Mənə bax, Fifina! Ah, o nə qədər gözəldir!
Lütfən deyin görüm, siz bunun kimi zərif üzlü, zənəxdanlı başqa bir qadına bütün yer üzündə rast
gəlmisinizmi? Əlbəttə, yox, elə deyilmi? Bu gözəl qadını mən yaratdım! İndi o, sizin sayənizdə xoşbəxt
olacaq, min dəfə artıq qəşəngləşəcək! Əziz qonşum, əgər behiştdəki yerim sizə lazımsa, onu da verərəm.
Dostları ilə paylaş: |