285
– Əsl
təhqir odur ki, birbaşa sənin özünə deyilsin. Bununku ümumi təhqirdir. Siz
də ona çaypulu verib təhqir eləyin!
– Yaxşı... yaxşı,–deyən Şternin gözlərinə təbəssüm qondu.
Pul çıxarıb yügdaşıyanlara verdi. İkisi də onu ikrahla götürdü. Ştern də eyni ikrah
hissi ilə pulqabını qaytarıb cibinə qoydu. Yükdaşıyanlar ora-bura baxıb, Həbəşistan
stullarını maşına yığmağa başladılar. Servantı qəsdlə lap axırda yüklədilər. Onu
qoyanda bir az yana əydilər, sağ tərəfi maşına dəydi. Selma içini çəkdi, ancaq
dinmədi. Ştern isə bunu heç görmədi. Elə hey dönə-dönə vizasını, kağızlarını
yoxlayırdı.
Morozov:
– Heç nə küçəyə yığılmış mebel qədər adama pis təsir eləmir,–dedi.
Növbə Vaqnerlər ailəsinə çatdı. Bir neçə stul və görkəmindən
qüssə-kədər yağan
çarpayı... Onu da utanmadan düz küçənin ortasına qoymuşdular... Üstünə «Qrand-
Otel», «Qardone» və «Adlon», «Berlin» şəkilləri yapışdırılmış iki çamadan... Qızıl
çərçivəli açılıb-yığılan güzgü. Küçənin şəkli indi də ora düşürdü. Və bir də mətbəx
ləvazimatı. Bilinmirdi ki, bunları Amerikaya nəyə aparırdılar...
– Qohumlarımız...–Leone Vaqner dilləndi.–Çikaqodakı qohumlarımız düzəltdi
hamısını... Pul, viza göndərdilər, qonaq çağırdılar.
Oradan da Meksikaya
gedəcəyik. Qohumlarımız! Qohumlarımız elədi!
Qadın utanırdı. Burada qalanların baxışlarını üzərində hiss etdikcə özü özünə fərari
kimi görünürdü. Ona görə də tez getmək istəyirdi. Hətta yükdaşıyanlara da kömək
elədi. Yalnız birinci tini burulandan sonra rahat nəfəs alacaqdı. Ancaq onda da yeni
bir qorxu başlayacaqdı. Görəsən, gəmi yola düşəcəkmi? Onları sahilə
buraxacaqlarmı? Görəsən, geri göndərməzlər ki? Bir qorxu gedən kimi, ayrısı
gəlirdi.
Neçə ildi ki, beləydi...
Subay Ştoltsun, demək olar ki, kitablardan başqa heç nəyi yox idi. Bircə çamadan
pal-paltarı və bir də kitabları... İlk çaplar, qədim nəşrlər, təzə kitablar.
Qəddi əyilmiş bu qırmızıbaş kişi lap yazıqlaşmışdı...
Qalan qaçqınlar yavaş-yavaş mehmanxananın qapısı ağzına yığışırdılar. Çoxu
dinmir, yalnız şeylərə, mebel maşınına baxırdı...
Şeyləri yükləyib qurtaran kimi əsəbləşmiş Leoni Vaqner dedi:
– Hə, indi hələlik! Ya da qud bay! – O, həyəcanlı-həyəcanlı güldü.–Ya da adye!
İndi hamısı bir-birinə qarışıb, adam özü də çaşıb qalır!
O, qapıda dayananların bəzilərinə əl verdi:
– Oradakı qohumlarımız, – dedi. – Onlar elədi. Bizə qalsa, heç vaxt...
Leoni bir azdan səsini kəsdi. Doktor Ernst Zaydenbaum əlini onun çiyninə qoydu:
–
Eybi yoxdur,–dedi,–kiminin bəxti gətirir, kimininki də yox...
– Çoxununku gətirmir!–Mühacir Vizenhof əlavə etdi.–Eybi yoxdur, yaxşı yol!
Yozef Ştern, Ravik, Morozov və bir neçə nəfərlə vidalaşdı. Günahkar bir
təbəssümlə gülümsəyirdi, elə bil, əlində saxta pul tutulmuşdu:
– Kim bilir, axırı necə olacaq?! Bəlkə də, «İnternasional»dan ötrü ürəyimizin başı
göynədi...
Selma Ştern artıq maşında idi. Subay Ştolts heç kəslə halallaşmadı. O, Amerikaya
getmirdi, sənədləri Portuqaliyaya qədər idi. Bunu da mənasız şey
hesab edir və ona
286
görə də başqaları kimi təntənə ilə vidalaşmırdı. Yalnız maşın tərpənəndə o əl
elədi...
Qapıda dayananlar yağışa düşmüş toyuq-cücə kimi xeyli büzüşüb durdular.
Morozov Ravikə tərəf döndü:
– Gəl, – dedi,–birbaşa «katakomba»ya! Bu yanğını təkcə kalvados söndürər!
Onlar oturmamış başqaları da gəldi. Sanki, külək xəzan vurmuş yarpaqları oynada-
oynada içəri doldururdu. Seyrək saqqallı, solğun bənizli iki yəhudi ruhanisi,
Vizenhof, Rut Qoldberq, avtomat-şahmatçı Finkenştayn, fatalist Zaydenbaum, bir
neçə ər-arvad,
xeyli uşaq, impressionist şəkillərin sahibi, hələ də çıxıb gedə
bilməyən Rozenfeld, bir-iki yeniyetmə və bir neçə qoca-qoltuq...
Şam yeməyinə hələ çox qalırdı, ancaq, deyəsən, heç kəs o otaqların tənhalığına
qayıtmaq istəmirdi... Hamı bir yerdə oturdu. Heç biri danışmırdı, hamı öz taleyi ilə
barışmışdı. Elə bədbəxtliklər görmüşdülər ki, bundan sonra başlarına nə
gələcəyinin heç bir fərqi yox idi.
– Kübarlar getdi!–Zaydenbaum dilləndi.–Burada da ömürlük həbs cəzasına, ya da
ölümə məhkumların iclası başladı. Seçmə xalqlar! Yehovvanın əziz-xələfləri!
Yalnız fəlakət üçün yaranmışlar! Yaşasın həyat!
– Hələ İspaniya durur,–deyə Finkenştayn söz atdı. Onun əlində şahmat məsələləri
dərc olunmuş «Matyen» qəzeti və qabağında şahmat taxtası vardı.
– Hə, İspaniya... Faşistlər ora keçən yəhudiləri öpüb gözlərinin üstünə qoyacaqlar!
Köklüyündən yırım-yırım yırğalanan xidmətçi qadın kalvados gətirdi.
Zaydenbaum pensnesini taxdı:
– Çoxumuz əməlli-başlı içib keflənməyi də bacarmırıq. Heç olmasa, bircə gecə bu
dəhşətlərdən uzaq olardıq. Bu da əlimizdən gəlmir!
Özümüz də Aqasferin
varisləriyik. İndi o qoca səyyahın özü də çaşıb qalar, sənədsiz çox uzağa gedə
bilməzdi.
Morozov dedi:
– Bizimlə bir qədəh için. Kalvados yaxşıdır. Allaha şükür ki, sahibə bunu bilmir,
yoxsa qiymətini qaldırardı.
Zaydenbaum başını buladı:
– İçən deyiləm.
Ravik bir az o tərəfdəki üzütüklü kişiyə baxırdı. O, tez-tez cibindən güzgü çıxarıb
özünə baxır, yerinə qoyur, təzədən bir də çıxarırdı.
– Bu, kimdir? – deyə Ravik Zaydenbaumdan soruşdu. –
Onu buralarda heç
görməmişəm.
Zaydenbaum dodaqlarını büzdü:
– Təzə Aron Qoldberqdir.
– Necə? Qadın nə tez ərə getdi?
– Getməyib. Ölmüş Qoldberqin pasportunu ona iki min franka satıb. Qoca
Qoldberqin çal saqqalı vardı. İndi də bu tayı saqqal buraxır. Pasport üçün şəkildən
ötrü... Saqqalı çıxmamış pasportdan istifadə eləməyə qorxur. Zamanı qabaqlamaq
istəyir!
Ravik yenə əsəbiliklə cod saqqalını didişdirə-didişdirə onu pasportdakı şəkillə
müqayisə eləyən kişiyə baxdı:
– Uzaqbaşı, desin ki, saqqalımı yandırmışam.