sol tayına
keçirməyə, Böyük Admiralın ona şəxsən bağışladığı, qızılı saplarla,
baftayla işlənmiş epoletli ağır kitelini - gün üzünə çıxmadığı uzun illərdən bəri,
prezident karetinin pəncərəsində dərin fikirlərə qərq olmuş profilinin, qəmli
baxışının, ipək əlcəkli əlinin hüznlü hərəkəti göz qırpımında görünən vaxtlardan
bəri geymədiyi kitelini geyməyə, kişi ətri vurmağa, döyüş qılıncını, bütün orden-
medallarını, Roma Papasının, müsadirə edilmiş kilsə əmlakının geri qaytarılmasına
görə onu təltif etdiyi Tanrı Dərgahı ordenini, kavaler lentini taxmağa məcbur elədi.
- «Sən məni lap bayram yemişi kimi bəzədin!» Sübh tezdən həmin bu görkəmdə
Letisiya onu, təmtəkcə, müşayiətsiz-şahidsiz, tül fatasının dumanı içində, yeddi
aylıq biabırçı qarnını ikimərtəbəli kətan tumanının – gips təkər kimi kobud, qalın
alt və sürüşkən üst tumanın altında
gizlədə-gizlədə, mum şamların və pəncərələr
boyu solan portağal budaqlarının qarışığından, qəlyanaltı iyi verən ala-qaranlıq
iclas zalına apardı. Onlar, bədheybət zalın dörd bir tərəfindən, usanmadan
çalxalanıb uğuldayan ucsuz-bucaqsız adam dənizinin sahilində don vurmuş kimi
key vəziyyətdə, tər içində yanaşı dayanmışdılar. Zalın bütün giriş-çıxışları bağlı
idi, pəncərələr, dövlət gerbli qalın pərdələrlə tutulmuşdu; - zal, ölüm qoxusu saçan,
anlaşılmaz, ölü bir mərasimə – onların kəbin mərasiminə hazırlaşırdı; bu mərasim,
dövlət sirri kimi gizlin saxlanılmalı, dünyada bircə adam belə bu haqda bir şey
bilməməliydi. Letisiya, havasızlıqdan boğulur, bətninin qaranlıq sularında üzən
körpəsinin səbrsiz təpiklərindən əziyyət çəkirdi. - bu,
onun körpəsi idi, onun oğlu
idi. - «Axı sən özün istəyirdin ki, oğlun olsun! Bu da oğlan!»
Təntənəli geyimli arxiyepiskopun, harasından çıxdığı məlum olmayan asta səsiylə
Allahın şərəfinə oxuduğu duaları dəhlizlər boyu mürgüləyən qarovulçulara belə
gedib çatmırdı., Zəhmli qocaya: - «Sən, Letisiya Mersedes Mariya Nasareno ilə
evlənməyə razısanmı?» - sualını verərkən, az qala ürəyi dayanan arxiyepiskopun
qorxusu, ana bətninin dərin sularında azmış dalğıcın qorxusu qədər anlaşılmaz və
qaranlıq idi. Bu vaxta qədər heç kimin ona bu sualı verməyə cəsarəti çatmazdı.
Necə yəni, o, kimisə özünə arvad eləməyə razıdırmı?! Heç vaxt heç kim ona belə
bir sual verə bilməzdi! Cavabında o, gözünü yüngülcə qırpıb: «Razıyam!» - dedi
və ürəyinin döyüntüsündən sinəsində tərpənən orden-medalların cingiltisi eşidildi.
«Razıyam!» sözü yenilməz qürurla səsləndi və elə həmin an Letisiya Nasarenonun
bətnindəki körpə dölətrafı sularda öz istiqamətini müəyyənləşdirib işığa sarı yön
aldı. Letisiya, ağrıdan üçqat olub təngiyə-təngiyə: «İlahi,
pərvərdigara, sənin
müqəddəs qanunlarını, öz şəhvətini doyurmaqla yerinə yetirən sadiq rahhibəni əhv
et! Sənin cəzanı qəbul edirəm, ilahi!» - deyə, çanaq sümüklərinin cırıltısını
gizləmək üçün, naxışlı paltarını cırıb sökdü və ikilaylı tumanının dolaşığından, öz
yarımçıq bicini çəkib çıxartdı. Körpə, təzə doğulmuş buzov ölçüsündə, elə buzov
kimi də köməksiz idi. Letisiya körpəni əlinə alıb yuxarı qaldırdı, onu rəngbərəng
altarın zəif işığında gözdən keçirib oğlan uşağı olduğunu dəqiqləşdirdi. – «Siz necə
istəmişdiniz, mənim generalım – oğlan!» Bu müqəddəs, Emmanuel adı daşımalı
olacaq, lakin heç bir əməli ilə Allahın adına şərəf gətirə bilməyəcək bu körpə,
çəlimsiz bir oğlan uşağı idi; atası onu, qurbanlıq daşının üstünə qoyub göbəyini öz
qılıncıyla kəsərək, yeganə qanuni oğlu elan etdi və həmin gündən bəri uşaq, bütün
hüquqları onun ixtiyarına verilmiş diviziya generalı təyin edildi. - «Onu xaç
suyuna salın, müqəddəs ata!»
113
Bu qəribə hadisə, qədəm qoyan yeni dövrün müqəddiməsinə çevrildi,
dəhşətli, ağır
dövrlərin başlanğıcı oldu. O dövrlər camaatın yadında, küçələrin, hələ səhərin gözü
açlmamışdan, xüsusi karton lövhələrlə dövrəyə alınmasıyla qalmışdı; ordu, bazar
alverçilərini tüfənglərin qundağıyla o baş-bu başa qova-qova, hay-küy sala-sala,
camaatın gözünün odunu alırdılar ki, hamı pəncərə və eyvanlarını kip bağlasınlar;
heç kim, küçələrdən güllə kimi ötən, qızıl dəstəkli limuzini görməməliydi;
damlarda, bacalarda hansısa təsadüf üzündən gizlənib oğrun-oğrun aşağı
boylanmaq nəsib olanlarsa, küçələrdən yel kimi vıyıldayan hökümət limuzinini,
prezidentin şəxsi limuzinini – maşının içində, başında, kənarları güllü fetr şlyapa,
boğazında bir düjün tülkü dərisi oturan balacaboy rahibəni görürdülər; görməmişin
oğlu oldu, günorta çıraq yandırdı! Biz,
hər çərşənbə, səhər tezdən, bazarın
girəcəyində maşından düşüb, balaca generalın əlindən tutaraq, bir dəstə əsgərin
müşayiəti ilə bazara girən Letisiyanı görürdük; o illər uşağın üç yaşı ancaq olardı,
həm də uşaq o qədər arıq və çəlimsiz idi ki, oğlandan çox, qızılı saplarla işlənmiş
hərbi mundir geyimli qıza oxşayırdı; mundir uşağın əyninə elə kip otururdu, elə bil
o, elə mundirdə doğulmuşdu; bu mundiri o, diş yeri təzə-təzə yarılandan – Letisiya
onu arabada, atasının təmsil etdiyi
rəsmi mərasimlərə gətirəndən, anasının
qucağında otura-otura, öz ordusuna tamaşa eləməyə başlayandan bəri geyirdi; bu
forma, həndbol oyunlarının sonunda camaatın, gənc generalın şərəfinə
səsləndirdiyi alqışlar altında, anasının əlləri üstə göylərə qaldırıldığı vaxtlardan
onun əynində idi; həmin bu formada o, milli bayram münasibətilə keçirilən
paradda, üstü açıq avtomobildə otura-otura, anasının döşünü əmirdi; Letisiya,
camaatın, süddən üfürlənmiş döşünə buzov kimi təpilən körpə generalı çoxmənalı
baxışlarla süzə-süzə, bir-birinə göz vurmasına qətiyyən məhəl qoymurdu;
diplomatik qəbullarda isə uşaq, artıq heç kimin köməyinə ehtiyacı olmadığı
vaxtlardan iştirak etməyə başlamışdı; bu qəbullara o,
təkcə hərbi mundir geyməklə
kifayətlənmir, atasının mücrüsündən öz zövqünə uyğun seçdiyi döyüş medallarını
da sinəsinə taxırdı; bu, qəribə təbiətli, ciddi bir oğlan idi, artıq altı yaşında,
cəmiyyət içində özünü lazımi səviyyədə apara bilirdi, böyük adamlarla, bərabər
tərəf müqabili kimi, şampan əvəzinə, meyvə şirəsindən qurtum-qurtum içə-içə,
söhbət edirdi; qəribədi ki, o, adamlarla münasibətdə çox mədəni və qılıqlı idi, bu
keyfiyyətləri kimdən qazandığı məlum deyildi; düzdü, bəzən elə də olurdu ki,
qəbul mərasiminin ab-havası, qara buludlarla dolmuş kimi tutulur – zavalı vəliəhd
əsnəməyə başlayır və yuxulayırdı. Onda sanki zaman dayanır, söhbətlər, cümlənin
yarısındın qırılıb havadan asılı qalır, hərəkətlər donur və kiminsə: «Sakit,
balaca
general yuxuya gedib!» - deyən asta pıçıltısı eşidilirdi; sonra adyutant onu,
məzəmmət dolu təbəssümünü yelpiclərinin arxasında gizlədə-gizlədə: «Biabırçılıq!
Əla həzrətlərin gözündən iraq!» - deyən rəsmiyyətpərəst xanımlar və sığallı
casuslar yığnağını yara-yara otağına aparırdı; general isə beyninə yeritmişdi ki,
guya bunlardan xəbərsizdi, hətta özü-özünü inandırmışdı ki, ona, yüzlərlə bic
uşağın arasından seçib yeganə oğlu elan elədiyi bu balaca uşağın hoqqalarına fikir
vermək düzgün deyil, belə xırda məişət məsələlərinə məhəl qoymaq, Letisiya
Nasarenonun saysız-hesabsız iddialarına məhəl qoymaq kimi bir şeydi. Hə, demək,
çərşənbə günlərinin sübh çağı o, öz oyuncaq generalının əlindən tutaraq, bir sürü
kazarma aşbazı və əsgər forması geymiş başkəsən quldurların müşayiəti ilə şəhər
114