Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə28/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   24   25   26   27   28   29   30   31   ...   185

91

  “Sən  hara,  bura  hara,  cavan  oğlan?”  –  Yusif  Vəzir  bu 

təsadüfdən təəccüblənmişdi.

 “Qayıdandan sonra Qafqaz İslam Ordusunda topçu alayı-

nın  kiçik  zabiti  kimi  xidmət  elədim,  sonra  Darülfünunun 

şərqşünaslıq fakültəsinə daxil oldum, indi də İstanbul Darül-

fünunda oxumaq, terkolojini öyrənmək arzusundayam”. 

 “Xoş gəldin, səfa gətirdin. İnşallah, arzuna qovuşarsan”.

 Əhməd Cəfəroğlu yanındakı cavanı təqdim elədi:

 “Əmin Əhmədov, bakılıdı, Gültəkin təxəllüsüylə şeirlər 

yazır, məcmuələrdə dərc olunub. Darülmüəllimində oxumaq 

istəyir”.

  Sonra  növbə  o  biri  cavanlara  çatdı:  Məmmədzəki 

Dursunzadə  Tiflisdən,  Sədi  Hacı  Həsən  oğlu  Ucardan, Ab-

dulla Tahirzadə Şəki tərəfdən gəlmişdi.

  “Çox  şadam,  –  Yusif  Vəzir  riqqətlə  çavanları  süzdü,  – 

sizlər millətimizin işıqlı gələcəyisiniz”. 

 ...İstanbulda qalan altı nəfərin və yeni gələn beş cavanın 

təhsil  məsələsini  yoluna  qoyandan  sonra  bir  qədər  dinclik 

tapdı. Amma nə qədər qənaət eləsə də, bu gəliş-gediş səfarətin 

büdcəsinə təsir göstərmişdi. Abdulla bəyi yola salandan son-

ra  oturub  haqq-hesab  apardılar:  məvaciblər,  zəruri  xərclər 

nəzərə alınsa, vəziyyət o qədər də xoşagələn deyildi.

 “Fətəli xana məktub yazmağınız məsləhətdi, – Cahangir 

bəy  fikrini  bildirdi,  –  hər  halda  çətinliyimiz  barədə  xəbəri 

olar”.


 “Hökumətin sıxıntılarını da nəzərə almalıyıq”, – Zeynal 

bəy bir qədər ehtiyatla danışdı.

  Daha  Mirzə  Qədirdən  bu  cür  məsələlərdə  mövqe 

gözləmirdi.

  “Bir  qədər  də  gözləyək,  Fətəli  xan  özünə  gəlsin,  yəqin, 

indi Parisdən aldığı xoş xəbərlə əlaqədar işləri çoxdu.

 ...Həmin məktubu fevralın 18-də maddi vəziyyət böhran 

həddinə yaxınlaşanda yazdı, həm də Bakıya qayıtmaq arzu-

sunu dilə gətirdi:



92

 “Möhtərəm əfəndim!



  “Ukrayna  və  Krımda  hökuməti-mətbuəmi  təmsil  edərkən  nə 

qədər maddi sıxıntılar çəkdiyimi və cümhuriyyətin şərəfinə toxuna-

caq dərəcədə gülünc vəziyyətlərdə qaldığımı Bakıda təqdim etdiyim 

raportlarımda qeyd etmişdim. İstanbul səfarətini alarkən artıq bu 

dəfə hökumətim kəndisini təmsil edən bir müəssisəyə qarşı laqeyd 

bulunmaz  zənnində  idim.  Təəssüflə  yenə  aldandım  (cəsarətimdən 

dolayı  məni  əfv  ediniz).  Dəfələrlə  rəsmi  raportlar  göndərdiyinə 

rəğmən səfarət yenə parasız buraxılır.

 Zənn etmirəm ki, göndərdiyiniz əlli min franklıq çek ilə səfarətin 

idarə olunacağına qanesiniz. Halbuki yalnız səfarət binasına ayda 

dörd yüz səksən lirə icarə haqqı verilir. Səfir, müstəşar, iki katib, 

əməkdaşlar  və  Bakı  ilə  İstanbul  arasında  rabitəmizi  təmin  edən 

kuryerdən ibarət təşkilat əzalarının maaşları və ilaxır.

  Təfsilata  hacət  varmı?  Rəsmi  raportlarımda  uzun-uzadı  bəhs 

olunur.  Yalnız  sizdən  bir  ricam  vardır.  Hökumətimizin  xətaları 

üzündən üzərimə düşən bu ağır məsuliyyətdən məni qurtarınız və 

müsaidə  ediniz  ki,  səfarəti  müstəşarıma  tərk  edərək  geri  gəlim. 

Əminəm ki, bu dəfə artıq kuryer Bakıda ləngiməyəcək və cavabınızı 

alar-almaz bu ağır məsuliyyətdən qurtaracağam”.

  Yazdı,  kuryeri  öz  məvacibindən  artırdığı  pulla  Bakıya 

yola saldı, amma hökumətin onu geri çağıracağına əmin de-

yildi. Yeni elçiyə də maaş vermək lazım idi, üstəlik, Bakıdan 

müəyyən məbləğlə yola salınmalıydı, həmin məbləğ tapılsay-

dı, elə Yusif Vəzirə göndərərdilər. Qəlbinin lap dərinliklərində 

Fətəli xanın vəziyyəti başa düşəcəyinə, bir çıxış yolu tapaca-

ğına  olan  inamı  hələ  tamam  ölməmişdi,  kuryerin  yolunu 

səbirsizliklə gözləyirdi.

 Kuryer Məmmədağasa gəlib çıxmırdı. Fevral başa çatdı, 

mart girdi, Novruz oldu, kuryerdən səs-soraq ala bilmədilər. 

Novruzu  kasıb  süfrənin,  hələ  tamam  tükənməmiş 

ümidlərindən  yandırdıqları  şamın  ətrafında  keçirdilər, 

gözlərini  Qızılbuynuz  limanı  tərəfdən,  qulaqlarını  qapı 

taqqıltısından çəkmədilər. Hərdən Zeynal bəylə limana gedir, 



93

cürbəcür qayıqlara, gəmilərə, bərələrə tamaşa eləyir, narahat-

lığını, əsəbini yatırmağa çalışırdı. Axır vaxtlar yazmağa başla-

dığı  yazılar  indi  ləng  irəliləyirdi,  səfarətdə  gün  ərzində 

məşğul  olduğu  yazışmalar,  özgə  dərdlərinə  əlac  tapmaq 

cəhdi,  hər  atılan  addımın  maddi  imkansızlığa  tuş  gəlməsi 

gücünü-taqətini  əlindən  alırdı.  Bir  neçə  dəfə  qəsddəndi  ki, 

hər  şeyi  Cahangir  bəyin  öhdəsinə  buraxıb  Bakıya  getsin, 

vəziyyəti aydınlaşdırsın, amma məsləhət görmədilər: elçinin 

özbaşına geri qayıtması fövqəladə vəziyyət demək idi.

  Bayramdan  bir  neçə  gün  sonra  çəkdiyi  əzablar  özünü 

göstərdi: xəstələnib yatağa düşdü. Xeyriyyə xanım oğlu Süb-

hini Zeynal bəyin arxasınca göndərdi, onun gətirdiyi həkim 

də müayinədən sonra məlum həqiqəti söylədi:

 “Əsəb gərginliyindən zəif düşüb. – Bunu mətbəxdə asta-

dan Zeynala və Xeyriyyə xanıma dedi. – Tam sakitlik, rahatlıq 

lazımdı, əsəbinə toxunan bir şeyə müsaidə eləməyin, uzağı 

bir həftəyə keçər”.

  Əlbəttə,  bunu  demək  asan  idi,  səfarətin  işinin  bu  cür 

vəziyyətində,  üstəlik,  yazı-pozudan  uzaq  qaldığı  məqamda 

könül rahatlığı tapmağın necə çətin olacağını özü də bilirdi.

 “İş sarıdan narahatlığınız olmasın, Yusif bəy, – Cahangir 

bəy onu arxayın salmağa çalışırdı. – Onsuz da Osmanlı sara-

yının başı elə qarışıqdı ki, Babi-Alidə bizə fikir verəcək halları 

yoxdu.  Tələbələrin  vəziyyətilə  ötən  həftə  maraqlandım, 

təhsillərinə davam eləyirlər. Gürcüstan nümayəndəsilə hələ 

bir  həftə  sonraya  görüş  nəzərdə  tutulub.  Ötən  həftə  gələn 

ailəni də Batuma gedən gəmiyə mindirdik...”

  “Əhməd  bəyə  göndərdiyimiz  bayram  sovqatı  çatdımı, 

görəsən,  –  nəzərlərini  pəncərənin  əl  boyda  aralığından 

süzülən  yaz  günəşinin  şüalarına  dikdi.  –  Heç  olmasa,  biz 

azadlıqdayıq, o...” sözünü bitirmədi.

 “Yusif əfəndi, – Xeyriyyə xanım aradakı havanı yumşalt-

maq üçün fürsətdən istifadə elədi, – qəhvə dəmlədim, yastığı 

bir azca dikəldək, müsafirinizlə için”.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə