86
Şəkil 62. Qədim Naxçıvan sakinlərinin
istifadə etdiyi
obsidian yataqları.
Maldarlarla apardığımız sorğular çobanların bir qisminin Sirab,
Nəhəcir, Qazançı və Bayəhməd istiqamətində hərəkət edərək Göygölə
getdiyini müəyyən etməyə imkan verdi. Odur ki, yolumuzu bu istiqamətdən
salaraq Bayəhməd aşırımından Göygölə keçdik. Yol boyu yaylaqlarda olan
heyvan sürüləri və maldar insanlarla rastlaşırdıq. Bu yaylaqlarda həmçinin
Babək rayonundan gəlmiş maldarlar var idi. Maldarların hərəkət etdiyi yollar
üzərində xeyli yurd yerləri var idi. Maraqlıdır ki, bu yurd yerlərinin birində
biz mis filizinin təzahürləri ilə də rastlaşdıq və həmin nümunələr analiz üçün
götürüldü.
Naxçıvan maldarlarının köç yollarını müəyyən etmək üçün Şahbuz
rayonunun Keçili və Gömür kəndi ərazisində də araşdırmalar aparıldı.
Araşdırmalar zamanı Keçili kəndi yaxınlığındakı Bulaq başı yerləşməsi
xüsusilə maraqlı oldu. Burada yurd yerində mədəni təbəqənin olması
yaylaqdan uzun müddət istifadə olunduğunu təsdiq edirdi. Arxeoloji
materiallar başlıca olaraq Orta əsrlərə aid idi. Şübhəsiz ki, qədim dövrlərdən
burada yaşayış olmuşdur.