292
–
Allah eləsin, siz deyən kimi olsun. Bunun nə xeyri? Almanlar Polşanı alandan
sonra Elzas-Lotaringiyanı istəyəcəklər... Sonra da müstəmləkələr... Sonra da başqa
şeylər. Biz təslim olana, ya da müharibəyə başlayana kimi tələblər artacaq... Elə
indidən başlasa, yaxşıdır...
Sahibə ağır addımlarla evə tərəf getdi. Küçədə təzə bir dəstə göründü...
Üfüqdə Parisin al-qırmızı işıqları sayrışırdı. Qaranlığa bürünəcək! Paris qaranlığa
bürünəcək... Həqiqət olsa da, çox qəribə səslənirdi: Paris qaranlığa qərq olacaq!
Elə bil dünya qaranlığa qərq olurdu...
Qəsəbələr. Sena çayı. Ucqar küçələrdəki qaynar həyat. Birbaşa «Zəfər tağı»na
çıxan dümdüz prospekt... «Zəfər tağı»nın tutqun kölgəsi Etual meydanının dumanlı
işığından baş qaldırmışdı. Onun arxasında isə hələ də sayrışan işıqları bərq vuran
«Yelisey çölləri»...
Ravik dərindən nəfəs aldı. Şəhərə girdi və birdən gördü ki, Paris,
doğrudan da,
qaranlığa bürünür. Adda-budda xəstə üzlü zülmətin ləkələri görünürdü, sanki,
işım-işım işıldayan dərinin üstünə qotur düşmüşdü. Reklamların gizlənqaç oynayan
əlvan işıqlarını bəzi yerlərdə sinə-sinə gəlib onların titrək qırmızı, ağ, mavi
rənglərinin arasında gizlənmiş kölgələr udmuşdu. Küçələrin bir neçəsi artıq kor
olmuşdu. Sanki, qara-qara soxulcanlar oralara doluşub, bütün işartıların qabağını
kəsmişdilər. V Georq prospektində bircə işıq da yanmırdı, Monten
prospektindəkilər də artıq can verirdi. Gecələr öz işıqları ilə ulduzlara
kəmənd atan
evlərin çılpaq, bomboz fasadları güclə seçilirdi. III Emmanuil Viktor prospektinin
yarısı qaranlığa bürünmüşdü, yarısı isə hələ də işıqlı idi, deyərdin, bir tərəfini iflic
vurmuş bədəndir,
can verir, yarısı ölüb, yarısı hələ yaşayır. Xəstəlik yavaş-yavaş
bütün şəhərə yayılırdı və Ravik «Konkor» meydanına qayıdanda gördü ki, onun
geniş qoynuna da ölüm sükutu çöküb.
Nazirliklərin binaları da bomboz görünürdü. İşıq boyunbağılar sınmış, dümağ
köpüklü gecələrdə rəqs edən trionlar və nereidalar öz delfinlərinin qoynunda
bomboz, tutqun ləkə kimi düşüb qalmış, fəvvarələrin suyu qurumuş,
axar sular
dayanmış və nə vaxtlarsa işıq saçan obeliskin bozarmış kölgəsi əbədiyyətin hədə-
qorxu gələn nəhəng barmağı kimi getdikcə qaranlıqlaşan səmanın bağrına
tuşlanmışdı. Hava hücumundan müdafiə xidmətinin göy rəngli zəif, güclə sezilən
işıqları xırdaca mikroblar kimi şəhərin canına daraşır, közərə-közərə kosmik vərəm
kimi səssiz-səmirsiz məhv olan Parisi bürüyürdü...
Ravik maşını təhvil verdi, taksiyə minib «İnternasional»a gəldi. Sahibənin oğlu
qapının ağzına
bir nərdivan qoyub, oradakı lampanı göy rənglisi ilə dəyişirdi.
Qapının üstündəki işıqda mehmanxananın adı aydınca oxunurdu, ancaq indi göy
rəngli zəif işartıda sözün yarısı itmişdi və «nasional» hissəsi də güclə seçilirdi.
Sahibə onu görən kimi:
– Yaxşı ki, gəldiniz,–dedi,–biri dəli olub. Yeddinci otaqda. Otağı boşaltsa,
yaxşıdır. Mən mehmanxanada dəli saxlayan deyiləm.
– Bəlkə, heç dəli olmayıb, tutması var?
– Fərqi yoxdur! Dəlilərin yeri dəlixanadır. Özlərinə də dedim. Əlbəttə, çıxmaq
istəmirlər. Adam nə oyunlardan çıxarmış?! Sakitləşməsə, çıxaracağam. Belə
olmaz, camaat yatmaq istəyir...
293
– Bu yaxınlarda biri «Rits»də dəli olmuşdu. Özü də şahzadə!
Amerikanlar onun
otağının üstündə dava salmışdılar...
– O başqa şeydir. Şahzadə qarabasmadan dəli olmuşdu. Bu, yaxşı şeydir. Ancaq
bizimki ehtiyacdan dəli olub.
Ravik diqqətlə ona baxdı:
– Həyatdan başınız çıxır, madam!
– Çıxmalıdır. Mən pis adam deyiləm, qaçqınları qanadımın altına almışam...
Hamısını... Pis eləmirəm ki! Düzdür, bundan qazanıram, ancaq lap az. Amma
bütün günü qışqıran dəliyə dözmək olmaz. Sakitləşməsə, çıxaracağam.
Bu, uşağı nə üçün yəhudi olduqlarını soruşan qadın idi. Bir küncə qoyulmuş
çarpayıda oturub əlləri ilə gözünü tutmuşdu. Otaq çox işıqlı idi. Bütün lampalardan
əlavə stolun üstündə iki şam da yandırılmışdı.
– Mətbəxböcəyi,–deyə qadın mızıldandı.–Mətbəxböcəyi! Qapqara, yepyekə...
Mətbəxböcəyi... İşım-işım işıldayır... Odur, bax, küncdə oturublar.
Gör nə
qədərdir, min dənə... Yox, sayı-hesabı yoxdur... İşığı yandırın... işıq... yoxsa
gələcəklər... işıq... işıq... bax, gəldilər, gəldilər...
Qadın qışqırıb güncə qısıldı. Ayaqlarını yığışdırmış, əllərini də üzünə tutmuşdu.
Gözləri şüşə kimi idi, az qalırdı hədəqəsindən çıxsın.
Kişi onun əllərindən tutmaq istədi:
– Heç nə yoxdur, əzizim, küncdə heç nə yoxdur...
– İşıq, işıq! Gəldilər! Mətbəxböcəyi!
– İşıq yanır, əzizim. Bir onlara bax! Hətta stolun üstündə şam yandırmışıq.
O, cib fənərini çıxarıb, işıqlı otağın işıq dolu künclərini bir az da işıqlandırdı.
– Görürsən, küncdə heç nə yoxdur?! Özü də necə işıqlıdır, heçcə nə yoxdur...
– Mətbəxböcəyi! Mətbəxböcəyi! Gəldilər! Gəlirlər! Hamısı da qaradır. Künc-
bucaq doludur! İşıq! İşıq! Divarda yeriyirlər... Tavanda... Tavanda...
Qadın xırıldayıb, əllərini başına apardı. Ravik kişidən soruşdu:
– Nə vaxtdan başlayıb?
– Qaranlıq düşəndən. Mən yox idim. Demişdilər,
Haiti konsulluğuna gedim, bəlkə,
bir şey çıxdı. Uşağı da götürdüm.. Ancaq heç nə çıxmadı... Heçcə nə... Qayıdanda
gördük ki, çarpayının üstündə oturub qışqırır...
Ravik iynə hazırladı.
– Yatırmış?
Kişi yazıq-yazıq onun üzünə baxdı:
– Bilmirəm... Heç belə olmamışdı. Müalicə üçün pulumuz yoxdur. Bizim... heç
sənədimiz də qaydasında deyil... Kaş sakitləşəydi! Əzizim, hamı buradadır... Mən
də, Ziqfrid də... Həkim də gəlib. Mətbəxböcəyi nə gəzir!
Qadın onun sözünü ağzında qoydu:
– Mətbəxböcəyi! Hər yandan gəlir… Gör necə sürünürlər…
Ravik ona iynə vurdu.
– Əvvəllər də belə olub?
– Xeyr. Başa düşmürəm məhz...
Ravik əlini qaldırdı: