113
VIII FƏSİL
İNSAN EKOLOGİYASI
8.1. İnsanın biososial təbiəti və ekologiyası
İnsan Yer üzərində canlı orqanizmlərin inkişafının ən yüksək pilləsi sayılır.
İ.T.Frolova (1985) görə «İnsan təbii-tarixi proseslərin subyekti, Yer üzərində maddi və mənəvi
mədəniyyətin inkişafı, digər həyati formalarla genetik bağlı olub, lakin onlardan əmək alətləri istehsal etmək
qabiliyyəti, aydın nitqi, aktiv yaradıcılığı və əxlaqi şüuru ilə fərqlənən biososial canlı varlıqdır».
İnsan həyatının vahid sistemli şəraitlə təyin olunması onun biososial təbiətini əks etdirir. Bura həm bioloji,
həm də sosial elementlər daxildir. Bu, insanın tək bioloji deyil, həm də sosial adaptasiya olunmasını tələb edir.
İnsan təbiətinin bu sahəsi sosial fənnlərin böyük qrupu tərəfindən öyrənilir.
İnsanın bioloji adaptasiyası heyvanat aləmindən olduqca fərqlidir. Belə ki, sosial faktorun artması zamanı
o, həm bioloji, həm də sosial funksiyasını saxlamağa cəhd göstərir. Bu vəziyyət böyük ekoloji əhəmiyyət
daşıyaraq, «insan» məvhumunun müəyyən edilməsində ekoloji baxımdan yanaşmağı əks etdirir.
İnsan – heyvanat aləminin bir növü olub, mürəkkəb sosial təşkili və əmək fəaliyyətinə malik olmaqla,
orqanizmin bioloji, o cümlədən etoloji (ilkin vərdişləri) xassələrini xeyli dərəcədə «aradan götürür» (az nəzərə
çarpacaq dərəcəyə endirir) (Reymers, 1990).
8.2. İnsan bioloji növ kimi
İnsan canlı aləmin tərkib hissəsi olub biosferdən kənarda təbii şəraitdə və müəyyən təkamül tipinin canlı
maddəsi kimi yaşaya bilməz.
İnsanın aid olduğu Hominid ailəsi Yerin ekvatorial hissəsində, İnsan cinsi isə Afrikanın şərqində və
Cənubi Asiyada yaranmışdır. İlk dövrlərdə Yer üzərində bir neçə homid növü mövcud olmuşdur; onlar iki
yarımailəyə mənsub olmuşlar: avstralopiteklər və adi insanlar. Onlardan yalnız bir növ – Homo sapiyens
– şüurlu insan qalmışdır. Bir sıra alimlər Homo sapiyens növünü iki yarımnövə ayırır: neandertals və müasir
insanlar (şəkil 8.1).
Canlı maddənin təkamülündə planetdə bir sıra dönüş nöqtəsi olmuşdur, bu təkamül suksessiyasının
sonuncusu insanın (Homo sapiyens) meydana gəlməsi (peyda olması) hesab edilir. Bu hadisə canlı maddənin
əmələ gəlməsi ilə müqayisədə yaxın zamanlarda, yəni 3,5-5 mln. il əvvəl baş vermişdir. Belə ki, canlı aləmin
inkişafı 4 milyard il əvvəl olmuşdur.
İbtidai insan yaxın dövrlərə qədər (kənd təsərrüfatına qədər) təbii ekosistemlərin adi hərşeyyeyən
konsimenti olub, meyvə və s. yığmaq və xırda heyvanlar ovlamaq yolu ilə uzun sürməyən kiçik
məskunlaşmalar yaradır, zəngin bitki örtüyü və başqa yem axtarmaq dalınca tez-tez yerini dəyişirdi.
Bitkilərlə qidalanan adi insanabənzər meymunlardan fərqli olaraq, avstralopiteklər bitkiyeyən
orqanizmlərin özləri ilə qidalananlara, yəni ətlə qidalanalara qismən keçməklə yırtıcılıq sırasına qoşulurlar.
Alimlərin tədqiqatları göstərir ki, insan meymunlar «gövdəsindən» 10 mln. il əvvəl ayrılmışdır (şəkil 8.1).
114
Şəkil 8.1. Yer üzərində insanın əmələ gəlməsi
Əmək fəaliyyətinin izləri kimi əmək alətləri 4,5-2,8 mln. illik tarixə malikdir. Bu dövrdə insanlar sadə əl
alətləri quraşdırır, onların köməyilə heyvanları ovlayaraq özlərini qida ilə təmin edirdilər.
Əlin hərəkəti (yerimə) vasitəsi funksiyasından azad olması yeni morfoloji adaptasiyanın inkişafına – əlin
tutma qabiliyyətinin yaranmasına səbəb oldu. İnsanın dik yeriməsi vərdiş halına keçdikcə əllər tədricən hərəkət
funksiyasından azad olurdu. Dik yerimə müvazinət orqanlarının inkişafına, əzələ reaksiyasının sürətlənməsinə
və beyinciyin böyüməsinə səbəb oldu.
İnsanın gündüz fəallığı insanabənzər meymunların qaranlıq gecə həyat tərzinin fəallığını əvəz etdi. Antilop
kimi iri heyvanı öldürmək, güclü pələngin hücumunu dəf etmək üçün fərdlər qruplarda birləşməyə başladı.
Müxtəlif fəaliyyət növləri ilə məşğul olan qruplarda ünsiyyət vasitəsi olan dil inkişaf tapdı. İnsan üçün yeni
böyük dəyişikliklər onun ali sinir sistemində, beynində baş verdi.
Qeyd etmək lazımdır ki, insanın formalaşması prosesi əcdadlarımızın fərdlərinin dəyişkənliyi nəticəsində
mümkün olmuşdur. Təbii seçmə Homo sapiyensin (insanın) təkamülündə həlledici rol oynamışdır. Müasir
insan tipi son buzlaşma dövründə, təxminən 40-50 min il əvvəl formalaşmışdır. Yuxarıda qeyd edildiyi kimi, bu
dövr ərzində insan ovçuluqla, meyvə və s. yığmaqla, çox sonralar isə heyvandarlıq, əkinçiliklə, kustarlıqla məşğul
olmuşlar. Yalnız son iki-üç əsrlərdə isə sənaye istehsalı inkişafının rolu artmışdır. Bütün bu tarixi dövr ərzində
təbii mühitin rolu tədricən azalmış və insan həyatında süni mühitin rolu artmışdır. Bu zaman təbii seçmənin
təsirinin ölçüsü və keyfiyyət xarakteri də dəyişmişdir.
Sosial dəyişkənlik və tibbin inkişafı nəticəsində inkişaf etmiş ölkələrdə təbii seçmənin təsiri xeyli
azalmışdır. Bununla belə, insan biososial varlıq olaraq bütün canlılar üçün universal olan ümumi bioloji
qanunauyğunluqların təsirindən təcrid olunmamışdır. Y.P.Altuxov və O.L.Kurbatovanın (1984) xarici
məlumatlardan gətirdiyi aşağıdakı rəqəmlər də bunu təsdiq edə bilər: insan enbrionunun 5%-i ontogenizin
ilkin mərhələlərində məhv olur (daxili səbəblərdən), 3%-ni ölü doğum təşkil edir, 3% reproduktiv yaşa
çatmamış ölür, yaşlarının 20%-i nigaha daxil olmur və nigahın 10%-nin dölü olmur.
Dostları ilə paylaş: |