Heç vaxt sözünüzü bu bəyanatla başlamayın: “İndi mən sənə bunu sübut
edəcəyəm”. Bu, başlanğıclardan ən pisidir, bununla elə bil deyirsiniz: “Mən
səndən ağıllıyam. İndi mən sənə hər şeyin necə olduğunu qandıraram və sənə də
o dəqiqə aydın olar ki, haqlı deyilsən”.
Bu, çağırışdır. Bu, dinləyicilərdə protest hissi – siz hələ ilk sözünüzü
deməzdən əvvəl sizinlə mübarizəyə girmək istəyini doğurur.
Adamları hətta ən əlverişli şərtlər daxilində də öz baxışlarını dəyişməyə sövq
etmək çətindir. Bəs onda bunu bir qədər də mürəkkəbləşdirmək nəyə lazımdır?
Özünüz üçün əlavə çətinliklər yaratmağınız nəyə gərəkdir?
Əgər siz kiməsə nəyisə sübut eləmək istəyirsinizsə, yol verməyin ki, o,
bundan duyuq düşmüş olsun. Bunu incəliklə və bəlağətli sözlərlə, məharətlə edin
ki, heç kim sizin sübuta yetirmək istədiyinizi hiss etməsin, həm də tonunuz və
jestləriniz bunu sözləriniz kimi aydın göstərməlidir. Lakin siz ona “mən sənə
sübut edəcəyəm” deyəndən sonra onun sizinlə razılaşacağına ümid edə
bilərsinizmi? Heç vaxt!
Çünki siz onun şəxsi ləyaqət hissinə, qüruruna və zəkasına zərbə en-
dirmisiniz. Bu, opponentinizdə yalnız cavab zərbəsini endirmək arzusunu
meydana çıxara bilər, lakin heç vaxt onu öz nöqteyi-nəzərini dəyişməyə sövq edə
bilməz. Siz onun üzərinə Platonun və İmmanuil Kantın məntiqinin bütün gücünü
axıda bilərsiniz, lakin siz onun rəyini dəyişməyəcəksiniz, çünki siz onun
hisslərini yaralamısınız.
“Adamları elə öyrətmək lazımdır ki, elə bil heç onları öyrətmirsiniz və
onların bilmədiklərini elə təqdim etmək lazımdır ki, elə bil onlar bunu
unudublar”.
Lord Çesterfild öz oğluna yazırdı: “Əgər bacarırsansa, başqalarından müdrik
ol, lakin onlara bunu demə”.
Hazırda mən iyirmi il qabaq inandığım heç nəyə, demək olar ki, inanmıram –
ola bilsin, vurma cədvəli istisna təşkil etməklə. Lakin Eynşteyni oxuyandan sonra
vurma cədvəli ilə bağlı da tərəddüdlər meydana çıxmağa başlayır. Daha iyirmi
ildən sonra, ola bilsin ki, indi haqqında bu kitabda danışdıqlarıma da
inanmayacağam. Ümumiyyətlə, heç nəyə əvvəllər olduğu kimi inamım yoxdur.
Sokrat Afinada öz davamçılarına dəfələrlə təkrar edirdi: “Mən bircə bunu bilirəm
ki, heç nə bilmirəm”.
Mən, əlbəttə, Sokratdan ağıllı ola biləcəyimə ümid edə bilmərəm və buna
görə də adamlara onların haqlı olmadıqlarını deməyə son qoydum. Və görürəm
ki, bu, mənim üçün qat-qat faydalıdır.
Əgər kimsə sizin səhv hesab etdiyiniz, bundan da çox, səhv olduğunu dəqiq
bildiyiniz müddəa ilə çıxış edirsə, bu sözlərlə başlamaqdan yaxşı heç nə yoxdur:
“Hətta belə! Mən isə tamamilə fərqli düşünürdüm. Lakin mən, əlbəttə, səhv edə
bilərəm. Belə iş mənim başıma dəfələrlə gəlib. Gəlin faktları yoxlayaq”.
Alimlər məhz bu cür hərəkət edirlər. Mən bir dəfə Stefensondan, on bir il
Arktikada, Qütb dairəsinin arxasında yaşamış, özü də bunun altı ilini yalnız ət və
su ilə dolanmış məşhur tədqiqatçı və alimdən müsahibə alırdım. O, mənə
keçirdiyi eksperimentlərdən bəziləri haqqında danışmışdı. Mən ondan bunların
köməyi ilə nəyi sübuta yetirmək istədiyini soruşdum. Onun cavabını heç vaxt
unutmayacağam:
downloaded from KitabYurdu.org
“Alim heç vaxt nəyisə sübuta yetirməyə can atmır. O yalnız faktları
aydınlaşdırmağa çalışır”.
Siz təfəkkürün elmi üslubuna yiyələnmək istəyərdiniz, elə deyilmi?
Əgər belədirsə, özünüzdən başqa heç kim buna mane olmur.
Öz tərəfinizdən səhvlərin mümkünlüyünü ehtimal etsəniz, heç vaxt çətin
vəziyyətə düşməzsiniz. Belə mövqe hər cür mübahisələrin yolunu kəsər və
həmsöhbəti sizin kimi düzlük, açıqlıq və geniş düşüncə nümayiş etdirməyə
ruhlandırar. Belə mövqe həmsöhbətinizdə öz növbəsində özünün də hərdən
haqlı olmadığını etiraf etmək istəyini oyada bilər.
Adamın səhv etdiyini dəqiq bildiyiniz halda bunu ona birbaşa desəniz nə baş
verəcək? İzin verin bunu sizə konkret hadisə ilə aydınlaşdırım.
Cənab S., cavan nyu-yorklu vəkil bu yaxınlarda çox mühüm iş üzrə Birləşmiş
Ştatların Ali Məhkəməsində çıxış etmişdi. İş özündə əhəmiyyətli məbləğdə pul və
vacib hüquqi məsələ ehtiva edirdi.
Cənab S. məsələnin məğzini və dəlilləri diqqətə çatdırdığı vaxt Ali Məh-
kəmənin üzvlərindən biri ondan soruşdu: “Axı “Dəniz hüququnda iddianın
müddəti haqqında” Qanunda son hədd kimi altı ildən söhbət gedir, elə deyilmi?”
Cənab S. çaşbaş qalaraq duruxur, bir neçə an heyrətlə hakimə baxır, sonra isə
kəskin şəkildə deyir: “Möhtərəm hakim, Dəniz hüququnda iddia müddətinin
uzunluğu haqqında qanun mövcud deyildir”.
“Məhkəməyə məzar sükutu çökdü, – deyə Cənab S. sonralar danışırdı, –
adama belə gəlirdi ki, zalda temperatur sıfır dərəcəyə düşüb. Mən haqlı idim.
Hakim səhv edirdi. Və mən bunu ona dedim. Lakin mən bununla onu özümə
yaxınlaşdırdımmı? Heç zərrə qədər də. Mən hələ inanırdım ki, qanun mənim
tərəfimdədir. Və mən hiss elədim ki, nə vaxtsa olduğundan daha yaxşı və
inandırıcı danışıram. Amma mən heç kimi inandıra bilmədim. Mən yüksək
savadlı və ehtiram edilən adama onun haqlı olmadığını deməklə çox böyük səhvə
yol vermişdim”.
Məntiqli olmaq – az adama bəxş olunan vergidir. Bizlərdən çoxumuz köhnə
fikir qəliblərinin və qərəzliliyin təsirinə məruz qalırıq. Bizlərdən bir çoxumuz
qərəzli rəy, qısqanclıq, qorxu, paxıllıq və qürur azarına yoluxmuşuq. Elə buna
görə də istər dini məsələ və ya saç düzümünün fasonu, istər sosial problem və ya
Klark Geyblın ifası – fərqi yoxdur, heç nə ilə bağlı öz baxışlarımızı dəyişmək
istəmirik.
Clark Gable (1901–1960)
Beləliklə, əgər adamlara onların səhv etdiklərini bildirməyə meyilli
olduğunuzu görürsünüzsə, onda professor Ceyms Harvey Robinsonun “Zəka
təsbit olunma prosesində” maarifləndirici kitabından götürülmüş bu paraqrafı
hər səhər güzgünün qabağında oxuyun:
“Bəzən biz özümüzü bunda tuturuq ki, öz rəyimizi heç bir müqavimətsiz və
heç bir üzüntü keçirmədən dəyişirik. Lakin bizə desələr ki, biz haqlı deyilik, onda
biz bu cür ittihamdan hiddətlənir və ittihamçıya münasibətdə əzazilləşirik. Biz öz
baxışlarımızın formalaşmasına ağlasığmaz dərəcədə saymazyana yanaşırıq, lakin
kim isə bizi onlardan məhrum etmək istəyəndə – bu hətta ən dostyana
duyğulardan irəli gəlmiş olsa da – öz baxışlarımıza açıq-aşkar ağrılı ehtiras hiss
etdiyimizi aşkar etmiş oluruq. Belə vəziyyətlərdə, görünür, ideyalarımızın özü
downloaded from KitabYurdu.org