119
NƏTİCƏ
Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, I Kültəpə
yaşayış yeri Cənubi Qafqazın ən qədim Neolit abidəsidir. Bu yaşayış yerində
aparılan arxeoloji qazıntı işləri Son Neolit dövrünün ardıcıl mərhələlərini
dövrləşdirməyə imkan vermişdir. Araşdırmalar qədim Kültəpə sakinlərinin
əkinçilik
və
maldarlıqla
məşğul
olduğunu,
köçmə
maldarlığın
mənimsəndiyini təsdiq edir. I Kültəpədən aşkar olunan arxeoloji materiallar
Son Neolit mədəniyyətinin xüsusiyyətlərini, insanların həyat tərzini izləməyə
imkan vermişdir.
Yaşayış yerinin müxtəlif təbəqələrindən mis filizinin minerallarının
tapılması qədim Kültəpə sakinlərinin ətraf aləmlə, o cümlədən misin
mineralları ilə tanış olduğunu göstərir. I Kültəpə, Uçan Ağıl, Zirincli,
Ovçulartəpəsi kimi yaşayış yerlərindən mis filizinin və minerallarının
tapılması Naxçıvanın Cənubi Qafqazda ən qədim metallurgiya
mərkəzlərindən biri olduğunu deməyə imkan verir. Ovçulartəpəsindən körük
ucluğunun, Zirinclidən isə saxsı qəlibin tapılması, e.ə.V minillikdə
Naxçıvanda metal emalının mənimsəndiyini təsdiq edir. İlk tədqiqatlar
Naxçıvandakı mis yataqlarının qədim insanlar tərəfindən istifadə olunduğunu
təsdiq edir. Qədim mis, qurğuşun alətlərin mis yataqları ilə qarşılıqlı analizi
Naxçıvanın qədim metallurgiyasının yerli xammala əsaslandığını deməyə
əsas verir.
I Kültəpə və onun ətrafında yerləşən yaşayış yerlərinin öyrənilməsi
Son Neolit və Eneolit mədəniyyəti arasındakı əlaqələri, həmçinin Eneolit
mədəniyyətinin müxtəlif mərhələlərini müəyyənləşdirməyə imkan vermişdir.
İndiyədək Cənubi Qafqazda məlum olmayan Erkən
Eneolit mədəniyyəti məhz
Kültəpə ətrafında yerləşən Naxçıvan, Uzunoba və Uçan Ağıl yaşayış
yerlərinin tədqiqi nəticəsində mümkün olmuşdur.
Belə hesab edirik ki, Kültəpə ətrafında yerləşən Neolit və Eneolit
abidələrinin tədqiqi yalnız Azərbaycan arxeologiyası üçün deyil, həmçinin
bütövlükdə Cənubi Qafqaz və Yaxın Şərq arxeologiyası üçün mühüm
əhəmiyyəti olan nəticələr verəcəkdir.