221
Veber o dəqiqə dikəldi, Düran isə dinmədi.
– Doktor Veber sizin əvəzinizə təşrih eləyər.
– Siz mənim əvəzimə çox təşrihlər eləmisiniz. Əgər qonorar...
– Söhbət qonorardan getmir. Qayıdandan sonra təşrih eləmirəm. Özü də belə
təşrihə razılıq verməmiş adamı heç eləmərəm!
Düran döyükdü:
– Axı xəstəni ayıldıb ondan soruşmaq da olmaz...
– Kim deyir? Olar! Ancaq unutmayın ki, sepsis təhlükəsi var.
Düranı tər basmışdı. Veber Ravikə baxdı. Ravik başını tərpətdi.
– Tibb bacılarına bel bağlamaq olar?–Veber Dürandan soruşdu.
– Olar...
– Assistent lazım deyil!–Veber Ravikə tərəf döndü:–Üç həkim, iki tibb bacısı bəs
eləyər.
– Ravik...–Düran nəsə demək istədi.
– Binoya zəng eləmək lazım idi...–Ravik onu qabaqladı.–Ya Mallona, ya da
Martelə... hamısı birinci dərəcəli cərrahlardır.
Düran dinmədi.
– İndi Veberin yanında etiraf edirsinizmi, uşaqlığı deşmisiniz, nazik bağırsağı döl
pərdəsi bilib zədələmisiniz?
Düranın cavabı bir az ləngidi.
– Bəli...–nəhayət, o, xırıltılı səslə dilləndi.
– Bundan əlavə, mənimlə, yəni təsadüfi bir assistentlə histrektomiya eləməyi,
bağırsağı kəsib götürməyi, anostomiya eləməyi Veberdən xahiş edirsinizmi?
– Bəli...
– Təşrihin bütün məsuliyyətini, onun nəticəsini, xəstənin xəbəri və razılığının
olmamasının səbəbini öz boynunuza götürürsünüzmü?
– Əlbəttə! Bu, nə sözdür?!–Düran xırıldadı.
– Yaxşı, elə isə tibb bacılarını çağırın. Assistent lazım deyil. Ona deyin ki, Veberlə
mənə mürəkkəb bir vəziyyətlə əlaqədar assistentli getməyə icazə verirsiniz. Guya,
çoxdan söz veribmişsiniz. Ya da... Nə istəyirsiniz, deyin... Anesteziya ilə özünüz
məşğul olun. Tibb bacılarına təzədən sterilizasiya lazım gələcək?
– Lazım deyil, etibarlı qızlardır, heç nəyə əl vurmuş olmazlar.
– Daha yaxşı...
Qarın boşluğu açıq idi. Ravik çox ehtiyatla bağırsaq ilgəyini uşaqlıqdan çəkməyə
başladı. Çıxardıqca onu sepsisdən qorumaq üçün hissə-hissə sterilə olunmuş
tənziflərə bükdü, axırda zədələnmiş yeri tapdı. Sonra uşaqlığın yan-yörəsinə də
həmin tənziflərdən düzdü, dodaqaltı Veberə dedi:
– Hamiləlik qarın boşluğundadır. Bura baxın, yarısı uşaqlıqdadır, yarısı da boruda.
Onu da çox qınamaq olmaz... Nadir təsadüfdür. Ancaq buna baxmayaraq...
– Nə?–Düran cərrahiyyə stolunun baş tərəfindəki ekranın arxasından soruşdu.–Nə
dediniz?
– Heç nə,–deyə Ravik bağırsağı iki tərəfdən sıxdı, ortada qalan yeri kəsib götürdü,
sonra ucları ağız-ağıza qoyub, cəld hərəkətlə tikdi, maili anostomiya elədi.
222
Belə iti işləməsi özünə də ləzzət verirdi. Düran yaddan çıxmışdı. Borunu da, ona
birləşən qan damarlarını da sıxdı, borunun ucunu kəsdi. Sonra uşaqlığı kəsib
götürməyə başladı. «Niyə belə az qanayır?–Ürəyindən keçirdi.– Niyə həyatın
kiməsə ömür bəxş edən möcüzəsini kəsib götürəndə adamın ürəyi ondan çox
qanayır?!»
İndi burada uzanmış insan ölmüşdü. O dirilib yaşaya bilər, ancaq, əslində, ölü kimi
olacaq. Nəsil ağacının qurumuş budağıdır, çiçək açacaq, lakin bəhər ləzzəti
görməyəcək. Bir vaxtlar dərin-dərin, qalın-qalın meşələrdə nəhəng insanabənzər
meymunlar yaranıb və sonralar min-min nəslin süzgəcindən keçib, zərifləşib. Bir
az sonra misirlilər uca-uca məbədlər tikib, Elladanın çiçəklənmə dövrü başlayıb...
Həmin müəmmalı qan nəsildən-nəslə keçib və axırda bu gözəl qadın yaranıb.
Ancaq o, boş sünbül kimi bar verməyəcək, öz qanını heç kimə, nə oğluna, nə də
qızına keçirə bilməyəcək. Düranın qaba əlləri bu zənciri qırmışdı. Bəs Düranın özü
də həmin min-min nəsildən törəməmişdimi? Ellada da, İntibah dövrü də onun
özünü, təkəsaqqalını yaratmaq üçün çiçəklənməmişdimi?
– Əclaf...
– Nə?–Veber soruşdu.
Heç, boş şeydir...
Ravik dikəldi:
– Qurtardı...
Ravik əvvəlcə saralmış məşum sifətə, işım-işım işıldayan saçlara, sonra da
vedrənin içindəki qana bələnmiş tənziflərə baxdı. Bu sifəti gözəlləşdirən həmin qan
idi... Axırda da Dürana baxdı...
– Qurtardı, – deyə bir də təkrar elədi.
Düran bihuşdarını kəsdi. Ravikin üzünə baxa bilmirdi. Gözləyirdi ki, tibb bacıları
xərəyi gətirsinlər. Axırda da heç nə deməyib, onların dalınca getdi. Ravik Veberə
tərəf döndü:
– Sabah ondan beş min frank da əlavə istəyəcək. Deyəcək ki, ölümdən qurtarıb...
– İndiki görkəmindən eləsinə oxşamır.
– Bir gün az vaxt deyil. Peşmançılığın da ömrü az olur. Xüsusilə ortada qazanc
söhbəti olanda...
Ravik əllərini yudu. Əlüzyuyanın yanındakı pəncərədən baxanda gördü ki, üzbəüz
evin pəncərəsində ətirşah gülləri çiçək açıb və onların altında da bomboz bir pişik
oturub...
Gecə saat birdə Düranın xəstəxanasına zəng vurdu. «Şəhrizad»dan danışırdı.
Növbətçi tibb bacısı dedi ki, qadın yatır. İki saat bundan əvvəl halı pis olub. Veber
orada imiş və ağrıkəsən dərman vurub. Deyəsən, indi hər şey qaydasına düşüb...
Telefon köşkünün qapısını açanda kəskin ətir qoxusu üzünə vurdu. Saçlarını sarı
rəngə boyamış bir qadın paltarını xışıldada-xışıldada, adama «gəl-gəl» deyə-deyə
dəhlizin o başındakı ayaqyoluna tərəf gedirdi. Xəstəxanadakı qadının sarı saçları
isə süni deyildi. Qızılı rəngə çalır, işım-işım işıldayırdı... Siqaret yandırıb, zala
qayıtdı. Rus xoru özünün həmişəki «Qara gözlər» mahnısını oxuyurdu. Onlar bu
mahnını iyirmi il idi ki, dünyanın hər yerində oxuyurdular «Faciə iyirmi il davam
223
eləyəndə, onun komediyaya çevrilmək qorxusu olur! – Ravik ürəyindən keçirdi. –
Əsl faciənin ömrü qısa olsun gərək!»
– Bağışlayın,–deyə o, Ketdən üzr istədi, – zəng vurmalı idim.
– Hər şey qaydasındadır?
– Hələlik elədir.
«Niyə soruşur?–Ravik təşvişə düşdü. – Axı özünün vəziyyəti heç də yaxşı deyil?!»
– Arzunuza çatdınız? – deyə o, araq dolu qrafini göstərdi.
– Xeyr.
– Xeyr?
Ket başını buladı:
– İndi yaydır, – dedi. – Yayda adam gecə restoranlarında yox, açıq havada,
artırmada oturar. Mənə qalsa, lap elə çor vurmuş ağacın yanında da oturmaq olar.
Qoy dörd tərəfinə də dəmir hasar çəkilmiş olsun...
Ravik başını qaldıranda baxışları Joanla toqquşdu. Çox güman ki, o, zəng vurmağa
gedəndə gəlmişdi. Əvvəlcə yox idi... İndi isə onunla üzbəüz küncdə oturmuşdu.
– Bəlkə, başqa yerə getmək istəyirsiniz? – Ketdən soruşdu.
Ket başını buladı:
– Xeyr. Bəs siz? Çor vurmuş ağacın yanına?
– Elə yerdə araq da çor dadar... Bura yaxşıdır.
Xor daha oxumurdu. Orkestr oyun havası çalmağa başladı. Joan durub rəqs
meydançasına sarı getdi. Ravik onu yaxşı görə bilmirdi. Kiminlə oynadığını da
seçmirdi. Yalnız işıqvuranların zəif, göyümtül işığı gəzə-gəzə rəqs meydançasına
gələndə o, bir anlığa görünür, sonra alaqaranlıqda gözdən itirdi...
– Bu gün təşrih eləmisiniz? – Ket soruşdu.
– Bəli.
– Təşrihdən sonra restoranda oturmaq necədir? Elə bil, cəbhədən evə qayıtmısınız?
Ya da ağır bir xəstəlikdən durmusunuz?
– Həmişə elə olmur. Bəzən adam qəribə bir boşluq hiss edir...
Joanın gözləri işıqvuranların solğun şüalarında parıldadı. Ravikə tərəf baxırdı.
«Yox, qətiyyən, ürəyim deyil...–Ravik düşündü. – Nəsə başqa şeydir... Bəlkə də,
mədəm ağrıyır. Günəş kələfinə nəsə toxunub... Bu haqda minlərlə şeir yazılıb...
Yox, ora dəyən zərbə sən tərəfdən gəlməyib, ey rəqs meydançasında tərləyə-
tərləyə süzən daşqəlbli afət! O zərbə beynimin qaranlıq guşələrindən qopur. Sən
orada işıqla gizlənqaç oynayanda, təsadüfən hansı xətlərsə birləşir, həmin zərbə də
qüvvətlənir...»
– O, keçən dəfə burada oxuyan qadın deyil? – Ket soruşdu.
– Odur.
– Daha oxumur?
– Deyəsən, oxumur.
– Gözəldir...
– Doğrudan?
– Bəli, gözəldir, hələ bir az da o yana... Üz-gözündə həyat qaynayır.
– Ola bilsin...
Ket Ravikə qıyqacı bir nəzər salıb, kövrək təbəssümlə gülümsədi. Belə təbəssümün
sonu çox vaxt göz yaşları olurdu...
Dostları ilə paylaş: |