Analitik termin mənasında «qender» sözünü elmi ədəbiyyatda ilk dəfə 1961-ci ildə amerikalı tarixçi
Coan V.Skott öz «Qender: tarixi təhlilin əhəmiyyətli vahidi» məqaləsində istifadə etdi. Burada deyilir:
«qender - … cinslərin fərqlərinə əsaslanan sosial münasibətlərin elementi, hakimiyyət münasibətlərini
bildirən əsas yoldur». Coan Skottun fikrincə, «qender mənsubiyyətinin dərki – sosial münasibətlərin
yaradıcı, yəni formalaşdırıcı elementidir. Qender – cinslər arasında gözə çarpan fərqlərinə əsaslanır, cins
isə hökmranlıq münasibətlərini ifadə etmək üçün yoldur». (4)
Son zamanlar elmi ədəbiyyatda kişilik və qadınlıqda təbii və sosiomədəni tərəflərini dəqiq
fərqləndirmək cəhdləri artıb; bu cəhdlər cins və qender anlayışları üzərində qurulur.(5) «Cins» termini
insanlar arasındakı bioloji fərqləri təsvir edir; bu fərqlər hüceyrələrin quruluşunun genetik
xüsusiyyətləri, bədənin anatomik və fizioloji keyfiyyətləri və doğum funksiyalarından ibarətdir.
«Qender» termini şəxsiyətin sosial statusu və sosial-psixoloji keyfiyyətlərinə işarə vurur; bu keyfiyyətlər
cinsiyyət, seksuallıqla bağlı olsa da, digər imkanlarla qarşılıqlı fəaliyyət zamanı yaranır.
Linda Nikolsonun fikrincə, «cins» sözü o zaman işlədilir ki, kişi və qadınlar arasında fərqlər bioloji
səviyyədə təsdiqlənir; «cins» sözü belə halda buraya uyğun gəlir. «Qender» sözü isə yalnız dilçilikdə,
dilin qrammatik formalarını (kişi və qadın cinsi ilə bağlı olan) bildirmək üçün istifadə edilirdi. Qadın və
kişilər arasındakı fərqlərin sosial münasibətlərlə bağlılığı müəyyən ediləndən sonra, qender sözünü
bioloji keyfiyyətlərdən fərqli olan hallarda istifadə etməyə başladılar.
Cins və qender sözlərinin fərqləndirilməsi fikrini ən birinci antrpoloqlar bəyəndilər. 1972-ci ildə
Şerri Ortner tərəfindən yazılmış «Qadın, mədəniyyət, cəmiyyət» kitabı böyük diskussiyalara səbəb oldu.
Diqqəti daha çox «Qadınlıqla kişiliyin nisbəti təbii ilə mədəninin nisbətinə uyğundurmu?» məqaləsi cəlb
etmişdir. Bu məqalədə qeyd edilir ki, qadının cəmiyyətdə sosial statusu müəyyən edildikdə onun
reproduktiv vəzifəsi (uşağı dünyaya gətirmək) nəzərə alınmır, çünki qadınlıq (feminililik) və qadınlar
təsviri sosial yox, təbii amillərlə əlaqələndirilir.
Psixoloq Roda Unqer öz «Cins və qender anlayışlarını yozulması haqqında» məqaləsində «cins»
(«sex») sözünün yalnız bioloji keyfiyyətlərin (mexanizmlərin) təsvirində istifadə olunmasını təklif etdi.
Onun fikrincə, «qender» sözünü maskulin və femininin sosial, mədəni və psixoloji tərəflərinin təsvirində
istifadəsi daha məqsədəuyğundur. Başqa sözlə, R.Unqer cinsi – bioloji hadisə, qenderi isə – sosiomədəni
quraşdırma olduğunu hesab edir. (7)
Amerikalı sosioloq Entoni Giddens 1989-cu ildə nəşr etdiyi «Sosiologiya» dərsliyində qenderin
tərifini verərkən, onu «cins» terminindən belə fərqləndirib: «əgər cins kişi və qadınların cismani, fiziki
fərqlərini göstərirsə, «qender» anlayışı onların mədəni fərqləri ilə bağlıdır. Cins və qenderin
fərqləndirilməsi fundamental (əsaslı) xarakter daşıyır, çünki kişi və qadınların bir çox fərqləri, öz
mahiyyəti etibarilə heç də bioloji sayılmır». (8)
90-cı illərdə «qender» anlayışı feminizm və sosiologizm həddlərini aşaraq, onlarla köklü əlaqəsini
itirməyib. Qenderin femininliyin qanadları altından çıxmasının səbəbi – maskulinliyə diqqətin artması
olub. Müasir cəmiyyətdə problemlər, bəzən çox kəskin və ağrılı, nəinki qadınlarda, həm də kişilərdə olur.
Tədqiqatlar göstərir ki, qadınlıq və kişiliyinin ayrı-ayrılıqda, onları müqayisə etmədən, qarşılıqlı əlaqə və
münasibətləri müəyən etmədən, yanlış təsəvvürlər yaradır, həm kişi, həm də qadınlara xas olan ümumi
keyfiyyətləri fərqli, xüsusi olduğunu göstərir.
«Cins» diskursunun (mühakimənin) «qender» mühakiməsi ilə əvəz olunmasının tərəfdarları
aşağıdakı fikirlərə istinad edirlər: qender anlayışı əvvəlki, yanlış stereotipləri aradan götürür; qender
tədqiqatların həm obyekti, həm də subyekti – həm qadınlar, həm də kişilərdir; kişilik və qadınlığın
formalaşmasında yalnız sosial, cinslərin anatomiya və fiziologiyası ilə bilavasitə bağlı olmayan amillərə
diqqəti cəlb edir; eyni zamanda cins haqqındakı çoxsaylı nəzəri-metodoloji paradiqmaları (təlimləri)
tədqiqat dairəsində saxlayır.
«Qender» anlayışının müasir elmdə durumu, yəni onun strukturu, məzmunu və metodoloji rolunu
nəzərə alsaq, onu nə «cins» anlayışının sosial mahiyyəti, nə də ki, feminizmlə eyniləşdirə bilmərik, «cins»
ümumi sosial anlayışının mürəkkəb strukturuna «qender» anlayışının daxil edilməsi daha
məqsədəuyğundur; burada bioloji cins «Sex» və sosial cins – «qender» qenderli sosiallaşma və qenderli
strukturlaşma – stratifikasiya zamanı bir-birinə inteqrasiya edir. Bu tərifin əsasını C.Lorberin «Cins sosial
kateqoriyadır» məqaləsində təklif etdiyi «cins» kateqoriyasının təkmilləşdirilmiş strukturu təşkil edir. (9)
Başqa sözlə, belə konstruksiya (quraşdırma) həm konseptual xarakter daşıyır (yəni onun metodoloji
əsasları var), həm də təcrübəyə əsaslanır, onun fərdi və ictimai, kross-mədəni (qarışıq) və spesifik
mədəni, zehni və mənəvi, siyasi tərəfləri nəzərə alınır. (9) Bütövlükdə qender – dünyada baş verən
proseslərin inikasıdır; bu prosesləri isə törədən sadəcə insanlar yox, məhz kişilər və qadınlardır.
Məhz qender mövqeləri müəyyən mənada «cins-qender» sisteminin ümumi strategiyasını (yəni
inkişaf xəttini) özündə inikas edir və bizim kim olduğumuza işarə vurur; qadın və yaxud kişi, qız və
yaxud oğlan. Anadan olan fərd, insan cəmiyyətində artıq formalaşmış münasibətlər sisteminin üzvünə
çevrilir. Bu sistemdə qadınların üzərinə passiv, kişilərin üzərinə – aktiv, fəal olmaq rolu düşür. Üstəlik
fəal («kişilik») mövqeyinin əhəmiyyəti passiv («qadınlıq») mövqeyinin əhəmiyyətindən qat-qat çoxdur.
Beləliklə, «qender» terminin tədqiqatlarda istifadəsinin əsas məqsədi – «cins insan mədəniyyətinin
məhsuludur» fikrini təsdiqləmək və ondan bəhrələnməkdir.
Qender tədqiqatları və Azərbaycanda onların yaranması
Qender tədqiqatları nəticəsində xüsusi, özünəməxsus kateqorial aparatı yaranıb; bu gün həm
Qərbdə, həm də Şərqdə bu aparatdan geniş istifadə olunur. Hal-hazırda qender tədqiqatlarının
mərkəzində, cəmiyyətdə qadın və kişilərin arasındakı fərqlər, onların xüsusiyyətləri, əsas keyfiyyətləri
haqqındakı təsəvvürlər durur. Bu təsəvvürlər elmi ədəbiyyatda maskulinlik (kişilik) və femininlik
(qadınlıq) adları altında öyrənilir. Qender baxımından maskulinlik və femininlik altında qadınlar və
kişilər haqqında normativ sosial təsəvvürlər, davranışın mədəni-simvolik tərzi nəzərdə tutulur. Burada
nəinki mümkün keyfiyyətləri, həm də onların ifadə oluna biləcək sahələri nəzərdə tululur.
60-cı illərdə feminizm sahəsində aparılan tədqiqatların kütləviliyi, tənqidi ruhu və nəzəri
səviyyəsinin artması nəticəsində Qərbdə qadın mövzusu daha fəal şəkildə öyrənilməyə başlandı. 70-ci
illərin əvvəllərində Amerika universitetlərində qadınlar öz tədqiqatlarında qadın təcrübəsini öyrənməyə
başladılar. Belə tədqiqatların səbəbi ondan irəli gəlir ki, sosial və humanitar elmlər insanı, yəni «Homo
sapiens»i öyrəndikdə, əslində kişiləri öyrənir, qadınların həyat təcrübəsi, onların dünya haqqında
təsəvvürləri kənarlaşdırılır və geriyə atılır. Paralel olaraq, feminizm mövqeyindən ənənəvi qərb elminin
tənqidi də başlandı. Feminizm nümayəndələri elmin bir çox hadisələrində maskulinlik və
androsentrizmin mahiyyətini aşkar etmişdilər.
60-70-ci illərdə yayılan feminizm nəzəriyyələrinin antikişilik pafosu (hissi) «cins və «qender»
kateqoriyalarının işlənməməsi ilə bağlı olduğunu bir çox tədqiqatçılar qeyd edir (məs., O.Voronina).
Buna baxmayaraq, müxtəlif feminizmlə bağlı erkən yazılarda artıq qender nöqteyi-nəzərindən dünyaya
baxışlar formalaşır. Misal olaraq, Simona de Bovuarın ifadəsini gətirmək olar: «Qadın doğulmaq yox,
yaranmaq lazımdır»; yaxud da ki, başqa bir misal gətirsək olar: «Təbiət qadını kişidən fərqli yaradıbsa,
cəmiyyət onu insandan fərqli edib» (Sulamif Fayerstoun).
Qadın tədqiqatlarında yeni mərhələ XX əsrin 80-ci illərində başlanıb: bu zaman patriarxal və sırf
qadın təcrübəsinin öyrənilməsini, qender sisteminin təhlili əvəz edir. qadın tədqiqatları tədricən qender
səviyyəsinə ucalır; ön plana bir sıra yeni yanaşmalar çəkilir: cəmiyyətin, mədəniyyətin və insanların
qarşılıqlı münasibətlərinin bütün sahələri, əslində qender təmayüllüdür. Tədricən qadın amilinin
təhlilindən, kişiliyin üstünlüyünün təsdiqindən qender problemlərinin təhlilinə keçid formalaşır: bütün
sosial proseslərdə qender necə ifadə olunur, formalaşır və yaranır, necə bu proseslər qadınlar və kişilərə
təsir edir. Qadın tədqiqatların məzmunu daha əhatəli olaraq, özünə maskulinlik və femininlik
problemlərini daxil etmiş, yeni istiqaməti – kişi tədqiqatları yaratmışdır (man’s studies). (10).
90-cı illərdə qender tədqiqatları bütün dünyada inkişaf etməyə başlamışdı. Sosial və humanitar
elmlərdə qender yanaşmasının formalaşması halı əslində adi yeni elmi nəzəriyyənin yaranması faktından
qat-qat artıq-dır. Bu kimi təlimin yaranması və qəbul edilməsi bəzən insanda dəyərlər sisteminin alt-üst
olmasına gətirib çıxarır; belə qlobal xarakterli tapıntı və kəşflər nəinki sivilizasiyanın gedişatına,
həmçinin insan şüurunun dəyişilməsi prosesinə də təsir göstərə bilər.
Beləlilkə, qender tədqiqatları vasitəsilə şəxsiyyətlərarası münasibətlərin və insanların
qavranılmasının müəyyən stereotiplərini öyrənmək, fərdin özünəməxsus davranışı və qiymətvermənin
ekspressiv modelini formalşadırmaq, müəyyən cinsi aidiyyatı baxımından sosial modelini (ideal şəkildə)
yaratmaq olur. Qender stereotipləri adı ilə tanınan bu istiqamətlər – qender nəzəriyyəsinin əsas
anlayışlarıdır.
Qender stereotipləri daha konkret desək, mövcud cəmiyyət və tarixi dövr üçün səciyyəvi olan
kişilər və qadınlar arasındakı fərqlərdir. Bu stereotiplər həm fərd, həm də cəmiyyət səviyyələrində