Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə80/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   76   77   78   79   80   81   82   83   ...   114

 
212
Bunu gözləmirdi. İndi əlac ona qalırdı ki, dayanıb Haakenin nə edəcəyini gözləsin
ona uyğun da hərəkət etsin... Qəzeti götürüb başlıqlara baxdı, sonra qatlayıb stolun 
üstünə qoydu. Haake ona baxırdı... 
– Gözəl gecədir,–bunu Haake almanca dedi. Ravik başını tərpətdi. Haake 
gülümsədi: 
– Gözlərimə söz ola bilməz, düzdür? 
– Deyəsən... 
– Sizi əvvəlcə içəridə gördüm. 
Ravik diqqətini toplayıb, biganəliklə başını tərpətdi. Sinirləri tarımlanmışdı, 
Haakenin niyyətini heç cür başa düşə bilmirdi. Ravikin gizlincə Fransaya keçdiyini 
bilməzdi. Ancaq, ola bilsin, gestapo bunu da bilirdi... Eybi yox, hələ vaxt var... 
– O dəqiqə tanıdım, – Haake dilləndi. 
Ravik döyükə-döyükə onun üzünə baxırdı... 
– Çapıqdan tanıdım! – Haake Ravikin alnına işarə etdi. – Bildim ki, tələbə 
cəmiyyətinin üzvü olmusunuz. Deməli, almansınız. Ya da Almaniyada 
oxumusunuz. 
Bunu deyib, Haake güldü. Ravikin gözü hələ də onun üzündə idi. Ola bilməzdi! 
Lap gülünc idi! Gərginlik o dəqiqə yoxa çıxdı, dərindən nəfəs aldı, yüngülləşdi. 
Haake onu tanımamışdı. Elə bilmişdi ki, alnındakı çapıq tələbə duelində olub. 
Ravik də güldü. Haakeyə qoşulub güldü. Gülməyini saxlamaq üçün də 
yumruqlarını elə sıxdı ki, dırnaqları ətinə yeridi... 
– Düz tapdım?–Haake məmnun halda soruşdu. 
– Bəli, düz tapmısınız. 
Alnındakı çapığın tarixi yadına düşdü. Onu gestaponun zirzəmisində, Haakenin 
gözləri qabağında eləmişdilər. Qan gözlərinə, ağzına dolurdu. Haake isə indi 
deyirdi ki, tələbə duelində olub və bunu tapması ilə də öyünürdü... 
Xidmətçi Haakenin konyakını gətirdi. O, ləzzətlə qədəhi iylədi. 
– Konyaklarına söz ola bilməz, – dedi, – əntiqə olur! Qalan şeylərdə...–Ravikə göz 
basdı – ölkə batır. Borc içində boğulur. Bunlarınkı dinc və yüngül həyatdır. 
Bizimlə bacarmayacaq! 
Ravikə elə gəlirdi ki, danışa bilməyəcək. Elə bilirdi ki, danışsa, əlindəki qədəhi 
stola çırpacaq, şüşə qırıqlarının hamısını onun gözünə soxacaq... Ehtiyatla daş kimi 
ağır qədəhi götürdü, axıracan içdi, sakitcə qaytarıb yerinə qoydu. 
– Bu, nədir? – Haake soruşdu. 
– «Perno». «Absent» əvəzidir. 
– «Absent» barədə eşitmişəm. Fransızları kişilikdən salan o deyil? – Haake irişdi. – 
Bağışlayın, sizi nəzərdə tutmuram. 
– «Absent» qadağandır. Bu da onun əvəzinədir, ziyansızdır. «Absent» adamı 
kişilikdən salmır, ancaq nəsil artırmağa qoymur, ona görə də qadağan olunub. Mən 
içdiyim anis almasından çəkilmiş araqdır, biyan dadı verir. 
Yox, danışa bilirmiş! Hətta heç həyəcanlanmır da! Suallara da sakitcə, sərrast 
cavab verirdi. Tufan haradasa daxilində idi, hay salırdı, uğuldayırdı, ancaq üzdən 
sakit idi... 
– Burada yaşayırsınız? – Haake soruşdu. 
– Bəli. 


 
213
– Çoxdan? 
– Anadan olandan. 
– Aydındır! Xarici ölkədə yaşayan alman! Burada anadan olmusunuz? 
Ravik başını tərpətdi. Haake konyakını içdi: 
– Xalqımızın ən yaxşı oğullarından bir neçəsi də xaricdə yaşayan almanlardır, – 
dedi. – Fürerin müavini Misirdə anadan olub. Rozenberq Rusiyada, Darre isə 
Argentinada doğulub. Hər şey dünyagörüşündən asılıdır, düz demirəm? 
– Tamamilə düzdür. 
– Sizin də belə fikirləşəcəyinizi bilirdim! – Haakenin üz-gözündən razılıq yağırdı. 
O, bir az stola tərəf əyildi və deyəsən, stolun altında dabanlarını da cütlədi. –Yeri 
gəlmişkən, özümü təqdim edim: fon Haake! 
Ravik də eyni əda ilə cavab verdi: 
– Horn! 
Əvvəlki ləqəblərindən biri idi... 
– Fon (21) Horn?–Haake soruşdu. 
– Bəli. 
Haake başını tərpətdi, tam arxayınlaşdı. Öz zümrəsindən olan adama tuş gəlmişdi. 
– Parisi yaxşı tanıyırsınız, elə deyilmi? 
– Bir balaca... 
– Muzeyləri nəzərdə tutmuram,–Haake bic-bic güldü. 
– Nəyi nəzərdə tutduğunuzu başa düşürəm. 
«Arilər nəslindən olan bu ali adam, deyəsən, özü bataqlığa düşmək istəyir, ancaq 
yaxşı yer tapa bilmir...–Ravik ürəyindən keçirdi.–Kaş başını tovlayıb onu dalda 
yerə, ya gözdən iraq bir meyxanaya, ya da ucqar bir fahişəxanaya çəkə biləydim!–
Bu fikir onun beynindən ildırım sürəti ilə keçdi.–Elə yerə ki, qabağıma duran, 
əlimdən alan olmasın!» 
– Burada yaxşı yerlər çoxdur, eləmi? 
– Təzəlikcə Parisdəsiniz? 
– İki həftədən bir iki-üç günlüyə gəlirəm. Bu da bir növ nəzarətdir. Çox vacib işdir. 
Son ildə işlərimizi burada yaxşı qurmuşuq, əla gedir! Nə iş olduğunu deyə 
bilmərəm, ancaq...–Haake güldü.–Burada hər şeyi pulla almaq olar. Satqın 
millətdir. Az qala istədiklərimizin hamısını öyrənmişik. Çox əziyyət çəkmirik
özləri gəlib deyirlər. Vətəni satmaq da bunlarda vətənpərvərliyin bir növünə 
çevrilib. Çoxpartiyalılıq belədir. Qalib gəlmək üçün partiyalar bir-birini, beləliklə 
də, vətəni satırlar. Bu, bizim xeyrimizədir. Çoxlu həmfikir tapmışıq, hamısı da 
təsirli dairələrdəndir...–O, qədəhini qaldırıb içinə baxdı, boş olduğunu görüb, yerə 
qoydu. – Heç silahlanmır da... Elə bilir, silahlanmasa, onlarla işimiz olmayacaq. 
Təyyarələrinin, tanklarının sayını bilsəniz, özünə qəbir qazan bu xalqa gülməkdən 
ölərsiniz... 
Ravik onun dediklərinə qulaq asırdı. Bütün diqqətini cəmləmişdi, ancaq buna 
baxmayaraq, hər şey – stollar da, xidmətçilər də, axşam sərinliyində qaynayan 
həyat da, küçələrdə şütüyən maşınlar da, evlərin başına dolanan ay da, küçələrdə 
sayrışan al-əlvan reklamlar da, hətta bir vaxt onun həyatını məhv eləmiş, indisə 
üzbəüz oturub boşboğazlıq eləyən qatillər qatili də ona yuxu kimi gəlirdi... 


 
214
İki şıq geyinmiş qız onların yanından keçəndə Ravikə baxıb gülümsədi. «Oziris»də 
işləyən İvetta ilə Marta idi. Bu gün istirahət edirdilər... 
– Lənət şeytana, əntiqə şeylərdir! – deyə Haake onların dalınca baxdı. 
«Kaş dalda bir küçədə əlimə düşəydi! Dar, bomboş küçə olaydı.. Ya da Bulon 
meşəsində...» – Ravik ürəyindən keçirdi. 
– Bu xanımların çörək pulu məhəbbətdən çıxır, – dedi.  
Haake onların arxasınca baxdı: 
– Pis deyillər. Zənnimcə, sizin başınız belə şeylərdən yaxşı çıxmalıdır,–deyib 
Haake yenə konyak sifariş verdi. – İcazə verin, sizi də qonaq eləyim. 
– Təşəkkür edirəm. «Perno» içəcəyəm. 
– Deyilənə görə, burada yaxşı yerlər var, adam görəndə ağlı başından çıxır. –
Haakenin gözləri parıldadı. O vaxt gestaponun zirzəmisindəki gur işıqda da beləcə 
parıldamışdı... 
«İndi onları yada salmaq lazım deyil, – Ravik ürəyindən keçirdi. – İndi olmaz!» 
– Heç birində olmamısınız? 
– Bir neçəsində olmuşam. Əlbəttə, tanışlıq məqsədilə getmişəm. Bu xalq hara 
yuvarlanır? Çox güman ki, mən hələ yaxşılarında olmamışam. Əlbəttə, ehtiyat 
elədim, adam elə yerlərdə tez ilişər. 
Ravik başını tərpətdi: 
– O sarıdan narahat olmağa dəyməz. Burada elə yerlər var ki, ora turist ayağı 
dəymir. 
– Eləsini tanıyırsınız? 
– Əlbəttə, lap ürəyiniz istəyən kimi. 
Haake ikinci konyakı da içdi. Lap arxayınlaşdı. Almaniyadakı əngəllər burada yox 
idi. Ravik gördü ki, o heç nədən şübhələnmir və dedi: 
– Elə mən özüm də bu gün bir az əylənmək istəyirdim. 
– Doğrudan? 
– Bəli. Hərdən eləyirəm... Adam bacardığı qədər çox görüb-götürməlidir. 
– Düzdür! Çox düzdür! 
Haake onu bircə anlığa donuq nəzərlərlə süzdü. «Sərxoş eləmək lazımdır,–deyə 
Ravik ürəyindən keçirdi.–Başqa cür alınmasa, sərxoş eləyib qaranlıq yerə çəkmək 
lazımdır!» 
Haakenin üzündəki ifadə dəyişdi. Sərxoş deyil, sadəcə olaraq, fikrə gedibmiş... 
– Heyif!–nəhayət dilləndi.–Mən də gedərdim!  
Ravik dinmədi. Onu hürkütmək olmazdı. 
– Bu gün Berlinə qayıtmalıyam, – deyə Haake saatına baxdı.–Saat yarım vaxtım 
qalıb. 
Ravik halını pozmadı. «Mən də gedərəm, – ürəyindən keçirdi.–Yəqin, hansı 
mehmanxanayasa düşüb... Evdə qalmaz... Onunla otağına gedərəm, içəridəcə işini 
bitirərəm...» 
– İki tanış gələsidir, onları gözləyirəm. – Haake sözünə davam etdi.–İndi gəlirlər. 
Onlar da mənimlə gedirlər. Çamandanları vağzala qoymuşam. Buradan birbaş ora 
gedəcəyik. 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə