həvəsi olmadığından, vaxtı çatanda,
öz ölümü ilə, öz yorğan-döşəyində,
prezidentliyinin lap ilk günündən onun taleyini, su ləyəninə baxıb oxuyan görücü –
falçı qadının dediyi kimi, yuxuda öləcəyindən bənd-bənd danışdı. «Amma, bir
yana baxanda, - dedi - bir az da yaxşı fikirləşsək, yenə heç nə dəqiq deyil, çünki
mənim anam Bendisyon Alvarado məni ona görə doğmayıb ki, gecə-gündüz suda
çəngəllə yazılanları oxuyum. Mən - hökm vermək üçün doğulmuşam. Bir də, mən
sən deyiləm, elə özüməm və Allahına şükür elə ki, bütün bunların hamısı
zarafatdı.» Onda bu zarafatın heç də adi zarafat olmadığı onun ağlına belə
gəlməmişdi, yatsa, yuxusuna da girməzdi ki, yaxın bir vaxtda ölüm püşkü
həqiqətən də onlardan birinin payına düşəcək. Elə də oldu.
O, Patrisio Araqonesi otağında, ölümqabağı işgəncələr içində qovrula-qovrula
tapdı. Xilasa ümid yox idi, oxun zəhəri həddən artıq qatı idi. İçəri girəndə, Patrisio
Araqonesi
elə kandardan, romalılar kimi, əli başının üstə salamladı: «Eşq olsun,
igid!» Sonra canverənin yatağına əyləşib, yüngülləşdirici dava-dərmandan xəstəyə
qaşıqla içirtməyə başladı. Patrisio Araqones isə generalın bu xidmətlərindən imtina
eləmədisə də, ona zərrə qədər minnətdarlığını da bildirmədi və dərmanın növbəti
qaşığını udandan sonra ürəyindən keçənlərin hamısını birnəfəsə döşədi: «Mən sizi
bu murdar dünyada müvəqqəti tək qoyub gedirəm, mənim generalım... ürəyimə
damıb ki, sizinlə cəhənnəmin yeddinci qatında görüşəcəyik... Mən - ağrıdan ip
kimi gərilib düyünlənmiş, zəhərli ox üç qatından keçib öldürülmüşün birisi, siz isə,
əlləriniz başınızın üstündə, özünüzü soxmağa yer tapmırsız, açıq danışdığıma görə
üzr istəyirəm, mənim generalım, hər şeyi olduğu kimi deyirəm... İndi daha deyə
bilərəm ki,
sizi heç vaxt sevməmişəm, sizsə, nəyə görəsə beyninizə yeritmisiz ki,
guya mən sizi sevirəm... Yox, mən həmişə sizə nifrət eləmişəm... Azadlığımı sizin
ucbatınızdan itirdim... kefim istəyən kimi veyillənməyə da imkan vermədiniz... o
vaxtdan hər gün Allaha yalvarırdım ki, sizə ölüm versin, əziyyətli, ya yüngül bir
ölüm, fərqi yoxdu... təki sizdən canım qurtarsın, təki siz mənim acı taleyimin
cəzasını çəkəsiz... axı başıma daha nə oyun açmadınız?.. Taxta çəkiclə döyə-döyə
dabanlarımı xurd-xəşil eləyib ayaqlarımın altını öz ayağınızın gününə saldınız ki,
sizin kimi ayağımı sürüyə-sürüyə gəzim... qarnımda şiş əmələ gəlsin deyə,
böyrümü çəkmə qıyığı ilə deşdiniz, yazıb-oxumağı yadırğatmaq, bildiklərimi
unutdurmaq üçün məni skipidar içməyə məcbur edirdiniz, çünki özünüz yazıb-
oxumağı bacarmırdınız... yazıq anam isə mənə savad verməkdən ötrü nə qədər
əziyyətlər çəkmişdi!.. Çox-çox rəsmi yerlərə, paradlara öz əvənizə məni
göndərməklə guya özünüzü, dönə-dönə dediyiniz kimi,
daha vacib, vətən üçün
daha zəruri işlərdən ötrü qoruyurdunuz… amma yox, siz mənim ona görə oralara
göndərirdiniz ki, hər yerdə, lap o dılğır gözəllik müsabiqələrində də hansısa
fahişənin başına tac qoya-qoya, qəfil əcəlin səni hardan, hansı tərfəfdən
haqlayacağını fikirləşəndə, ən qoçaq adamın da canına vicvicə düşür... açıq
danışdığıma görə məni bağışlayın, mənim generalım... Lakin generalı, Patrisio
Araqonesin həyasızlığından çox naşükürlüyü əsəbiləşdirdi: «Və bütün bunları sən
deyirsən? Ömrü boyu burda şah kimi yaşayan, ömrüm boyu heç kəsə qıymadığımı
ona verdiyim adam deyir?!.. Mən ki, öz arvadlarımı da sənin ixtiyarına
vermişdim!?» Burda Patrisio Araqones, onun sözünü ağzında qoydu: «Bu
barədə
lazım deyil, mənim generalım. Bu bədbəxt qadınları, bu əzabkeş anaları, inəyi
19
boğazlayan kimi, yerə yıxıb işini görməkdənsə, axtalanmaq yaxşıdı. Kələ gələn
inəkdən bunların bircə fərqi odu ki, inəklər o məqam fınxırıb mouldayırlar,
bunlarsa, ələ gəlməyən, qupquru dallarını səninçün dikəldib, özləri vecsiz üzlərlə
kartof soyur, ya da yaxındakıları haylayıb, haqq-hesab bitənəcən, ocaq üstündə
qaynayan düyü sıyığı yanmasın deyə ona göz qoymağı tapşırıllar... Bu heyvərəliyi
təkcə siz məhəbbət adlandıra bilərsiz, mənim generalım, çünki bundan savayı ayrı
bir şey görməmisiniz… açıq danışdığım üçün üzr istəyirəm!»
Burda general
dözməyib bağırdı: «Sus! Mumla, zırrama! Yum ağzını, yoxsa gec olar!» Lakin
Patrisio Araqones təmkinlə, sakit-sakit sözünə davam edirdi: «Yox, mən
susmayacağam, mənim generalım... daha bundan sonra siz mənə neyləyə bilərsiz?..
Öldürəcəksiz məni? Mən onsuz da, demək olar ki, artıq ölmüşəm... ondansa
həqiqətin üzünə dik baxmağı öyrənəydiniz… məqamdı, mənim generalım... heç
vaxt, heç kimin demədiyini, amma hamının fikirləşdiklərini dinləyəydiniz... axı,
sizə, yalnız eşitmək istədiklərinizi deyirlər, baş əyib ayaqlarınızı yalayılar,
ciblərində isə top-tüfəng gəzdirillər... əslində, bu səmimiyyətimə görə siz mənə
təşəkkür etməlisiz, mənim generalım... sizin ki, yazığınız
gələn yeganə adam
mənəm... elə mənim də sizə yazığım gəldiyi kimi, bu dünyada heç kimin sizə
yazığı gələ bilməz... çünki taleyin hökmü ilə, demək olar, elə mən də sizin
özünüzəm – axı, mən sizin əkiz tayınızam?!.. Odu ki, mən, o birilərin ürək eləyib
sizə deyə bilmədiklərini, içərilərində saxlayıb gizlədiklərini bütün səmimiliyimlə
deyirəm... məsələ burasındadı ki, mənim generalım, sizdən prezident çıxmaz...
əslində də, heç kim sizi qanuni prezident hesab eləmir... siz, prezident kreslosunda
ona görə oturmusunuz ki, sizi ora ingilislər oturdub...
onlardan sonra da
amerikalılar, öz zirehli gəmilərindən atdıqları bir cüt dağıdıcı yumurtayla
dəstəkləyiblər sizi... axı, bütün bunları mən gözümlə görmüşəm, axı, hər şey
mənim yadımdadı... Qrinqo üstünüzə çımxırıb: «Qurtardı! İndi bu murdar
fahişəxanada təm-təkcə qal! Görək, bizsiz neyləyəcəksən?!» - deyəndə siz
qorxudan başınızı itirib, böcək kimi ora-bura qaçıdınız... Və o vaxtdan siz
kreslodan ona görə düşmədiniz və düşmək fikriniz də ona görə yox idi ki, sizin
üçün bu, sadəcə olaraq, qeyri-mümkün idi... Qorxu! Məsələ burasındadı...
Boynunuza alın, mənim generalım, siz gözəl bilirsiniz ki, küçəyə adi adam kimi
çıxsanız, camaat üstünüzə quduz it kimi atılıb, Santa-Mariya-del-Altardakı kütləvi
qırğının, qala zindanındakı canavarlarla
çiy ət əvəzi, diri-diri atılan dustaqların,
yerdə qalanların gözünün odunu almaq məqsədilə diri-diri dərisi soyulub ailələrinə
göndərilənlərin əvəzini çıxacaqlar... » Patrisio Araqones beləcə uzun-uzadı danışa-
danışa, ötüb keçmiş incikliklər kisəsindən bir-birinin ardınca saysız-hesabsız
dəhşətli xatirələr çıxardıqca, elə bil bu murdar rejimin qurbanlarının ruhuna dua
oxuyurdu… qəfildən o susdu… elə bil qızmar yaba ilə içalatını oydular, ürəyi az
qaldı dayana... sonra özünə gəlib asta-asta, təhqirsiz-filansız, yalvarış dolu səslə
davam elədi: «Mənim generalım ... bu gözəl məqamı əldən buraxmayın, mənimlə
birgə ölün... sizin üçün ən yaxşısı ölməkdi ... axı, kim bilməsə də, mən bilirəm...
axı, mən elə sizəm... amma bir Allah şahiddi ki, mən bunu heç vaxt istəməmişəm
... heç vaxt əzəmət, şöhrət diləməmişəm, vətən qəhrəmanı olmaq arzusuna
düşməmişəm... belə alındı... siz necə yaşayırsız, bunu mən bilirəm...
sizin bütün
həyatınızı təhlil eləməyə gücüm də çatar... çünki ürəyimin ən dərin guşəsində mən
20