hər
bir şeyi, hətta eyvanların hər pəncərəsindən içəri dolan işığın düşmə dərəcəsini
belə hesablayırdılar.
«Hələ bu harasıdır, ana!» Sonra məlum oldu ki, onun iki aşnasını da saraydan
qovub çölə atıblar, çünki admiral Qrinqonun fikrincə, «bu əyrimçə qızlar
prezidentə layiq deyilmişlər…» Bu səbəbdən prezident elə vəziyyətdəydi ki,
anasıyla xudahafizləşib evdən çıxanda, oğlunun, çönüb özünü boş otaqlara
salmasını, orda qabağına keçən qulluqçularla gizlənpaç oynamasını hiss eləyəndə,
quşlarını didişdirib qarmaqarışıqlıq saldı ki, yarıqaranlıq otaqlardan eşidilən
biabırçı səslər – oğlunun yalvarışları, qulluqçunun boğuq səslə: «Əl çəkin, yoxsa
ananıza deyərəm!» - deməsi, quşların cikkiltiləri, qanad şıppıltıları içində əriyib
itsin və qonşular bu işdən xəbər tutmasın.
Bendisyon Alvarado, qanadlı
sakinlərinin halına acımadan, bədbəxt quşları elə hey çimdikləyirdi ki, səslərini
kəsməsinlər, bircə heç kim oğlunun qaynar nəfəsini - qadınları soyundurmadan,
özü də soyunmadan, küçük zingiltisiylə zingildəyib, acı tənhalıq yaşı yanağını
islada-islada, özünü ayaqüstü rahatlayan bu kəmhövsələ, zəif kişinin səsini
eşitməsin. Bütün bu vay-həşirdən hürkən toyuqlar otaqlara doluşub özlərini sərin
künclərə soxdular. Hava isə sərinləmək bilmirdi ki, bilmirdi. Hava, elə bil ərinmiş
şüşə idi. «Can bala, avqustun bu cəhənnəm istisində,
günorta saat üçdə bu nə
sevgibazlıqdı?!»
Xarici dövlətlərin qoşunları ölkədən çıxıb gedənəcən prezident çox kasıb idi,
ixtiyarı da öz əlində deyildi. Qoşun isə ölkəni çox tez bir zamanda, müqavilə
müddəti başa çatmamış tərk etdi. Səbəbi çox sadə idi: ölkəni taun bürümüşdü.
Taundan qorxuya düşmüş qoşun, zabitlər yaşayan kottecləri hissə-hissə söküb yük
maşınlarına yığır, çəmənliyə sərdikləri sintetik, mavi gölməçələri xalça kimi
bürmələyib döşəmələrdən qoparır, bizim çayların bulanıq suyundan istifadə
eləməmək üçün, özləriylə gətirib gəldikləri su sisternlərini boşaldıb zirzəmilərə
yığır, tikib ucaltdıqları hərbi qospitalların ağ binalarını, kazarmaları partladırdılar
ki, heç kim onların inşaat sirrlərini öyrənə bilməsin. Bircə, isti iyun gecələri, tez-
tez admiralın qorxunc ruhu görünən limanda yırğalanan qədim, zirehli gəmiyə
toxunmadılar. Hərbi donanmadan onlara yadigar qalan bircə bu zirehli gəmi oldu.
Qalan nə vardısa, hamısını yığışdırıb öz yel qatarlarında apardılar. İstirahət
avadanlıqlarını, xırda müharibələr üçün gətirdikləri ləvazimatları da yığışdırıb
özləriylə apardılar. Bütün bunları aparmazdan əvvəl öz vicdan borclarını yerinə
yetirməyi də unutmadılar – ölkə rəhbərini qarşılıqlı mehriban
münasibətlərinə görə
medalla təltif etdilər, sonra isə: - «Vəssalam! İndi bu murdar məmləkətdə tək qal!
Görərik bizsiz neyləyəcəksən!» - deyib elə çığırdılar ki, səsləri ölkəni başına
götürdü. Və getdilər. «Getdilər, ana, cəhənnəm oldular axır!» Və nəhayət ki, o,
pilləkənlərlə ilk dəfə, daha naxıra girən öküz kimi yox, ağa kimi qalxa-qalxa, heç
kimdən qorxmadan, heç nədən çəkinmədən, ucadan əmrlər verməyə, bütün təklif
və xahişlərə şəxsən özü nəzarət eləməyə başladı: «Xoruz döyüşlərinə icazə vermək
olar?» - «Mən razı!» «Çərpələng necə, göyə çərpələng buraxmaq olar?» - «Olar!»
O, qəsbkarların qadağan etdiyi bütün əyləncələri yenidən bərpa etdi və qadağaları
ləğv etdikcə, öz hökmranlığının əzəmətini duydu, sonradan görəndə ki,
onun bir
sözünü iki eləyən yoxdu, hakimiyyəti doğrudan-doğruya təkbaşına, şəxsən özü
idarə eləməyə - ilk növbədə milli bayrağın zolaqlarının yerini dəyişib yuxarı zolağı
35
aşağıda, aşağı zolağı yuxarıda yerləşdirdi, dövlət gerbindəki firqə qapağını,
başıaşağı çevrilmiş əjdahayla əvəz eləməyi əmr etdi. Ona görə ki, biz artıq
xaltasızıq, ana! «Yaşasın taun!»
Xarici qəsbkarlar ölkədən çıxıb gedənəcən keçirdikləri miskin həyat - biabırçı
asılılıq və kasıbçılıq, hətta arada bir dilənçi vəziyyətinə düşməkləri Bendisyon
Alvaradonun heç cür yadından çıxmır, Patrisio Araqonesin ölümüylə qurulan
tamaşadan sonra da, oğlu tabutdan xortlayıb üsyanı yatırdandan sonra da, bolluq və
müvəffəqiyyət dənizində üzəndə də Bendisyon Alvarado yenə ehtiyac içində
yaşadıqlarından danışıb şikayətlənirdi. O günlər, əvvəl-əvvəl heç nədən xəbəri
olmayan Bendisyon Alvarado, onu
dinləməyə hövsələsi çatanlara, prezidentin
anası ola-ola, bu cındır tikiş maşınından savayı heç nəyi olmadığından, oğlunun
müflis vəziyyətindən şikayətlənirdi: «Siz onu faytonda görürsünüz, senyor, onu
məşəllərlə müşayiət edirlər, amma, yazıq balamın qəbristanlıqda ovuc boyda yeri
belə yoxdur. Ayağını uzadıb ölməyə özü üçün bir qarış torpaq belə almayıb, balam.
Bu da işdi, senyor?.. Bu qədər əlləş-vuruş, bu da axırı...» Bir qədərdən sonra isə
arvad daha oğlunun dərdlərindən söz açmırdı, çünki oğlu daha öz dərdlərini
anasıyla bölüşmürdü, ona heç nə barədə danışmırdı, həmişə elədiyi kimi, arada bir
vaxt tapanda yanına qaçıb dövlət işlərində qurduğu kilkəli torlardan, gizli
sirlərindən söz açmırdı.
Ümumiyyətlə, qəsbkarlar ölkədən çıxıb gedəndən sonra
oğlu çox dəyişmişdi, hərdən Bendisyon Alvaradoya elə gəlirdi ki, oğlu ondan da
qocadır, ona elə gəlirdi ki, oğlu, hansı möcüzəyləsə, vaxtı da qabaqlayırd. Axır
vaxtlar anası hiss eləməyə başlamışdı ki, oğlunun nitqi də get-gedə anlaşılmaz,
qocasayağı əlaqəsiz olub, o, sözlərdə büdrəyir, fikirləri, sapı qırılmış muncuq kimi
pərən-pərən düşür, hərdən bir də ağzının suyu axır... Onda Bendisyon Alvaradonun
ürəyi əzilirdi, ananın oğula yox, qızın ataya yazığı gələn kimi, ürəyinin başı
sökülürdü. Ürəyi ən çox da,
bir dəfə oğlu, qucağı hədiyyələrlə, paketlərlə, karton
bağlamalarla dolu içəri girib, bağlamaların hamısını birdən açmaq istəyəndə və
Bendisyon Alvarado qayçını axtarıb tapanacan, bağlamaların ipini dişiylə
didişdirib, dırnaqlarını karton qutuların künclərində sındıranda, sonra hövsələsi
daralıb, hər şeyi stolun üstünə səpələyərək, təntənənin həyacanından boğulan
nəfəsi təngiyə-təngiyə: «Bir bax, burda nələr var, ana! Görürsən? Bu akvariumdakı
–
diri su pərisidi, bu, oyuncaq mələkdi, doğurçu mələk boydadı, ora-bura uçub
zəng çalacaq; bax bu, okean balıqqulağıdır, görürsən nə boydadı?.. Bunu qulağına
tutsan, ordan adi balıqqulaqları kimi, okeanın səsi yox, bizim milli himni
eşidəcəksən! Əla şeylərdi, düzdü, ana?.. Görürsən, dövlətli olmaq necə şeydi?!...» -
deyəndə ağrımışdı. Oğlunun bu əcayib sevinci onda Bendisyonu açmamışdı və o,
dinməz-söyləməz, quşları rənglədiyi fırçasının quyruğunu çeynəyə-çeynəyə,
oğluna baxa-baxa qalmışdı, uzaq keçmişi, oğlunun hakimiyyətdə nəyin bahasına
qalmasını xatırlamışdı… bütün o məşəqqətlərin nəticəsi indi göz qabağındaydı...
«O vaxt, indiki vaxtlar kimi deyildi, senyor, hakimiyyətin möhkəmliyini budu bax,
ovcunun içi kimi hiss edəsən. O vaxt hakimiyyət, balamın sözü olmasın, ovcunun
içində o yan-bu yana diyirlənən şüşə kürəcik
kimi bir şey idi, sabalo balığı kimi
sürüşüb, Allahın nəzərindən qaçıb, bu qarmaqarışıq sarayın içində sülənə-sülənə
sivişib aradan çıxmaq istəyirdi elə bil. Bütün bu qarmaqarışıqlıqda, onu Federasiya
uğrunda döyüşdə qalib gələn bir sürü tamahkar - bir vaxtlar, şair-general Lautaro
36