“Xalq qəzeti”.-2009.- 29 sentyabr .- № 215.- S.2.
Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri
Birgə mətbuat konfransı
Buxarest, 28 sentyabr (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 28-də Buxarestdə
Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun iştirakı ilə sənədlərin
imzalanması mərasimi başa çatdıqdan sonra dövlət başçılarının birgə mətbuat konfransı olmuşdur.
Prezidentlər əvvəlcə bəyanatla çıxış etdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin
bəyanatı
-Hörmətli cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
İlk növbədə, cənab Prezident, məni Rumıniyaya dəvət etdiyinizə görə, mənə və nümayəndə
heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə öz təşəkkürümü bildirirəm. Rumıniya ilə Azərbaycan
arasında ikitərəfli münasibətlər çox uğurla inkişaf edir və bu gün imzalanmış strateji tərəfdaşlıq haqqında
bəyannamə, deyə bilərəm ki, son illər ərzində görülmüş işlərin məntiqi nəticəsidir. Mən əminəm ki, bu
gün imzalanmış bütün sənədlər gələcək əməkdaşlığın uğurlu inkişafı üçün də yaxşı əsas yaradır. İkitərəfli
münasibətlərin inkişafı üçün çox gözəl imkanlar, çox böyük potensial vardır və biz gələcək illərdə bu
potensialdan səmərəli şəkildə istifadə edəcəyik.
Bu gün həm təkbətək görüşdə, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş
görüşdə bütün vacib məsələlər müzakirə edildi və gələcək əməkdaşlıq haqqında çox vacib qərarlar qəbul
edildi. Siyasi əlaqələr, qeyd etdiyim kimi, çox yüksək səviyyədədir. Əminəm ki, iqtisadi sahədə yeni,
gözəl layihələr icra olunacaqdır. Neft-qaz sahəsində əməkdaşlıq uğurludur və bu əməkdaşlığın gələcəyi
daha da uğurlu olacaqdır. Azərbaycanın çox zəngin neft-qaz yataqları vardır və Azərbaycanın resursları
dünya və Avropa bazarlarına uğurla çıxarılır. Əgər tezliklə tranzit ölkələrlə beynəlxalq təcrübəyə
əsaslanmış müqavilələr imzalanarsa, gələn ildən başlayaraq Azərbaycan qazı Avropa İttifaqının bazarına
çıxarıla bilər.
Enerji resurslarının şaxələndirilməsi həm istehlakçılar, həm də istehsalçılar üçün vacibdir və bizim
maraqlarımız bu işdə üst-üstə düşür. Əminəm ki, Nabukko və digər layihələr uğurla icra olunacaqdır.
Neft-qaz sahəsində əməkdaşlıq, eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış
strateji tərəfdaşlıq haqqında Memorandumda da öz əksini tapıb və Avropa İttifaqı ilə Azərbaycan arasında
əlaqələrdə enerji amili çox mühüm yer tutur. Mən fürsətdən istifadə edərək, Avropa İttifaqı ilə
Azərbaycan arasında münasibətlərin inkişafında xüsusi rol oynadığına görə Rumıniyaya və cənab
Prezident, şəxsən Sizə öz minnətdarlığımı bildirmək istəyirəm.
Eyni zamanda, Siz qeyd etdiyiniz kimi, bütün dondurulmuş münaqişələrin, o cümlədən
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq prinsiplərin rəhbər
tutulması və ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılması mövqeyi çox böyük əhəmiyyətə malikdir
və buna görə mən Sizə minnətdaram. Dünyada bütün məsələlər, o cümlədən münaqişələr ancaq
beynəlxalq hüquq normaları əsasında öz həllini tapa bilər. Əminəm ki, əgər bütün tərəflər beynəlxalq
hüquq normalarına riayət etsələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə ədalətli
həll oluna bilər və Azərbaycanın işğal olunmuş bütün torpaqları işğalçı qüvvələrdən tezliklə təmizlənə
bilər.
Cənab Prezident, göstərdiyiniz qonaqpərvərliyə görə bir daha Sizə minnətdaram və əminəm ki,
gələcək əməkdaşlığımız da çox uğurlu olacaqdır.
Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar:
YUNİS ORUCOV (Azərbaycan Televiziyası): Mənim sualım Rumıniya Prezidentinədir.
Cənab Prezident, Siz bu gün azərbaycanlı həmkarınızla strateji tərəfdaşlığın yaradılması
razılaşması haqqında Birgə Bəyannaməni imzaladınız. Sizcə bu sənəd ikitərəfli münasibətlərimizə
hansı töhfəni verəcək? Bu sənədin ümumilikdə perspektivlərini nədə görürsünüz? Təşəkkür
edirəm.
TRAYAN BESESKU: Bildirmək istəyirəm ki, bizim strateji tərədaşlıq haqqında bu cür
razılaşmamız cəmi iki ölkə ilə vardır. Yəni, bu strateji tərəfdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik və digər
sahələrdə aparılır. Onlardan biri Birləşmiş Ştatlar, ikincisi isə Fransadır. Mən bununla bağlı qeyd etmək
istəyirəm ki, bu gün cənab Prezidentlə imzaladığımız bu bəyannamə əsasında, o cümlədən digər mühüm
razılaşmaları nəzərə alaraq, bundan sonra bizim hökumətlərimiz iki ölkə arasında qəbul olunacaq siyasi
qərarların həyata keçirilməsi üzrə planı tərtib edəcəklər. Bir növ yol xəritəsi. Bu yol xəritəsinin gələcəkdə
həyata keçirilməsini təhlil etdikdən sonra biz belə bir qənaətə gələcəyik ki, atılmış bu addımlar uğurlu
oldu, yoxsa yox?!
Mən burada həddindən artıq nikbin sözlərlə çıxış etmək istəməzdim. Sadəcə, deyə bilərəm ki, bu
gün Prezident Əliyevlə bizim imzaladığımız strateji tərəfdaşlıq haqqında bu bəyannamədə əks olunmuş
müddəalar bir növ göstərici, bələdçi xarakteri daşıyır. Qeyd etmək istəyirəm ki, həmin sənəddə əks
olunmuş müddəalar çox real müddəalardır və onlar hər iki ölkənin milli maraqlarına, o cümlədən Avropa
İttifaqının maraqlarına uyğun gəlir. Hesab edirəm ki, əgər biz həmin prioritetləri həyata keçirə bilsək, iki
ölkə arasında strateji tərəfdaşlıq böyük uğura çevriləcəkdir. Eyni zamanda, orada təcəssüm olunmuş
prinsipləri Rumıniya nəinki öz milli maraqları prizmasından görür, eyni zamanda, Rumıniya hesab edir
ki, bu sənəd Avropa İttifaqının enerji və xarici siyasətinə də töhfə verir, Avropa İttifaqının Qara dəniz
regionundakı, o cümlədən “Şərq tərəfdaşlığı” təşəbbüslərinə də xidmət edir.
Çox sağ olun. Mən bir daha Prezident Əliyevə bu bəyannaməni imzaladığına görə minnətdarlığımı
bildirmək istəyirəm.
MÜXBIR (Rumıniya): Mənim sualım Prezident Əliyevədir. Siz mətbuat üçün bəyanatınızda
Azərbaycanın neft və qaz ehtiyatlarının daşınmasında tranzit məsələlərini də qeyd etdiniz. Mən
bilmək istərdim, Sizin fikrinizcə, Nabukko layihəsinin həyata keçirilməsi Konstansa-Triest
layihəsinin reallaşmasına nə kimi töhfə verə bilər?
İLHAM ƏLİYEV: Bilirsiniz, bizim təcrübəmiz onu göstərir ki, Azərbaycan tərəfindən irəli
sürülmüş və həyata keçirilmiş layihələr gələcəkdə başqa layihələrin icrasına da gətirib çıxarır. Əgər Bakı-
Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi və bir sözlə, əgər bu dəhliz açılmasaydı, yəqin ki, Bakı-Tbilisi-
Ərzurum qaz kəməri də tikilməzdi. Əgər Bakı-Tbilisi-Ərzurum qaz kəməri tikilməsəydi, bu gün Nabukko
haqqında, ümumiyyətlə, söhbət aparmağa dəyməzdi. Çünki Nabukko layihəsinin icrası ancaq
Azərbaycanın bu gün mövcud olan qaz infrastrukturunu işə salması ilə bağlıdır. Beləliklə, biz görürük ki,
bir uğurlu layihə o biri layihənin icrasına gətirib çıxarır. Şübhə yoxdur ki, əgər Nabukko layihəsi uğurla
icra olunarsa, regionda şaxələndirmə məqsədilə tikiləcək digər kəmərlərin inşasına da gətirib
çıxaracaqdır. Bugünkü danışıqlarda həm Nabukko layihəsi, eyni zamanda, Konstansa-Triest layihəsi
müzakirə olundu. Azərbaycan tərəfi hər iki layihəyə öz dəstəyini vermişdir və mən bu gün də bunu bir
daha təsdiq etdim.
TRAYAN BESESKU: İcazənizlə, mən bu cavaba da əlavə olaraq öz şərhlərimi vermək istərdim.
Azərbaycanın Dövlət Neft Şirkəti Avropa İttifaqı ölkələrində öz fəaliyyətini Rumıniya vasitəsilə
genişləndirmək fikrindədir. Burada, bu layihənin həyata keçirilməsində Dövlət Neft Şirkəti hesab edir ki,
Konstansada hazırda xam neftin saxlanılması üçün bizim tutumların genişləndirilməsi imkanı mövcuddur.
Dövlət Neft Şirkəti bu sahədə işləmək arzusunu bildirmişdir. Beləliklə, Dövlət Neft Şirkəti öz resurslarını
mövcud iki mümkün yol ilə nəql edə biləcəkdir. Bu yollardan bir variant o ola bilər ki, Azərbaycan
Dövlət Neft Şirkəti Kontansada özü, yəni artıq tranzit olunmuş enerji daşıyıcılarının emalı üzrə
Rumıniyadakı emal zavodlarında emal prosesləri ilə özü məşğul ola bilər və bunu rumın həmkarları ilə
həyata keçirə bilər. Bu, birinci variant. İkinci variant isə Dövlət Neft Şirkəti Konstansa vasitəsilə,
Konstansada xam neftin saxlanılma tutumu həcminin daha da artırılması yolu ilə tranzit edib, daha sonra
isə onu Triestə istiqamətləndirə bilər.
Eyni zamanda bildirmək istəyirəm ki, Gürcüstanda - Supsa limanında böyük bir terminal vardır.
Hazırda həmin terminalda yüksək tonnajlı tankerlər lövbər sala bilir. Mən şəxsən özüm xam neftin həmin
tankerlərə doldurulmasını görmüşəm. Xam neft həmin tankerlərlə Bosfor və Dardanel boğazlarından
keçməklə Avropa bazarlarına çatdırılır. Hesab edirəm ki, bu da düzgün bir yoldur.