287
– Yaxşı fikirdir, ona deyərəm. – Zaydenbaum pensnesini götürüb əlində oynatdı,
gülümsədi.–Cəncəl işdir! İki həftə bundan qabaq xalis alver idi. İndi isə Vizenhof
qısqanmağa başlayıb, heç Rut Qoldberqin də halı özündə deyil. Bu da sənədin
iblisliyi! Kağıza əsasən, kişi onun halalca əridir...
O durub təzə Aron Qoldberqə tərəf getdi. Morozov Ravikə baxdı:
– «Sənədin iblisliyi»ni yaman dedi. Bu gün neyləyəcəksən?
– Ket Heqstrem axşam «Normandiya» gəmisi ilə gedir, onu Şerbura aparacağam.
Öz maşınında gedir, onu qaytarıb qaraja salacağam. Maşını qaraj sahibinə satıb.
– Yol gedə bilər?
– Əlbəttə. İndi onun üçün neyləməyin fərqi yoxdur. Gəmidə yaxşı həkim var. Nyu-
Yorkda da... – Ravik çiyinlərini çəkib, qədəhini boşaltdı.
«Katakomba»nın havası ağır, boğucu idi. Pəncərəsi yoxdu. Toza bələnmiş süni
palmanın altında qoca ər-arvad oturmuşdu. Qüssə-kədər onların dörd yanına çəpər
çəkmişdi. Əl-ələ tutub hərəkətsiz oturmuşdular və baxan deyərdi ki, onlar bir də
ayaqa dura bilməyəcəklər...
Ravikə birdən-birə elə gəldi ki, dünyanın bütün dərd-ələmi bu qaranlıq zirzəmiyə
dolub. Divardan asılmış ölgün işıqlı sapsarı elektrik lampaları bu otağı daha da
yoxsullaşdırırdı. Sükut, pıçıltı, gündə min dəfə oxunan kağız-kuğuzların xışıltısı,
lal-dinməz oturub dönə-dönə günləri saymaq, ümidsiz-ümüdsiz öz sonunu
gözləmək, cüzi, miskin bir qeyrət hissi, min dəfə alçaldılmış, min dəfə təhqir
edilmiş həyat! O həyatı indi bir küncə qısnayıblar, dəhşətə gəlib, nə edəcəyini
bilmir! Birdən-birə o bunların hamısını duydu, iyini aldı. Bu, qorxu iyi idi.
Sonuncu nəhəng, lal bir qorxu idi və o da bunu duyurdu. Bildi ki, onu bir dəfə də
həbs düşərgəsində, adamları küçələrdən, yatan yerdən gətirib baraklara dolduranda
və həmin adamlar da başlarına nə gələcəyini gözləyəndə hiss etmişdi...
Qonşu stol arxasında iki nəfər oturmuşdu: saçını tağdan ayırmış qadın və onun əri.
Qarşılarında, təxminən, yeddi-səkkiz yaşlarında bir oğlan uşağı dayanmışdı.
Stolların arasında çox vurnuxmuş, hərədən bir-iki söz eşidəndən sonra qayıdıb
gəlmişdi.
O:
– Niyə biz yəhudiyik? – deyə anasından soruşdu.
Qadın cavab vermədi.
Ravik Morozova baxdı:
– Mən xəstəxanaya gedəsiyəm,–dedi.
– Mən də çıxıram.
Onlar pilləkənlə yuxarı qalxanda Morozov dedi:
– Çox bilməyin özü də yaxşı deyil. Bunu sənə köhnə antisemit kimi deyirəm!
«Katakomba»dan sonra xəstəxana adama cənnət kimi görünürdü. Əlbəttə, burda da
dərd-ələm, əzab-işgəncə, xəstəlik vardı, ancaq bilirdin ki, onların nəsə ağlasığan
bir səbəbi var. Niyə belə olduğunu bilirdin və bir də onu bilirdin ki, nəyi eləmək
olar, nəyi yox... Hər şey gerçək idi və görürdün, ona qarşı nəsə eləməyə çalışırdın...
Veber müayinə otağında oturub qəzet oxuyurdu. Ravik onun çiyinləri üzərindən
ötəri qəzetə baxıb:
– Yaxşı yazıblar, eləmi?–dedi.
Veber qəzeti yerə tulladı:
288
– Satqınlar! Bizim siyasətçilərin əlli faizini asmaq lazımdır!
– Doxsan faizini,–deyə Ravik düzəliş verdi.–Düranın xəstəxanasında yatan
qadından xəbər var?
Veber hirsli-hirsli siqaret çıxardı:
– Yaxşıdır... Sizin nə vecinizə, Ravik?! Ancaq mən fransızam!
– Mən isə heç nəyəm... Ancaq istərdim ki, Almaniyanın bütün bədbəxtliyi də bu
cür satqınlıqdan ibarət olsun.
Veber başını qaldırdı:
– Mən yenə boş-boş danışdım, bağışlayın!–Siqareti yandırmaq da yadından
çıxmışdı.–Müharibə ola bilməz, Ravik! Sadəcə olaraq, mümkün deyil! Hamısı
hədə-qorxu, hay-küydür! Son anda nəsə olacaq...–O susdu. Əvvəlki inamından
nişanə qalmamışdı.–Uzaqbaşı, bizim Majino xəttimiz var!
Son sözləri deyəndə, elə bil, kiməsə yalvarırdı...
– Əlbəttə!–Ancaq Ravikin səsində də inamsızlıq vardı. Bunu yüz dəfə eşitmişdi.
Fransızlarla söhbət həmişə bununla bitirdi.
Veber alnının tərini sildi:
– Düran var-yoxunu Amerikaya göndərib. Katibəsi dedi.
– Elə də olmalı idi!
Veberin bərəlmiş gözləri Ravikə dikildi:
– Özü də Düran tək deyil. Mənim qaynım da fransız aksiyalarını amerikan
aksiyalarına dəyişib. Qaston Nere də bütün pullarını dollara çevirib seyfində
saxlayır. Deyirlər, Düpon da bağında bir neçə kisə qızıl basdırıb...–O ayağa
durdu.–Danışmağa dilim də gəlmir. Heç inanmaq istəmirəm! Ola bilməz ki,
Fransanı satsınlar, dağıtsınlar. Təhlükə yaranan kimi hər şey birləşəcək! Hər şey!
– Hər şey...–deyə Ravik də qüssəli-qüssəli təkrar etdi.–Sənaye də, indidən
Almaniya ilə alverə başlamış siyasətçilər də...
Veber özünü güclə ələ aldı:
– Ravik! Bəlkə... bəlkə, başqa şey haqda danışaq?
–Yaxşı... Mən Ket Heqstremi Şerbura aparacağam. Gecəyarı qayıdaram...
– Oldu...–Veber tövşüyürdü.–Bəs siz... siz nə fikirləşirsiniz, Ravik?
– Heç nə. Fransız konslagerinə düşəcəyəm. Hər halda, almanlarınkından yaxşı olar.
– Ola bilməz! Fransa qaçqınlara toxunmaz!
– Baxarıq! Mütləq elədir, burada ayrı söhbət ola bilməz.
– Ravik...
– Yaxşı, baxarıq. Ümid edək ki, siz deyəndir. «Luvr» muzeyindəki yır-yığışdan
xəbəriniz var? Ən yaxşı şəkilləri Mərkəzi Fransaya köçürürlər.
– Xeyr. Bunu haradan bilirsiniz?
– Günortadan sonra getmişdim. Şartr kilsəsinin vitrajlarını da qablaşdırıblar.
Dünən də oradaydım. Çox sentimental köçhaköçdür! İstəyirdim, onlara bir də
baxım, ancaq yığışdırmışdılar. Axı təyyarə meydanı ora lap yaxındır! Yerinə təzə
şüşələr də salınıb. Lap keçən il Münxen konfransı keçiriləndə elədikləri kimi...
– Görürsünüz?!–Veber elə bu sözlərdən yapışdı.–Onda da heç nə olmadı. Yalandan
hay-küy qalxdı, ancaq Çemberlen sülh çətiri ilə özünü yetirdi.
289
– Elədir. Ancaq unutmayın ki, sülh çətiri Londondadırsa, zəfər ilahəsi də
«Luvr»dadır. Düzdür, başı yoxdur, ancaq qalacaq... Çox ağırdır, apara bilmirlər.
Yaxşı, mən getdim, Ket Heqstrem gözləyir.
Dümağ «Normandiya» gəmisi qaranlıq limanda öz əlvan işıqları ilə min rəngə
çalırdı. Dənizdən sərin, duzlu külək əsirdi. Ket paltosunun yaxasını bərk-bərk
bağladı. Çox arıqlamışdı. Almacıq sümükləri çıxmış sifətindəki qorxunc iri gözləri
qaranlıq çökmüş bir cüt gölə bənzəyirdi.
– Qalsaydım, yaxşı olardı...– Ket dilləndi.–Getmək birdən-birə elə ağır gəlir ki!
Ravik diqqətlə onun üzünə baxdı. O nəhəng gəmi gəlib dayanmışdı, pilləkənləri
işıqlı idi və camaat da içəri dolurdu. Çoxu da elə tələsirdi ki, elə bil, son anda
gecikməkdən qorxurdu... O işım-işım işıldayan saray gəlib dayanmışdı və indi
onun adı «Normandiya» deyil, «Can qurtarmaq», «Aradan çıxmaq», «Xilas
olmaq» idi. O, indi Avropanın min-min şəhərində, evlərində, miskin
mehmanxanalarında, zirzəmilərində yaşayan min-min adam üçün əlçatmaz bir
xəyal idi və ölümün için-için yediyi bir adam da yanında dayanıb mehriban, həlim
səslə deyirdi: «Qalsaydım, yaxşı olardı...»
Hər şey öz mənasını itirmişdi. İstər «İnternasional»da qalan mühacirlər, istərsə də
Avropanın min-min «İnternasional»larındakı didərginlər, əzabkeşlər, nədənsə
qaçıb canını birtəhər qurtaranlar, ümidsizlər bu gəmiyə minə bilsəydilər, «min
şükür!» deyərdilər, bilet tapsaydılar, sevincdən dəli olar, hıçqıra-hıçqıra ağlayar,
pilləkənləri qucaqlayıb öpər, möcüzəyə inanardılar... O bilet ki indi külək ölümünə
doğru gedən bir adamın yorğun əlində yelləndirirdi və həmin adam da deyirdi:
«Qalsaydım, yaxşı olardı...»
Bir dəstə amerikalı gəldi. Yavaş-yavaş, deyə-gülə, səs-küy sala-sala... Dünyanın
özü boyda vaxtları vardı. Onları getməyə səfirlik tələsdirmişdi. İndi də onu
müzakirə edirdilər. Heyif, bir az da qalardılar! Qalıb bütün bu işlərin sonunu
görsələr, lap fin (29) olardı! Onlara nə olası idi ki? Ax, bu səfirlik! Amerika ki
bitərəfdir! Heyif!
Ətir qoxusu. Bərbəzək. Bir-birinə göz vuran brilyantlar. Bir az bundan qabaq
«Maksim» restoranında oturmuşdular. Dollarla nə ucuz düşürmüş! Axırda da
«Karton 29», «Pol Roje 28» içdilər. İndi də gəmi... Gedib barda oturacaq, «Trik-
Trak» oynayacaq, bir neçə qədəh də viski içəcəklər...Ancaq konsulluqların
qabağında indi nə qədər ümidsiz adam dayanıb, ölüm qorxusu da başlarının üstünü
alıb və artıq getməyə hazırlaşan əməkdaşlar, ya da xırdaca bir məmur hərbi səhra
məhkəməsi kimi hökm verir, başını bulayır: «Yox! Viza olmayacaq Yox, mümkün
deyil!» Beləliklə də, bu səssiz-səmirsiz günahsızlara səssiz-səmirsiz ölüm hökmü
oxunurdu. Ravik diqqətlə gəmiyə baxdı. O, indi adi gəmilikdən çıxıb, Nuhun
gəmisinə dönmüşdü. Çox yüngül idi və tufan qopmamış getmək istəyirdi. Bu
tufandan bir dəfə yaxa qurtarmışdı. Ancaq bu dəfə çətin idi...
– Vaxtdır, Ket.
– Vaxtdır? Əlvida, Ravik!
– Əlvida, Ket.
– Bir-birimizə yalan satmağa ehtiyac yoxdur, eləmi?
– Elədir.
Dostları ilə paylaş: |