olub!» Onların hamısı beləcə, bir-birinin ardınca gedirdi,
o isə kədərli üzüylə hər
biri üçün: «Yazıq!» deyirdi və heç kimin ağlına belə gəlmirdi ki, bütün bu qəfil
ölümlər bilavasitə onun gizli əmriylə həyata keçirilir. Hər ölən haqqında hörmətlə
rəsmi xəbərlərdə belə məlumat verilirdi: «vəzifə borcunu yerinə yetirərkən həlak
olub». Hər biri də xüsusi təntənə ilə milli qəhrəmanların qəbristanlığında dəfn
edilirdi. «Qəhrəmansız vətən, qapısız ev kimi bir şeydir, senyor!»
Onda ki, bütün ölkə üzrə, müharibə illərinin od-alovundan onunla çiyin-çiyinə
keçən generallardan cəmi altısı qaldı, o, onların hamısını – ağac spirtini barıtla
qarışdırıb içən ən təhlükəli və xəbis general Xasinto Alqarabia daxil olmaqla,
hamısını bir nəfər kimi öz ad gününə - prezident sarayında qurulmuş qonaqlığa
dəvət elədi, senyor! «Özümüz olacağıq, – onlara dedi – bizdən, silahdaşlardan
savayı heç kim olmayacaq!
Keçmişlərdəki kimi, silahsız-filansız bir yerə yığışıb
kef edəcəyik! Hamımız birlikdə, süd qardaşları kimi baş-başa!» Onlar da gəldilər,
senyor, sövdələşdikləri kimi, silahsız – sursatsız gəlib banket zalına girdilər, amma
cangüdənlərini də gətirmişdilər, onlar qonşu otaqda oturmuşdular.
Qonaqlar əliboş gəlməmişdilər, ona cürbəcür gözəl hədiyyələr gətirmişdilər:
«Hamımızı birləşdirən yeganəmizə!» Onun bu dəvətinə hətta general Saturno
Santos da səs vermişdi – əfsanəvi Saturno Santos, heç kimə inanmayan, xainqəlbli
xalis hindu oğlu – qış-yay ayağı yalın gəzən, həmişə də: «əsil kişi ayağının altında
torpağı hiss eləməlidi.» - deyən Saturno. Həmin qonaqlığa o, arandakı oyuğundan
çıxıb gəlmişdi. Ora da eləcə ayağı yalın, üstündə əndirəbadi
heyvan şəkilləri
çəkilmiş əcayib pançoda, həmişəki kimi də təmtək, mühafizəçisiz, amma silahlı
gəlmişdi. Silahı da təhvil verməkdən ona görə boyun qaçırmışdı ki, dediyinə görə,
bu silah onun üçün döyüş silahı yox, onun əmək alətidi. «O mənə qızılquş
bağışladı, ana, namuslu döyüş münasibətilə, üzbəüz, mərd döyüşə görə əsil döyüş
quşu bağışladı. Özüylə arfa da gətirib gəlmişdi, ana… çovğunları yatırdıb bol
məhsul bitirən müqəddəs arfanı. O arfanı o, sidq-ürəkdən, xüsusi bir incəliklə çala-
çala, yadımıza kövrək müharibə illərini, müharibənin vahiməli başlanğıcını saldı.
Bu
xatirələr, qoturluq gicişməsi kimi canımıza yeridi, burnumuza müharibənin iyi
də gəldi. Bizi uzaq günlərə çəkib aparan döyüş atı haqqında mahnısıyla lap
ürəyimizin başını sökdü və biz hamımız cuşa gəlib xorla, ürəkdən oxumağa
başladıq: «...Körpüdən gözü yaşlı qayıtdım...» Onlar, içinə gavalı basılan
hinduşkanı, qızardılmış qabanı bircə göz qırpımında gəvələdilər… yedilər, içidilər,
oxudular. Hər biri də içikini, öz şəxsi flyaqasından içirdi. Bircə general Saturno
Santosla o heç nə içmirdi və demək olar ki, yemirdilər, çünki onların hər ikisinin
həyatları boyu
dillərinə içki dəyməmişdi, yeməyi də, adətən aclığı öldürmək üçün
yeyirdilər. Hərbi mahnılarından sonra generallar dostlarının şərəfinə gözləri
yaşara-yaşara çar Davidin sübh dualarını oxudular, sonra səfir Panelin bir vaxlar
prezidentə hədiyyə elədiyi «Ad günün mübarək!» mahnısınacan, bütün təbrik
mahnılarını bir-bir oxudular. Qədim silahdaşlarını – qəm-kədərə batmış qanıqara
qocanı az qala yalaya-yalaya, anqırışa-anqırışa oxuya-oxuya, elə hey içdilər-
içdilər. Məclis başa çatanda isə, sübhə yaxın o, köhnə kazarma vərdişiylə əlində
çıraq, bütün sarayı gəzdi, bir-bir otaqlara baş çəkdi, öz döyüş dostlarına bir də, son
dəfə baxdı: Saturno Santosdan başqa onların altısı da
içkinin təsirindən keyləşib
ağırlaşaraq, bir-birini qucaqlaşıb yatmışdılar. Özləri quru döşəmənin üstünə
39
sərilmişdilər, mühafizəçiləri də yanlarında əyləşmişdi. Bircə Saturno Santosdan
savayı. Bircə onun mühafizəçisi yox idi. O birilərin mühafizəçiləri isə bir-birindən
gözünü çəkmirdilər, çünki döşəmədə qardaş kim qucaqlaşıb dərin yuxuya getmiş
generalların həm də bir-birindən dəhşətli dərəcədə qorxduqlarından xəbərdar idilər.
Onların hər biri beləcə prezidentdən də qorxurdu, prezident isə öz növbəsində
onlardan qorxurdu, çünki, belə hesab edirdi ki, iki nəfərin birliyi – artıq qiyam
deməkdir. O, bir müddət yatanlara baxıb öz yataq otağına yollandı, çırağı qapısının
yanındakı qırmağa keçirib kilidi üç dəfə açarladı, üç qıfılı bağlayıb
üç zənciri çəkib
üzü üstə döşəməyə düşdü, üzünü balışa basan kimi ovuclarına basıb uzandı və elə
həmin dəqiqə saray, gecə qarovulunun yaylım atəşlərinin gurultusundan titrəməyə
gəldi. Bir! İki!.. «Vəssalam… və hər şey səs-küysüz, güllə-baransız, ah-naləsiz,
birdəfəlik həll olundu!» Və gurultudan sonra qalan, barıtın havadan asıla qalan
səssiz dumanı oldu.
Səhəri gün isə yuxudan ayılanda o, bir daha heç kimin və heç nəyin, onun
möhtəşəm hakimiyyətinə zərrə qədər xələl toxundura bilməyəcəyindən əminliyini
hiss edib rahatlandı. Əsgərlər ayaqlarını qanlı gölməçələrlə şappıldada-şappıldada
axşamkı qonaqlığın tör-töküntüsünü təmizləyirdilər, bu dəhşətli hadisədən az qala
ağlını itirmiş Bendisyon Alvarado başını tutub, əhəngləndikcə qan sızan divarlara
baxırdı. Divarlar qanla tərləyirdi. Xalıları sulu paltarı sıxan tək,
nə qədər burub
sıxırdılarsa, qanın ardı kəsilmirdi, dəhlizlər boyu qıpqırmızı şırımlarla axır,
otaqlara dolurdu… Son müharibənin igid qəhrəmanlarının qətlini ört-basdır
eləməkdən ötrü səylə yuyulub silinən, divarlardan qaşınan qan, azalmaq əvəzinə,
əksinə, elə bil get-gedə bir az da artıb çoxalırdı. Bu qanlı qətl barıdı rəsmən elan
olundu ki, müharibə veteranlarını, hansısa naməlum səbəbdən birdən-birə ağıllarını
itirmiş öz mühafizəçiləri öldürüblər. Daha sonra öldürülənlərin milli bayrağa
bürünmüş cənazələri qəhrəmanlar qəbristanlığında basdırıldı, dualarını isə
yepiskopun özü oxudu. Generalların mühafizəçiləri də bu tələdən qaçıb canlarını
qurtara bilmədilər. Bircə general Saturno Santos canını qurtara bildi. O da ona görə
ki, Santos həmişə döşündə, onu güllədən zireh kimi qoruyan yeddi müqəddəs dua
gəzdirirdi, «həm də ona görə ki, senyor, o, iblis idi, istənilən an nəyə istəsən çevrilə
bilərdi…» Tısbağa
da ola bilərdi, gölməçəyə də dönə bilərdi, istəsəydi, lap ildırıma
çevrilərdi. Prezident buna bir daha, Saturno Santosu, yaquar ovlayan xüsusi ov
itləri tapa bilməyəndə inandı. Falçı qarının dediyinə görə də belə çıxırdı ki, Saturno
Santos sağdır:«Budur o, mənim generalım, bax, bu xaç padşah odur.» Onu nəyin
bahasına olur-olsun tapmaq lazım idi, çünki bircə o hər şeyi korlaya bilərdi, çünki
bircə o hər şeyi bilirdi. Odu ki, onu gecə-gündüz, aylarla, illərlə axtardılar və
yalnız günlərin bir günü prezident onu öz vaqonunun
pəncərəsindən - müharibənin
şıdırğı vaxtı bütün şəhər əhalisi federal ordusunun ardınca getdiyi kimi, ev əşyaları
və mal-qarasıyla bir, uşaqlı-arvadlı Santosun ardınca gedən camaatın arasında
gördü. Gördü necə adamlar, bu solğun bənizli, əcayib geyimli, cırıq pançosunu
çiyninə atıb yorğun-arğın yeriyən bu adamın ardınca, yağış başlarına döyə-döyə,
qocalarını, xəstələrini ipdən hörülmüş həsirlərdə daşıya-daşıya gedirlər. Bu adam
özünü övliya adlandırmışdı deyə, camaat onun ardınca gedirdi. Burda prezident
əlini alnına vurub: «Bu ki, odur, lənət şeytana! Bu ki, Santosdur!» - dedi. Bu,
doğurdan da Saturno Santos idi, özünü övliya elan eləyib etimadını qazanmış
40