– Cənab Cekson, bu məqaləni yazmış naməlum şəxs bizi maraqlandırmır.
Həmin adam burada yoxdur. Biz bu xanımı görə bilmirik. Lakin siz və sizin
fikirləriniz bizi maraqlandırır. Siz bizə başqa kimin isə dedikləri haqqında yox,
şəxsən özünüzün nə düşündüyünüz barədə danışın. Deyəcəklərinizə cənab
Ceksonun fikirlərini bacardıqca çox qatın. Niyə də biz elə bu mövzuda gələn həftə
çıxış etməyək? Məqaləni bir dəfə də oxuyun və özünüzdən soruşun ki, müəlliflə
razılaşırsınız, ya yox. Əgər siz razılaşırsınızsa, onun mülahizələrini düşünüb-
daşının və onları öz müşahidələrinizlə illüstrasiya edin. İşdir, əgər
razılaşmırsınızsa, onda elə bunu da deyin və nəyə görə razılaşmadığınızı izah
edin. Qoy bu məqalə sizin öz şəxsi nitqinizin təkan aldığı başlanğıc məntəqə
olsun.
Cənab Cekson bu təklifi qəbul etdi, məqaləni təkrarən oxudu və bu nəticəyə
gəldi ki, məqalənin müəllifi ilə tamamilə razı deyildir. Yeni çıxışına o, metronun
vaqonunda hazırlaşmırdı. Çıxış onun şüurunda tədricən yetişirdi. Bu çıxış onun
beyninin törəməsi idi və çıxış elə bil onun öz övladı kimi inkişaf edir, böyüyür və
forma alırdı. Onun qızları kimi təzə övlad gündüz və gecə, onun bunu ən az dərk
etdiyi vaxt böyüyürdü. Gah hansısa bir qəzetdə nəyisə oxuyanda onda yeni bir
fikir peyda olur, gah da tanışı ilə söhbət əsnasında gözlənilmədən yerinə düşən
misal üzə çıxırdı. O, bütün həftə ərzində boş dəqiqələrində mövzu barədə
fikirləşdikcə bütün bunlar genişlənir, dərinləşir, sıxılıb kipləşirdi.
Növbəti məşğələdə cənab Cekson bu mövzuda çıxış edəndə o, nə isə
özününkü olanı – öz karxanasında hasil etdiyi filizi, öz fərdi zərbxanasında zərb
olunmuş sikkəni təqdim edə bildi. Və o ələlxüsus da buna görə yaxşı danışırdı ki,
məqalənin müəllifi ilə razı deyildi. Fikirlərdə azacıq fərqdən yaxşı stimulyator
yoxdur.
Eyni bir adamın bir həftə ərzində eyni bir mövzuda etdiyi bu iki çıxış necə də
nəzərəçarpan təzad təşkil edirdi!
Düzgün hazırlaşmaq necə də böyük fərq meydana çıxara bilərmiş!
Hazırlaşmaq necə lazımdır və necə lazım deyillə bağlı başqa bir misal
göstərim.
Bizim cənab Flinn adlandıracağımız centlmen natiqlik məharətini
Vaşinqtonda öyrənirdi. Bir dəfə o, öz nitqini paytaxtımızın vəsfinə həsr elədi. O,
bir qəzetin buraxdığı reklam broşürasını tələsik vərəqlədi və ondan faktları əxz
etdi. Və bu faktlar müvafiq surətdə də səsləndirildi – quru, rabitəsiz və aydın hiss
olunurdu ki, material mənimsənilməyib. Natiq öz mövzusu üzərində lazım olan
şəkildə düşünüb-daşınmamışdı, mövzu onu ilhamlandırmırdı. O, haqqında
danışdığını hissiyyatından o qədər dərin keçirməmişdi ki, həmin hissləri
səsləndirməyə dəymiş olaydı. Onun bütün nitqi səthi, zövqsüz və heç kimə lazım
olmayan bir çıxış idi.
Bu, uğurlu ola bilməyəcək bir nitq idi.
Təqribən iki həftədən sonra cənab Flinnə bərk təsir etmiş bir hadisə baş
verdi: ictimai qarajdan onun maşınını oğurlamışdılar. O, polisə cumdu, mükafat
təklif etdi, lakin hər şey əbəs idi. Polis etiraf etdi ki, o, cinayətkarlığa qarşı
mahiyyət etibarilə mübarizə aparmaq iqtidarında deyildir, bu arada isə, bundan
bir həftə qabaq polismen əlində tabaşir küçəni keçərək cənab Flinni onun
maşınının dayanacaqda on beş dəqiqə artıq qaldığına görə cərimə etmişdi. Bu,
downloaded from KitabYurdu.org
işləri başlarından aşdığına görə cinayətkarları tuta bilməyən “tabaşirli polislər”
cənab Flinnin qəzəbinə tuş gəldilər. O özündən çıxmışdı. İndi onun danışmaq
üçün mövzusu – broşüradan əxz edilən yox, öz həyatından götürülmüş mövzusu
var idi. Bu, canlı insanla əlaqədar olan, onun hisslərinə və baxışlarına toxunmuş
bir məsələ idi. Vaşinqtonu vəsf etdiyi nitqində o, bir cümləni zorla o birisi ilə
əlaqələndirirdi; burada isə hələ heç ayağa tam qalxmamışdı və ağzını açan kimi
polisin ünvanına ittiham dolu nitq sel kimi axdı və Vezuvu püskürəndə qaynayan
lava kimi töküldü. Bu cür nitq, demək olar ki, həmişə səhvsiz vurur, bu nitq uğur
qazanmaya bilməzdi. Onun əsasında həyati təcrübə dururdu və o düşünülüb-
daşınmışdı.
Əsl hazırlaşmaq özü ilə nə təcəssüm etdirir
Çıxışa hazırlıq özündə kağıza yazılmış və ya əzbərlənmiş hamar cümlələrin
seçilməsini ehtiva edirmi? Xeyr. Çıxış mahiyyət etibarilə şəxsən sizin özünüzə çox
az toxunan təsadüfi bir neçə fikrin seçilməsidirmi? Əsla yox. Bu hazırlıq sizin
fikirlərinizin, sizin ideyalarınızın, sizin baxışlarınızın, sizin istəklərinizin
seçilməsi deməkdir. Axı sizdə belə fikirlər, istəklər olmamış deyil. Bunlar siz oyaq
olanda beyninizdə hər gün doğulur, onlar hətta sizin yuxugörmələrinizə də sızır.
Sizin bütün mövcudiyyətiniz hisslər və sıxıntılarınızla aşıb-daşır. Bütün bunlar
sizin təhtəlşüurunuzda yığılıb və o qədər çoxdur ki, elə bil çayın sahilində çınqıl
kimidir. Hazırlaşmaq – bu, fikirlər üzərində düşünmək, onları bəsləyib
böyütmək, xatırlamaq, sizi xüsusilə cəlb edənləri seçmək, cilalamaq, onları
müəyyən ardıcıllıqla yerləşdirmək, özünəməxsus mozaika yaratmaqdır.
Bəlkə bu cür proqram sizə həddən artıq çətin görünür? Xeyr, bu, çətin deyil.
Yalnız diqqəti bir qədər cəmləmək və məqsədyönlü surətdə fikirləşmək lazımdır.
Duayt L.Mudi dini düşüncə tarixinə daxil olan çıxışlarını necə hazırlayırdı?
“Bu, sirr deyil, – deyə o, ona verilmiş suala cavab verdi. – Məndə hansısa bir
mövzu yarananda onu zərfin üstünə yazıram. Məndə bu cür zərflər çoxdur. Əgər
mütaliə edərkən nəzərdə tutduğum mövzulara aidiyyəti olan dəyərli nə isə
tapıramsa, onda çıxarışı müvafiq zərfin içinə qoyuram və o, zərfin içində qalır.
Mənim yanımda həmişə qeyd kitabçası olur və əgər kiminsə moizəsində bu
məsələyə işıq sala biləcək nəsə eşidirəmsə, bunu qeyd edirəm, sonra onu zərfə
qoyuram. Bütün bunlar bir il, ya da daha çox qala bilər. Mənə təzə moizə
hazırlamaq lazım gələndə yığılanların hamısını çıxarıram. Öz müşahidələrimlə
yanaşı, bütün bunlar mənə kifayət edəcək qədər material verir. Bundan başqa,
mən öz moizələrimin üzərində daim işləyirəm – onlardan nəyisə çıxarıram,
nəyisə əlavə edirəm. Nəticədə onlar heç vaxt köhnəlmir”.
Yel məktəbinin dekanı Braunun müdrik məsləhəti
Yel İlahiyyat Məktəbi öz yüzilliyini qeyd edəndə onun dekanı Çarlz Reynolds
Braun moizə etmək sənəti barədə mühazirələr silsiləsi ilə çıxış etmişdi. Həmin
mühazirələr eyni başlıq altında Nyu-Yorkun “Makmillan” nəşriyyatı tərəfindən
kitab halında buraxılmışdı.
Doktor Braun bir qərinə idi ki, hər həftə moizələrə hazırlaşırdı, eləcə də
başqalarına moizələri hazırlamağı və onları deməyi öyrədirdi. Buna görə də o,
haqqında söhbət gedən mövzuda bəzi müdrik məsləhətlər verə bilərdi ki, bu
məsləhətlər özü ilə (natiqin 91-ci psalmla bağlı danışmağa hazır olan kilsə
xadimi, yaxud həmkarlar ittifaqları barədə nitqlə çıxış etməyə hazır olan
downloaded from KitabYurdu.org