300
Bəzən alınmasa da, əksəriyyəti yaxşı olmuşdu. Hətta bir neçə dəfə möcüzə
göstərib, «olmaz»ı «olar» eləmişdi... Ancaq indi... indi... hər şeyin onlardan asılı
olduğu bir anda... əllər aciz qalmışdı.... Heç nə eləyə bilməzdi. Heç kəs də
bacarmazdı. Təşrihlik bir şey qalmamışdı... Dayanıb eləcə yaraya baxırdı.
İstəsəydi, Martonu çağırardı, ancaq o da belə deyəcək...
– Heç nə eləmək olmaz?–Veber soruşdu.
– Heçcə nə... Əl dəysə, daha da pisləşəcək, zəiflədəcək... Görün güllə hara ilişib
qalıb?! Çıxarmaq da olmaz...
Ekranın arxasından Ejeninin səsi gəldi:
– Nəbzi çox bərk vurur! Qalxır! Yüz otuz!
Yaraya kölgə qondu, elə bil, ona qara nəfəs dəydi. Kofein iynəsi əlində hazır idi...
– Koramin! Tez! Bihuşdarını kəsin! İkinci iynəni vurdu.
– İndi necədir?
– Dəyişmədi.
Joanın qanı hələ də qurğuşun rənginə çalırdı.
– Adrenalin iynəsi, tənəffüs aparatını hazırlayın.
Qanın rəngi getdikcə qaralırdı. Elə bil, bayırda buludlar sürünür, kölgəsi yaranın
üstünə düşürdü... Sanki, kimsə pəncərənin qarşısında dayanıb pərdələri salırdı.
– Qan...–Ravik ümidsiz-ümidsiz dilləndi. – Qan vurmaq lazımdır. Ancaq qrupunu
bilmirəm.
Aparat yenə işləməyə başladı.
– Nə oldu? Nəbzi necədir? Xeyri olmadı?
– Düşür.. Yüz iyirmi... Zəifdir...
Həyat yavaş-yavaş qayıdırdı...
– İndi necədir? Fərq elədi?
– Dəyişmir.
Bir az da gözlədi.
– Bəs indi? Dəyişmədi?
– Yaxşıdır. Qaydasına düşdü.
Kölgələr çəkildi. Yaranın kənarları yenə qızarmağa başladı. Qan öz qan rənginə
düşürdü... Qan kimi də işləyirdi. Aparat da işləyirdi.
– Kirpikləri tərpənir...–Ejeninin səsi eşidildi.
– Eybi yoxdur, qoyun ayılsın.
Ravik yaranı sarıdı.
– Nəbzi necədir?
– Qaydasında.
Veber dilləndi:
– Lap az qalmışdı...
Ravik hiss etdi ki, kirpikləri ağırlaşdı. Tər idi. İri-iri damcılar... Dikəldi. Aparat
uğuldayırdı...
– Qoyun hələ işləsin, – deyə stolun baş tərəfinə gedib, orada xeyli dayandı. Heç nə
haqda fikirləşmirdi. Gah aparata, gah da Joanın üzünə baxırdı. Joanın yanaqları
səyriyirdi. Hələ sağ idi. Veberə tərəf döndü:
– Şok olub. Qanından analizə göndərmək lazımdır. Haradan qan ala bilərik?
– Amerika qospitalından.
301
– Yaxşı, baxarıq. Köməyi olmayacaq, ancaq bir az uzadar...–O, aparatı yoxladı.–
Polisə xəbər verməliyik?
– Bəli, mən indiyə kimi verməli idim. O dəqiqə iki nəfər göndərəcəklər ki,
dindirsinlər. Bunu istəyirsiniz?
– Xeyr.
– Yaxşı, onda sabah baxarıq.
–Aparatı dayandırın, Ejeni!
Joanın rəngi yavaş-yavaş özünə gəlirdi. Yanaqlarına xəfif qızartı çökürdü. Nəbzi
qaydasında idi, zəif döyünsə də, aydınca bilinirdi.
– Palataya aparın. Yanında özüm qalacağam...
Joan qımıldandı. Bir əli tərpəndi. Sağ əli idi. Solu tərpədə bilmirdi...
– Ravik...
– Hə...
–Təşrih elədin?
– Yox, Joan, lazım gəlmədi. Yaranı yuduq, vəssalam.
– Burada qalacaqsan?
– Hə.
Gözləri yumuldu, yuxu apardı. Ravik qapıya sarı getdi. Növbətçi tibb bacısına:
– Mənə qəhvə gətirin,–dedi.
– Bulka da?
– Xeyr, təkcə qəhvə.
Qayıdıb pəncərəni açdı. Xoş, parlaq bir səhər açılırdı. Damlardakı novalçanın
üstünə qonmuş sərçələr cikkildəşirdi. Ravik pəncərənin qabağında oturub siqaret
yandırdı, tüstünü çölə üfürdü.
Tibb bacısı qəhvə gətirdi. Onu yanına qoyub içə-içə, «siqaret çəkə-çəkə
pəncərədən baxdı. Geri dönəndə səhərin parlaq işığına öyrəşmiş gözləri qaraldı.
Gəlib Joana baxdı. Yatırdı. Üzünü yumuşdular, rəngi avazımışdı. Dodaqları heç
seçilmirdi.
İçində qəhvədanla fincan olan məcməyini götürüb çıxdı, onu dəhlizdəki stolun
üstünə qoydu. Dəhlizdən mastika, qan-irin qoxusu gəldi. Tibb bacısı bir vedrə
işlənmiş tənzif aparırdı... Haradasa tozsoran uğuldayırdı...
Joan qımıldandı. İndicə ayılacaq! Ağrılar başlayacaq. Getdikcə də kəskinləşəcək...
Ya bir neçə saat, ya da bir neçə gün yaşayardı... Ağrılar o qədər kəskinləşəcək ki,
daha iynənin də köməyi olmayacaq...
Ravik iynə-dərman gətirməyə getdi. Qayıdanda Joan gözlərini açdı. Ravik diqqətlə
ona baxdı.
– Başım ağrıyır...–Joan zəif səslə dilləndi.
Ravik gözlədi. Joan başını tərpətmək istədi, sanki, kirpikləri ağırlaşmışdı, döndərə
bilmirdi. Birtəhər gözlərini Ravikə tərəf çevirdi:
– Elə bil, qurğuşundur... – Joan getdikcə ayılırdı. – Dözə bilmirəm...
Ravik iynə vurdu:
– İndi keçib gedər.
– Əvvəlcə belə ağrımırdı...–Başını tərpətdi, güclə pıçıldadı.–Ravik... mən əzab
çəkmək istəmirəm... Mən... Söz ver ki, əzab çəkməyə qoymayacaqsan... Nənəm...
Onu görmüşəm... Elə olmaq istəmirəm... Heç nə kömək eləmirdi... Söz ver...
302
– Söz verirəm, Joan! Sən çox əzab çəkməyəcəksən... Ağrı görməyəcəksən...
Joan dişlərini bir-birinə sıxdı:
– Tez kəsəcək?
– Hə... Bu dəqiqə.. Bir-ikicə dəqiqə...
– Qoluma... nə olub?
– Heç nə... İndi tərpədə bilmirsən... Yaxşı olacaq...
– Bəs ayağım... sağ ayağım...
Ayağını tərpətmək istədi, ancaq bacarmadı.
– O da belədir, Joan. Heç nə yoxdur, düzələcək...
Joan başını tərpətdi.
– İstəyirdim... başqa cür... yaşayam...–deyə pıçıldadı.
Ravik dinmədi. Nə desin? Bəlkə də, doğrudan, elə idi... Kim istəmirdi bunu?!
Joan başını yenə narahatçılıqla tərpətdi, yeknəsəq, iztirab dolu səsi eşidildi:
– Yaxşı ki... gəldin... Sənsiz halım necə olardı?!
– Hə...
«Eyni şey olardı,–deyə ümidsiz-ümüdsiz ürəyindən keçirdi.–Eyni şey olardı! Lap
baytar həkimi də mən eləyəni bacarardı. Kim olur olsun... Ömrümdə tək bircə dəfə
bildiklərim, öyrəndiklərim belə lazım oldu, onda da heç nə... Mən elədiklərimi
istənilən ara həkimi də eləyərdi... Heç nə...»
Joan günorta hər şeyi başa düşdü. Ravik demədi, özü qəfil başa düşdü.
– Mən şikəst olmaq istəmirəm, Ravik... Ayaqlarıma nə olub... heç birini...
– Heçcə nə... Ayağa duran kimi düzələcək, yeriyəçəksən...
– Dura... bilsəm... Niyə aldadırsan? Lazım deyil...
– Aldatmıram, Joan.
– Yox, elə demək sənin borcundur... Qoyma məni böyrü üstə qalmağa! Hər yerim
ağrıyır... Söz ver...
– Söz verirəm.
– Ağrılar güclənəndə dərman ver... Nənəm... beş gün... böyrü üstə qaldı... zarıdı...
Mən elə olmaq istəmirəm, Ravik...
– Olmayacaqsan! Sən elə ağrılar görməyəcəksən..
– Güclənəndə, təsirli dərman ver… Birdəfəlik eləsin… Mütləq ver… Lap
istəməsəm də… Huşumu itirsəm də… Bu, mənim son arzumdur… Söz ver…
– Söz verirəm! Ancaq elə dərman lazım olmayacaq…
Gözlərindəki qorxu nişanəsi yox oldu. Birdən-birə elə sakitləşdi ki!
– Bunu… eləməyə… haqqın var… – O pıçıldadı. – Sən olmasaydın… mən indi
yaşamazdım…
– Boş-boş danışma! Niyə yaşamırdın?!
– Yox… Onda mən… Sənə birinci dəfə rast gələndə… nə edəcəyimi bilmirdim…
Bu bir ili sən mənə bağışladın… Sən bağışladın! – Başını yavaş-yavaş Ravikə tərəf
döndərdi. –Niyə mən sənin yanında qalmadım, Rafik?!
– Günah məndə oldu, Joan…
– Yox… günah… bilmirəm….
Günəşin qızılı şəfəqləri pəncərəni döyürdü. Pərdələr salınmışdı, ancaq işıq yan-
yörəsindən içəri dolurdu. Joan dərmanın təsirindən yarıyuxulu idi. Əvvəlki
Joandan nişanə qalmamışdı. Elə bil, bir-iki saatın içində ac canavarlar onu didib
Dostları ilə paylaş: |